Azərbaycanca

Ermənistanın siyasi məhbus yalanı

27.11.2014 | 16:05

siyasi mehbusErmənistan rəhbərliyi dünyaya car çəkir ki, Azərbaycanda nə söz azadlığı var, nə mətbuat azadlığı, siyasi məhbusların sayı isə getdikcə artır. Amma Ermənistanda bütün beynəlxalq hüquq normalarına əməl olunur, ölkədə siyasi məhbus yoxdur.

 

Bu, doğrudanmı belədir?!

 

 

2014-cü il sentyabrın 9-da Parisin Trokadro meydanında mitinq keçirildi. Sən demə, Fransada yaradılmış “Erməni dirçəlişi” hərəkatının təşkil etdiyi bu etiraz aksiyası Ermənistan rəhbərliyinin sözlərini tamamilə alt-üst etdi. İştirakçılar bildirdilər ki, aksiya Ermənistandakı siyasi məhbuslar Şant Harutyunyana, Volodya Avetisyana və yoldaşlarına dəstək, habelə ədalətsiz məhkəmə prosesinə etiraz məqsədilə keçirilir.

 

 

Lakin çox qəribədir ki, Ermənistan prezidenti Serj Sarkisyan bunları təkzib edir. O, 2014-cü il noyabrın 11-də Nyu – Yorkun Kolumbiya Universitetində məruzə söylədikdən sonra iştirakçılardan biri ona Ermənistandakı siyasi məhbusların sayını xatırlatdı.

 

 

O dedi: “Bu yalandır, xahiş edirəm, sözümü kəsməyin, yanlış informasiyaya maliksiniz, Ermənistanda siyasi məhbus yoxdur”.

 

 

Digər bir iştirakçı Şant Harutyunyanın adını çəkdikdə Sarkisyan bəyan etdi: “O, cinayət törətdi. Əgər Amerikada kimsə xuliqanlıq edirsə, onunla məşğul olmurlarmı?”

 

 

Burada adamın yadına yerində deyilmiş gözəl bir atalar sözümüz düşür: “Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı”.

 

 

Yaxşı, paron (ermənicə cənab) Serj, əgər Ermənistanda siyasi məhbus yoxdursa, söz, mətbuat azadlığı varsa, onda “A 1 plus” telekanalını, “Çorrard işxanutyun”(Dördüncü hakimiyyət) qəzetini niyə bağladınız?
Bunları bir kənara qoyaq. Serj Sarkisyan, bəs Erməni Milli Konqresinin üzvü, keçmiş siyasi məhbus, Ermənistan parlamentinin deputatı Nikol Paşinyanın parlamentdə söylədiklərinə nə deyəcəksən?

 

 

N. Paşinyan Ermənistan Azqayin Joğovunun (Ermənistan parlamenti belə adlanır) 2014-cü il 16 noyabr iclasında Şant Harutyunyanın işi üzrə daha 11 nəfərin siyasi məhbus kimi azadlıqdan məhrum olduğunu bildirdi, insan haqları komissiyasının sədri Elinar Vardanyana bu mövzuda dinləmələr keçirməyi təklif etdi. Paşinyan dedi: “Biz bilirik, elə adamlar var ki, cinayət törədiblər və indi nəinki həbsxanadadırlar, hətta yüksək vəzifəli postlar tuturlar”.

 

 

Əgər Ermənistan prezidenti sübut istəyirsə, bundan gözəl sübut, bundan gözəl faktlar ola bilməz.

 

 

Ermənistan prezidenti bunu dansa da, xalqın gözünü bağlamaq mümkün deyil. Bu hal Ermənistanda söz azadlığının olmadığını, azad fikirli insanların təqib olunduğunu bir daha təsdiq edir.

 

 

Sabir Babayev
“KarabakhİNFO.com”

 

 

27.11.2014 16:05

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*