Azərbaycanca

Ermənistana nəzarət üstündə Qərb və Rusiyadakı erməni diasporları arasında gizli qarşıdurma

05.04.2013 | 18:22

 1365171453_47012_10151339242392691_1893956672_nKütləvi informasiya vasitələrində və elmi ədəbiyyatda erməni diasporu və lobbisi barədə çoxlu məlumatlar dərc olunub. Güclü imkanlara malik olan erməni diasporu Ermənistana maddi yardımla bərabər, ciddi siyasi dəstək də verir. Bu məqsədlə lobbi institutu yaradan erməni diasporunun daxilində bir sıra qaranlıq məsələlər var. Bunlardan ən əsası isə Ermənistanın daxili və xarici siyasətində təsir qüvvəsi əldə etmək uğrunda Qərb erməniləri ilə Rusiya erməni diasporu arasında aparılan gözəgörünməz mübarizədir. Xatırladım ki, xaricdə yaşayan ermənilərin sayı 5.7, Ermənistan dövlətinin əhalisi isə 3.6 milyon nəfərdir.
Erməni diasporunun Ermənistanla əməkdaşlığı hələ Sovetlər Birliyi dövründən başlamışdı ki, burada diaspordaxili fikir ayrılıqları özünü açıq-aşkar biruzə verirdi. “Erməni işində” öz xətti olan daşnaklar Sovetlər Birliyi dönəmində Ermənistana müstəqillik tələb edirdilər. Onlardan fərqli olaraq, Hnçaklar Sovet hökumətini dəstəkləyir və Ermənistanın Birlik daxilində çətinliyi olmadığını bildirirdilər. 1985-ci ilin 7-13 iyulunda İsveçrənin Sovr şəhərində Dünya Erməni Konqresinin növbəti toplantısını keçirən Daşnaksütyun Sovetlər Birliyində yaşayan ermənilərə müstəqillik verilməsi tələbilə çıxış etdi. Bu tələbin ardınca Sovetlər Birliyində baş verən proseslər və 1991-ci ildə imperiyanın süqutunda ermənilərin daxildə apardığı parçalanma və dağılma siyasətinin rolunu qeyd etməmək olmaz.

 

1990 – 1994 cü illər ərzində Amerikadakı erməni diasporu Qarabağda gedən işğalçı müharibəni maliyyələşdirmək üçün on milyonlarla dollar vəsait toplayıb Ermənistana yollayır, bundan əlavə Daşnaksütyun və AEMK müharibə üçün muzdluların və könüllülərin Ermənistana və Azərbaycanın işğal olunmuş ərazilərinə çatdırmaqla, habelə erməni ordusu və silahlı birləşmələri üçün silah və sursat alınması və regiona çatdırılması ilə də məşğul olur.

Qərb erməniləri lobbi fəaliyyətində çox güclüdürlər. 1995 – ci ildə ABŞ konqressində erməni məsələləri üzrə iki partiyalı konqressmen qrupu yaradılır (Armenian Caucus). Qrupu demokrat Frenk Pallone ve respublikaçı Edvard Porter təsis edir, sonradan Porterin yerini Co Nollenberq tutur.  Bu qrupun fəaliyyəti Ermənistanın və erməni diasporunun maraqlarını əks etdirən bir sıra sənədlərin konqressin gündəliyinə gətirilməsindən və qəbulu üçün səy göstərməkdən ibarətdir. Qrupun üzvü olan bir çox konqressmen 1992 – ci ildə Azərbaycana ABŞ yardımını qadağan edən Azadlıq aktına 907 ci düzəlişin lehinə səs verən insanlardı.

 

Konqressdəki qrupdan əlavə Demokrat partiyasında erməni şurası (Armenian-American Democratic Leadership Council) və Respublikaçılar partiyasında erməni şurası (Armenian-American Republican Council) mövcuddur.

Baş verən hadisələr fonunda müstəqillik əldə edən Ermənistan yarandığı gündən bir çox siyasi böhranlarla üzləşməklə tamamilə erməni diasporunun təsiri və nəzarəti altına düşdü. Erməni diasporunun təsiri altına düşən Ermənistanın əsas idxalının xarici yardım, ixracının isə terrorizm olduğunu bildirən “Ermənistan: böyük hiylə – terrorçu xristian dövlətinin sirləri” kitabının müəllifi, mərhum Samuel Vims bugünkü Ermənistanın xudbin və yanlış hərəkətlər etməkdə olduğunu qeyd edib.

İlk illərdə Ermənistan üzərində güclü təsirə malik olan Qərb erməni diasporu zamanla öz mövqeyini itirərək Rusiya ermənilərinə güzəştə getməli oldu. Çünki Rusiyanın  tarixən Ermənistana daha çox dəstəyi olduğunu deyən Rusiyadakı erməni diasporu tarixən ruslara edilən hədiyyələrin tam qarşılığının ödənilmədiyini qeyd edirdilər. Xatırladım ki,  Şərq ölkələrinin təbii sərvətləri hesabına topladıqları kapitaldan “diplomatik” resurs kimi istifadə sayəsində 1660-cı il avqustun 28-də Rusiyada İran ipəyi alveri ilə məşğul olan İsfahan taciri Xoca Zakar Sarhadov (Sarhadyan) özünün şirnikləşdirici hədiyyələri ilə çar Aleksey Mixayloviçin qəbuluna düşə bilir. Bu hədiyyələrin biri hazırda Moskvada Kremlin silahlar palatasında saxlanan “Almaz taxt”dır. Erməni taciri bundan əlavə B.Saltanova (Saltanyan) məxsus, üzərində Leonardo da Vinçinin “Sirli gecə” rəsminin surəti həkk olunmuş mis lövhəni də rus çarına hədiyyə etmişdi. Eyni zamanda SSRİ-nin o zamankı rəhbəri olan Mixail Qorbaçovun həyat yoldaşına hədiyyə olunan dəyəri bir milyon dollar olan briliant üzüyün də əvəzinin ödənilməsinin zəruri olduğunu bildirirdilər.

Bununla da diaspordaxili gizli mübarizəyə başlayan Qərb erməniləri ilə Rusiya erməniləri hətta bəzi prinsipial məsələlərdə ümumi razılığa gələ bilmirlər. Ermənistanın xarici siyasətində diasporun təsiri və nəzarəti məsələsi Levon Ter-Petrosyan və Robert Köçəryan hakimiyyəti dönəmində başqa-başqa istiqamətlərdə özünü göstərib:

 

Ermənistana nəzarət üstündə Qərb və Rusiyadakı erməni diasporları arasında gizli qarşıdurma     LEVON TER-PETROSYAN DÖVRÜNDƏ ERMƏNİ DİASPORU Müstəqillik əldə edən Ermənistanın ilk prezidenti olan Levon Ter-Petrosyanın hakimiyyəti illərində diasporun Ermənistanın xarici və daxili siyasətinə az təsiri olduğu məlumdur. Hakimiyyəti illərində Ter-Petrosyan Qərb ermənilərinin namizədi olmasına baxmayaraq, həm onlar, həm də Rusiya erməniləri tərəfindən yeritdiyi siyasətə görə müxtəlif təzyiqlərlə üzləşməli oldu. Rusiyanın mövqeyinin Ermənistanda güclənməsinin əleyhdarı olan Petrosyan Lissabon sammitindən sonra söylədiyi “Bu gün ermənilər anlamalıdırlar ki, Rusiya Qarabağın müstəqilliyini tanımayacaq. Görəsən erməni xalqı Rusiyanın oyuncağı olaraq nə vaxta qədər qalacaq” – fikri onun prezident kürsüsünü tərk etməsinin əsas səbəbi idi. Petrosyan dönəmində Türkiyə və digər dövlətlərlə münasibətlər qurulması, Dağlıq Qarabağ məsələsində kompromisə gedilməsi, Rusiya ilə münasibətlərin pozulması Qərb və Rusiya ermənilərinin maraqlarına zidd idi. Daşnakların fikrinə görə, Ermənistanın problemlərini həll etməyə Petrosyan hakimiyyətinin yetərincə gücü yox idi. Bu məqsədlə öz namizədlərini irəli sürən daşnaklar Rusiya ermənilərinin güclü müqavimətilə qarşılaşdılar. Petrosyanın hakimiyyətdən getməsi məsələsində Qərb və Rusiya ermənilərinin mövqeyi eyni idi: Levon Ter-Petrosyan “Ümumerməni işi”nə fayda verə biləcək şəxs deyil. 1994-cü ilin 28 dekabrında Ter-Petrosyan Ermənistanda daşnakların fəaliyyətini qadağan etməklə ölkəyə Qərb ermənilərinin təsirini azaltdı. Erməni lobbisinin fəaliyyətini qınayan Petrosyan lobbiçiliyin də həddi-hüdudu olduğunu bildirərək, sonda onun Ermənistanın milli maraqlarına zərər verəcəyini qeyd etmişdi. 1997-ci ildə Petrosyanın ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ məsələsinin çözülməsi üçün təklif etdiyi layihə ilə razılaşması Qərb və Rusiya ermənilərinin səbr kasasını dolduran “son damla” oldu. 1998-ci ildə Rusiyanın təzyiqi ilə Levon Ter-Petrosyan istefaya göndərildi.

 

Ermənistana nəzarət üstündə Qərb və Rusiyadakı erməni diasporları arasında gizli qarşıdurma     ROBERT KÖÇƏRYAN DÖVRÜNDƏ ERMƏNİ DİASPORU Köçəryanın namizədliyi məsələsində Qərb ermənilərini güzəştə getməyə məcbur edən Rusiya erməniləri onun prezident seçilməsindən sonra zamanla Ermənistanın daxili və xarici siyasətini öz nəzarəti altına götürdü. Amma Köçəryan həm də ABŞ-dakı daşnakların dəstəyini alan və onlarla sıx bağlılığı olan siyasətçidir. O, diasporun rəğbətini qazanmaq üçün uydurma “erməni soyqırımı” məsələsini dünyada tanınması üçün fəaliyyətini daha da genişləndirməyi qarşısına məqsəd qoymuşdu.
Uydurma “erməni soyqırımı” və 907-ci düzəlişi gündəmdə saxlayan Amerika erməni diasporu burada və Avropada yaşayan erməniləri birləşdirməyə çalışır. Bununla Ermənistana dayaq olduqlarını göstərən ermənilər eyni zamanda öz çirkin ideologiyalarını təbliğ edirlər. Onun dövründə  Ermənistanın xarici siyasəti diasporun təsiri və nəzarəti altında Türkiyə və Azərbaycan əleyhinə müxtəlif istiqamətlərdə işlər aparıldı. Terrorizm və işğalçı müharibə yolu ilə aparılan, Qafqazda Gürcüstan-Azərbaycan əməkdaşlığının pozulması və regionda Rusiya təsirinin güclənməsinə yönələn, Azərbaycanın neft siyasətinə əks olan və terror, şantaj, yalanla gerçəkləşdirilən, uydurma erməni soyqırımının tanıdılmasına hesablanan, Xəzər dənizinin enerji resurslarının istifadəsi və Avropaya çıxarılmasında Ermənistanın iştirakını nəzərdə tutan istiqamətlər bu siyasətin əsas tərkib hissələri olmuş idi. Qeyd edim ki, Robert Köçəryanın hakimiyyəti dövründə Ermənistanda yerləşən bir çox müəssisə Ermənistanın Rusiyaya olan borcunu ödəmək məqsədi ilə Rusiyaya verildi ki, bu da ölkənin Rusiyadan asılılığını daha da gücləndirdi.

 

     SERJ SARKISYAN DÖVRÜNDƏ ERMƏNİ DİASPORU: Hakimiyyətə gələn gündən Qərb və Rusiyadakı erməni diasporları arasındakı gizli savaşdan xəbəri olan Serj Sarkisyan belə bir ideya ortaya atdı ki, ölkə parlamenti ikipalatalı olmalıdır. Birinci palataya ancaq Ermənistan vətəndaşları, ikinci palataya isə erməni diasporunun nümayəndələri seçilməlidir. Ermənistan hakimiyyətləri üçün hər zaman sağmal inək funksiyasını daşıyan erməni diasporunun, indi pullarını işğalçı ölkəyə daha çox axıtması üçün Sarkisyan bundan yaxşı heç nə düşünə bilməzdi. Bu addım düzdür bir çox dairələr tərəfindən gülünc ideya kimi qəbul olunsa da Rusiyadakı erməni diasporunun bəzi simaları təklifə dəstək verən çıxışlar etməyə başladılar. Lakin burda bir həqiqət var ki, Serjin məqsədi özünü qorumaqdır. O yaxşı bilir ki, erməni diasporu ilə ortaq məxrəcə gəlməsə, hakimiyyətdə qalması mümkün olmayacaq. Bu addımın Rusiyada dəstəkləndiyini görən Qərb diasporu güclü erməni lobbisinin vəsaiti hesabına Parisdə nəşr olunan “Ermənistan xəbərləri” jurnalında Sarkisyana qarşı kompaniya aparmağa nəşr edilən bir məqalədə qeyd olunur ki, ölkə rəhbərliyinin işsizliyin azaldığı barədəki pafoslu məlumatına baxmayaraq, bu sahədə acınacaqlı vəziyyət mövcuddur, işsizlik azalmaq əvəzinə getdikcə artmaqdadır. Lakin buna baxmayaraq Erməni diaspor təşkilatları Yerevandakı iqtidarın yürütdüyü siyasəti qətiyyətlə pisləyir, sərt tənqid edirsə də, müxalifətə də ciddi yardımlar etmir.

Keçən aylarda ABŞ-da “Erməni Gücü” adlı erməni mafiasının çökdürülməsindən sonra bu işin bir ucunun İrəvana qədər uzanacağı heç kimdə şübhə doğurmurdu. Çünki Ermənistan hakimiyyətinin qlobal bir mafia olduğunu dünyanın hər yerində yaxşı bilirlər. Məlumatlar da belədir ki, bu işin içində nəinki Sarkisyan, hətta erməni diasporu belə var. Çünki Ermənistan büdcəsinə hər il külli miqdarda pul ödəyən lobbistlər bunun üçün şübhəsiz fırıldağa və talançılığa əl atmalıydılar. Bu hadisəni güclü pul hesabına Ermənistan üzərindən çəkməyə nail olan Qərb diasporu hazırda Sarkisyan üzərində təsir imkanları qazanmağa çalışırlar. Hətta Ermənistan və Türkiyə arasındakı protokolların qəbul olunmasında erməni diasporunun təsiri böyük olmuşdur. Çünki, onlar bilirdilər ki, diasporu birləşdirən ancaq yeganə bir dəyər var – soyqırım, başqa heç nə. Onlar Türkiyə ilə yaxınlaşmanı məhz yeganə dəyərlərinə təhlükə kimi görürlər. Onların arqumentləri budur ki, indi sərhədi tanımaq Türkiyədəki əvvəllər ermənilərin yaşadıqları ərazilərə Ermənistanın iddia etməsinə maneə yaradacaq. Hətta Avropadakı erməni diasporu  açıqlama verərək, Ermənistan XİN-in nəinki diaspor təşkilatları ilə əməkdaşlıq etmir, üstəlik, bəzi hallarda diaspor təşkilatlarına qarşı çıxdığını bəyan etdi. Hətta Sarkisyan böyük fəlakət ifadəsinin “soyqırım” ilə eyni mənanı verdiyini və aralarında heç bir fərqin olmadığını söyləməsini erməni diasporu erməni milli işinə xəyanət kimi qiymətləndirdi.

Bunun nəticəsi olaraq da  hər il erməni diasporunun Ermənistana yardım məqsədi ilə keçirdikləri marafonlarda maliyyə toplanması Sarkisyan dövründə getdikcə azalmağa başlandı. 2008-ci ildə marafonlar zamanı 35 milyon dollar ianələr toplanmışdısa, 2009-cu ildə bu rəqəm 13.5 milyon dollar olmuşdur. 2010-cu ildə isə marafonlardan əldə olunan vəsait 11.8 milyon dollar təşkil etmişdir.

 

Qeyd edək ki, Ramil Səfərovun ekstradisiyası və əfvindən sonra Ermənistan təhlükəsizlik şurasının iclasında çıxış edən prezident Serj Sarkisyan “Azərbaycan özündən küssün” bəyanatını vermişdir. Bundan sonra erməni terror təşkilatı “ASALA” Azərbaycan vətəndaşlarını ölümlə hədələmişdir.Diasporun birgə səyinə baxmayaraq Ramil Səfərovla bağlı ciddi nəticə əldə edilmədiyin görən diaspor Sarkisyanı ittiham etmiş və xarici siyasəti düzgün aparmağı ona tapşırıq kimi veriblər.

Sarkisyandan fərqli olaraq Levon Ter-Petrosyan və Robert Köçəryan diasporun gücünə, imkanlarına bələd olduqlarından “sprük”(diasporla) lə toqquşmağa ehtiyat edirdilər.

 

Öz qonşularına qarşı əsassız ərazi iddialarını gizlətməyən, onlara terror edən Ermənistanda kritik durumun hökm sürdüyü indi təkcə müxalifət deyil, ölkənin iqtisadçı ekspertləri, sosioloqlar, hətta ölkə rəhbərliyi səviyyəsində də etiraf olunur. Məsələn, sosioloq Gevork Poqosyanın sözlərinə görə, erməni cəmiyyətinin avtoritarizmdən qurtuluşu çətin olacaq, çünki o, miqrasiya nəticəsində həddən ziyadə zəifləyib: “Ölkədən gedənlər əsasən iqtisadi fəal təbəqə – 18-55 yaş arası kişilərdir. Əminəm ki, Sarkisyanın ikinci prezidentliyi dönəmində Ermənistanın boşalması daha sürətlə gedəcək” Hazırda diasporun iqtisadi və siyasi təsirinin Ermənistan üzərinə təsiri və nəzarəti qalmaqdadır. Düzdür, Qərb və Rusiya erməni diasporları bu məsələdə ümumi razılığa gəlməyiblər.

 

Ermənistana nəzarət üstündə Qərb və Rusiyadakı erməni diasporları arasında gizli qarşıdurma    Hazırda Serj Sarkisyan və Robert Köçəryan indi eyni düşərgədə olduqlarını, Ermənistan Respublika və «Çiçəklənən Ermənistan» partiyalalarının parlament seçkilərində vahid düşərgədə gedəcəklərini, hakimiyyətin müxalifətin əlinə keçməsinə yol vermək istəmədiklərini göstərməyə can atırlar. Heç təsadüfi deyil ki, Köçəryanla Sarkisyanın belə üzdəniraq mehribanlıq hisslərinin nümayişi «İrs» Partiyası və Erməni İnqilabi Federasiyası-Daşnaksütyunun birgə bəyanatından dərhal sonra oldu.  Çünki Rusiyadakı diasporun əsas tapşırığı budur və onlar istəmirlər ki, Qərb ermənilərinin namizədi olan Levon Ter-Petrosyan yenidən hakmiyyətə qayıtsın. İş ondadır ki, müxalifət düşərgəsində əvvəlki xaos, sistemsiz fəaliyyət və dağınıq hərəkətləri nizamlamaq istəyən Levon Ter-Petrosyan parlament seçkilərində tam fiaskoya uğramamaq üçün daşnaklarla əməkdaşlığa razılıq verib. O, bunu istəmirdi və Daşnaksütyunla birlikdə olmaqdan həmişə qaçırdı. Unutmayaq ki, prezidentliyi dönəmində Ter-Petrosyan Daşnaksütyunun rəsmi qeydiyyatını ləğv etmiş, bu təşkilatı Ermənistanda qanundankənar elan etmiş və aparıcı daşnak funksionerləri də həbsxanalara atdırmış, həbsdən qurtulanları isə ölkədən qaçmağa sürükləmişdi. Hazırda isə Petrosyan Qərb erməni diasporunun dəstəklədiyi namizədlərdən biridir.

Buna baxmayaraq, Ermənistanın xarici və daxili siyasəti onların maraqlarına uyğun olaraq aparılır. Lakin bu vəziyyət Azərbaycan diplomatiyasına erməni diasporunun neytrallaşdırılması üçün müəyyən zəif nöqtələri nişan verir.

 

Zaur Əliyev

AMEA-nın əməkdaşı

Diaspor və Lobbi Elmi Araşdırmalar mərkəzinin sədri

Siyasi fəlsəfə doktoru

 

 

“KarabakhİNFO.com”

 

05.04.2013 18:22

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*