Azərbaycanca

Ermənistandan Azərbaycana dəyən ziyan

26.09.2013 | 12:31

1380184398_rauf-qarayevRauf Qarayev: “Azərbaycana dəymiş ziyanın hesablanması üçün struktur müəyyənləşdirilməlidir”

Hər bir müharibə  insan təlafatı  ilə bərabər  böyük həcmdə iqtisadi ziyan, ekoloji fəlakət  deməkdir.  Təbii ki, Qarabağın işğalı da 20 ildən artıq müddətdə Azərbaycana  bütün sahələrdə böyük itkilər gətirib.  Burada yalnız Azərbaycanın 20 faiz torpağının itkisindən, dinc insanların  qətlə yetirilməsindən,  bir milyondan artıq azərbaycanlının qaçqın düşməsindən  söhbət getmir. Faciənin miqyası və iqtisadi ziyanın nəticələri  daha genişdir.

 

İqtisadi İnkişaf Nazirliyinin (İİN) məlumatına istinadən qeyd edək ki, Ermənistanın işğalı nəticəsində Azərbaycana 43,5 milyard dollar həcmində maddi ziyan dəyib. Bu rəqəm ayrı-ayrı nazirliklərin, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və digər dövlət qurumlarının, həmçinin İqtisadi İnkişaf Nazirliyinin araşdırmaları əsasında müəyyənləşdirilib. Amma aidiyyəti qurumlar bu məbləğin yekun olmadığını bildirərək hazırda davam etdirilən araşdırmalar nəticəsində dəymiş ziyanın məbləğinin artacağını deyir.

 

Məlumat üçün qeyd edək ki, hərbi əməliyyatlar 1994-cü ilin may ayında Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəslə başa çatıb. Müharibə nəticəsində minlərlə insan həlak olub, Azərbaycanın Dağlıq Qarabağ ərazisi və  7 inzibati rayonu Ermənistan silahlı qüvvələrinin işğalına məruz qalıb.

 

Ermənistanın Azərbaycan torpaqlarını işğalı nəticəsində ölkəyə sosial-iqtisadi baxımdan xeyli ziyan dəyib.

 

Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü nəticəsində Dağlıq Qarabağa dəyən sosial-iqdisadi ziyanla bağlı Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə İnstitunun Fəlsəfə Sosiologiya İnstitunun aparıcı elmi işçisi Rauf Qarayevə müraciət etdik.

 

Rauf Qarayev  “KarabakhİNFO.com” beynəlxalq elektron jurnalına açıqlamasında qeyd etdi ki, Qarabağın Ermənistan tərəfindən işğalı nəticəsində Azərbaycana həm mənəvi, həm də iqdisadi baxımdan ziyan dəyib: “Bu gün çox adam Qarabağdan danışır. Amma o insanlar bilmir ki, Qarabağ bizim yaralı və həssas nöqtəmizdir. Yüzlərlə soydaşımız həlak oldu, əsir düşdü, tarixi məkanlarımız dağıdıldı. İnsanların illər ərzində özləri üçün qurduqları yurd-yuva ermənilərin təcavüzü nəticəsində məhv oldu. Dağlıq Qarabağa dəyən iqdisadi ziyanı sözlə ifadə etmək çətindir”.

 

Müsahibimiz hesab edir ki, ölkə ərazilərinin işğalına yalnız işğal və ya siyası hadisə kimi deyil,  iqtisadi baxımdan da yanaşmaq lazımdır: “Sözügedən ərazilərin işğalı Azərbaycan iqtisadiyyatının tam olaraq fəaliyyət göstərməsinə imkan vermir. Xocalı faciəsində  rayonda  yerləşən istehsal, eləcə də  təhsil və mədəni obyektlər  dağıdılıb. O cümlədən,  7 min nəfər əhalinin yaşadığı rayonun   işğalı sonrakı müddətdə bu ərazinin istifadəsinin mümkünsüzlüyünə gətirib çıxarıb”.

 

R.Qarayev qeyd etdi ki, Ermənistan Respiblikasının hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisi və onun ətrafındakı 7 inzibati rayonu işğal altına düşüb. Bu hərbi təcavüz nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal edilib, 20 mindən çox insan qətlə yetirilib, 50 mindən artıq adam yaralanıb və şikəst olubdur.

 

Həmsöhbətimiz onu da vurğuladı ki, Qarabağ müharibəsi nəticəsində Azərbaycana dəyən maddi ziyan olduqca yüksəkdir. İşğal nəticəsində Azərbaycana aid cəmi uzunluğu 25 min km olan avtomobil yolu, ümumi uzunluğu 3984 m olan 160 körpü, 14,5 min km uzunluğunda elektrik xətti, 2500 elektrik trafosu, 2 min km qaz boru xətdi, 160 su deposu, 34-dən çox qaz dağıtım stansiyası erməni işğalçılar tərəfindən dağıdılıb. Çoxlu sayda səhiyyə obyektləri və təhsil ocaqlarına ziyan dəyib.

 

R.Qarayevin sözlərinə görə, Dağlıq Qarabağın işğalı nəticəsində ölkəmizə dəyən ziyanın miqdarı 100 milyard dollardan artıqdır. Ermənistan tərəfindən Azərbaycana dəymiş ziyanın hesablanması üçün struktur müəyyənləşdirilməlidir. Bunun üçün beynəlxalq təcrübə öyrənilməlidir.

 

Rauf Qarayev hesab edir ki,  Azərbaycana dəymiş ziyanın qiymətləndirilməsi prosesinə başlanılarsa bu Ermənistan üçün ciddi mesaj olar.

 

 

Günel Cəlil

 

“KarabakhİNFO.com”

26.09.2013 12:31

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*