Azərbaycanca

“Ermənistanın sülh yaratmaq prosesinə töhfə verə biləcək siyasəti yoxdur”

30.11.2013 | 16:48

1385815554_20130214_bahar-muradova1Bahar Muradova: “Ən müxtəlif sülhməramlı niyyətlər öz daxilində erməni maraqlarını reallaşdırmaq məqsədini gizlətdiyindən, Azərbaycan bu məsələlərə açıq və sayıq gözlə münasibət bildirir”

Milli Məclisin vitse-spikeri, ATƏT Parlament Assambleyasında (PA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın “KarabakhİNFO.com” beynəlxalq e – jurnalına eksklüziv müsahibəsini təqdim edirik.

 

-Bahar xanım, bu gün Qərb dairələri sülh, barış adıyla azərbaycanlılarla ermənilər arasında münasibətlərin istiləşməsi üçün birgə layihələr həyata keçirməyə çalışırlar. Bu kimi layihələrin sülh naminə keçirilməsi nə dərəcədə inandırıcıdır?

 

-Bu gün Azərbaycanın qarşısında dayanan həlli çətin yeganə problem Dağlıq Qarabağ münaqişəsidir. Çox təəssüf ki, Dağlıq Qarabağ məsələsiylə bağlı danışıqlar prosesini dəyişə biləcək hansısa ciddi addımların atılmasında maraqlı olanlar görünmür. Görünən isə status-kvounun qorunması, mövcud vəziyyətin qəbul etdirilməsi və bunun da ətrafında iki xalqı bir-birinə yaxınlaşdıra biləcək sülhmərmalı tədbirlərin, birgə layihələrin, eləcə də digər bir formatda tədbirlərin keçirilməsi üçün edilən cəhdlərdir. Azərbaycan birmənalı olaraq bu məsələlərə qəti və kəskin etirazını bildirib. Ən yüksək rəsmi səviyyədə münaqişə həll olunmadan Ermənistanın qatıldığı istər regional, istər qlobal layihələrdə iştirak etmədiyini və etməyəcəyini açıq şəkildə bəyan edir. Və yeritdiyi siyasət də bu siyasi kursa uyğundur. Hesab edirəm ki, bu çox səmərəli siyasətdir.  Təsadüfi deyil ki, Azərbaycanın yeritdiyi bu siyasət Ermənistanı bölgədə mövcud, əhəmiyyətli regional və digər miqyaslı layihələrdən kənarda qoyur. Bu da Ermənistanın iqtisadi tənəzzülünü getdiksə daha da dərinləşdirməkdədir. Əlbəttə, Azərbaycanın getdikcə inkişaf etməsi, onun dostlarının sayının artması, Dağlıq Qarabağ məsələsinin məqsədi, mahiyyətini getikcə daha çox beynəlxalq aləmə bəyan olması qeyd etdiyim sülh adıyla edilən səylərin özünü də getdikcə daha artıq gözdən salır. Bu gün Ermənistanı açıq şəkildə müdafiə etməyə heç bir ölkə qalxa bilmir. Hətta onun yaxın tərəfdaşı olan ölkələr belə, açıq şəkildə Ermənistanın təcavüzkar siyasətinə haqq qazandırmağa çalışmırlar. Bu, heç bir dövlətə və onun rəsmi siyasətinə uğur gətirən addım deyil. Sadəcə, ümumi proseslərin içərisində bir növ münaqişəni unutdurmaq, mövcud vəziyyət ətrafında münasibətləri normallaşdırmağa olan səylər miqyasında bu meydana çıxır. Ona görə də bu kimi cəhdlər, ən müxtəlif sülhməramlı niyyətlər öz daxilində erməni maraqlarını reallaşdırmaq məqsədini gizlətdiyindən, Azərbaycan bu məsələlərə açıq və sayıq gözlə münasibət bildirir.

 

-Sizcə, rəsmi İrəvan tərəfindən indiyə kimi niyə görə heç bir barış, sülh addımı atılımayıb?

 

– Barış, sülh addımı odur ki, Ermənistan qoşunlarını işğal etdiyi ərazilərimizdən çıxarmalıdır. Sülh istiqamətində addım bundan başlayır. Ermənistanın məqsədi Azərbaycanın ərazisini zəbt etməkdir. O, sülh istiqamətində ən müxtəlif bəyanatlar səsləndirə bilər. Amma konkret addımlara gəldikdə, bunu etməmək üçün hər cür cəhdlər göstərir, bütün danışıqları pozmaq, hətta cox ciddi bir razılaşmanın əldə ediləcəyi bir anda bunu pozmaq istiqamətində ən ağılasığmaz, məntiqsiz addımlar atmağa qadir olduğunu sübut edib. Yəni Ermənistanın ardıcıl, doğurdan da sülh yaratmaq prosesinə töhfə verə biləcək addımlar atmağa yönəlmiş siyasəti yoxdur.  Bir də nəzərə almaq lazımdır ki, Ermənistan asılı bir dövlətdir. O, müstəqil iradə, müstəqil siyasət sahibi deyil. Bu gün Ermənistana müstəqil dövlət kimi baxanların sırası getdikcə seyrəlməkdədir. Ermənistan müstəqil olmadığı üçün digər maraqları kimi Dağlıq Qarabağ münaqişəsi ilə də bağlı heç bir iradə sahibi deyil. Ona görə də Ermənistana beynəlxalq təzyiq olmadan, ondan sülh addımı atacağını gözləmək sadəlövhlük olardı.  Bu baxımdan mən Ermənistanın sülh haqqında danışıqlarını yalnız gözə kül üfürmək kimi qiymətləndirirəm. Və məntiqli müşahidə qabiliyyəti olan dairələr də bunu belə qiymətləndirirlər.

 

– Dağlıq Qarabağın işğaldan azad olunmasında xalq diplomatiyasının işə düşməsi nə dərəcədə realdır?  

 

– Bilirsiniz, bunlar vahid siyasətin tərkib hissələri olsaydı və paralel koordinasiya olunmuş şəkildə səylər göstərilsəydi bəlkə də hansısa məqamda bu kimi tədbirlərin effekt verəcəyinə inanmaq olardı. İş burasındadır ki, rəsmi danışıqların dayandığı və dalana dirəndiyi anda “xalq diplomatiyası” deyilən bir məsələlər gündəmə gətirilir. Bir də prosesi diqqətdə saxlamaq və imitasiya etmək naminə bunlar ortaya atılır.

 

“Ermənistanın sülh yaratmaq prosesinə töhfə verə biləcək siyasəti yoxdur”Burada Azərbaycan tərəfinin hansısa güzəştindən söhbət gedə bilməz. Bizim güzəştimiz ərazimizin hərbi yolla işğal olunmasına rəğmən, sülh danışıqlarında iştirakımız və bu münaqişəni sülh yolu ilə həll etmək iradəmizdir. Güzəşt Ermənistan tərəfindən olmalıdır. Hətta bunun özü də güzəşt deyil. Bu, ədalətin bərpa olunması kimi dəyərləndirilməlidir. Hətta bunu Ermənistan tərəfindən kompromis addım kimi dəyərləndirsək belə, bu, ərazimizin işğaldan azad olunmasından başlanmalıdır. Lakin bunu Ermənistan edə bilmir. Azərbaycan tərəfinin mövqeyində dəqiqləşməyə heç bir ehtiyac yoxdur. Amma mövqeyin dəqiqləşməsi hər gün Ermənistana lazımdır. Çox təəssüf ki, onlar bu güzəştləri hansısa şəkildə edə biləcəklərini yalnız müzakirə edə bilirlər. Təbii ki, onların bugünkü siyasətinin nəticələri beynəlxalq hüquqla bir araya sığmır və Azərbaycan bunu heç zaman qəbul etməyəcək. Öz torpaqlarında ikinci Ermənistan respublikasının yaradılmasına heç bir vəchlə imkan verməyəcək. Onlar da bunu gözəl bilirlər. Amma bugünkü siyasətdən geri çəkilmələri Ermənistan üçün ölümə bərabər olan bir şeydir. Bu, onlar tərəfindən özü öz qətlinə fərman vermək kimi dəyərləndirilir. Çünki dəfələrlə bu mövqedə cüzi bir dəyişiklik Emənistanda iqtidarın əldən getməsi  və yaxud iqtidarda olanların həyatını itirməsiylə nəticələnib.

Ona görə də bu kimi ciddi amillər ortada olduğu təqdirdə beynəlxalq birliyin, bu prosesə vasitəçilik edən dairələrin, Ermənistana çox ciddi təsir rıçaqları olan ölkələrin və onların birliklərinin, konkret ATƏT-in Minsk qrupunun  ciddi sanksiyaları olmadığı halda Ermənistanı sülhə məcbur etmək mümkün olmayacaq. Ona görə də onlar bəhanələr gətirərək danışıqlar prosesini dayandıran addımlar atırlar. Belə bir məqamda beynəlxalq birlik  “xalq diplomatiyası” ideyasını ortalığa ataraq prosesi irəli aparmaq görüntüsü yaratmağa çalışır.

 

İki il bundan qabaq Xorvatiyada ATƏT-in Parlament Assambleyasında Qarabağ məsələsinin müzakirəsinə nail olduğumuz zaman mən  təşəbbüs irəli sürdüm ki, gəlin, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşlərini təşkil edək. Görək onlar bu bölgənin gələcəyi ilə bağlı nə düşünür. Əsl xalq diplomatiyası budur. Bəli, ərazimiz işğal altındadır, insanlarımız əziyyət çəkir, maddi-mədəni abidələrmiz dağıdılır. Amma buna baxmayaraq biz nəinki sülh danışıqlarında iştirak edirik, hətta ən müxtəlif təbəqələrdə olan insanların bir araya gəlməsi, bu ərazidə yaşayıb, amma çox təəssüf ki, ev-eşiyindən didərgin düşmüş, amma gələcəkdə mütləq bir yerdə yaşayacaq insanların görüşünü məqbul sayırıq. Lakin Ermənistan bu günə qədər buna getmir. İcmaların bir-biri ilə yaxınlaşması, onların marağında deyil. Əsl xalq diplomatiyası budur.

 

Əgər münaqişənin həllində maraqlı olan dairələrin və güclərin siyasi iradəsi olsa, onda həm yüksək səviyyədə rəsmi danışıqlarda, həm də xalq diplomatiyası səviyyəsində danışıqlarda müəyyən irəliləyiş ola bilər və bunlar biri digərini şərtləndirə bilər. Bunlar biri digərindən ayrı şəkildə heç bir effekt verməyəcək.

 

-Bu gün bəzi gənclərimizin Qərbin yalançı vədlərinə aldanaraq gedib Ermənistanda sülh layihələrində iştirak etməsi təəssüfedici deyilmi?

 

– Baxır o tədbirlərdə hansı mövqedə çıxış edirlər. Mən özlüyündə bu danışıqlarda iştirak etməməkdə israrlı olmağın tərəfdarı deyiləm. Özlüyündən bu tipli müzakirələrdən yayınmaq, sonradan bizi ittiham etməyə yönəlmiş cəhdlərə rəvac verə bilər. Biz ən müxtəlif beynəlxalq təşkilatların üzvüyük. İstər-istəməz bu təşkilatların keçirdiyi tədbirlərdə biz onlarla istər prezidentlər, istər millət vəkilləri, istər digər  hökumət nümayəndələri səviyyəsində iştirak edirik. Bu və ya digər məsələlər ətrafında mövqeyimizi bildiririk və imkan olan məqamda dərhal Qarabağ məsələsini gündəmə gətiririk, eləcə də beynəlxalq birliyi Ermənistanı təcavüzkar siyasətindən əl çəkdirməyə çağırırıq. Bunun özü ən müxtəlif səviyyələrdə təmaslardır. Bizim bu təmasların olduğu halda hansısa bir təşkil olunmuş təmaslardan qaçsaq, bir növ ikili standart nümayiş etmiş olarıq. Əsas odur ki, bu görüşlərdə iştirak edən istər gənc nəsil, istər orta nəsil, eləcə də istər müxalif düşərgədə olanlar, istər bizim KİV nümayəndələri prinsipial mövqedən çıxış etsinlər. Aramızda heç nə olmamış kimi davranmasınlar və onların bugünkü “sülhməramlı” davranışlarını əsl insani davranış kimi qəbul etməsinlər. Əsl insani davranış işğalçı olduğunu boynuna alıb ərazilərimizdən qoşunları çıxarmaqdır.

 

 

Fuad Hüseynzadə

 

“KarabakhİNFO.com”

30.11.2013 16:48

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*