Azərbaycanca

Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dəymiş zərər

27.04.2013 | 13:38

1367055010_elxankiDəyərli oxucular! “KarabakhİNFO.com” e-jurnalı eksklüziv olaraq Elxan və Vurğun Süleymanovların həmmüəllifi olduğu “Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri” kitabının hissə – hissə dərcinə davam edir. Kitabdan yazıların hissə – hissə dərci hüququ “KarabakhİNFO.com” e-jurnalına məxsusdur. 

 

Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dəymiş zərər

      Ermənistanın silahlı təcavüzü nəticəsində 1988-1993-cü illər ərzində Azərbaycan Respublikasının 1,7 milyon ha ərazisi işğal olunmuşdur. İşğal olunan ərazilər Kiçik Qafqazın dağlıq zonası olmaqla Azərbaycanın iri meşə rayonlarıdır və Azərbaycanın meşə örtüyünün 25%-i bu ərazilərdə yerləşir. Bundan əlavə, işğal edilmiş ərazilərdə təbiət abidələri, nadir bitki və heyvan növləri geniş yayılmışdır. Həmin ərazilərdə 460 növdən çox yabanı ağac və kol bitkiləri bitir. Bunlardan 70-i endemik növlər olub, dünyanın heç bir yerində təbii halda bitmir. Qaracöhrə, ayıfındığı, Araz palıdı, yalanqoz, şərq çinarı, adi nar, meşə üzümü, pirkal, şümşad, eldar şamı, adi xurma, söyüdyarpaq armud və s. növ ağaclar işğal olunmuş ərazilərdə məhv edilərək, dünya florasının xəzinəsindən silinmək üzrədir. Eyni zamanda, bu ərazilərdə “Azərbaycan Respublikasının Qırmızı Kitabı”na daxil edilmiş məməlilərin 4, quşların 8, balıqların 1, amfibiya və reptililərin 3, həşaratların 8, bitkilərin isə 27 növü qorunurdu.

     Qeyd etmək lazımdır ki, Kiçik Qafqazın təbii landşaftı, nadir bitki və heyvanlar aləmini mühafizə etmək məqsədi ilə Dağlıq Qarabağ münaqişəsindən əvvəlki illərdə Azərbaycanda həyata keçirilən tədbirlər nəticəsində xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi 890 min hektara çatdırılmışdı və bir sıra qoruq və yasaqlıqlar təşkil olunmuşdu. Lakin bu ərazilərin 42997 hektarı Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir.

     Bəsitçay Dövlət Təbiət Qoruğu, Qaragöl Dövlət Təbiət Qoruğu, Arazboyu Dövlət Təbiət Yasaqlığı, Laçın rayon Dövlət Təbiət Yasaqlığı, Qubaqlı rayon Dövlət Təbiət Yasaqlığı və Daşaltı Dövlət Təbiət Yasaqlığının ərazilərində olan qiymətli ağac və biomüxtəlifliyin digər növləri hazırda Ermənistan tərəfindən talan edilərək məhv edilməkdədir. Nümunə üçün göstərmək lazımdır ki, Bəsitçay Dövlət Təbiət Qoruğu 1974-cü ildə Azərbaycanın cənubi-qərbində, hazırda işğal altında olan Zəngilan rayonu ərazisinin Bəsitçay dərəsində şərq çinarını qorumaq məqsədilə yaradılmışdır və onun sahəsi 107 hektardır. Çay boyu şərq çinarı meşəliyi 12 km məsafədə uzanır və yaşı 500 ilə qədər olan şərq çinarı ağacları “Azərbaycan Respublikasının Qırmızı Kitabı”na daxil edilmişdir. Eyni zamanda qeyd edilməlidir ki, Laçın rayon Dövlət Təbiət Yasaqlığı Azərbaycanın işğal olunmuş Laçın rayonu ərazisində 1961-ci ildə təşkil edilmişdir. Sahəsi 21, 4 min ha olan bu yasaqlıqda dağ keçisi (təqribən 400 baş), cüyür (500), çöl donuzu (400), turac (800), kəklik (2500) mühafizə olunurdu. Bu təbiət inciləri işğalçı Ermənistan tərəfindən kobudcasına məhv edilmişdir.

      Bütövlükdə, Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərində 247352 ha meşə sahəsi, o cümlədən 13197,5 ha qiymətli meşə sahələri, 152 ədəd təbiət abidəsi və 5 ədəd geoloji obyekt qalmışdır və böyük əhəmiyyət kəsb edən bu təbiət abidələrinin əksəriyyəti işğalçı dövlət tərəfindən amansızcasına məhv edilmişdir. Belə ki, Kəlbəcər rayonunda “Azərbaycan Respublikasının Qırmızı Kitabı”na daxil edilmiş 968 ha ərazini əhatə edən ayıfındığı ağacları kütləvi şəkildə qırılaraq xarici ölkələrə satılır. Rayon ərazisində 4 mindən artıq müxtəlif növ bitki vardır ki, bunlardan 200-ə qədəri dərman bitkiləridir. Onlar da xarici şirkətlər tərəfindən kütləvi şəkildə beynəlxalq hüquq normalarına zidd formada talan edilərək digər ölkələrə daşınır ki, bu da bitkilərin həmin ərazilərdə kökünün kəsilməsinə və regionda mövcud biomüxtəlifliyin məhv edilməsinə səbəb olur.

Hazırda işğalçı Ermənistan tərəfindən Azərbaycanın təbiətinə qarşı planlaşdırılmış ekosid siyasəti həyata keçirilir. İşğal edilmiş ərazilərdə meşələrin qırılması və məhv edilməsi hesabına Ermənistanda ağac emalı sənayesi inkişaf edir. Təkcə, 1993-cü ildə işğal edilmiş ərazilərdən Ermənistana 206,6 min m3 qiymətli ağac növləri aparılmışdır.

      İşğal edilmiş regionun faunasına da əvəzolunmaz zərərvurulmuşdur. Regionun bioloji müxtəlifliyi təhlükə altındadır, çünki bir çox növü “Qırmızı kitab”-a salınmış faunanın

nəzarətsiz məhv olunması prosesi gedir. İşğal olunmuş Laçın rayonunda yasaqlıq məhv edilir. Bu yasaqlıqda yerləşən Hacışamlı meşəsində ermənilər, sonradan xaricə satış məqsədlə, qırmızı palıdın qırılması və tədarük edilməsi ilə məşğuldurlar. Bununla yanaşı, xarici ölkələrə satış məqsədilə, dekorativ mebel və parketin hazırlamasında əvəzsiz olan Bəsitçay qoruğu ərazisində bitən genişyarpağlı palıd meşələri, çinar və qoz ağacları da qırılır. Sahəsi 240 ha olan Qaragöl qoruğu da tamamilə məhv olunma təhlükəsi qarşısındadır. Burada 68 müxtəlif bitki növünə və 27 bitki ailələsinə mənsub olan bitkilər var idi. Sahəsi 13160 ha meşə təsərrüfatı olan Qubadlıda da meşələr tamamilə məhv edilib. 2005-ci ilə kimi ermənilər işğal edilmiş ərazilərdən

720 min m3 ağac tədarük etmişlər.

     Bununla yanaşı, Şuşa şəhərindən cənubda, dəniz səviyyəsindən 1365 m hündürlükdə yerləşən, Titon yaşlı əhəng daşlarından ibarət uzunluğu 114 m olan “Xan Mağarası”

mühafizə olunurdu. Müxtəlif mənbələrdən alınan məlumatlara görə, həmin abidələr qəddarcasına məhv edilir və digər məqsədlər üçün istifadə olunur. Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərində ekoloji əhəmiyyətə malik olan bir çox göllər hazırda böyük antropogen təsirə məruz qalır və bununla da regionda ekoloji tarazlıq ciddi şəkildə pozulur. Belə ki, irili-xırdalı 7 relikt göl – Kəlbəcər və Laçın rayonlarının yaylaqlarında Böyük Alagöl, Kiçik Alagöl, Zalxagöl, Qaragöl, Canlıgöl, İşıqlı Qaragöl və

Ağdərə rayon ərazisində (Tərtərin qolu Torağaçayda) Qaragöl kimi şirin su ehtiyatları hazırda işğal altında qalmaqdadır.

     İşğal edilmiş Azərbaycan ərazilərində böyük müalicə əhəmiyyəti olan 120-dək müxtəlif tərkibli mineral su yataqları mövcuddur. Bunların içərisində Kəlbəcər rayonunda Yuxarı

və Aşağı İstisu, Bağırsaq, Keşdək, Laçın rayonunda İlıqsu, Minkənd, Şuşa rayonunda Turşçu, Sırlan və başqa mineral sular xüsusilə qeyd edilməlidir. Kəlbəcər rayonu ərazisində yerləşənİstisu mineral suları özlərinin əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə xüsusilə fərqlənir. Bu mineral sular həm xarici, həm də daxili xəstəliklər üçün müalicəvi xüsusiyyətlərə malikdir. Odur ki, İstisu bulağı üstündə 80-ci illərdə iri kurort və mineral su doldurma zavodu tikilmişdi. Həmin zavod sutka ərzində 800 min litr su istehsal edirdi. Şuşa şəhərinin 17 km-lik məsafəsində yerləşən Turşsu mineral bulağı vasitəsi ilə müxtəlif daxili xəstəliklər müalicə olunur. Turşsu mineral bulağından kəmər vasitəsi ilə Şuşa şəhərinə su verilirdi. Ümumiyyətlə, Azərbaycanın mineral sularının ümumi geoloji ehtiyatlarının 39,6%-i hazırda işğal altında olan rayonların payına düşürdü.

     Qeyd etmək lazımdır ki, Ermənistanın silahlı təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərinə yaxın olan rayonlarının su təminatı və suvarma sistemi pozulub, bu isə torpağın və bitki qatının vəziyyətinə mənfi təsir göstərir. Quraq region hesab edilən Azərbaycan üçün suvarma əkinçiliyinin inkişafı, şəhər və kəndlərin su ilə təchizatı həyati məsələlərdən biridir. Bu baxımdan Azərbaycanın su ehtiyatlarının formalaşmasında sıx çay şəbəkəsinə malik olan və hazırda Ermənistanın işğalı altında qalmış Kiçik Qafqaz dağlarının da əhəmiyyəti əvəzedilməzdir. Bu dağlardan öz mənbəyini götürən bütün çaylar, xüsusilə Kürün sağ qolları olan Tərtər, Həkəri, Xaçınçay, Köndələnçay və başqaları özləri ilə düzən ərazilərə bol su gətirirlər, onların bəzilərinin üzərində süni göllər və suvarma kanalları yaradılmışdır. Belə ki, 1976-cı ildə Tərtər çayı üzərində inşa edilmiş, bəndinin hündürlüyü 125 m və ümumi su tutumu 560 milyon m3 olan Sərsəng su anbarı da Ermənistanın işğalı altında qalmış ərazilərdə yerləşir. Ermənistanın işğalından əvvəl Sərsəng su anbarından öz başlanğıcını götürən magistral kanallar vasitəsilə Azərbaycanın düzənlik hissələrində yerləşən Tərtər, Ağdam, Bərdə, Goranboy və digər rayonları ərazilərində 79000 ha əkin sahəsi suvarılırdı. Hazırda Azərbaycanın 7 rayonu Sərsəng su anbarından istifadə etmək imkanlarından məhrum edilmişdir. Uzun müddət ərzində texniki qurğularaxidmət göstərilməməsi nəticəsində qəza vəziyyətində olan anbardan aşağıda yerləşən 400 min nəfər Azərbaycan əhalisi hazırda təhlükə altında yaşayır. Belə ki, təcavüzkar Ermənistan suyu Sərsəng su anbarından qışda buraxır və bunun nəticəsində torpağlar su altında qalır, yollar dağılır, sel baş verir. İnsanların və kənd təsərrüfatının suya çox böyük ehtiyac duyduğu yay mövsümündə isə, əksinə suyun qarşısını kəsir. Bunun nəticəsində Azərbaycanın kənd təsərrüfatına ciddi ziyan vurulmuş, əkin sahələrinin suvarılmasında problemlər yaranmış, yaşıllıqlar quruyaraq məhv olmuş, bölgədə ciddi ekoloji gərginlik yaranmışdır.

      İşğal nəticəsində ümumu həcmi 674 mln. m3 təşkil edən 5 su anbarından, 7296 hidrotexniki qurğusundan, 36 nasos stansiyasından və 26 suvarma sistemindən ibarət olan 1203 kilometrlik irriqasiya infrastrukturu və su kommunikasiya sistemi tamamilə məhv edilmişdir. Azərbaycanın vahid irriqasiya infrastrukturu sisteminin bir hissəsi olan Dağlıq Qarabağ regionunun irriqasiya sisteminin məhv edilməsi nəticəsində işğal olunmuş ərazilər hüdudundan kənarda qalmış Azərbaycanın 5 rayonunda 120 min ha torpaq sahəsi suvarmasız qalmış və praktiki olaraq təsərrüfat dövriyyəsindən çıxarılmışdır. Ümumi olaraq isə 1 milyon hektardan çox torpağ sahəsi, o cümlədən 127700 hektar suvarılan torpaq sahəsi və 34600 hektar üzüm və meyvə bağçaları əkin növbəsindən çıxardılmış və yararsız hala düşmüşdür.

      Azərbaycanın ərazisindən axan transsərhəd çaylar Ermənistan tərəfindən qəsdən zəhərləyici maddələrlə çirkləndirilir. Belə çaylar arasında Araz, Ağstafa və s. çaylarının adlarını çəkmək olar. Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın çay suları resurslarının təxminən 70% tranzit çaylar hesabına formalaşır. Çay sularının çirklədilməsi ilə mübarizə üzrə bir çox regional sazişlərdə birbaşa nəzərdə tutulur ki, digər dövlətin ərazisindən axan çay sularının əhəmiyyətli dərəcədə çirklədilməsi və bununla da bu dövlətə əhəmiyyətli dərəcədə zərər vurulması beynəlxalq hüquq normalarının ciddi şəkildəpozulması deməkdir.

     Qeyd etmək lazımdır ki, Qazax rayonunun Aşağı Əkipara, Yuxarı Əskipara, Quşçu Ayrım, Barxudarlı və digər yaşayış məntəqələrinin dağıdılması və işğal olunması nəticəsində Ağstafa çayı üzərində sərhəddə yaradılmış və Azərbaycanın qərb rayonları üçün təsərrüfat əhəmiyyəti daşıyan su anbarına da təhlükə yaranmışdır. Belə ki, su tutumu 120 milyon m3 olan Ağstafa su anbarından başlayan və uzunluğu 72,3 km olan suvarma kanalı Qazax, Ağstafa, Tovuz və Şəmkir inzibati rayonlarının dağətəyi təsərrüfatlarını və yaşayış məntəqələrini su ilə təmin edir. Azərbaycanın ən zəngin faydalı qazıntı yataqları da Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə qalmışdır.

      Belə ki, bu ərazilərdə 155 növ faydalı qazıntı yataqları, o cümlədən 5 qızıl, 6 civə, 2 mis, 1 qurğuşun və sink, 19 üzlük daşı, 10 mişar daşı, 4 sement xammalı, 13 müxtəlif növ tikinti daşları, 1 soda istehsalı üçün xammal, 21 pemza və vulkan külü, 10 gil, 9 qum-çınqıl, 5 tikinti qumu, 9 gips, anhidrid və gəc, 1 perlit, 1 obsidian, 3 vermikulit, 14 əlvan və bəzək daşları (əqiq, yəşəm, oniks, cad, pefritoid və s.), 11 şirin yeraltı su və 10 mineral su yatağı yerləşir ki, bütün bunlar da Azərbaycanın iqtisadi potensialında mühüm əhəmiyyət kəsb edirdi. Qeyd edilən faydalı qazıntılar Qızılbulaq, Mehmana, Dəmirli, Canyataq-gülyataq, Ağdərə, Şorbulaq, Şuşa, Şirlan, Turşsu, Xocalı, Zərinbax, Ağçay, Xankəndi, Ediş, Xocavənd, Söyüdlü, Ağduzdağ, Tutxun, Ağyataq, Levçay, Kilsəli, Keşdək, Keçəldağ, Çəlli, Yuxarı istisu, Aşağı istisu, Mozçay, Qoturlu, Çilkəz, Narzanlı, Əhmədli, Hoçaz, Laçın, Novruzlu, Yuxarı Əkərəçay, Quşçu, Minkənd, Hacılı, Xanlıq, Qubadlı, Vejnəli, Bartaz, Oxçuçay, Zəngilan, Şərifan, Tuluz, Qaracalı, Soltanlı, Çaxmaxçay, Göyərçin-Veysəlli, Minbaşılı, Ağtəpə, Cəfərabad, Şahverdilər, Çaxmaxqaya, Dövlətyarlı, Diləgərdi, Kürdmahmudlu, Quruçay, Şahbulaq, Gülablı, Çobandağ, Boyəhmədli, Şahbulaq, Ağdam, Qarqarçay, Xaçınçay və digər yataqlarda aşkar edilmişlər. Bu yataqlarda sənaye ehtiyatları təsdiq edilmiş 132,6 ton qızıl, 37,3 min ton qurğuşun, 40,4 min ton sink, 189 milyon m3 mişar daşı, 1 milyon 526 min ton gəc, 1 milyon 968 min m3/gün yeraltı şirin su, 18 milyon 432 min m3 üzlük daşı, 23 milyon 243 min m3 gil, 57 milyon 965 min ton tikinti daşı, 7805 m3/gün mineral sular, 96 milyon 987 min ton qum-çınqıl, 1898,4 ton civə, 4 milyon 473 min m3 perlit, 2 milyon 144 min m3 pemza, 129 milyon 833 min m3 soda istehsalı üçün əhəngdaşı, 147 milyon 108 min ton sement xammalı və s. kimi ölkə iqtisadiyyatının inkişafında vacib əhəmiyyət kəsb edən faydalı qazıntılar aşkar edilmişdir. Müxtəlif məlumatlara görə işğalçı dövlət bir sıra xarici şirkətlərlə qeyri-qanuni olaraq müqavilələr bağlamışdır və bütün beynəlxalq hüquq normalarına zidd olaraq Azərbaycanın faydalı qazıntı yataqlarını istismar edir.

      Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə regionun mineral resurslarının vəhşicəsinə istismar edilməsi və dağıdılması siyasəti həyata keçirilir. İşğal edilmiş rayonların 2 qızıl, 4 civə, 2 xromit, 1 qurğuşun-sink, 1 mis və 1 sürmə mədənində çıxarılan faydalı mineral resurslar Ermənistanın zənginləşdirici emal müəssisələrinə daşınır. Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfindən aparılan qanunazidd siyasətin nümunəsi kimi Kəlbəcərdə yerləşən Söyüdlü qızıl mədənin birgə işlədilməsinə və istismar edilməsinə dair Kanadanın “First Dinesty Mines” şirkəti ilə bağlanılan müqaviləni göstərmək olar.

      Ermənistan bu mədənlərdən ildə 13 ton qızıl çıxarır. Erməni işğalçıları həm də Zəngilan və Kəlbəcərdə yerləşən “Vəcnəli” və “Qızıl bulaq” qızıl mədənlərini də qanunsuz istismar edirlər.

Xüsusilə vurğulanmalıdır ki, Azərbaycanın işğal altında olan ərazilərdən keçən təbii su mənbələri də Ermənistan tərəfindən həddindən artıq dərəcədə çirklənmələrə məruz qalır. Belə ki, Araz və Kür çaylarının qolları olan Oxçuçay və Ağstafaçayın Ermənistan tərəfindən ən ağır formada çirkləndirilməsi nəticəsində sözügüdən çaylarda canlı aləmin yaşayışı böyük təhlükə altına alınmışdır.

      Erməni təcavüzkarları tərəfindən bütün işğal edilmiş ərazilərdə etnik təmizləmə ilə yanaşı, həm də “yandırılmış torpaq” siyasəti həyata keçirilir. Belə ki, Ermənistan tərəfindən təmas xəttində yerləşən Ağdam, Füzuli, Cəbrayıl, Tərtər və Xocavənd rayonlarının əraziləri mütəmadi olaraq düşünülmüş şəkildə od vurularaq yandırılır. Qeyd edilməlidir ki, ölkələr arasında dövlət sərhədinin rejimi haqqında bir çox sazişlərdə nəzərdə tutulur ki, əgər sərhəd yaxınlığında yanğınlar baş verərsə, öz ərazisində yanğın baş vermiş tərəf belə yanğının söndürülməsi və yanğının sərhəddən keçib digər dövlətin ərazisinə yayılmaması üçün bütün mümkün olan tədbirlərə əl atmasına borcludur. Lakin tamamilə əksi baş verir. İşğal olunmuş Azərbaycan ərazilərində erməni tərəfinin özü qəsdən yanğınlar törədir. Çox guman ki, bütün cəbhə xətti üzrə erməni tərəfindən törədilən belə yanğınlar hərbi məqsəd güdür. Ola bilər ki, ermənilər Azərbaycan ordusunun bütün hərəkətlərinin dəqiq izlənməsi üçün ərazinin təmizlənməsinə can atırlar. Belə qəsdən törədilən yanğınlar həm də Azərbaycanın öz nəzarəti altında olan ərazilərə də əhəmiyyətli zərər vurmuşdur. Yanğınların nəticəsi kimi torpaq eroziyaya məruz qalır, bu ərazilərin unikal bitki və heyvan aləmi məhvolma təhlükəsi altına düşür.

     İşğalçı Ermənistan dövlətinin planlı şəkildə təşkil etdiyi yanğınlar işğal altında olan minlərlə hektar əraziləri əhatə etməklə yanaşı, eyni zamanda, Azərbaycanın digər ərazilərinə də yayılaraq ətraf mühitə əvəzolunmaz ziyan vurmuş, bir çox nadir bitki növləri tamamilə məhv edilmiş və əkin sahələri yararsız hala salınmışdır. Təkcə Ağdam rayonunun işğal altında olan Novruzlu, Yusifcanlı, Mərzili, Baş Qərvənd, Kəngərli, Çəlik, Qaradağlı-Kəngərlisi, Göytəpə, Gülçülük kəndlərində və Uzundərə, Yeddixırman, Şahbulaq dağ massivlərində erməni hərbçiləri tərəfindən ümumilikdə 17457 ha otlaq sahəsi yandırılmışdır.

     Yanğın zamanı “Qırmızı Kitab”a və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı siyahı”sına düşmüş müxtəlif sayda turac, qırqovul və gürzə məhv olmuşdur [54]. Bütövlükdə, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan ordusunun əsgərləri tərəfindən qəsdən törədilmiş yanğınlar nəticəsində 96 min ha otlaq, biçənək və yaşıllıqlar, həmçinin meşə sahələriyanaraq məhv olmuş, torpağın üst münbit qatı yararsız hala salınmışdır. İlkin hesablamalara görə, təkcə yanğınlar zamanı ətraf mühitə bilavasitə vurulan zərərin miqdarı 223 milyon ABŞ dollarından (176 mln. AzN) artıq olmuşdur [55].

      Ermənistanın işğal edilmiş ərazilərdə canlı təbiətə və, ümumiyyətlə, bəşəriyyətə qarşı yönəlmiş cinayət əməlləri ilə bağlı Azərbaycan tərəfi Avropa Vəhşi Təbiətin və Təbii Ətraf Mühitin Mühafizəsi üzrə Bern Konvensiyasının baş katibini, Biomüxtəliflik üzrə Konvensiyanın icraçı katibini, BMT İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının katibliyini, Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi üzrə Beynəlxalq Birliyin Prezidentini

rəsmi şəkildə məlumatlandırmış, işğalın aradan qaldırılması və təbiətə qarşı törədilən cinayət əməllərinin qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlərin həyata

keçirilməsinin zəruriliyi beynəlxalq təşkilatların diqqətinə çatdırılmışdır.

“KarabakhİNFO.com”

 

27.04.2013 13:38

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*