Ermənilər “azadlıq uğrunda sonuncu çarpışma” adlandırdıqları I Dünya müharibəsi ərəfəsində hərtərəfli azğınlıq nümayiş etdirirdilər. Mətbuatın özündə də bu hiss olunurdu və müharibə baş verdiyi təqdirdə ermənilərin Osmanlı dövlətinə arxadan zərbə vuracaqları sözsüz idi. 1912-1913-cü illərdə Bolqarıstanda ermənilərə qarşı vuruşan Andranik türklərə qarşı xüsusi amansızlıq etmişdi. Dünya müharibəsi başlanarkən o Tiflisə gəlib rus ordusunun tərkibində türklərə qarşı vuruşmaq niyyətində olduğunu bildirmişdi. Erməni könüllülərindən təşkil olunmuş 4 korpusdan birinə rəhbərlik etmək məhz Andranikə həvalə edilmişdi. Bu gün Andraniki “milli qəhrəman” adlandıraraq onun sümüklərini gətirib İrəvanın Yerablur qəbristanlığında dəfn edib ona abidə qoyan ermənilər bu şəxsin adicə bir terrorçu olduğunun fərqinə varmırlar və onu da dərk etmirlər ki, saysız-hesabsız günahsız insanlara qarşı soyqırımı törətmiş bu adam həm də ermənilər üçün fəlakət gətirmişdir. Andranik hardan keçmişsə orada ölüm və qan izi qalmışdır. Mayevski yazır ki, 1901-ci ilin noyabrında Muş yaxınlığında Andranik adlı bir erməni quldur dəstə başçısı peyda olaraq, Surp (ermənicə müqəddəs deməkdir) Arakel monastırını tutur və buranı kiçik qalaya çevirir. O kəndləri daim qorxu altında saxlayırdı.
Makedoniyada qalxmış üsyan Osmanlı İmperatorluğunun başını müəyyən qədər qatmışdı, Andranikin buradakı monastırdan qaçması da təşkil edilmiş bir iş idi. Ermənilər o zaman “Yaşasın Ermənistan” şüarı ilə birlikdə guya həmrəylik ifadə etdikləri “Yaşasın Makedoniya”da qışqırırdılar. Onlar Makedoniyada hadisələrin necə cərəyan edəcəyini izləyir və bundan bir presedent kimi istifadə etmək istəyirdilər. Qarşıda bir Bolqarıstan nümunəsi də vardı. Bütün bunlar həm erməni mətbuatında , həm də digər ölkə dillərində çıxan mətbu orqanlarda yer alırdı. Daşnaklar Avropada fəal iş aparmaqla diqqəti “erməni məsələsi”nə yönəltmək istəyirdilər. Andranikin Balkan müharibəsində bolqarlar tərəfdən türklərə qarşı vuruşması bir tərəfdən xristian həmrəyliyi idi, digər tərəfdən də ermənilərin də eyni arzularla (xülyalarla) yaşadıqlarının nümunəsi idi. Rusların 31 oktyabr 1914-cü ildə Şərqi Bəyaziddən və 1 noyabr 1914-cü ildə Ərzurum tərəfindən Osmanlı sərhədlərini keçərək irəliləməsini eşidən ermənilər dərhal qisasçı dəstələr qurdular, yollar kəsdilər, türk kəndlərinə hücuma keçdilər, imkanları olan şəhərlərdə üsyana başladılar. Bu üsyanlardan birincisi Zeytunda olmuşdu. Zeytun erməniləri Türk bayrağı altında döyüşə getmək istəmədiklərini bəyan etmələri bir yana, onlar bir erməni alayı quraraq Osmanlı dövlətinə meydan oxudular və dağlara çəkilib ara-sıra əsgərlərə, jandarma hücumlar etdilər, xeyli əsgər öldürdülər. 1914-cü ilin 30 avqustundan başlayaraq bölgədə çox böyük gərginlik yaratdılar. “Hnçak” və “Daşnak” komitəçiləri kənd və şəhərlərdə xalqı üsyana qaldırdılar, onların sözünü deməyən və üsyana qatılmayan erməniləri də öldürürdülər. Erməni çetələri ingilislərin İsgəndəruna, Adana və Maraşa əsgər çıxaracaqlarını bilirdilər, bu səbəbdən öz mətbuat orqanlarında “erməniləri bu şəhər və vilayətlər işğal edilənə qədər üsyanları çoxaltmağa çağırır”, gizli səfərbərlik keçirib, hər ehtimala qarşı hazır vəziyyətdə olmaq təşviqatı aparırdılar. 1915-ci ilin fevralında Maraşda ermənilər 6 jandarmı öldürdülər, daha sonra üsyanı yatırtmağa gəlmiş 25 əsgəri də şəhid etdilər. Şəhərdən çıxan üsyançılar qarşılarına çıxan kəndlərdə müdafiəsiz dinc əhaliyə divan tutub, onları vəhşiliklə qətlə yetirirdilər. Üsyana başçılıq edən “Hnçak” komitəçiləri burada 62 evi yandırdılar. Hökumətin etibarından istifadə edərək silah almış ermənilər onu dövlətə qarşı çevirmişdilər. Ermənilərdən silah-sursat , tüfəng, xeyli tapança və bombalar ələ keçirildi.
Qafqazda isə taktika bir qədər fərqli idi. Onlar burada Anadoludakı kimi davranmırdılar, ruslara qarşı münasibətdə fərqli mövqe tuturdular, onları ələ alır, silah-sursat əldə edir, bu silahları Anadoluya göndərirdilər. Kayseridə ermənilər Gevork Ercikyan adlı bir ermənini xüsusi olaraq Amerikaya göndərmişdilər ki, orada bomba düzəltməyi öyrənsin. Gevork və onun köməkçiləri çoxlu əl bombası düzəltmişlər. Ermənilərin gizli “bomba düzəltmə fəaliyyəti” təsadüfən hazırlanan bombanın komitəçinin əlində partlaması ilə üzə çıxdı. Hökumət 21 erməni kilsə və məktəbində gizlədilmiş külli miqdarda silah-sursat ələ keçirdi.
Komitəçilər Van-Diyarbəkir-Hələb-İsgəndərun yolu üzərində olan Bitlis-Muş regionuna xüsusi əhəmiyyət verirdilər, buna görə də buraya ən seçkin nümayəndələrini göndərirdilər. “Hnçak” komitəsinin Paris Baş Mərkəzinin rəhbəri Aram Sabahgülyan və “Murad” təxəllüslü terrorçu buraya göndərilmişdi . Sabahgülyanın “İravunk” və “Hnçak” qəzetlərində silsilə yazıları çap olunurdu və bu komitə lideri xalqı inandırmağa çalışırdı ki, Osmanlı dövləti müharibədə məğlub olacaq və ermənilər qalib gələcəklər.
Rusiyanın Van və Ərzurumda baş konsulu olmuş general Mayevskinin vaxtilə yazdıqları da öz təsdiqini tapırdı. O yazmışdı ki, Türkiyədəki ermənilər türklərin zülm və qətliamına məruz qaldıqlarını Avropaya göstərmək istəyirdilər. Proqram bu şəkildə idi: “Ancaq qan tökmək lazımdır ki, ermənilər sərbəstlik qazansın. Qan tökün ki, Avropa sizi himayə etsin”.
“Daşnaksutyun” partiyası da bölgədə fəal iş aparırdı. Osmanlıda səfərbərliyin elanından sonra “Daşnaksutyun” partiyası Rusiyadan təlimat aldı ki, türk ordusunun arxasından zərbə vurulsun. Tarixi sənədlər bu gerçəyi ortaya qoyur. Muş-Bitlis bölgəsində üsyanlar təşkil eləmək işinə Van millət vəkili Vahan Papazyan məsul idi, ona digər millət vəkili Vramyan və rus generalı Loris Melikov kömək etməli idilər. Rusiyadan gələn könüllü ermənilər, türk ordusuna girib silahları ilə birgə fərarilik etmiş ermənilər, kilsələr, komitə fəalları bir “barıt çəlləyi” idilər. Osmanlı artıq müharibə içindəydi. 1915-ci ilin yanvar ayından etibarən Şərqdə ruslarla, Qərbdə – Çanaqqalada İttifaq dövlətləri ilə müharibə edən Osmanlı İmperatorluğunun əl-ayağına ermənilər dolaşırdı, Osmanlı ordusunun manevr yolları, teleqraf xətləri ermənilər tərəfindən tutulur, jandarm və əsgərlər, mülki əhali öldürülürdü. Özü də bu sistemli şəkil almışdı. Dövlət tədbirlər görməli idi və bu məsələlər üst təbəqə səviyyəsində çox ciddi şəkildə müzakirə edilməyə başlamışdı. Bu barədə tez-tez “Təkvimi-vəkai” qəzetində yazılar dərc olunurdu (99). Van və ətrafındakı kəndlərdə ermənilərin törətdikləri vəhşiliklər dözüləsi deyildi. Van vilayəti ermənilərin və onların dəstəkçisi olan məlum dövlətlərin ən çox önəm verdikləri yer idi. Buranı gələcəkdə qurulacaq erməni dövlətinin mərkəzi kimi görürdülər. Burada uzun illər missioner fəaliyyətləri göstərilmiş, təbliğat və təşviqat işi aparılmışdı. İndi də Avropa ölkələrinə lazım idi ki, “Vanda ermənilər öldürülür, onların heç bir hüququ yoxdur və onların Osmanlı dövlətinə qarşı qaldırdıqları üsyanlar öz haqları tələb etmələridir”. Erməni millətçi təşkilatları və onların Avropadakı havadarları qələmə verməyə çalışırdılar ki, burada əhalinin çoxluğunu da ermənilər təşkil edir. Halbuki Osmanlı statistikasına görə 1914-cü ildə Vanda yaşayan əhalinin 166. 609 türk, 66.834-ü erməni idi. Vanın qəzalarının da heç birində ermənilər çoxluq təşkil etmirdilər. Onu da xüsusi olaraq qeyd etmək lazımdır ki, o zaman Osmanlı Statistika İdarəsinin rəhbəri milliyyətcə erməni idi. Osmanlının rəsmi statistikasını digər mənbələr də cüzi dəyişiklərlə təsdiq etmişdilər.
Ermənilər üsyan və hücumlar yolu ilə Vanda yaşayan müsəlman əhalini buradan qovub çıxarmaq, Vanda qurmaq istədikləri dövlətin paytaxtı eləmək istəyirdilər. Ermənilər öz mətbuat orqanlarında bu dövlətin “Avropa kontrolunda bağımsız bir erməni dövləti” olacağına yerli həmmillətlərini inandırmışdılar. Ona görə də fevral 1915-ci ildə Timar nahiyəsində ermənilər hökumət məmurlarına hücum etdilər. 1000-dən çox üsyançı əldə silah dövlətə tabe olmaqdan imtina etdi və ətraf kəndlərdə qırğınlara başladılar. Van şəhərində gənclər orduya getdiyindən şəhərdə qocalar, yaşlılar qalmışdı, İranda olan türk ordusunun ərzağı bitdiyindən oraya 12–13 yaşlı 120 nəfər uşaqların ərzaq aparması qərarına gəlinmişdi. Könüllü olaraq 120 uşaq yanlarında bir neçə jandarm ilə birlikdə bellərinə ərzağı götürərək yola çıxmışdılar. Ermənilər uşaqların bu cəsarətinin qarşısını almaq üçün yolları kəssə də, uşaqlar ərzağı əsgərlərə çatdırmışdılar. Onlar geri dönərkən güclü qar yağmış, çovğun olmuşdu. Həmin uşaqlardan yalnız 40-ı qurtarıla bilmişdi, qalanlarının donmuş cəsədləri tapılmışdı. Xəstəxanalar İran cəbhəsindən gətirilən yaralılarla dolu idi. Bu yaralıları türk həkimlərlə yanaşı erməni doktor Maltzyan da müalicə edirdi. Don vurmuş uşaqlardan bir çoxu doktor Maltzyan tərəfindən xilas edilməsi erməniləri narazı salmışdı. Xalqın bu üzücü hadisələrdən sarsıntıları bitməmiş ermənilər yenidən ayağa qalxmışdılar. Aprelin 10-da doktor Maltzyan ermənilər tərəfindən asılmış və sinəsinə bu sözlər yazılmış plakat qoyulmuşdu: “Düşmənlərimizə xidmət edənlərin aqibəti budur”. Bu fakt göstərir ki, ermənilər onlara tabe olmayan həmmillətlərinə də divan tutmaqdan çəkinməmişlər. Van valisi Cevdət bəyin əmri ilə vəhşicəsinə öldürülmüş erməni doktor şərəf və xidmətinə uyğun olaraq ləyaqətlə dəfn edildi. Bu hadisə ilə əlaqədar “Təkvimi-vəkai” yazmışdı: “Doktor heç kəsin düşmanı deyildi, o insanlığa qarşı gələnlərin düşməni idi”.
Aprelin 7-də Vanı mühasirəyə alan ermənilər Qala içəsrisində olan əsgər və xalqa yardımların qarşısını kəsdilər. 10 mindən artıq erməni silahlı quldur dəstəsi artıq “xəyallarını gerçəkləşdirməyə” yaxın olduqlarını bildirirdilər. Qaladakı az miqdarda türk əsgəri və mülki əhali may ayının sonuna qədər duruş gətirə bildilər, şəhər təslim oldu. Həm mühasirə zamanı, həm də ondan sonra burada minlərlə türk-müsəlman vəhşicəsinə öldürüldü. Şəhərdəki bütün məscidlər yandırıldı, orada bir nəfər də olsun türk qalmadı. Ermənilər əllərinə düşən hər kəsi – qadın, qoca, uşaq demədən kəsir, işgəncələrlə öldürürdülər. Öncə ermənilərin, sonra isə rusların işğal etdiyi Vanda əsl soyqırım həyata keçirildi. Van mərkəz, Səlimbəy məhəlləsi, Erciş, Kışla məhəlləsi, Zeve kəndi, Baxçasaray kəndi, Çaldıran, Ataköy və başqa yerlərdə işgəncə ilə öldürülən türklər toplu olaraq da basdırılırdı. Bu vəhşətlər rus zabitləri tərəfindən də təsdiq edilmişdir.
Qafar Çaxmaqlı
“KarabakhİNFO.com”