Ermənistanda prezident seçkilərində saxtakarlığın olacağı ilə bağlı verilən proqnozlar özünü doğrultdu. Ermənistan müxalifəti və prezidentliyə namizədlərin demək olar ki, hamısı prezident seçkiləri zamanı bir sıra qanun pozuntularının qeydə alındığını bildiriblər.
Ölkədə səsvermənin gedişini izləyən bir sıra beynəlxalq müşahidəçilər pozuntuların qeydə alındığını deyiblər. Beynəlxalq müşahidəçilər birmənalı şəkildə bəyan ediblər ki, seçicilərə göstərilən təzyiq və seçki prosesi zamanı çatışmazlıqlar qeyri-bərabər seçki mühiti yaradıb. Müşahidəçilər onu da qeyd ediblər ki, seçkilər zamanı Ermənistan Seçki Məcəlləsinin bir çox mühüm aspektləri yerinə yetirilməyib və şikayətlərə qanunauyğun şəkildə baxılmayıb. Hakimiyyət nümayəndələri qanuna əməl etməyib və seçki komissiyalarındakı bəzi azsaylı müxalifət tərəfdarları bunun qarşısını almaqda aciz qalıblar. Nəticə etibarilə Ermənistanın götürdüyü beynəlxalq öhdəliklər həmişə olduğu kimi yerinə yetirilməmiş qalıb.
Seçkilərdən sonra Ermənistanda ictimai-siyasi vəziyyətin daha da gərginləşəcəyi barədə erməni ekspertlərin verdiyi proqnozlar isə özünü doğrultdu. İrs Partiyasının lideri, prezident seçkilərində 37% səs toplayaraq ikinci olduğu açıqlanan Raffi Ovannisyan seçkilərin nəticələri ilə barışmayıb. Onun çağırışı ilə İrəvanın mərkəzində mitinqlər keçirilir. O deyib ki, xalqın arzusunun həyata keçməsi onun üçün ən vacib şərtdir. Ovannisyan bildirib ki, ona göstərilən etimadı doğruldacaq və 5 ildən sonra hakimiyyəti gənc nəslə ötürəcək. R.Ovannisyan qələbəyə qədər meydanda qalacağını bildirib. O, mitinq iştirakçılarını provokasiyalara uymamağa və qorxmamağa çağırıb.
Eyni zamanda R.Ovannisyan Sarkisyanı tanıyanlara da etiraz edib. O, ATƏT-in Minsk qrupunun həmsədrlərini buna görə tənqid edib:“ATƏT-in Minsk qrupunun Ermənistanın qeyri-legitim hakimiyyətini tanımağa tələsən üzvləri Minsk qrupunun tərkibindən çıxmalıdırlar”.
R.Ovannisyan özü Qərbin adamıdır. Onun Qərbi belə tənqid etməsi maraq doğurur. Görünür, R.Ovannisyan Qərbdən əlini üzüb, ümidini xalqa bağlayıb.
Milli Məclis Aparatının Analitik informasiya şöbəsinin müdiri, siyasi şərhçi Aydın Ağayev “KarabakhİNFO.com”a bildirdi ki, Ermənistanda seçkidən sonra baş verənlər iki bucaq altında qiymətləndirilməlidir: “Burada etirazlara rəhbərlik edənlərin davranışının mahiyyətini və bir də bu etirazlara qoşulanların istəklərini bilmək lazımdır. İkincilər, yəni elektorat çox ola bilsin ki, səmimidirlər.Yəni dəyişiklik istəyirlər, Sarkisyanla barışmaq istəmirlər. Bu təbiidir.
Ovannisyan və ətrafındakı siyasi çevrələrdə isə müəyyən şübhələr var. Ola bilər ki, hansısa bazarlıq olsun. Bu, müəyyən mənada oyunu xatırladır. Çünki bu, etirazların təşkilatçılarına dividend gətirəcəyinə mən inanmıram. Bu seçkilərin taleyi onda həll olundu ki, seçkinin ilk saatlarında Qərb bunu qəbul etdi. Rusiyadan danışmağa dəyməz. Çünki böyük ölçüdə baş verənlər Rusiyanı tam razı salır”.
A.Ağayevin fikrincə, etirazlara rəsmi darələrin münasibətlərində bir teatrlıq var: “Yəni etirazlara dözümlü yanaşırlar. Guya heç kimi incitmlər ki, Qərbin gözündən düşməsinlər. Amma etirazlar getdikcə səngiyəcək. Seçkidə özünü qalib etmiş əvvəlki dövlət başçısı və onun komandası növbəti 5 ildə yenə Ermənistanda hakimiyyətdə olacaqlar”.
Şöbə müdiri bildirdi ki, bu seçkidə Sarkisyana dəstək olan geopolitik güclər rəqabət və ondan da çox çəkişməyə getmədilər: “Amma bu o demək deyil ki, Qərbin istədikləri yoxdur. Qərbin Ermənistana dözümlü münasibətinin əsasında bu ideya durur ki, onu arxalandığı geopolitik mərkəzdən yavaş-yavaş ayıra bilsin. Amma bu xülyadır. Ermənilər bu müstəvidə oynayacaqlar. Maksimum dərəcədə Qərbdən maddi yardım və digər köməklərini alacaqlar. Amma onlar başa düşürlər ki, Ermənistanda həm hakimiyyətin duruş gətirməsi, həm də ümumiyyətlə, Ermənistanın idarəçiliyi Rusiyadan aslıdır. Rusiya bu gün Ermənistandan əlini çəksə bütün məsələlər həll olunacaq. Xüsusən də bizim istədiyimiz məsələlər”.
“Atlas” Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlunun fikrincə isə, R.Ovannisyan hakimiyyətə qarşı mübarizə aparmaq üçün bütün narazı elektoratı səfərbər edib ciddi müqavimət hərəkatı yaratmalı idi: “Amma bunun elementləri görsənmir. Çünki onun əlini soyudan artıq Sakisyanı bir çox böyük dövlətlərin liderlərinin tanımasıdır. ABŞ Dövlət Departamenti seçkidə müəyyən qüsurların olduğunu vurğulasa da seçkidə, yumşaq açıqlama ilə Sarkisyanla əməkdaşlığı davam etdirəcəklərinə eyham vurdular. Artıq Sarkisyanı hamı tanıyıbsa, R.Ovannisyan nə qədər ciddi müqavimət hərəkatı yaratsa da, o hərəkat dünya miqyasında tanınmayacaq. Əslində bu rejim ki, keçən prezident seçkilərində daha ciddi rəqiblə, Levon Ter-Petrosyanla mübarizədə onlarla insanı qətlə yetirib hakimiyyətini qorudu. Ona görə də Sarkisyan indi əvvəlkindən daha zəif olan R.Ovannisyanla mübarizədən geri çəkilməz”.
E.Şahinoğluna görə, R.Ovannisyan mitinqlər keçirsə də, amma real fəaliyyəti yoxdur: “O indi uzağı Mərkəzi Seçki Komissiyasının elan etdiyi nəticələrlə məhkəməyə gedə bilər. Yəni bundan artığını onun indi edəcəyini gözləmirəm. Çünki ciddi müqavimət təşkil etmək üçün meydanlara yüz minlərlə insan toplaşmalıdır. Və onlara əmr verilməlidir ki, Prezident Aparatına, MSK-ya yürüşlər edilsin. Necə ki, biz bunu Ukraynada, Gürcüstanda, hətta Qırğızıstanda müşahidə etmişik. R.Ovannisyan hələ ki, bu addımları atmaqdan çəkinir. Bu olmadıqca da mitinqlərin səviyyəsi də aşağı düşəcək və ona qatılan adamlar da azalacaq”.
“Atlas” sədri bildirdi ki, böyük dövlətlər qərarlarını verməsəydilər, bəlkə də R.Ovannisyan həvəslənib tərəfdarlarını cəsarətli addımlar atmağa təşviq edərdi: “R.Ovannisyan əgər güclü mübarizə aparsaydı böyük ehtimalla ABŞ onunla hesablaşardı. ABŞ güclə hesablaşır. Yəni ortaya güc qoyulmalıdır. Amma bu gün böyük dövlətlərə Sarkisyan sərf edir. Rusiyaya ona görə sərf edir ki, bütün ölkəni Rusiyanın vassalına çevirib. Qərbə də ona görə sərf edir ki, Qərblə müəyyən qədər əməkdaşlıq edir. Guya Avropa Birliyinə inteqrasiyaya can atır”.
Həmsöhbətimiz növbəti 5 ildə də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ciddi addımların atılmayacağından təəssüflənir: “Onsuz da Qarabağ problemi böyük dövlətləri maraqlandırmır. S.Sarkisyan hakimiyyətinin davam etməsinə yaşıl işıq yandırıblar və bilirlər ki, o, Qarabağ məsələsində ciddi addım atmayacaq. Ümumiyyətlə, kim gəlir gəlsin, Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi irəliləyiş gözləmirəm. Çünki situasiya, durum dəyişməlidir. Durumun dəyişməyi də Azərbaycanın əlindədir”.
Politoloq Rasim Ağayevsə bildirir ki, R.Ovannisyan Ermənistana gələn gündən özünü qərbmeyilli siyasətçi kimi göstərir: “Həqiqətən də belədir. Ancaq məsələ burasındadır ki, əgər R.Ovannisyan ABŞ-da yaşaya-yaşaya olub buranın adamı. Sarkisyansa Qarabağda yaşaya-yaşaya olub həm ABŞ, həm də Rusiyanın adamı. Bu da daha çox bacarıq tələb edir. Amma Qərb də, Rusiyaya və R.Ovannisyan da bir şeyi unudurlar ki, Sarkisyan Ermənistanda yaranmış işğalçı rejimin lideridir. Bədbəxt erməni xalqı da bilmir ABŞ-dan gələn namizədi, yoxsa Qarabağdan gələn namizədi seçsin”.
R.Ovannisyanın müxalif qüvvə kimi öz işini davam etdirdiyini deyən R.Ağayev mitinqlərə yığışanların onun elektoratı olduğunu qeyd etdi: “Yəni onlar mövcud iqtidarın əleyhdarlarıdır. Bu da ki, çoxluq təşkil etmir. Ermənistanda çox şeylər çatışmır, o cümlədən demokratiya. R.Ovannisyanın dediklərində də həqiqət var. Ermənistanda Qərbin istədiyi demokratiya yoxdur. Ermənistan onun-bunun pulu ilə yaşayan ölkədir. Belə ölkədə demokratiya olar? Əlbəttə ki, yox”.
Onun fikrincə , mitinqlə heç yerdə demokratiya doğulmayıb, qanun dəyişilməyib: “Yəni R.Ovannisyan hesab edir ki, camaatı yığıb çevriliş edəcək. Mitinqlə hakimiyyətə gələnləri görmüşük. Onlardan bir Saakaşvili idi. Gördük nə gətirdi. R.Ovannisyanın nəyə ümid etdiyni anlamaq olmur. Çünki Ermənistan bir tərəfdən arxalanır Rusiyanın hərbi-siyasi qüvvəsinə, digər tərəfdən də arxalanır Qərbin maliyyə və siyasi köməyinə. Onlar da Sarkisyanla razıdırlar. İndi R.Ovannisyan nə yeni bir şey gətirib ki, onlar öz fikrini dəyişsinlər”.
Politoloqun sözlərinə görə, R.Ovannisyan istədiyi şəkildə Qərb ona dəstək olmadı: “Onun Qərbi tənqid etməsi siyasi demaqogiyadır. Belə siyasi demaqoqlar hər yerdə var. Onlardan da camaat bezib. R.Ovannisyan istəyirsə xalq onun dalınca getsin, o, Ermənistan üçün yeni bir siyasi layihə ortalığı qoymalıdır. O da buna qadir deyil. Elə köhnə söhbətləri danışır. Nəticədə onun mitinqinə gələnlər yorulacaq. Bu hadisələr göstərdi ki, Sarkisyan saxtakarlığa yol verib. Amma başa düşülməlidir ki, onların hər ikisi müəyyən xarici qüvvələrin nümayəndələridir”.
Fuad Hüseynzadə
KarabakhİNFO.com