Azərbaycanca

Ermənistanla bağlı qətnamənin qəbul olunmasından 22 il ötür

11.11.2015 | 16:46

azer_niftiyev_280915

BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının işğal olunmuş Azərbaycan rayonlarından çıxarılmasını tələb edən 884 saylı qətnaməni qəbul etməsindən 22 il ötür.

1993-cü ilin bu günündə – 11 noyabr tarixində qəbul olunan qətnamə hələ də icra olunmur. Rəsmi Ermənistan qətnamədə göstərilən tələbləri yerinə yetirmir. Dünya birliyi, o cümlədən qətnaməni qəbul edən BMT Təhlükəsizlik Şurası bir milyondan artıq azərbaycanlının öz doğma yurd-yuvalarından didərgin düşməsinə, Azərbaycan torpaqlarının 20 faizinin işğal olunmasına, Xocalıda törədilmiş misli görünməmiş bəşəri cinayətə göz yumur.

Yəqin ki, “göz yumur” ifadəsi yumşaq səslənir. Çünki nüfuzlu beynəlxalq təşkilat bu cinayətlərə imza atan, Dağlıq Qarabağın işğal olunmasında bilavasitə iştirak edən Ermənistanın xunta rejiminin rəhbərinə tribuna verir. Bununla da, imkan yaradılır ki, siyasi riyakarlıq davam etdirilsin, Dağlıq Qarabağın “tarixi Ermənistan torpağı” olduğuna dair saxta bəyanatlar səsləndirilsin. Hətta Azərbaycanı hədələsin də…

İnsan haqlarını, bəşəri dəyərləri qorumalı olan beynəlxalq təşkilatların, o cümlədən BMT Təhlükəsizlik Şurasının da nüfuzdan düşməsində, etimadı itirməsində qəbul etdiyi qərarların icra mexanizminə nəzarət etməməsi xüsusi yer tutur. BMT də digər beynəlxalq təşkilatlar kimi, insan haqlarını qorumaq görüntüsü yaradır, dünyanı öz təsir dairəsinə almaq istəyən super güclərin sifariş və təlimatları əsasında fəaliyyət göstərir. Artıq kimsə onlara inanmır və qəbul etdikləri qətnamə və qərarların adi kağız parçası olduğunu qəbul edirlər.

BMT-nin, ATƏT-in hansı “cəbhədə” olması, danışıqlar prosesində hansı mövqeni tutması artıq heç kəsi maraqlandırmır. Reallıq isə budur ki, Azərbaycan öz doğma torpaqlarını işğaldan azad etməyə qadirdir və beynəlxalq birlik bu prosesdə nə qədər qeyri-səmimi və riyakar mövqe tutacaqsa, bir o qədər də müharibə ehtimalını artıracaq.

Torpaqlarımızın Ermənistan Ordusu tərəfindən işğal olunması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev hər zaman bütün çıxışlarında Ermənistandakı xunta rejiminə və onun rəhbərinə, həm də danışıqlar prosesində riyakar mövqedə dayanan beynəlxalq təşkilatlara ciddi mesajlar verir. Münaqişənin nizamlanmasında bilavasitə vasitəçi rolunda çıxış edənlərə görməli olduğu işləri xatırladır və aydın şəkildə bildirir ki, bu münaqişə dinc yolla həllini tapmasa, Azərbaycan hərb yolu ilə öz torpaqlarını işğaldan azad edəcək.

Azər Niftiyev – Trend

11.11.2015 16:46

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*