Azərbaycanca

Azərbaycan SSR-in ZSFSR və SSRİ-yə qatılması və formal siyasi müstəqilliyin və dövlətçiliyin ləğvi

27.11.2012 | 11:23

1354000970_1000px-flag_of_transcaucasian_sfsrAzərbaycan SSR-in ZSFSR və SSRİ-yə qatılması və formal siyasi müstəqilliyin və dövlətçiliyin ləğvi

  Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət DəstəyiFondunun maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin və mədəniyyətinin təbliği” istiqaməti üzrə “Kütləvi informasiya vasitələrinin Azərbaycanın dövlətçilik tarixinin öyrənilməsi və təbliğində rolu ” layihəsi çərçivəsində hazırlanıb.

ZSFSR və SSRİ-nin təşkili ilə respublikalar formal olaraq saxladıqları siyasi müstəqillikdən, beynəlxalq subyekt və statusundan məhrum oldular. Bolşevik elitası Şərqi də sovetləşdirmək üçün Azərbaycana xüsusi diqqət ayırırdı. T. Qaffarov “Azərbaycan tarixi” kitabında göstərir ki, Moskva Şərqdə inqilabi prosesləri canlandırmaq işində təbii, iqtisadi və mənəvi potensialı ilə seçilən və cəlbedici ölkəyə çevrilə biləcək Azərbaycanı “Şərqin qapısı” kimi qiymətləndirir, ona xüsusi rol ayırırdı. Şərq xalqlarının I qurultayının (1920, 1-7 sentyabr), Şərq gəncləri qurultayının (1920, 9-10 sentyabr) təmtəraqlı şəkildə Bakıda keçirilməsi heç də təsadüfi deyildi. Şərq xalqları arasında inqilabi təbliğat işi aparmaq və milli azadlıq hərəkatlarını idarə etmək məqsədilə xüsusi şüarlar da təsis edilmişdi. Lakin Şərq xalqları Sovet Azərbaycanının Moskvadan siyasi asılılığını, iqtisadi və mədəni tərəqqidə birtərəfliliyi, bunun müstəmləkə rejiminin möhkəmlənməsinə xidmət etdiyini görürdülər. Moskva istəyinə nail ola bilmədi. Nüfuz dairələrində möhkəmlənmək üçün bolşevik elitasının hakim olduğu ərazilərdə vahid dövlət, Sovet İmperiyası yaratmağa başladı.

Mərkəzin təhriki ilə Zaqafqaziya respublikaları əvvəl öz dəmiryolları (1922, 14 aprel), xarici ticarət (1922, 2 iyun) idarələrini birləşdirdilər. Hər şey elə quruldu ki, guya Zaqafqaziya xalqları si­yasi ittifaq yaratmağı arzu edirlər. RK(b)P Mərkəzi Komitəsinin Qafqaz bürosu 1921-ci il noyabrın 3-də bu respublikaların federativ ittifaqa girməsi təklifini irəli sürdü və bu məsələ tez bir zamanda partiya təşkilatlarında, sovetlərdə “müzakirə olundu” və “bəyənildi”.

Belə ittifaq yaratmağın vaxtının hələ yetişmədiyini bildirənləri (R.Axundovu, M.D.Hüseynovu və başqalarını) da bu yolun düzlüyünə “inandırırdılar”. Əvvəl bu respublikalar Zaqafqaziya Respublikaları Federativ İttifaqında (ZRFİ-də) birləşdirildilər. 1922-ci il mar­tın 12-də Azərbaycan, Gürcüstan və Ermənistanın Mərkəzi İcraiyyə Komitələrinin səlahiyyətli konfransı bu respublikalar arasında it­tifaq müqaviləsini təsdiq etdi. Hərbi işə, maliyyəyə, xarici ticarətə, yollara, rabitə vasitələrinə, əksinqilabi mübarizəyə rəhbərlik edən İttifaq Soveti və iqtisadi siyasəti müəyyənləşdirən Ali İqti­sadi Şura təşkil olundu. Zaqafqaziyadakı müstəqil respublikaların hüquqlarının əllərindən alınmasında növbəti mərhələ bu respublikaların federativ ittifaqının əvəzinə bir dövlət Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası (ZSFSR) yaradılması oldu.

Zaqafqaziya Sovetlərinin Bakıda keçirilmiş I qurultayında (1922, 10-13 dekabr) ZSFSR Konstitusiyası qəbul edildi. Ali orqan Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsi seçildi. MİK Rəyasət Heyətinin sədrləri Azərbaycandan S. Ağamalı oğlu, Gürcüstandan M. Sxakaya və Ermənistandan S. Ambarsumyan oldular. MİK-in sessiyasında Zaqafqaziya Xalq Komissarları Soveti seçildi.

Yerli xüsusiyyətlərlə daha çox bağlı olan daxili işlər, maarif, səhiyyə, əkinçilik və başqa komissarlıqlar birləşdirilmədi. 1923-cü il yanvarın 10-dan Zaqafqaziya vahid pul sisteminə keçdi, vahid büdcə tərtib olundu. Sonuncu iqtisadiyyatı xeyli zəif olan Ermənistanın və Gürcüstanın Azərbaycanın istismarı hesabına daha sürətli inkişafı üçün şərait yaratdı.

Sovet imperiya yaradılması yolunda növbəti addım 1917-ci ildən sonra meydana gəlmiş respublikaların vahid bir dövlətdə birləşdirilməsi oldu. 1922-ci ilin avqust-sentyabr aylarında kommunistlərin təzyiqi ilə Azərbaycanda RSFSR-yə birləşmək “arzusunu” ifadə edən yığıncaqlar keçirildi. Avqust ayında Moskvada Sovet Respublikaları arasındakı münasibətlərin təşkili məsələsi üzrə müşavirə oldu. Respublikaların, o cümlədən, Azərbaycanın nümayəndəliyi daxil olan xüsusi komissiya yaradıldı. Bu komissiya respublikaların muxtariyyət hüququ ilə RSFSR-ə daxil olması haqqında tezisləri qəbul etdi. Bu tezislərin müəllifi, demək olar ki, İ.V.Stalin idi. Bir sıra respublikalarda, xüsusən, Gürcüstanda ciddi narazılıqları nəzərə alan Lenin ittifaq dövləti daxilində formal da olsa respublikaların “suverenliyinin və bərabərliyinin” saxlanmasını vacib bildi.

ZSFSR Sovetlərinin I qurultayı federativ respublikanın Sovet Sosialist Respublikaları İttifaqına (SSRİ-yə) daxil olmasına tərəfdar çıxdı.

1922-ci il dekabrın 30-da Moskvada SSRİ Sovetlərinin I qurultayında RSFSR, Ukrayna SSR, ZSFSR və Belarusiya SSR SSR İttifaqında “könüllü surətdə” birləşdilər. Nəriman Nərimanov SSRİ Mərkəzi İcraiyyə Komitəsi sədrlərindən (dörd sədrdən) biri seçildi.

1922-ci il dekabrın 30-da SSRİ tərkibinə qatılmaqla Azərbaycan SSR formal olan dövlət müstəqilliyini tam itirdi, imperiyanın bir əyalətinə çevrildi. Onun qanunverici, icraedici və məhkəmə hakimiyyəti orqanları vardı. Suveren hesab olunurdu. Hətta SSRİ-dən çıxmaq hüququna malik idi. Lakin bunlar hamısı kağız üzərində qalırdı. Təkpartiyalı sovet siyasi sistemində hər şeyi bolşevik elitası, daha dəqiq desək, burada birinci şəxsin iradəsindən asılı idi. Respublikanın “ali” hakimiyyət orqanları SSRİ, 1936-cı ilin axırınadək, həm də, ZSFSR ali hakimiyyət orqanlarının yerli təşkilatları kimi fəaliyyət göstərirdilər, “yuxarıların”, partiya rəhbərliyinin göstərişlərini həyata keçirirdilər. Respublika beynəlxalq subyekt statusunu itirmişdi.

Sovet imperiyasında hakim millət yox, hakim ideologiya və onu dəstək edərək, bütün dünyada ağalığa can atan hakim parti­ya elitası vardı. Hər şey – bütün insanların, xalqların, millətlərin, respulikaların mənafeləri onlara tabe edilmişdi. Nəyin bu maraqlara müvafiq olduğunu birinci şəxslər və onlara təsir etməyi bacaran siyasi elita nümayəndələri müəyyən edirdilər.

Bu şəraitdə bolşevik liderlər sırasına soxulmuş “kommunist-daşnaklar”a öz millətçi iddialarını həyata keçirmək üçün münasib imkanlar yaranmışdı. Onların təhriki ilə siyasi rəhbərlikdə belə bir qeyri-rəsmi doktrina formalaşmışdı ki, guya “kommunizm işinin”, “dünya kommunist inqilabının”, proletariatın və zəhmətkeş siniflərin mənafeyi SSRİ ərazisindəki türk xalqlarının öz soykökü birliyinə, bir-birinə marağı “pantürkizm” kimi damğalamağı, habelə, Türkiyə ilə Sovet-türk xalqları arasında fiziki və mənəvi marağı, milli simadan məhrum etməyi, Türkiyə ilə sərhədi olan Naxçıvan ərazisini ondan Ermənistan ərazisi ilə süni şəkildə ayırmağı, Ermənistanı böyük dotasiyalarla, xüsusən, Azərbaycanın ərazisi, iqtisadi imkanları hesabına inkişaf etdirməyi tələb edir.

N. Nərimanov bu antiazərbaycan siyasətinə qarşı RK(b)P MK-yə, Stalinə yazdığı “Ucqarlarda inqilabımız tarixinə dair” məktubunda qəti etiraz etmişdi. O, cəsarətlə yazırdı: “Mən, azacıq da olsa, şübhə etmirəm ki, AKP MK, Serqo (Orconikidze – T.Q.) və Stalinin timsalında bizə – türklərə inanmır, Azərbaycanın taleyini erməni daşnaklara tapşırır”. Bu ifşaedici məktubdan sonra rəhbərliyin ona münasibəti daha da soyuqlaşdı. 1925-ci il martın 19-da Nəriman Nərimanov qəflətən vəfat etdi.

1927-ci ildə Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Mehri-Cəbrayıl qəzalarından 24 kənd, Aşağı Zangəzurdan 1065 des. torpaq sahəsi, 1929-cu ildə yenidən 13 min hektar Azərbaycan ərazisi-Nüvədi, Tuğut və Yeməzir kəndləri, habelə, Naxçıvandan 9 kənd (582,9 des.sahə), Qaymaqlı və Kürumuzlu arasındakı sahələr (228,9 h.) Ermənistana verildi.

1938-ci ildə Ermənistanla Azərbaycan arasında “sərhədləri dəqiqləşdirmək” bəhanəsi ilə “bərabərtərəfli” komissiya yaradıldı. Azərbaycan tərəfdən də bu komissiyaya erməni Torpaq Komissiyasının sədri İsaxanyan rəhbərlik edirdi. Martın 5-7-də imzalanmış protokola əsasən Laçının Qaragöl yaylağı, Qubadlının “Çayzəmin” adlanan sahəsi, Qazaxın Kəmərli kəndi və Kəlbəcərin “Zod” sahəsi Ermənistana ve­rildi. Azərbaycan SSR Ali Soveti 1938-ci il martin 5-də bu protokolu təsdiq etdi. Lakin azərbaycanlılar yerlərdə müqavimət göstərir, torpaqlarını əldən vermirdilər.

Azərbaycan, potensial imkanlarını nəyin mənafeyinə, hansı istiqamətdə, nə qədər və nə kimi vasitələrlə inkişaf etdirilməsi on­dan çox az asılı idi. Mərkəzin maraqlı olduğu sahələrdə, xüsusən, neft hasilatı və emalı, pambıqçılıq, bolşevik ideologiyasının əsiri olmuş təhsil, elm, mədəniyyət sahələrində irəliləmələr baş vermişdi. Lakin xalqdan müstəqil dövlətçilik hüququ alınmışdı, o, müstəqil dövlət idarəçiliyindən, öz taleyinin ağası olmaq hüququndan məhrum edilmişdi. Ona zorla necə yaşamağı, necə düşünməyi, nə etməyi öyrədirdilər.

Vahid Ömərov

fəlsəfə üzrə fəlsəfə doktoru

 “Səs” qəzeti

 

 

27.11.2012 11:23

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*