Azərbaycanca

Ermənistan: Qanunvericilik və Terror – hüquqi, siyasi və tarixi analiz – FAKTLAR

13.01.2015 | 18:23

ddddd

 

 

Dövlətin yaranması o qədər mürəkkəb bir prosesdir ki, yaşamaq istəyən dövlət bir sıra məqamları gerçəkləşdirməlidir. Dövlət ilk növbədə ən vacib vektorlarını – strateji, geosiyasi, ideoloji, mülki vektorlarını müəyyən etməlidir ki, sabah hansı işləri görəcəyini ortaya qoya bilsin. Dövlətin idarə edilməsi üçün hansı modelin seçilməsi dəqiq müəyyən edilməli, cəmiyyətdə olan ayrı-ayrı siyasi və ictimai maraqları vahid milli maraq ətrafında birləşdirmə bacarığı, fərdin dövlət təfəkkürünü və dövlətə münasibətini formalaşdırmalıdır. Bütün bu məqamları bir araya gətirmək, bunun həm daxili, həm də beynəlxalq müstəvidə optimal həllini tapmaq o qədər də asan məsələ deyil.

 

 

 

 

 

Nəzərə alsaq ki, dövlət mənsubiyyəti ictimai zərurətdir, o halda Dövlət yaranan zaman ilk olaraq Qanunlar formalaşır. Hüquqdan məlumdur ki, Qanun — hüquq normalarının sistemli məcmusu olub, cəmiyyətdə yaran ictimai münasibətləri tənzimləyir və insanların hüququnu tanıyır. Həmçinin, qanunla qoyulan qadağaları pozan şəxsləri cəzalandırılmasını müəyyən edir.

 
Bəli, Qanun insanları hüquq pozuntusundan qoruyur. Dövlətin daxili münasibətlərini və sistemini qoruyur, ədalətin və haqqın müdafiəsində durur. Hər bir dövlətin və millətin də Konstitusiyası bütün qanunları özündə birləşdirir. Bütün dövlətlərdə bu belə olub, tarixən də davam edəcək. Hər ölkənin müstəqillik aktı da da beynəlxalq hüquq normaları ilə uzlaşmalıdır.

 
Ermənistan Respublikası –  ermənicə: – Hayastan, rəsmi olaraq Ermənistan Respublikası kimi ilk dəfə 1918-ci il mayın 28-də Ermənistan öz müstəqilliyini elan etdi. 1921-ci ildə sovet ordusu Ermənistana daxil olaraq müstəqilliyi ləğv edib SSRİ-nin tərkibində Ermənistan Sovet Sosialist Respublikasını yaratdılar. 1922-1936-cı illərdə Ermənistan Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasına daxil idi. 1991-ci ildən Ermənistan Respublikası müstəqil dövlətdir (1, 82).

 
Burada bir haşiyə çıxaq. BMT Nizamnaməsinin 2-ci maddəsinin 7-ci bəndində deyilir: “Bu Nizamnamənin heç bir müddəası Birləşmiş Millətlərə səlahiyyət vermir ki, hər hası bir dövlətin əsas etibarilə daxili yurisdiksiyasında olan məsələlərə müdaxilə etsin”. Məlumdur ki, beynəlxalq hüququn əsas prinsipləri bir-biri ilə üzvi surətdə bağlıdır və bir-birini şərtləndirir (2,56-59).

 
Qeyd edək ki, “dövlətin daxili yurisdiksiyasında olan məsələlər” onun ərazi daxilində olan məsələlər demək deyildir. Dövlətin ərazisində baş verən bir çox məsələlər, – misal üçün, xarici səfirliyin binasına basqın edilməsi, — heç də onun daxili işi sayılmır. Yaxud, bir dövlətin ərazisinə təcavüzkar hücum etmək siyasəti də heç bir halda daxili iş sayıla bilməz. Çünki beynəlxalq hüquqda konkret olaraq göstərilir: Heç bir dövlət başqa bir dövlətin, onun öz suveren hüquqlarını həyata keçirməkdə özünə tabe edilməsinə və bununla ondan hər hansı imtiyaz əldə edilməsinə nail olmaq üçün hərbi, siyasi və ya istənilən digər məcburiyyət tətbiq edə bilməz(3, 79-85)!

 
23 avqust 1990-cı ildə Ermənistanın Müstəqillik haqqında Bəyannamə qəbul edib. Bəyanəmənin ilk sözləri belə başlayır: “Beynəlxalq hüquq normaları və insan hüquqlarının Ümumi Bəyannaməsinin prinsiplərinə əsaslanaraq, Ermənistan SSR-nin və Dağlıq Qarabağın yenidən birləşməsi Haqqında” 1989-ci il 1 dekabr tarixli Ermənistan SSR Ali Sovetinin birgə Qərarı əsasında Dağlıq Qarabağ Milli Şurası və 1918-ci il mayın 28-də elan edilən Ermənistan Respublikası demokratik ənənələri inkişaf etdirməklə, demokratik, hüquqi cəmiyyət yaradılması məqsədi qarşısına qoyur”(4).

 
Bu sözlərlə başlanan bir Müstəqillik Aktında bəyannəmə ilk cümlədən antidemokratik və işğalçı mahiyyətini ortaya qoyur və beynəlxalq hüququn bütün norma və prinsipləri ilə yanaşı, üzv olduğu BMT nizamnaməsi və Dövlətlərin daxili işlərinə qarışmağın yolverilməzliyinin, onların müstəqilliyinin və suverenliyinin qorunması haqqında BMT-nin 1965-ci il Bəyannaməsini kobud şəkildə pozur. Ermənistanın müstəqillik haqqında bəyanəmməsində qeyd edilən Dağlıq Qarabağ isə 1918-ci ildən bu günə qədər rəsmən Azərbaycan torpaqları sayılır və Ermənistan ilk yarandığı gündən bəri güc tətbiqi ilə hədələməklə digər dövlətin ərazisinin ələ keçirilməsi məqsədini qarşısında qoyumuşdur.

 
Məlumdur ki, güc tətbiq etməmək və ya güclə hədələmək prinsipinin ən ağır pozuntusu silahlı təcavüz hesab olunur. Təcavüz və onun ən təhlükəli forması olan silahlı təcavüzü, əlbəttə ki, qarışdırmaq olmaz. Dövlət aktı kimi (fərdin törətdiyi beynəlxalq cinayət kimi yox) təcavüzün anlayışı barədə beynəlxalq müqavilə olmasa da, BMT Baş assambleyasının XXIX sessiyasında (14 dekabr 1974-cü il) qəbul olunmuş 3314 saylı qətnamə mövcuddur və Ermənistan ilk gündən bu qətnaməni pozaraq beynəlxalq dövlətlər sırasına daxil olmuşdur (5,256-259).

 
İndi isə Dağlıq Qarabağ məsələsinə gələk. Tarixə nəzər salsaq, Britaniya qoşunlarının 1918-ci ildə Bakıya daxil olmasından sonra, Müttəfiq Dövlətləri təmsil edən general V.Tomson qonşu Zəngəzur qəzası ilə birlikdə Dağlıq Qarabağın Azərbaycanın idarəsi altında olmasını tanıdı. 1919-cu ildə Dağlıq Qarabağ erməni assambleyası tərəfindən rəsmi olaraq Azərbaycan hakimiyyətini tanıdığı bir ərazidir.

 
Sovetlər Birliyi dövründə də Qarabağın müstəqil Azərbaycanın yurisdiksiyası altında olması RK(b)P MK Qafqaz Bürosunun 5 iyul 1921-ci il tarixində keçirilmiş iclasında Dağlıq Qarabağın Azərbaycan SSR tərkibində saxlanılması barədə qərarda öz əksini tapır. Eyni zamanda Azərbaycan SSR-ə Dağlıq Qarabağa geniş muxtariyyət vermək təklif olunmuşdur.

 
SSRİ Konstitusiyasına əsasən, Dağlıq Qarabağ Azərbaycan SSR tərkibində muxtar vilayət idi. DQMV-nin hüquqi vəziyyəti SSRİ və Azərbaycan SSR Konstitusiyalarına müvafiq olaraq, 16 iyun 1981-ci il tarixində Azərbaycan SSR Ali Soveti tərəfindən qəbul edilmiş “Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında” Qanunla müəyyən edilirdi və 2 sentyabr 1991-ci il tarixində “Dağlıq Qarabağ Respublikası”nın elan olunması SSRİ Konstitusiyasına zidd idi. Belə ki, həmin Konstitusiyaya görə, müttəfiq respublikanın ərazisi onun razılığı olmadan dəyişdirilə bilməzdi, müttəfiq respublikalar arasındakı sərhədlər isə yalnız müvafiq respublikaların qarşılıqlı razılığı əsasında və SSR İttifaqının təsdiqindən sonra dəyişdirilə bilərdi. Məsələ ilə bağlı “Müttəfiq respublikanın SSRİ-dən çıxması ilə əlaqədar məsələlərin həlli qaydası haqqında” 3 aprel 1990-cı il tarixli SSRİ Qanununa istinad edilməsi əsassızdır. Belə ki, SSRİ tərkibindən çıxmanın rəsmiləşdirilməsi üçün bu qanunda nəzərdə tutulmuş məcburi mexanizm nə 2 sentyabr 1991-ci il tarixinə qədər, nə də ondan sonra Azərbaycan tərəfindən təsdiq edilməmişdir.(6)

 
Ermənistanın müstəqillik haqqında Bəyannəməsində XI bəndində yazılır: “Ermənistan respublikası 1915-ci ildə Osmanlı Türkiyəsində və Qərbi Ermənistanda erməni soyqırımının beynəlxalq tanınması uğrunda çıxış edir”.

 
Türkiyənin rəsmi arxivlərində və bir çox tarixçi alimin qeyd etdiyi kimi 1915-ci il hadisələri soyqırım aktı sayıla bilməz. Çünki I dünya müharibəsi ərəfəsində ruslara qoşulan ermənilərin türklərə qarşı savaşması nəticəsində Osmanlı Dövləti 27 may 1915-ci ildə “Köç” qərarı çıxartdı. Bu qərar öncəsində isə bu gün ermənilərin soyqırım günü kimi qəbul etdikləri 24 aprel günü 2345 erməni separatçı həbs edilmişdir. Bunların bir çoxu kəndlərə hücum edərək silahsız əhalini qıran cinayətkarlar idi. Və bu hadisələr 13 əyaləti əhatə edir. Əgər bu ermənilərə qarşı soyqrım siyasəti olsa idi, İstanbul, Ankara kimi iri şəhərlərdə də ermənilərə qarşı bir aktlar törədilərdi.

 
ABŞ-ın bir sıra nüfuzlu alimləri də 1915-ci ildə baş vermiş faciəvi hadisələr üçün “soyqırım” ifadəsinin istifadəsinin doğru olmadığını bəyan ediblər. Bu alimlər arasında Prinston Universitetindən məşhur tarixçi Bernard Levis və Norman İtzkovits, Kaliforniya Universitetindən Stenford Şav, Lusvill Universitetindən Justin Makkarti, Massaçusets Universitetindən Günter Levi və Brayan Uilyams, Boston Universitetindən David Fromkin, Brandis Universitetindən Aviqdor Levi, Tennessi Texniki Universitetindən Maykl Günter, Corc Vaşinqton Universitetindən Roderik Davidson, “Hunter” Kollecindən Pyer Oberlinq, Xarici Siyasət Araşdırmaları İnstitutundan Maykl Radu və hərbi tarixçi Edvard Erikson kimi elm adamları var.

 
Tarixçi alim İsrafil Məmmədov yazır: “700 mindən artıq erməni əsgəri Sivasda 180 min, Van və Bitlisdə 400 min, Xoy və Salmasda 200 min, ümumiyyətlə, 1914-1920-ci illərdə 2,5 milyon türkü qətlə yetirdi. Qarsda 82, İrəvan əyalətində 211 kəndi yerlə yeksan etdilər” (7,11).

 
Buna görə də “erməni soyqırımı” iddiası Ermənistanın təcəvüzkar və başqa dövlətlərin daxili işinə qarışmaq siyasətinin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Bu məsələnin kökündə isə uydurma əsaslarla Türkiyədən maksimum dərəcədə kompensasiya almaqdır. Erməni əsilli hüquqşünas Y.Barseqov iddia edir ki, “erməni soyqırımı”nın nəticəsi kimi, ən azı maddi və mənəvi zərərə görə kompensasiyanın alınması şəklində minimum ədalətə nail olmaq lazımdır”. K.Manoyan da tələb edir ki, “erməni soyqırımı”na görə rəsmi Ankara ermənilərə kompensasiya verməlidir. Bu bir daha göstərir ki, Ermənistan başqa bir dövlətin daxili işinə qarışaraq beynəlxalq hüquq normalarını pozmaqla öz mənfəətini güdür və Türkiyəni maddi öhdəçiliyə salmaq niyyətindədir.

 
Bu yaxınlarda Ermənistan hakimiyyətinin ölkənin Xarici İşlər Nazirliyinin binasını satması bunu göstərir ki, Ermənistanda hər şeyi satmaq və almaq mümkündür. Bu addım Ermənistanın Xarici İşlər Nazirliyinə dövlət institutu, ölkənin xarici siyasətinin, dövlətçiliyinin bir növ rəmzi kimi deyil, yalnız kommersiya məqsədi ilə yanaşdığını göstərir.

 
2000-ci ildə Amerikanın Kaliforniya ştatının konqresi 1915-ci ildə zərər çəkənlərin vərəsələrinə kompensiyasiya məbləğini 20 milyon dollar dolaraq müəyyən edilməsi haqqında qərar çıxardıb və həmin qərara görə, 2003-ci ildən etibarən “New York Life” sığorta şirkəti qətl qurbanlarının qohumlarına kompensasiya ödəməyə başlayıb. Lakin 2009-ci ilin avqustunda ABŞ, Kaliforniya ştatının apelyasiya məhkəməsi, ermənilərin qohumlarına sığorta kompensasiya ödənilməsi barədə qanunu ləğv etmək barədə qərar qəbul edib. Hakim Devid Tompson bu addımı belə əsaslandırıb: “ABŞ Federal hökuməti erməni soyqırımının tanınmasına dair qərar qəbul etməyib”.

 
Bu qərarın ləğv edilməsindən sonra Fransanın “Aksa” Sığorta şirkəti 1915-ci il hadisələrinin “qurbanlarının” varislərinə 17,5 milyon dollar kompensasiya ödəməyi öhdəsinə götürmüşdür (8, 3).

 
Niyyətlərini həyata keçirmək üçün terrorizmdən istifadə edən ermənilərin Türkiyə, Almaniya, Avstriya, ABŞ, İtaliya, Livan, Suriya, Rusiya və başqa ölkələrdə törətdikləri terror aktları onlara bu “hüququ” verir. Dünyanın müxtəlif ölkələrində terror aktlarını yerinə yetirən 27 ən güclü təşkilatın 12-si məhz ermənilərə məxsusdur. Bunlardan “Hnçaq”, “ASALA”, “MAQ”, “Erməni birliyi”, “Ermənistan azadlıq cəbhəsi”, “Fidiani”, “Dro”, “Njde” daha təhlükəli beynəlxalq erməni terror təşkilatlarıdır. Həmçinin, erməni terrorizmi – siyasi məqsədlərə çatmaq naminə aparılan dövlət separatizmidir.

 
Ermənistan Respublikasının Konstitusiyası dəyişiklilərlə birgə 05 iyul 1995-ci ildə qəbul edilib. Konstitusiyanın XI maddəsində yazılır: “Ermənistan Respublikasında kilsə dövlətdən ayrıdır”.

 

 

Məlumdur ki, Erməni Qriqorian Kilsəsi dini vəzifələri yerinə yetirməklə yanaşı, həm də erməni cəmiyyətinin həyatında aktiv rol oynayan qurumdur. Erməni Qriqorian Kilsəsi, tarixi boyunca, mövcudiyyətini qoruya bilmək üçün bir dövlətə ehtiyac duyub. Başqa sözlə, “erməni dövləti” fikirini ortaya atanlar, məhz erməni kilsəsi və erməni ruhanilər olmuşdur. Türkiyənin Van və Ərzurumda Rusiyanın Baş konsulu olmuş general Mayevski də bu haqda deyirdi: “Erməni dini liderlərinin dini fəaliyyəti az qala yox kimidir. Lakin bunun müqabilində, milli fikirlərin yayılması sahəsində çox böyük xidmətləri vardır”(9).

 
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev “Ermənilərin mif yaradıcılığı tarixdə ilk xristian dövləti kontekstində” adlı elmi məqaləsində yazır: “Erməni apostol kilsəsi (Eçmiədzin) erməni diasporunun rəhbərliyi, siyasi elita, ideoloqlar və “tarixçilər” ilə birlikdə dünya ermənilərini miflər aləmində saxlamaqda davam edir (10).

 
Hazırda Eçmiədzin və siyasi elita erməni diasporunun köməyi ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini islam-xristian qarşıdurması kimi təqdim edir və onlar bu siyasəti yeritmək üçün Ermənistan dövlətinə təsir edirlər. Ermənistan siyasi hakmiyyəti nə qədər Konstitusiya və rəsmi sənədlərdə bunu inkar etməyə cəhd etsələr də reallıq əksini göstərir. Ermənistan Respublikasının xarici siyasəti Erməni Qriqorian Kilsəsinin təsiri və diktəsi altında həyata keçirilir.

 
Eçmiədzindən idarə olunan xaricdəki 30-a yaxın dini qurumları (eparxiy), hər hansı ölkənin daxili və xarici siyasətinə təsir edə biləcək geniş və çevik təbliğat, təşviqat, qızışdırıcı və təxribat şəbəkələri var. İran, Gürcüstan, Rusiya və digər ölkələrdəki təxribatlar, Türkiyə və Azərbaycandakı soyqırımlar, Rusiya-İran, Rusiya-Türkiyə və Balkan müharibələrinin qızışdırılması, Azərbaycan torpaqlarının işğalı və s. bəlalar Qriqoryan kilsəsinin rəhbərliyilə həyata keçirilib.

 
Başqa bir qanuna, 16 sentyabr 1998-ci ildə qəbul edilən “Hərbi vəzifə və hərbi xidmət haqqında Ermənistan Respublikasının Qanunu“-a nəzər salaq. Qanunda Qarabağda xidmət etmək nəzərdə tutulmasa da Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərə, o cümlədən Dağlıq Qarabağa ildə dörd dəfə hərbi xidmət keçməsi üçün öz vətəndaşlarının göndərir. Bu proses Ermənistan prezidentinin fərmana uyğun olaraq həyata keçirilir. Burada bir qaranlıq məsələ də qalır ki, Ermənistan “Vətəndaşlıq haqqında” qanunun 1-ck maddəsində aşkar surətdə yazılır: “Ermənistan vətəndaşı eyni zamanda digər bir dövlətin vətəndaşı ola bilməz”.

 
Əgər belədirsə, onda niyə Ermənsitan Dağlıq Qarabağı ayrıca “müstəqil dövlət” kimi beynəlxalq aləmdə tanıdır? Əgər Qanunlara riayət edirsə niyə əsgərlərini orda xidmətə göndərir? Belə çıxır ki, Ermənistan Dağlıq Qarabağı öz tərkib hissəsi kimi görür və bu da bütün beynəlxalq hüquq normalarına zidd olmaqla yanaşı Ermənistanın Azərbaycana təcavüz aktını birbaşa təsdiq edir.
Yuxarıdakılara yekun vuraraq demək olar ki, ermənilik və onların mübarizəsi daha dərindən araşdırmaqla əsl həqiqətlər ortaya çıxarılmalı, ermənilərin tarixi kimliyi, törətdikləri vəhşilikləri dünya xalqlarına bildirilməli, nəhayət onlar beynəlxalq təşkilatlar qarşısında cavab verməlidirlər.

 

 

 

 

Zaur Əliyev
Siyasi elmlər üzrə fəlsəfə doktoru

 

“KarabakhİNFO.com”

 

 

 

ƏDƏBİYYAT:
1. Richard G. Hovannisian. The Armenian People from Ancient to Modern Times. — Palgrave Macmillan, 1997. — Vol. I. The Dynastic Periods: From Antiquity to the Fourteenth Century. — P. 82. — 386 p. — ISBN 0-312-10169-4, ISBN 978-0-312-10169-5.
2. Международное право: учебник / под ред. Ю. М. Колосова, Э. С. Кривчиковой. М., 2005.
3. Ушаков Н. А. Международное право: Учебник. — М: Юрист, 2000.
4. ДЕКЛАРАЦИЯ О НЕЗАВИСИМОСТИ АРМЕНИИhttp://www.parliament.am/legislation.php?sel=show&ID=2602&lang=rus
5. Vaughan Lowe, Adam Roberts, Jennifer Welsh, DominikZaum “The United Nations Security Council and War: The Evolution of Thought and Practice Since 1945” Oxford University Press 2010, p.794
6. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin rəsmi veb-saytından www.mfa.gov.az
7. 31 mart Azərbaycanlıların Soyqırımı Günüdür Xalq Cəbhəsi.- 2009.- 31 mart.-.
8. Калифорнийский суд отказал наследникам жертв Геноцида армян в выплате страховых компенсаций NEWS.am (21 августа 2009).
9. Ermənikilsəsivə terror http://karabakhinfo.com/erm%C9%99ni-kils%C9%99si-v%C9%99-terror/
10. Ermənilərin mif yaradıcılığı tarixdə ilk xristian dövləti kontekstində http://azertag.az/sites/default/files/Bolmeler/resmi_xronika/1411472851.pdf#sthash.dpXzJxXR.dpuf

 

 

13.01.2015 18:23

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*