Azərbaycanca

“Ermənistanın işğalçı niyyətini ifşa etmək arzusunda olan ermənilər də ola bilər”

31.07.2014 | 07:35

1368791145_images-150x150Ermənistandan fərqli olaraq, Azərbaycanda erməni millətindən olan vətəndaşların yaşaması danılmaz bir faktdır. Azərbaycanda, işğal olunmuş ərazilərimizi çıxmaq şərtilə, hazırda 30 mindən çox erməninin yaşadığı bəllidir. Hansı ki, onların da əksəriyyəti paytaxt Bakıda məskunlaşıb. Bu insanlar da Azərbaycanın digər vətəndaşları kimi tam bərabər hüquqlara malikdirlər. Hətta onlardan bəzilərinin övladları müxtəlif dövlət işlərində də çalışır. Azərbaycan dünyanın ən tolerant ölkəsi olaraq burada yaşayan ermənilərin də bütün hüquqlarının qorunmasına xüsusi önəm verir və təkcə sözdə deyil, işdə də bu amalı gerçəkləşdirir.

Azərbaycan torpaqlarının bir hissəsi hazırda Ermənistan tərəfindən işğal altındadır. Bu vəziyyət kimliyindən və millətindən asılı olmayaraq ölkənin bütün vətəndaşlarını erməni işğalına qarşı aktiv mübarizə aparmağa səsləyir. Bu mübarizə heç də təkcə hərb meydanında özünü göstərməməlidir, bütün sahələr üzrə mübarizə aparılmalıdır və aparılır.

Bu mənada, ölkənin digər sakinləri kimi Azərbaycan vətəndaşlığını qəbul edən və bununla fəxr edən erməni millətindən olan nümayəndələrin də ictimai baxımdan fəal olması vacibdir.

 

 

meherremzMövzu ilə bağlı açıqlama verən “KarabakhİNFO.com” beynəlxalq e-jurnalının elmi məsləhətçisi, tarix üzrə fəlfəsə doktoru, dosent Məhərrəm Zülfüqarlı Azərbaycan vətəndaşı olan ermənilərin Ermənistanın işğal siyasətinə qarşı mübarizədə ictimai cəhətdən fəal olmalarını vacib saydı: “Azərbaycan Ermənistan münaqişəsi başlanandan bəri sovet dövründən qalma qarışıq ailələr mövcud idi. Ölkəmizdə hazırda yaşayan 30 mindən çox erməni əsasən də qarışıq ailələrdə gəlin olan sakinlərdir. Onlar əvvəldən Azərbaycan vətəndaşıdır və ölkəmizin digər əhalisi kimi, bərabər hüquq və imkanlarla təmin ediliblər. Onlara burada pis gözlə baxan yoxdur. Burada yaşayan ermənilərin fəallığına, münaqişə ətrafında baş verən əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, Ermənistanın yalanlarının ifşa olunmasında aktiv iştirak etmələrinə gəldikdə, deməliyəm ki, onlar arasında belələri də olub. Məsələn, keçən əsrin 90-cı illərində Dağlıq Qarabağ münaqişəsinin alovlanmasında Ermənistanı və Xankəndində oturan sepatarçıları günahlandıran azərbaycanlı ermənilər də olub, hətta onlar bu barədə kitablar da yazıb. Amma təəssüf ki, onları daha fəal iştiraka cəlb etmək, mövqelərini geniş şərh etməyə ciddi fikir verilməyib. Bu məsələ diqqətdən kənarda qalıb və belə vəziyyət fikrimcə düzgün deyil. Əlbəttə, Azərbaycan vətəndaşı olan ermənilər indiki dövrdə dövlətimizin haqq işi uğrunda mübarizədə daha fəal rol oynaya bilər. Arzuolunandır ki, bunun üçün səlahiyyətli qurumlar onlarla işləsin. Azərbaycan hazırda beynəlxalq aləmdə erməni terrorizmi, separatizmi və saxtakarlıqlarını ifşa edən geniş bir təbliğat kampaniyasına başlayıb. Dünya ölkələri parlamentlərinin bir çoxunda artıq Xocalı qətliamının soyqırım kimi qəbul edilməsinə nail olmuşuq. Amma yaxşı olardı ki, bunu Azərbaycanda yaşayan erməni millətindən olanlar da desin. Hesab edirəm ki, Ermənistanın işğalçı niyyətlərini ifşa etmək arzusunda olan çoxsaylı ermənilər var. Sadəcə olaraq, bu ermənilərlə işləmək lazımdır ki, onlar da prosesdə aktiv olsunlar. Təəssüf ki, hələlik bu istiqamətdə iş aparılmır. Azərbaycanda yaşayan və vətəndaşı olduğu ölkənin haqq işini tanıyan erməni nümayəndələr arasında tarixçilər, hüquqşünaslar, digər ziyalılar da vardır. Onlardan müsahibələr almaq, fikirlərini geniş, xüsusən də xarici ölkələrin ictimaiyyətinə çatdırmaq lazımdır”.

 

 

ferec-quliyev-300x240“KarabakhİNFO.com” beynəlxalq e-jurnalına açıqlama verən millət vəkili Fərəc Quliyev də bu qənaətdədir ki, Azərbaycanda yaşayan erməniləri Ermənistanın təcavüzkar siyasəti əleyhinə münasibət bildirmək üçün yönəltmək olar: “Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki erməni əsilli vətəndaşları belə hazırda girov vəziyyətindədir. Onlar işğal altında olan ərazidədir və buradakı qurama rejimin girovudurlar. Onlara nəyisə dedizdirmək ermənilər üçün asandır, çünki, müharibə qaydaları ilə desək, onlar əsir vəziyyətindədir. Azərbaycanda yaşayan erməni əsilli vətəndaşları nəinki fəallaşdırmaq, ümumiyyətlə, bu icmanın davranışına fərqli bir modellə yanaşmaq lazımdır. Amma hesab etmirəm ki, bu gün Azərbaycanda yaşayan erməni əsilli vətəndaşlarımızdan ermənilər istifadə etdiyi kimi istifadə edək. Buradakı ermənilərin başqa Azərbaycan vətəndaşlarından heç bir fərqləri yoxdur. Tolerant şəkildə onlara baxılır, hüquqları tanınır. Başqa məsələdir ki, Azərbaycanda yaşayan erməni əsilli vətəndaşları Ermənistanın təcavüzkar siyasəti əleyhinə münasibət bildirmək üçün yönəltmək olar. Rusiya bizə qarşı olanda buradakı rus icması öz iradəsi ilə, kəskin şəkildə Moskva hakimiyyətinə münasibət bildirərək, Azərbaycanda ruslara fərq qoyulmadan hörmətlə yanaşıldığını diqqətə çatdırmışdılar. Bu mənada Azərbaycanda yaşayan ermənilərin də təşkilatlanmış şəkildə münasibətləri, bəyanatları ola bilər”.

 

 

 

Rüfət Sultan

“KarabakhİNFO.com”

 

31.07.2014 07:35

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*