Azərbaycanca

Ermənistanın növbəti taktikası nədən xəbər verir?

02.11.2012 | 18:57

1351868486_ferhadErmənistanın növbəti taktikası nədən xəbər verir?

Bir neçə gündür ki, ermənilərin İrəvan “soyqırımı”nın 100 illiyi ilə bağlı Ankaranı və Bakını təzyiq altında saxlamaq üçün cırtdan dövlətlərin “Dağlıq Qarabağ Respublikası”nı(DQR) tanımasına yönələn planı işə salması barədə mətbuatda müzakirələr gedir. Məlumata görə, Ermənistan hakimiyyətinin bu taktikasına ABŞ və Fransadakı erməni diasporu böyük maliyyə ayırıb. Okeaniyadakı kiçik ada dövlətlərinin “DQR”i tanıyıb onunla diplomatik münasibətlər yaratmasının əvəzində erməni diasporu bu dövlətlərin müəyyən təcili ehtiyaclarını ödəməyə və ya onlara milyonlarla dollar verməyə hazırdır. Bildirilir ki, ötən ilin mart ayında Ermənistanın Sakit okeanda yerləşən Tuvalu adlı cırtdan dövlətlə diplomatik münasibətlər yaratması da bu planın tərkib hissəsidir. Belə ki, Ermənistan həmin ada dövləti ilə “DQR”in tanınmasına dair anlaşma əldə edib. Ermənistanın siyahısında habelə Nauru, Palau, Samoa Vanautu adlı cırtdan dövlətlər də yer alır.

Ermənistanin bu taktikasının bəzi məqamlarına politoloq Fərhad Mehdiyev aydınlıq gətirdi. “Karabakhinfo.com” e-jurnalına açıqlama verən politoloq hesab edir ki, məlumat  həqiqətə uyğun olub-olmasa da ağlabatan məsələdir: “Təbii ki, ermənilərin bu cür addım atmaları öz mövqelərini gücləndirmələri baxımından müsbət haldır. Analoji addımları Azərbaycan da atır. Biz tutaq ki, Cənubi Amerika dövlətlərində nümayəndəliklər açaraq Xocalı soyqırımının dünyaya tanıtmağımıza nail oluruq, qondarma erməni soyqırımının parlamentlərdə müzakirə olunmamasına nail olduğumuz kimi, onlar da səfirlikərini açdıqları ölkələrdə, lobbiçilik fəaliyyətlərinin güclü olduğu dövlətlərdə maraqlarından qabağa keçərək bu addımı atırlar. Ermənilərin əsas istəyi odur ki, Qarabağ müstəqil dövlət kimi tanınsın. De fakto bir erməni dövləti olacaq, amma adı iki müstəqil dövlət olacaq. Bu da danışıqlar masasında onların daha güclü olması anlamına gələ bilər. Əslində kiçik dövlətlərin Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıması, bu ciddi dövlətlər olmasa belə, getdikcə digər dünya dövlətlərinin də tanımasına zəmin yarada bilər. Bu işin arxasında isə kifayət qədər maliyyəsi və Amerika kimi təsir mexanizmlərinə malik olan erməni lobbisi dayanıb. Yəni, onlar pulla belə kiçik dövlətləri ələ ala bilirlər. Məsələn, elə xırda dövlətlər var ki, 15 milyon dollar pul onlar üçün böyük vəsaitdir, amma erməni lobbisi üçün bu heç nədir. Bu pulu ayırmaqla Dağlıq Qarabağın müstəqilliyinin asanlıqla tanıtdıra bilər. Belə olan halda bizim etməli olduğumuz iş isə Xarici İşlər Nazirliyi və xaricdə fəaliyyət göstərən diplomatik qurumlarımız tərəfindən əks tədbirlər görülməsinin vacibliyidir”.

Politoloqa görə, ermənilərin bu taktikasının keçiriləcək prezident seçkiləri ilə əlaqəsi yoxdur.

Tarix elmləri üzrə fəlsəfə doktoru, dos. Şirinbəy Əliyevin isə məsələyə münasibəti bu cür oldu:

“Ümumiyyətlə, son dövrdə Dağlıq Qarabağ ətrafında müharibə təhlükəsinin artması tendensiyası müşahidə olunur. Qarşı tərəflərin bir-birilərinə yönəlmiş sərt ittihamları, hətta hədə şəklində səslənən bəyanatlar son həftə gündəminin əsas məsələsidir. Azərbaycan Respublikası Müdafiə nazirliyindən  Ermənistanın Azərbaycanın strateji obyektlərini vurması təqdirində   Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanda istənilən strateji obyekti vura biləcəyi haqqında açıqlama verilib.  Eyni zamanda Azərbaycanın Metsamor AES-I vura biləcəyi haqqında şayiələr var.    Strateji obyektlərin vurulması ancaq müharibə başlayacağı təqdirdə mümkündür.  Ancaq hər  bir normal dövlət kimi Azərbaycan tərəfi heç bir halda beynəlxalq hüquq normalarını pozub AES-i vurmaz və bu şayiələr heç bir məntiqə sığmır, yolverilməz haldır. Çünki bu region üçün fəlakət deməkdir və hələ ki, müharibənin başlaması da real görünmür.  Əgər vurulası bir strateji obyekt varsa bu Ermənistanın Xankəndidə beynəlxalq hüquq normalarını pozaraq  istifadəyə verdiyini açıqladığı hava limanıdır.

Təbii ki, müharibə məsələsi 2013-cü il prezident seçkiləri ərəfəsində gündəmə gətirilib. Əgər Serj Sarkisyanın növbəti dəfə Ermənistan prezidenti seçilməsi üçün müharibə kartından istifadə etməsi nə qədər real görünürsə, Azərbaycan iqtidarının da o qədər bu məsələdən istifadə etməyə ehtiyacı yoxdur. Çünki  Ermənistanın ağır sosial-iqtisadi durumu fonunda Serj Sarkisyan iqtidarının problemlərdən xalqın fikrini yayındırması üçün bu vasitəyə əl atması mümkün ola bilər.  Lakin Azərbaycan isə vaxt keçdikcə hər cəhətdən güclənən və sabit inkişaf tempinə malik dövlətdir.

Mövcud status-kvo Ermənistana xeyirdir. Onlar Dağlıq Qarabağın tanınmayacağını bilirlər. İndiki cəhdləri isə bir nəticə verməyəcək. Səbəb isə odur ki, hər bir siyasi addımda qarşılıqlı maraq, bu addımı atdıqdan sonra beynəlxalq aləmin buna reaksiyası hesablanmalıdır və Ermənistanın bu təşəbbüsü həmin dövlətlərin maraqlarına cavab vermir.  Əlbəttə ki, mövcud status-kvo dövlətimiz üçün qəbuledilməzdir. Tənzimləmə prosesində köklü dəyişikliklər olmalıdır. Bunu ATƏT-in Minsk qrupu etməli, əks-təqdirdə Azərbaycan dövləti Minsk qrupuna müxtəlif yollarla təzyiqini artırmalıdır.  Azərbaycan müharibəyə tam hazır olsa belə, bunun Azərbaycan üçün faydalı olacağını düşünmürəm. Bu daha çox problemlər içində çabalayan Ermənistanın işinə yaraya bilər. Mənim subyektiv fikrimə görə, dövlətimizin beynəlxalq aləmdə artan nüfuzu və günü-gündən güclənən bir ölkə kimi yaxın 2-3 ildən sonra sülh danışıqları bir nəticə verməzsə,  cənab prezident İlham Əliyevin də hər zaman qeyd etdiyi kimi öz ərazi bütövlüyünü təmin etmək üçün hərb yolunu seçə bilər. Öz ərazi bütövlüyünü bərpa etmək, onu qorumaq isə hər bir dövlətin olduğu kimi Azərbaycan dövlətinin beynəlxalq hüquq normaları ilə də təsbit olunmuş ən təbii hüququdur.  Bu dövr ərzində isə Azərbaycan dövləti daha da güclənməli və siyasi sahədə çəkisini artırmalıdır”.

 

 

Naibə

“KarabakhİNFO.com”

 

02.11.2012 18:57

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*