Ermənilərin XIX əsrin sonlarında yaratdıqları təşkilatların terrorçu xarakterindən artıq çox bəhs edilib. Onlar qarşılarına qoyduqları məqsədə çatmağın yolu kimi hər zaman terrora, silahlı üsyanlara üstünlük vermişlər. Həm Türkiyə ərazilərində, həm də əzəli Azərbaycan torpaqlarında – İrəvan xanlığında, Naxçıvanda, Zəngəzurda, Qarabağda törədilən qırğınlar bu qəbildəndir. Ermənilər Cənubi Qafqazda da azlıqda idilər, buranın yerli sakinləri deyildilər, onlar zaman-zaman bu torpaqlara ruslar tərəfindən köçürülmüşdülər, buna baxmayaraq, onlar say etibarilə Azərbaycan türklərindən üstün deyil, qat-qat az idilər. Şərqi Anadolunun heç bir vilayətində onlar türklərdən sayca üstün olmadıqlarını bütün dünya alimləri də təsdiq etmişlər. Bu ərazilərə, yəni Cənubi Qafqaza ermənilərin kütləvi şəkildə köçürülməsinə Rusiya rəsmən icazə verməsə də, Birinci Dünya müharibəsi zamanı ermənilər əsasən də müharibə meydanı olan Şərqi Anadoludan buraya axın etməyə başladılar.
Türkiyənin Van vilayəti ermənilərin Osmanlı İmperatorluğu ərazisində ən çox yaşadığı yerlərindən biri idi. Ermənilərin say etibarilə çox olduğu vilayətlərdən birincisi Bitlis idi, ikincisi Van idi. 1914-cü ilin statistikasına görə, Vanda 179.380 müsəlman, 67.792 erməni yaşayırdı, ermənilər vilayətin üçdə biri qədər idilər. 1877-1878-ci il rus-türk müharibəsindən sonra Van və onun ətrafında ermənilər təşkilatlanmağa başlamışdılar və vanlı ermənilər ilk üsyanı 1895-ci ildə gerçəkləşdirdilər. Rusiyanın Van və Ərzurumda konsulu olmuş Mayevski buradakı hadisələrlə bağlı xatirələrində yazırdı ki, 1895-1896-cı illərdə Asiya Türkiyəsinin bir çox vilayətlərində yaranmış hərc-mərclik hallarının səbəbləri heç də həmişə burada əhalinin daha sərvətli, varlı sinifləri sırasında olan ermənilərin məzlum vəziyyətində axtarılmamalıdır. “Ermənilərin inqilabi hərəkatının səbəbləri aşağıdakılar idi:
1) onların məlum siyasi kimliyi vardı;
2) onlarda millətçilik, azadlıq və separatizm ideyalarının güclü oyanışı baş verirdi;
3) Qərbin maarifçi dövlətləri tərəfindən həmin ideyaların amansız istismarı da buna daha ciddi xarakter verirdi.”
Erməni vəhşiliyindən bəhs edən və onların həqiqətən baş verdiyini təsdiq edən rus konsul Mayevski özü şahidlik edir ki, ermənilər 1996-cı il Vanda iyun hadisələrini hazırlamaq üçün kənardan da xüsusi adamlar cəlb etmişdilər. Onlara Qafqazdan da yardımlar gəlmişdi. Baş konsul erməni təşviqatçıların və müsəlmanların hansı əhval-ruhiyyədə olduğunu mayor Vilyamsın 1896-cı il may ayının 15-də öz ölkəsi olan Böyük Britaniyaya yazdığı raportu verməklə də göstərir. Vilyams yazmışdı ki, ermənilər xüsusi amansızlıqla “birinci dəfə üç kürdü öldürmüş, ikisini yaralamış, ikinci dəfə isə ikisi, ola bilsin ki, üçü də öldürülmüşdür… meyitlər dəhşətli şəkildə eybəcər hala salınmışdı”.
Buradan da görünür ki, ermənilər təkcə türk əhaliyə deyil, kürd və başqa millətlərə qarşı da eyni vəhşiliyi törətməkdən çəkinməmişlər. Mayevski də şahidlik edir ki, “1896-cı il sentyabrın axırında erməni quldur dəstələrinin sərgüzəştlərinə görə, intiqam almaq üçün kürdlər həmin quldur dəstələrinin sakinləri olduqları kəndləri, yaxud onların ola biləcəyi ehtimal edilən məkanları çapıb-talamış, qarət etmişlər”. Bu proseslər üstündən 20 il keçəndən sonra eyni hadisələr Qafqazda da təkrar olunurdu.
Ermənilərin Vanda iki güclü siyasi təşkilatı vardı: Daşnaklar və Armenistlər. Onların qolları Qafqaza uzanırdı. Daşnaklar “hnçak”çılarla da sıx əlaqədə idilər… İngilis konsul Dikson öz ölkəsinə yazdığı raportda bildirirdi ki, ermənilər gizlicə silahlanırlar, silahlar isə Rusiyadan göndərilir. Rusiyadan çoxlu erməni daşnak komitəçilər gəlirlər, ermənilər parlamentə də “Daşnak” partiyasının fəalı V.Papazyanı seçdirə bildilər. Həbs edilən erməni inqilabçılarının Məşrutiyyətdən sonra sərbəst buraxılması zaman “Droşak” yazırdı: “Türkiyə ermənilərini gözəl bir gələcək gözləyir, onlar görünməmiş bir azadlıq əldə etmək ərəfəsindədirlər” . Onlar nəzərdə tuturdular ki, Rusiya və Türkiyədəki erməniləri eyni vaxtda ayağa qaldırmaq və “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək o qədər də çətin olmayacaq. XIX əsrin sonlarında Şərqi Anadoluda baş verən terror hərəkətləri beynəlxalq diqqəti özünə cəlb etmək üçün idi. Həm də onlar böyük ölkələrin dəstəyinə bel bağlayaraq, belə addımlar atırdılar. Amma müəyyən coğrafi məkan və yerlərdə ermənilər özlərinə arxayın idilər. Çünki onlar əməlli-başlı silahlanmışdılar. Təsadüfi deyil ki, “Proarmeniya” qəzeti yazırdı ki, “biz daim Avropanın, rusların köməyinə bel bağlamamalıyıq, özümüz özümüzə arxalanmalıyıq”. Həmin qəzet bir intibahnaməni dərc etmişdi. Orada deyilirdi ki, türklər Berlin müqaviləsinin 3-cü və 61-ci maddələrini yerinə yetirməyə məcbur ediləcəklər .
Qafar Çaxmaqlı
“KarabakhİNFO.com”