İrəvanda başlanmış böyük savaşın dəhşətli olacağı düşünülür
Ermənistanda prezident Serj Sarkisyanla müxalifət lideri, oliqarx Qaqik Sarukyan arasında başlamış savaşın ilk qurbanı verilib.
“KarabakhİNFO.com” beynəlxalq elektron jurnalının ANS PRESS-ə istinadən məlumatına görə, bu, tanınmış iş adamı, “Levon Amirxanyan” MMC-nin direktoru Abram Amirxanyan olub. Bu gün səhər saatlarında 61 yaşlı iş adamının meyiti İrəvanın Parqevaşen rayonunda yerləşən evində tapılıb. Onun yanında atəşin açıldığı tapança aşkar edilib.
Ermənistan polisi 61 yaşlı Abram Amirxanyanın intihar etdiyini iddia edib. Həmin versiyaya görə, Abram Amirxanyan səhər 08:30-da öz yataq otağında özünü vurub.
Amma Ermənistan ictimaiyyəti bu versiyaya inanmır. Çünki Abram Amirxanyan müxalifətçi oliqarx Qaqik Sarukyanın yaxını sayılır. 2005-ci ildə təsis edilmiş “Levon Amirxanyan” MMC çoxmərtəbəli binaların tikintisi ilə məşğul olub. Hakimiyyəti son günlərdə bankdan götürülən kreditləri bəhanə edərək onun tikdirdiyi iki binaya həbs qoyub və mənzil sahiblərinin binalara köçürülməsinin qarşısını alıb.
Abram Amirxanyanın öldürülməsinə intihar donu geyindirilməsi üçün də məhz bu faktdan istifadə edilib.
“KarabakhİNFO.com”