– Cənab Səfir, hazırda Azərbaycan-Kanada arasında olan siyasi-iqtisadi əlaqələri necə dəyərləndirirsiniz?
– Ümumilikdə, Azərbaycan ilə Kanada arasında mövcud olan ikitərəfli əlaqələri inkişafda olan dostluq əlaqələri kimi xarakterizə etmək olar. Lakin siyasi sahəni dəyərləndirərək qeyd olunmalıdır ki, Kanada Cənubi Qafqaz bölgəsində cərəyan edən geosiyasi proseslərə kifayət dərəcədə maraq göstərmir və bununla da qeyd olunan regionda fəal “oyunçu” rolunu oynamır.
İkitərəfli iqtisadi-ticarət əlaqələrinə gəldikdə, bildirmək istərdim ki, son neçə il ərzində qarşılıqlı ticarət dövriyyəsinin həcminin əvvəlki illər ilə müqayisədə artdığı müşahidə olunur. Rəsmi statistik göstəricilərə əsasən, 2013-cü ildə Azərbaycanın Kanada ilə xarici ticarət dövriyyəsinin həcmi 497 mln. Kanada dolları təşkil etmişdir. Lakin ötən il ərzində son illərdə olduğu kimi, qarşılıqlı ticarətin əsas hissəsini Azərbaycandan Kanadaya neft və neft məhsullarının ixracı təşkil etmişdir. Səfirlik öz tərəfindən çalışır ki, ticarət əlaqələri eyni zamanda qeyri-neft sektorunda inkişaf etsin.
– Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində Azərbaycanın göstərdiyi səylər Kanadadan necə görünür? Kanadanın rəsmi dairələri tərəfindən bu səylər necə qəbul olunur?
– Ermənistan-Azərbaycan münaqişəsi haqqında həqiqətlərin, o cümlədən münaqişəyə dair Azərbaycanın ədalətli mövqeyinin Kanada ictimaiyyətinə çatdırılması Səfirliyin əsas fəaliyyət istiqamətlərindən birini təşkil edir. Ümumiyyətlə, Səfirlik 2004-cü ildə Kanadada fəaliyyətə başlayandan bəri bu məsələyə xüsusi diqqət yetirir. Kanada hökuməti və parlamentinin nümayəndələri ilə keçirilən bütün görüşlər zamanı qarşı tərəfin diqqətinə Azərbaycan haqqında dolğun məlumatlar verilir. Bununla yanaşı, Kanadanın elmi dairələri ilə sıx təmaslar həyata keçirilir, həmin təmaslar vasitəsilə Kanadanın akademik çevrələrində ölkəmiz haqqında obyektiv və qərəzsiz rəyin formalaşdırılmasına səy göstərilir.
Qeyd olunmalıdır ki, Kanada Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyir və işğal olunmuş ərazilərdə qanunsuz olaraq fəaliyyət göstərən separatçı rejimi müstəqil qurum kimi tanımır, eləcə də münaqişə üzrə ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqların davam etdirilməsi və münaqişənin sülh yolu ilə nizamlanmasının tərəfdarıdır.
– Həqiqətənmi erməni diasporu güclüdür? Onun gücü nədədir? Kanadada ermənilərin cəmiyyətdə mövqeyi necədir?
– Kanadadakı erməni diasporu yaxşı təşkilatlanmışdır. Çoxsaylı dərnəkləri, cəmiyyətləri, lobbi qrupları, xeyriyyə cəmiyyətləri, kilsələri fəaliyyət göstərir. Lakin mən “erməni lobbisinin təsiri” məsələsini şişirdilmiş hesab edirəm. Mənim fikrimcə, Kanada siyasətçiləri və ümumilikdə ictimaiyyəti arasında daha tədbirli və ehtiyatlı yanaşma üstünlük təşkil edir. Burada söhbət təkcə bizim regionun problemlərinə yanaşmadan deyil, ümumilikdə etnik lobbilərin Kanada xarici siyasətinə müdaxiləsi və beləcə ölkənin siyasi nüfuzu və iqtisadi maraqlarına xələl gətirməsindən gedir.
Əlbəttə ki, seçkilərdə etnik səsləri qazanmağa çalışaraq, etnik icmalardakı radikal qrupları razı salmağa davam edəcək bəzi siyasətçilər həmişə olacaqdır. Lakin hətta bu etnik səslərin sayı və yekun nəticəyə təsir səviyyəsi də sual altında olan bir məsələdir. Bununla bağlı, Azərbaycan icmasının bir üzvünün Azərbaycan elektron mətbuatında dərc edilmiş araşdırmasına toxunmaq istərdim: həmin araşdırmada 2008 və 2011-ci illərdə keçirilmiş son iki federal seçkilərdən götürülmüş faktlarla sübut olunur ki, erməni icmasının səsləri seçkilərin yekun nəticələrini dəyişə bilməmişdir. Erməni lobbi təşkilatları öz icma üzvlərinin maliyyə vəsaitlərini güdərək “çoxlu sayda uğurlar” barədə xəbərlər yaysalar da, bu belə deyildir. Erməni diasporu Ermənistanın yoxsulluq və demoqrafiya problemləri barədə fikirləşib, bu sahəyə pul ayırsaydı daha yaxşı iş görmüş olardı.
– Azərbaycan diasporunun fəaliyyətini necə qiymətləndirirsiniz? Diasporamızın Səfirliklə əlaqələri varmı?
– Müxtəlif məlumatlara görə, hazırda 3-5 minə yaxın soydaşımız Kanadada daimi yaşayır. Bundan əlavə, digər ölkələrdən, xüsusən İran və Rusiyadan gələn 50 minə yaxın azərbaycanlı Kanadada yaşayır. Soydaşlarımızın əksəriyyəti Toronto, Monreal, Vankuver, Kalqari kimi iri şəhərlərdə məskunlaşmışlar. Azərbaycandan xeyli uzaq məsafədə yaşamaqlarına baxmayaraq, həmvətənlərimiz Azərbaycan ilə əlaqələrini qoruyub saxlamaqdadırlar. Onlar Azərbaycanın mədəniyyəti, tarixi, incəsənətinin Kanadada təbliğ edilməsi istiqamətində öz səylərini əsirgəmirlər. Bu məqsədlə həmin şəhərlərdə soydaşlarımız tərəfindən yaradılmış 20-yə yaxın diaspor təşkilatları fəaliyyət göstərir.
Son illər ərzində Kanadada yaşayan Azərbaycan icmasının fəaliyyətində fəallıq müşahidə olunur. Belə ki, 2011-ci il ərzində Ottavada yaşayan soydaşlarımızın təşəbbüsü ilə “Qarabağ” Azərbaycan dili həftəsonu məktəbi açılmış, Vankuver şəhərində isə Azərbaycan mədəniyyət mərkəzi fəaliyyətə başlamışdır. Torontoda gənclər və tələbələr fəal iş aparırlar. Kalqari və Monreal şəhərlərində müvafiq tədbirlər görülməkdədir. Ümumilikdə, Azərbaycan icmasının üzvləri dövlət bayramları və xatirə günləri ilə əlaqədar səfirlik tərəfindən təşkil edilmiş tədbirlərdə yaxından iştirak edirlər.
Səfirlik Kanadada yaşayan Azərbaycan icması ilə əlaqələrə xüsusi önəm verir. Son illər ərzində diaspor təşkilatları arasında əlaqələndirmə mexanizminin yaradılması, Kanadadakı soydaşlarımızın təşkilatlanması sahəsində müəyyən nailiyyətlər əldə edilmişdir. Azərbaycan icmasının həyata keçirdiyi birgə işin nəticəsində ötən illər ərzində Xocalı soyqırımı, 31 mart azərbaycanlıların soyqırımı günlərinin qeyd olunması ilə bağlı bir sıra yürüş və mitinqlər həyata keçirilmiş və digər anım mərasimləri təşkil edilmişdir.
Qeyd olunmalıdır ki, diaspor təşkilatlarının birgə fəaliyyətində bu ölkədə yaşayan azərbaycanlı gənclər müstəsna rol oynayır. Bununla bağlı diaspor işinin təşkilində gənclərin müvəffəqiyyətlə fəaliyyət aparacağına ümidlə və əminliklə baxırıq.
– Neçə illərdir ki, Xocalı soyqırımının dünyada tanınması istiqamətində böyük işlər görülür. Bilirik ki, rəhbərlik etdiyiniz qurum bu yöndə yetərincə tədbirlər keçirib. Kanadada Xocalı hadisələrinin mahiyyəti, ümumiyyətlə, Qarabağ problemi barədə yerli əhalinin məlumatı varmı?
– Yuxarıda qeyd etdiyim kimi, Azərbaycan həqiqətlərinin Kanada ictimaiyyətinə çatdırılması, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsi haqqında məlumatların və münaqişəyə dair Azərbaycanın ədalətli mövqeyinin çatdırılması səfirliyin əsas fəaliyyət istiqamətlərindəndir.
Ötən illər ərzində Səfirliyin Kanada parlamentinin üzvləri ilə apardığı işin nəticəsi olaraq , Kanada parlamentində Xocalı soyqırımı ilə bağlı bəyanatlar səsləndirilmişdir. Kanada mətbuatında müntəzəm olaraq ölkəmizin münaqişə ilə bağlı haqlı mövqeyinə dair məqalələr dərc olunur.
2014-cü ildə Kanada Xocalı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi baxımından əlamətdar il olmuşdur. Belə ki, Torontonun mərkəzi parklarından biri olan “Harbour Square Park”da Xocalı soyqırımı qurbanlarının xatirəsinə ağac əkilmişdir. Həmin ağacın qarşısında bərkidilmiş xatirə lövhəsində “Xocalı faciəsinin xatirəsinə” sözləri həkk edilmişdir. Bundan başqa, Xocalı həqiqətlərinin Kanadada yayılması baxımından digər mühüm nailiyyət 2012-ci ilin fevralında Kalqari şəhərinin meri tərəfindən imzalanmış Xocalı soyqırımının tanınmasına dair məktubdur.
Bundan əlavə, Xocalı soyqırımının ildönümü günlərində Kanadada yaşayan azərbaycanlıların və burada oxuyan tələbələrimizin Kanada parlamenti qarşısındakı yürüşləri ənənə xarakteri almışdır. Bütün bu işlər Kanada siyasətçiləri və ictimaiyyətinin Xocalı soyqırımı barədə məlumatlandırılmasında müstəsna rol oynayır və bu istiqamətdə Səfirlik və Azərbaycan diasporunun birgə fəaliyyəti həlledici əhəmiyyətə malikdir.
Digər tərəfdən, Ermənistan-Azərbaycan münaqişəsi və Xocalı soyqırımı barədə həqiqətlərin Kanadada yayılması üçün Səfirlik tərəfindən müxtəlif elmi konfranslar da təşkil edilməkdədir. Məsələn, sonuncu belə tədbir 2014-cü ilin yanvarında Karlton Universitetində Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr edilmiş konfrans olmuşdur. Həmin bu konfrans zamanı İsveçrəli jurnalist Andre Vidmerin “Unudulmuş münaqişə: Dağlıq Qarabağ müharibəsindən 20 il sonra” adlı kitabının təqdimatı da keçirilmişdir.
Bundan başqa, Ottava universitetində keçirilmiş Azərbaycanın işğal olunmuş ərazilərində dağıdılmış abidələr ilə əlaqədar foto-sərgini, həmçinin amerikalı məşhur jurnalist və professor Tomas Goltzun Ottavada münaqişə haqqında təqdimatını qeyd etmək olar.
Eyni zamanda kanadalı jurnalist Skot Teylorun Ottavada “Barışmaz fərqliliklər: Türkiyə, Ermənistan və Azərbaycan” adlı kitabının təqdimat mərasimini də qeyd etmək lazımdır. Sözügedən kitabda Ermənistan-Azərbaycan münaqişəsinə dair obyektiv məlumatlar və ermənilərin işğalçı siyasətini ifşa edən məqamlar yer almışdır.
“KarabakhİNFO.com”