Azərbaycanca

Ermənistanın arxalandıqları, onu arxadan necə və niyə vurdular?

27.10.2013 | 17:01

1382705872_er1Tanınmış rusiyalı politoloq, Rusiya Hərbi Politoloqlar Assosiasiyasının eksperti, Plexanov adına Rusiya İqtisadi Universitetinin politologiya və sosiologiya kafedrasının dosenti Aleksandr Perenciyev: Qarabağ müharibəsinin Soçi Olimpiadası zamanı, yəni gələn il, fevral ayında başlaya bilər”.

Ermənistanı regionda çətin vəziyyətə salan əsas amillərdən biri də ölkədən köçün fəlakətli miqyas almasıdır. Bu barədə ölkədə keçirilən sorğu əsasında hazırlanan “Ermənistan əhalisinin azalması” adlı hesabatda da kifayət qədər faktlar əksini tapıb. Rəyi soruşulanların təxminən üçdə biri yaxın 2 ildə ölkəni tərk etmək niyyətində olduğunu bildirib. Hesabatda bunun əsas səbəbi kimi ölkədəki biznesin mərkəzləşdirilməsi və inhisarçılıq, məhkəmə sistemi və təhsil sahəsində problemlər göstərilib. Milli Statistika İdarəsinin verdiyi məlumata görə, 2013-cü ilin ilk yarımilində 123 min insan ölkəni tərk edib ki, bu da ötən ilin həmin dövrü ilə müqayisədə 30% çoxdur. Buna görə də, bu gün politoloqlar həyəcan təbili çalırlar – əgər Ermənistanda yalnız qocalar, qadınlar və uşaqlar qalarsa, ölkəni kim müdafiə edəcək?!

 

Hətta vəziyyət o həddə çatıb ki, Ermənistanın əmək və sosial məsələlər nazirinin müavini Araik Petrosyan ölkədə yoxsulluğun fəlakət səviyyədə olduğunu etiraf edib – 35%. O, işsizliyin yüksək səviyyədə olmasını, səhiyyə, regional inkişaf sahələrində problemləri də inkar etməyib. Nazir müavini əhalinin artım səviyyəsinin yüksək olmadığını da söyləyib.

 

Hazırda Ermənistanda istehlak və qida məhsullarının qiymətləri günbəgün deyil, saatbasaat artır. Ermənistan mətbuatının yazdığına görə, 1 kq kərə yağının qiyməti qısa bir vaxt ərzində 32% artıb. Hətta bir çox insanların vəsait çatışmazlığı səbəbindən istifadə etdiyi marqarinin qiyməti də bir dəfə artıb. Praktiki olaraq, Ermənistanda elə bir ərzaq məhsulu yoxdur ki, onun qiyməti artmasın. Mövcud vəziyyətə baxmayaraq, Ermənistan illərdir Rusiyanın fortpostu olmaqdan imtina etmir, hələ bu azmış kimi, Gömrük İttifaqına qoşulur.

 

Ermənistanın Gömrük İttifaqna qoşulmaqla bağlı hədəflərini analiz etdikdə, təbii ki diqqətimizi daha çox Dağlıq Qarabağ məsələsi cəlb edir. Yəni, Ermənistan yönəticiləri Rusiyanın onlara peşkəş etdiyi Dağlıq Qarabağ torpaqlarında ermənilərin siyasi müstəqilliyini tanıyacağına ümid edirlər. Baxmayaraq ki, bir çox erməni politoloqlar bu addımın xəyal olduğunu xatırladırlar. Hətta bir neçə gün öncə Ermənistan parlamentində hakim partiya tərəfindən Dağlıq Qarabağın “tanınması” məsələsi inkar olundu. Bu fakt onu göstərir ki, ermənilər həmin torpaqların onlara məxsus olmadığını yaxşı bilirlər. Tanınma istiqamətində hər hansı bir addımın da effekt verməyəcəyi kimi. Həm qondarma dövləti hər hansı başqa ölkə tanımayacaq, həm də beynəlxalq aləmdə bu “kart” ona qarşı çevriləcək.

 

Erməni siyasətşünas Sergey Minasyan isə qeyd edir ki, əslində, Ermənistan Rusiyanın təklif etdiyi Gömrük İttifaqına qoşulmaqla Dağlıq Qarabağ problem ilə bağlı ümid etdiyi bütün perspektivləri itirib: “Rusiya Ermənistanın təhlükəsizliyinə zəmanət adı altında öz istəyinə nail oldu. Moskva bundan sonra özünü daha əmin hiss edəcək. Bu baxımdan Rusiyanın Dağlıq Qarabağ problemi ilə bağlı İrəvanın xeyrinə addım atacağı inandırıcı deyil”. Onun sözlərinə görə, mövcud vəziyyət Azərbaycanın xeyrinədir. Amma Ermənistanda ümid edirlər ki, Rusiya rəsmi Bakını müharibə istəyindən çəkindirə bilər. Sergey Minasyan bu xüsusda bildirir: “Kreml bundan sonra yalnız hərbi əməliyyatların başlamaması istiqamətində işləyə bilər. Bu isə prosesin İrəvanın xeyrinə dəyişməsi demək deyil”. Bir sözlə, erməni politoloqların qənaətincə, Moskvanın bundan sonra problemin həllində İrəvanın xeyrinə hər hansı addım atacağına ümid etmək sadəlövhlük olar.

 

Erməni politoloqların analizləri Azərbaycanın ciddi müharibə hazırlıqları həyata keçirdiyini göstərir. Artıq erməni tərəf Azərbaycanın mövqeyindən rahatsız olmağa başlayıb. Təcavüzkar ölkənin xarici işlər naziri Edvard Nalbandyan BMT-nin baş katibi Ban Ki Munla görüş zamanı ölkəsinin sülhə tərəfdar olduğunu və bütün problemlərin dinc yolla həll edilməsini istədiklərini bildirməsi, həmin rahatsızlığın əlamətlərindən biri hesab oluna bilər. Hazırda Ermənistanı rahatsız edən, Rusiya ilə daha sıx birləşməsindən sonra Qərbin, xüsusən də ABŞ-ın Qarabağ probleminin həllində Azərbaycanın lehinə addımlar ata biləcəyidir. “Lragir”in yazdığına görə, sentyabrın 3-dən sonra ABŞ-ın Dağlıq Qarabağ probleminin nizama salınması prosesində fəallıq göstərməyə başlaması da təsadüfi deyildi. “Lragir” ABŞ tərəfindən Ceyms Uorlikin ATƏT-in Minsk Qrupuna həmsədr təyin edilməsini, onun bölgəyə gələrək Ermənistan və Azərbaycan prezidentləri ilə görüşünü xatırladır. ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri isə problem barədə nikbin danışır: “Dağlıq Qarabağ probleminin konstruktiv həll yolunu tapacağımıza əminəm. Hər iki tərəf – həm Azərbaycan, həm də Ermənistan sülhün əldə olunmasında maraqlıdır”. Ceyms Uorlik müsahibəsində xalqların da sülhə hazır olmalarının vacibliyini vurğulayıb.

 

Bu arada Еrmənistanın xarici işlər naziri Edvard Nalbəndyanın BMT Baş Assambleyasının sessiyasında çıxışı zamanı dediyi nitqdə daha bir məqam diqqətimizi çəkməyə bilməz. O, çıxışı zamanı Azərbaycanın “misli görünməmiş miqdarda” hücum silahları əldə etməsindən narahatlığını gizlətməyib. Nalbandyan deyib ki, Azərbaycanın böyük miqdarda hücum silahları cəmləşdirməsi təkcə regional deyil, beynəlxalq vəziyyəti də təhdid edir. “İndinin özündə də Azərbaycan rəhbərliyi fəal müharibə təbliğatı aparır və hər gün anti-erməni əhval-ruhiyyəsini qızışdırır. Bu məqsədlə BMT tribunasından da istifadə edir” deyə Nalbandyan bildirib.

 

Tanınmış rusiyalı politoloq, Rusiya Hərbi Politoloqlar Assosiasiyasının eksperti, Plexanov adına Rusiya İqtisadi Universitetinin politoloğiya və sosiologiya kafedrasının dosenti Aleksandr Perenciyev “KarabakhİNFO.com” beynəlxalq e-jurnalına verdiyi açıqlamada Qarabağ müharibəsinin Soçi Olimpiadası zamanı, yəni gələn il, fevral ayında başlaya biləcəyi barədə məlumat verib.Ermənistanın arxalandıqları, onu arxadan necə və niyə vurdular?

 

Ekspert ehtimalını belə əsaslandırır: “Birincisi, bu, Azərbaycan cəmiyyəti və siyasi elitasında problemin həllinin uzanmasından yana artan gərginliklə bağlıdır. Bu problemi, dolayısıyla, prezident İlham Əliyev Putinin Bakı səfərinin yekunlarına həsr olunan mətbuat konfransında ifadə edib – BMT-nin Dağlıq Qarabağ ərazisindən işğalçı qüvvələrin çıxarılması barədə dörd qətnaməsini yada salmaqla. İkincisi, dünya iqtisadiyyatı tədricən durğunluğa doğru gedir və bu ciddi şəkildə artıq Rusiyanın, Güney Qafqaz ölkələri də daxil, bütün postsovet dövlətlərinin iqtisadiyyatında özünü göstərməkdədir. Staqnasiyadan yayınmağın bir üsulu da əfsus ki, müharibədir. Təsadüfi deyil ki, Rusiyada artıq gələcək mümkün müharibəyə fəal hazırlıqlar gedir: Ali Baş Komandanın İdarəçiliyi yaradılır, Dövlət Dumasında hərbi dövrdə vergi tutulması barədə qanun layihəsi müzakirəyə çıxarılıb, müharibə variantında dövlət və özəl strukturlar tərəfindən silahlı qüvvələrin yanacaqla təminat sistemi formalaşdırılır və s”.

 

Ekspert müharibəni gələn ilin qışında zəruri edən üçüncü amil kimi “Azərbaycan ordusunun erməni ordusu ilə müqayisədə qış hərbi kampaniya zamanı özünü daha inamlı hiss eləməsi ilə” əlaqələndirir: “Dördüncüsü, o zaman Rusiyanın əsas güc və vasitələri Soçi Olimpiadası iştirakçılarının təhlükəsizliyini təmin eləməyə yönələcək. Bu isə Rusiya silahlı qüvvələrinə Ermənistan – Azərbaycan hərbi konfliktinə operativ müdaxiləsini əngəlləyə bilər”.

 

Ermənistan rəhbərliyini narazı salan əsas məsələlərdən biri də Türk Dünyasının Qarabağ məsələsində tutduğu mövqe ilə bağlıdır. Son vaxtlar həm də türk dövlətlərinin birliyi yönündə atılan kövrək addımlar (Qəbələ sammiti və s.) rəsmi İrəvanı narahat etməkdədir. Təbii, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin legitimləşməsi yönündə ən böyük maneə, qardaş və müttəfiq Türkiyənin məsələdə tutduğu prinsipial mövqedir. Amma Serj Sarkisyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Soçi toplantısında bu quruma üzv olan iki türk dövlətinin – Qırğızıstan və Qazaxıstanın Qarabağ məsələsində Azərbaycana açıq dəstək verməsindən gileylənməsi, heç də təsadüfi hal deyil. Bu fakt həm KTMT-nin formal hərbi-siyasi konqlomerat olduğunu təsdiqləməklə yanaşı, Ermənistanın təcavüzkar xarici siyasətinin MDB məkanında müdafiə edilmədiyini, faktiki olaraq onun tək qaldığını nümayiş etdirir. Təbii, Rusiya faktoru önə çəkilə bilər ki, onun da son vaxtlar təcavüzkar ölkəni saymayaraq Azərbaycana müasir döyüş maşınları və sistemləri satması, Ermənistanı ciddi rahatsız edir. Sərkisyan çıxışı zamanı Qazaxıstan və Qırğızıstan timsalında etdiyi gileyin həm də Rusiyaya yönəldiyini göstərir. Sərkisyan yaxşı bilir ki, Qazaxıstan və Qırğızıstan TürkPA-nın, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının da üzvləri olmaqla yanaşı, onları ərazisi işğala məruz qalan Azərbaycanla tarixi, mədəni, dil və tale ortaqlığı birləşdirir, həm də suveren ölkələr kimi onların öz prioritet maraqları var. Eyni mövqeyi KTMT-nin üzvü olan Tacikistan da ortaya qoyub. Bu o deməkdir ki, Sərkisyanın müharibədə Ermənistana dəstəklə bağlı arxalandığı KTMT, formal qurumdur və nəinki Ermənistan, qurumda birləşən digər ölkələr üçün də heç bir perspektivi yoxdur.

 

Ermənistanın sahibi Rusiya da artıq bir neçə il öncəki siyasətinin effektiv olmadığını görür. Yəni, problemləri alovlandırıb və o problemlərdən digər dövlətə qarşı istifadə etmək XXI əsrin şərtləri ilə uyuşmur. Rusiya böyük oynamağa, regionda olan nüfuzunu itirməmək naminə dirəşmə deyil, uzlaşma siyasəti aparmağa məhkumdur. Azərbaycanın əsas müttəfiqi, regional güc iddiasında olan Türkiyədə ilk Atom Elektrik Stansiyası (AES) inşası üçün Rusiyanın 22.5 milyard rubl pul ayırması da, dediyimizi təsdiqləyən faktorlardan biridir. Dünyanın şərtləri dəyişir və Rusiyanın da əhali baxımdan rəngarəngliyini nəzərə alsaq, hələ qarşıda nələrin baş verəcəyini kimsə proqnozlaşdıra bilməz.

 

Seymur Həsənli

 

“KarabakhİNFO.com” 

 

27.10.2013 17:01

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*