Azərbaycanca

“Ermənistanın arxasında güclü erməni lobbisi, Azərbaycan diasporunun arxasında isə güclü, etibarlı Azərbaycan dövləti dayanmışdır”

21.06.2014 | 09:52

1403329832_samire-esas-sekilSamirə Patzer: “Eyni zamanda təşkilatımız Avropa Parlamentinin 300-ə qədər üzvünə ünvanlanmış müraciətdə Avropa Parlamentindən Dağlıq Qarabağ münaqişəsinin müvafiq beynəlxalq normalara uyğun olaraq həllinə münasibət bildirmək, 26 fevral 1992-ci ildə ermənilər tərəfindən Xocalı sakinlərinə qarşı aparılmış kütləvi qırğının insanlığa qarşı törədilmiş soyqırım kimi qiymətləndirməsini tələb etmişdir”.  

Hazırda Azərbaycan diasporu xaricdə yaşayan soydaşlarımızın milli və mənəvi birliyinə çevrilmişdir. Xarici ölkələrdə cəmləşən çoxlu sayda intellektual şəxslərimiz öz vətənləri üçün əsasən müxtəlif ictimai təsisatlar vasitəsilə xidmət göstərirlər. Bu da diasporumuzun fəaliyyətini daha effektiv etməklə yanaşı, ölkəmizin də siyasi imicinin formalaşmasında mühüm rol oynayır.

 

 Bu dəfə həmsöhbətimiz Avropa məkanında ən böyük ictimai təsisatımız hesab edilən Avropa Azərbaycanlıları Konqresinin prezidenti, eyni zamanda Almaniya Azərbaycanlıları Koordinasiya Mərkəzinin icraçı direktoru Samirə Patzer İsmayılovadır.

 

-Samirə xanım, rəhbərlik etdiyiniz Avropa Azərbaycanlıları Konqresi (AAK)  öz fəaliyyətində daha çox nələri əsas istiqamət olaraq seçmişdir?

 

AAK əsasən Azərbaycan Respublikasının Avropa ictimaiyyətinə tanıdılması, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı, 20 yanvar, 31 mart hadisələri haqqında informasiyaların yayılması, ölkəmizə qarşı edilən hər hansı bir haqsızlığın ictimailəşdirilməsi  istiqamətində fəaliyyət göstərir. Bizim ən əsas məqsədlərimizdən biri də erməni lobbisinin Azərbaycan əleyhinə apardığı çirkin fəaliyyətin qarşısını almaqdır. Hədəflərimizdən biri də bu böyük təşkilatın fəaliyyətində diaspor işi ilə yanaşı lobbiçiliyin də böyük yer almasıdır.

 

-Builki fəaliyyətinizdə hansı məqam daha çox yadda qalmışdır ?

 

Bizim çox istiqamətli fəaliyyətimizdən ən vacibi bu ilin fevral ayında “1992-ci ildə Xocalı sakinlərinə qarşı törədilmiş soyqırımın cinayət kimi tanınması və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli” ilə bağlı Avropa Parlamentinin  Xarici siyasət komitəsinin sədri Elmar Brok və İnsan hüquqları komitəsinin üzvü Elizabet Yeqqleyə  bəyanat və sorğu ilə müraciət etməyimiz oldu.  Eyni zamanda təşkilatımız Avropa Parlamentinin 300-ə qədər üzvünə ünvanlanmış müraciətdə Avropa Parlamentindən Dağlıq Qarabağ münaqişəsinin müvafiq beynəlxalq normalara uyğun olaraq həllinə münasibət bildirmək, 26 fevral 1992-ci ildə ermənilər tərəfindən Xocalı sakinlərinə qarşı aparılmış kütləvi qırğının insanlığa qarşı törədilmiş soyqırım kimi qiymətləndirməsini tələb etmişdir.

 

“Ermənistanın arxasında güclü erməni lobbisi, Azərbaycan diasporunun arxasında isə güclü, etibarlı Azərbaycan dövləti dayanmışdır”Bundan əlavə, müraciətdə Xocalı soyqırımının beynəlxalq ekspertlər komissiyası tərəfindən araşdırılması, ATƏT-in Minsk qrupuna üzv olan ölkələrin başçılarından Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişənin həlli yolunda və sülhün əldə edilməsində cəhd göstərmələri istənilmişdir.  Müraciətin sonunda bildirmişik ki, sülh Cənubi Qafqazda ortaq coğrafi mövqeyə, təbii sərvətlərə və çoxəsrlik mədəni irsə malik xalqların birgə yaşaması və inkişafına təkan verəcək yeganə vasitədir. Bu baxımdan biz bu münaqişənin həlli ilə bağlı indiyə qədər qəbul edilmiş qərar və bəyanatlara istinad edərək  Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yardım etmək məqsədilə Avropa Parlamenti tərəfindən diqqətlə qəbul ediləcəyimizə ümidimizi və istəyimizi ifadə etmişik.

 

– Siz eyni zamanda Almaniya Azərbaycanlılarının Koordinasiya Mərkəzində (AAKM)  icraçı direktorsunuz. Təşkilat əsasən hansı istiqamətlərdə fəaliyyət göstərir ?

 

Bu təşkilat Almaniyada yaşayan soydaşlarımızın qürbət ölkədə bir-birindən aralı düşməməsi üçün, sıx əlaqələrə malik olmaları üçün yaradılmışdır. Təşkilat Almaniyadakı Azərbaycan diasporunu təmsil edir və məqsədimiz bu ölkədə bütün həmvətənlərimizi eyni amal—Vətən, millət şüarları ətrafında sıx birləşdirmək və ölkəmizin həqiqətlərini daha məqsədyönlü şəkildə təbliğ etməkdir. Bu il  fevralın 22-də Almaniyadakı Türk-Azərbaycan Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Almaniyadakı səfirliyinin dəstəyi və  AAKM-ın və Berlin-Brandenburg Atatürkçü Düşüncə Dərnəyinin birgə əməkdaşlığı ilə Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı Berlindəki “Türk evi”ndə yadetmə mərasimi təşkil etdik. Mərasim zamanı Berlindəki Xocalı abidəsi ziyarət olundu. Bundan əlavə biz Berlinin mərkəzində yerləşən məşhur “Brandenburq qapıları” qarşısında etiraz nümayişi təşkil etdik.

 

Nümayişdə Xocalı faciəsini əks etdirən fotomateriallar, erməni şovinistlərinin  qanlı hərəkətlərini pisləyən plakat və “Xocalıya Ədalət” kampaniyasının şüarlarından istifadə olundu. Nümayişdə meqafon vasitəsilə Xocalı soyqırımı haqqında, eləcə də Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal altında saxlanmasına dair ictimaiyyətə məlumat verilərək, alman və ingilis dillərində Xocalı faciəsi və Dağlıq Qarabağ münaqişəsinə dair kitabçalar, informativ vərəqələr şəhər sakinlərinə və turistlərə paylandı. Əslində biz milli istiqamətdə gördüyümüz işləri dayandırmırıq. Sadəcə hər il qan yaddaşımızla bağlı günlərdə sanki gücləndirilmiş iş rejiminə keçirik.

 

-Orta statistik Avopa cəmiyyətində erməni təcavüzünə münasibət hansı səviyyədədir ?

 

Əvvəllər baxmayaraq ki, biz zərərçəkmiş tərəf olsaq da bunu  Avropa cəmiyyətində qəbul etdirmək çox çətin idi. Çünki erməni lobbisi hər yerdə antiazərbaycan fəaliyyətini davam etdirirdi. İndi isə vəziyyət nisbətən bizim xeyrimizə dəyişmişdir. Çünki həm buradakı soydaşlarımızın əvvəlkinə nisbətən daha da təşkilatlanması, ictimai təsisatların yaranması və həqiqətlərimizi təbliğ etməsi erməni yalanlarının qarşısında duran ən böyük maneələrdir. Şübhəsiz ki, Azərbaycan dövlətinin bu işdə diasporumuza göstərdiyi diqqət və qayğısı diqqətəlayiqdir. Çünki, dövlətimizin  dəstəyini hiss etmək görməli olduğumuz işlərdə bizə əlavə stimul deməkdir. Bu baxımdan ermənilərlə ən böyük fərqlərimizdən də biri budur ki, ianələrlə yaşayan Ermənistanın arxasında güclü erməni diasporu və lobbisi, Azərbaycan diasporunun arxasında isə güclü, etibarlı Azərbaycan dövləti dayanmışdır. Biz bundan çox qürurlanırıq.

 

 

Anar Turan

“KarabakhINFO.com“

 

21.06.2014 09:52

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*