Azərbaycanca

Ermənistanda prezidentlik uğrunda “qırğın” və ya kastalar, boynu dəmirli qullar və qanlı ağaclar

27.11.2012 | 11:34

1354001587_serjikErmənistanda prezidentlik uğrunda “qırğın”

və ya kastalar, boynu dəmirli qullar və qanlı ağaclar

 Ermənistanda hakimiyyət uğrunda mübarizə özlərini təqdim edəndə “prezident kəlməsini söyləyən üç nəfər arasında gedir. Onlardan biri indiki, ikisi isə sabiq dövlət başçısıdır.

Bu adamların ikisi əslən Dağlıq Qarabağdandır. Üçüncüsü isə özünü əsil-nəsilli irəvanlı saysa da, Suriya ermənilərinin ailəsində doğulub və böyüyüb. Yəni Ermənistanı idarə etmiş iki və idarə edən adamlardan heç biri sözün əsl mənasında ermənistanlı deyillər.

Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sarkisyan – onların hakimiyyət xəstəliyi ağır formalı qızılı stafilokokk bakteriyası kimi orqanizmə düşəndən sonra əsla çıxmır.

Ermənilər də naçar qalaraq zavallı fikirlərə qərq olur və düşünürlər ki, indi­ki biçarə halları hakimiyyətə “əsl irəvanlı” gələndən sonra bəlkə düzələr. Ümidlər belədir, arzular eyni. Di gəl, indiyədək bir irəvanlı düşünməyib ki, onlar bu illər ərzində niyə “öz” prezidentlərini seçə bilməyiblər.

Ermənistan paytaxtında yaşananları və ümumiyyətlə, ölkədə baş verənləri kənardan izləyən adam düşünər ki, paytaxt şəhərin insanları Hindistanda olduğu kimi kastalara bölünüblər. Əgər Hindistanda yüzlərlə kasta varsa və bu kastalar da 1948-ci ildən sonrakı bütün demokratik islahatlara, dəyişikliklərə və qanunlara rəğmən, hələ də insanların cəmiyyətdəki rolunu müəyyənləşdirirsə, Ermənistanda da eynilə belədir.

Kastalar öz mədəniyyətləri, ənənələri, davranış qaydaları və ən başlıcası, məhdudiyyətləri olan insanlar qrupudur. Məsələn, Hindistanda ən ali kasta din xadimləri, yəni brahmanlardır.

Brahmanlar kahinlər, mühasiblər, dövlət məmurları, iş adamları, mülkədarlar, torpaq sahibləridir. Onlar ağır işlər görməməli, fəhləlik etməməli, kotan dalında durmamalı, əl işi ilə bağlı heç nə etməməlidirlər. Brah­man kastasından olan qadınlar evdar xanımlar olmalı, ya da qulluq etməlidirlər. Torpaq sahibləri də torpaqda işləyə bilərlər, amma torpağı əkə bilməzlər.

Brahman kastasının üzvü yalnız öz kastasından olan insanla evlənə bilər. Eyni zamanda, istisna da var: brahman oğlan qonşu, nisbətən aşağı kastadan qız ala bilər.

Qidada da brahmanların çoxlu məhdudiyyətləri var. Onlar başqa kas­tadan olanların bişirdiyi yeməyi yemirlər.

Hindistandakı kastalar arasında kşatriyalar, əsasən, hərbçilər, məmurlar, inzibati strutkur işçiləri və iş adamları; vayşyalar – tacirlər, kommersantlar, biznesmenlər, mühəndislər, fermerlər; şudralar kəndlilər və ustalardır. Kasta ierarxiyasında ən aşağı pillədə duranlar isə toxunulmazlardır. Onlar ən ağır və çirkli işləri görən yoxsul, əksər hallarda isə çox yoxsul insanlardır.

Kastalara yeni insanları çox çətinliklə buraxırlar və kastanı tərk etmək istəyəndə çox böyük çətinliklərlə qarşılaşırlar. Kasta mənsubları özlərini, yanındakıları və əmlakını sonadək müdafiə edir, qoruyur, yadları isə eyinlərinə almır, bəzən isə məhv edirlər. Əsas mosələ kastalardakı sərhəddir. Hüquqlar, məsuliyyət, öhdəliklər, azadlığın hədləri.

Kasta üzvü özünü ölkənin və yaşadığı diyarın insanlarının taleyinə görə məsul bilmir. O, yalnız mənsub olduğu kastanın adından danışır, onun maraqlarından çıxış edir. İllah da ki, millətin maraqları “əyalət mənafeləri və gərəksiz iş” kimi tanınarsa, kasta bu marağı dəstəkləməyəcək.

İrəvanda bir neçə kastanı dəqiq ayırmaq olar. Onlar özlərini ali kasta hesab edən kriminal oliqarxiyadır ki, ermənilər bu adamlara “errord mass” deyirlər. Həmin oliqarxiyanın başında prezident Serj Sarkisyan və onun ailə üzvləri durur, sonrakı yerlərdə hakim sülaləni dəstəkləyənlər, bu sülalədən asılı olanlar və sülalənin varlığını təmin edənlərdir.

Belələri ölkənin sərvətlərini, resurslarını talan edir, keçmişini qazıyır, gələcəyə aparan yolları qapadır, ümid körpülərini yandırırlar. Onların əyinlərində bahalı kostyum və geyimlər, boyunlarmda “Zilli” qalstukları var, özləri də parlamentdə otururlar. “Errord mass” kastası ilkin sərhədlərini, imkanlarını, qəddarlığını və həyasızlığını artırıb. Fəqət, bu kasta Serj Sarkisyandan savayısına güvənmədiyi üçün gələn il keçiriləcək prezident seçkilərinə öz namizədi ilə qatılmaq istəmir.

İrəvanda intellektuallar kastası da var. Onlar yaxşı musiqi dinləyir, Ermənistandakı reallıqları çox hazırcavablıqla və dəqiq ələ salır, amma əksər hallarda ləyəndəki su ilə birlikdə uşağı da atırlar. Çünki onlar öz kastalarının içində doğulmamış ideyanı əsla dəstəkləmirlər.

Böyük intellektual və təşkilati imkanlara malik bu insanlar özlərini mənsub olduqları kastanın sərhədləri ilə məhdudlaşdırır, bununla da ölkədəki siyasətdə haqq və hüquqlarından könüllü imtina edirlər. İş o yerə çatıb ki, məzkur kastanın adamları siyasətdən iyrəndiklərini deyərək yalnız hakimiyyətə qarşı etiraz aksiyalarına qatılır, mitinqlərdə çıxış edir, ya da yumruqlarını düyünləyərək sözlərini deməyə çalışırlar.

Beləcə, onlar ölkənin gələcəyi və perspektivləri ilə bağlı qərarların qəbul olunmasını könüllü şəkildə başqalarına həvalə edirlər.

İrəvanda paltarları bazar və kiçik dükanlardan almaqdan utanaraq “butik mallarına üstünlük veririk” deyən boşboğaz və xudpəsənd meşanlar, telekanallarda bir-birlərinə qonaq gedərək gəvəzəlik edən və “ah-uf”dan başqa heç nə bacarmayan, işləri qarderoblarını bir-birlərinə nümayiş etdirmək olan incəsənət xadimləri, oğurluq və əsgərlərin qanlarına susamaqla yanaşı, dövlət malını talamağı idman növünə çevirmiş hərbçilər; siyasəti alver, vətəndaş cəmiyyəti prinsiplərini də merkantil haramzadalıqla əvəzləmiş siyasətçilər, Müdafiə Nazirliyinin keçirdiyi idiotik “islahatlar”dan faydalanan generallar və s. adlanan kastaları da var.

İrəvan özləri üçün müəyyənləşdirdikləri sərhədlərdən kənara çıxaraq ciddi qərarlar verə biləcək siyasi qüvvəyə çevrilə bilməyən kastalar şəhərinə dönüb. Bu səbəbdən də Ermənistanı kastalar içində, kastaların məhdudiyyətlərində, kastaların axmaq yasaqlarında yaşamaq istəməyən və yaşamağa öyrəşməmiş insanlar idarə edirlər, indi də edirlər.

Dağlıq Qarabağdan olan ermənilər Robert Köçəryan və Serj Sarkisyanın da hakimiyyətə gəlmələrinin başlıca səbəbi elə həmin adamların kasta sərhədlərindən uzaq olmaları idi. Çünki Köçəryan və Sarkisyan kimi adamlar başqasının hansı vəzifə tutmasından asılı olmayaraq, həmin şəxsi tənlər arasında bərabər hesab edirlər.

İrəvanlıların “əyalətçilik” saydıqları bu xüsusiyyətlərə elə onların özlərinin ehtiyacları var. İrəvanlılar anlamırlar ki, hansısa parkı, o parkdakı iki-üç ağacı kəsilməkdən qurtarmaq üçün “vətəndaş aksiyası” keçirərək Ekologiya Nazirliyinin yaramaz siyasətinə qarşı siyasi aksiyalardan boyun qaçırmaqla əslində ölkədəki bütün ağacları kəsilmə təhlükəsi qarşısında qoyurlar.

İrəvanlılar hesab edirlər ki, hərə öz payına düşən kiçik işləri yerinə yetirərsə, hər şey düzələcək. Çünki kasta düşüncəsi və anlamı cəmiyyətdə ümumi qərarların qəbul edilməsində insanın təbii istəkləri ilə fəaliyyətini məhdudlaşdırır.

İrəvanlıların tam əksəriyyəti hələ də hesab edirlər ki, siyasət əyalət adamları və karyeristlərin payına düşən işdir. Halbuki, məhz belə “pay məsələsi” o adamların hakimiyyətə gedən yolunu açır.

Özlərini dartan, Köçəryan və ya Sarkisyan kimi yaramazlara yuxarıdan aşağı baxan intellektuallara qalan isə ayrı-ayrı ağacları qorumaq olur.

Ermənistan indi prezident seçkilərinə hazırlaşır və ölkə siyasəti yeni hadisələrə hamilədir. Həmin hadisələrin məcrası, axarı, məzmunu və ölkənin taleyində oynayacağı yer isə ermənilərin kastalardan qurtulmaq istəyi ilə bağlıdır.

Ermənilər geniş qapanmış gözlərini açmalı, Sarkisyan rejiminin mexaniki portağal səsi çıxaran hakimiyyətinin çürümüş dayaqlarını dağıtmalı, insanı heyvan sayan iqtidarın xanədanını darmadağın etməli və çiliklənmiş hüquqlarını yığmaq, can verən haqlarını həyata qaytarmalıdırlar.

Əks təqdirdə onlar hələ uzun müddət boğazlarında “Qui” yazılmış boyunduruğa dolaşacaq, bu kölə nişanəsindən qurtula bilməyəcəklər.

Novruz Sultanov

 “Unikal” qəzeti

 

 

27.11.2012 11:34

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*