Azərbaycanca

“Faktlar yüzlərlə erməni terroru nümunəsini ortaya qoymağa imkan verir” – EKSKLUZİV

14.02.2013 | 15:25

1360841031_fazil-mustafa-10Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafanın “KarabakhİNFO.com”a eksklüziv müsahibəsini təqdim edirik. 

– Fazil müəllim, Siz ölkəmizi Avronest Parlament Assambleyasında təmsil edən nümayəndə heyətində də fəaliyyət göstərirsiniz. Avronest PA Dağlıq Qarabağ münaqişəsini nə dərəcədə diqqət mərkəzində saxlayır?

 

– Bildiyiniz kimi, Avronest Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərən bir qurumdur və burada prioritet olaraq Avropa İttifaqının mövqeləri əsas götürülür.  Bu mövqelər də Avropa İttifaqının qəbul etdiyi müvafiq qətnamələrdə öz əksini tapıb və burada Azərbaycanın ərazi bütövlüyü müdafiə olunur. Təcavüzkar Ermənistana qarşı əməli sanksiyalar olmadığına görə təbii ki, bu mövqeyi prinsipial hesab etmək doğru olmaz. Ancaq Azərbaycanın Avronest təşkilatında nümayəndə heyəti bu mövqenin sabit prinsipə çevrilməsinə çalışır. Bu istiqamətdə nümayəndə heyətinin rəhbəri , millət vəkili Elxan Süleymanovun təşəbbüsü ilə məsələlərin Finlandiya, Belçika, İspaniya, Andorra və İtaliya parlamentlərində müzakirəyə çıxarılması faktı çalışmaların necə intensiv aparıldığını bir daha təsdiqləyir.

 

– Bu yaxınlarda Polşaya səfər edən Azərbaycan nümayəndə heyətinin tərkibində siz də var idiniz. Maraqlıdır,  Polşa rəsmiləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansı mövqe nümayiş etdirirdilər?  

 

– Rəsmi Polşanın mövqeyində beynəlxalq hüququn prinsiplərindən başqa bir mövqe indiyədək müşahidə olunmayıb. Səfər zamanı bir daha bunun təsdiqini gördük. Polşa bizi ən çox anlayan dövlətlərdən biridir. Sovet rejiminin hər cür dəhşətini bizlər kimi yaşadıqlarından, Azərbaycan və Gürcüstan kimi dövlətlərə prinsipial olaraq dəstək verirlər. Polşa rəsmi olaraq Dağlıq Qarabağ məsələsində birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduğunu bildirib və bu mövqeyi də dəyişməz olaraq qalır.

 

– Son günlərin əsas mövzusu Əkrəm Əylislinin məlum əsəri ilə bağlıdır. Sizcə, bu əsər Azərbaycan həqiqətlərinin təbliği işinə  kimi zərbə vurdu?

 

– Təbii ki, Əkrəm Əylisli məqsədyönlü şəkildə saxta erməni tezislərini təsdiq edən mövqeni bədii mətnə gətirməklə Azərbaycanın milli maraqlarına böyük zərbə vurub. Ancaq bir detalı unutmamalıyıq ki, bu, bədii təxəyyüldən o tərəfə getməyən bir hadisədir. Faktlar isə yüzlərlə erməni terroru nümunəsini ortaya qoymağa imkan verir. Ona görə də biz öz mövqelərimizin isbatı üçün faktlara söykənən təbliğat kursumuzu davam etdirməli, dünya insanın gözündə faktlara dayanan erməni terroru mövzusunu təkrar-təkrar canlandırmalıyıq.

 

– Qarşıdan Xocalı soyqırımının nöbvəti ildönümü gəlir. Bu ərəfədə də ermənilər Xocalı aeroportunun açılması məsələsini gündəmə gətiriblər. Bu aeroportun açılması Dağlıq Qarbağ münaqişəsinin həllinə hansı təsir göstərəcək?

 

– Bu aeroportun açılması bir daha beynəlxalq təşkilatların problemə prinsipsiz yanaşmasının bir göstəricisi sayıla bilər. İşğal olunmuş ərazidə belə arxayınca hava limanı açmaq ancaq verilən gizli dəstəyin nəticəsində ola bilər. Azərbaycan tərəfi bu məsələdə öz mövqeyini israrla dilə gətirməli və bu aeroportun açılmasını əngəlləməyə çalışmalıdır. Xocalı soyqırımının tanıdılması və rəsmi olaraq tanınması baxımından fəaliyyətimizi daha da gücləndirməliyik. Bu proses bir gündə nəticə gətirəcək qədər asan deyil, ancaq ardıcıllıq və məqsədyönlülük olmayanda bir yerdə də uğursuzluq da yarada bilər. Ona görə də il boyu tədbirləri və müraciətləri səngitmək olmaz. Bütün hallarda Dağlıq Qarabağ məsələsinin həlli əlverişli tarixi şəraitdə hərbi yolla həllini tapmalıdır. Başqa alternativlər hələ ki, görünməməkdədir.

 

– Son illər bir neçə ölkənin parlamenti artıq Xocalı faciəsini tanıyıb. Amma belə bir zamanda bizim təbii müttəfiqimiz olan Türkiyə Parlamenti hələ də bu faciəni tanımayıb. Sizcə, Türkiyəni hansı səbəblərdən bu addımı atmır?

 

– Burada tanımaq məsələsi mütləq mənada fərdi rəsmiləşdirmə formasında ola bilər. Türkiyə Parlamenti də bunu müzakirəyə çıxarmış və soyqırım olaraq qəbul edən bəyanat vermişdir. Əsas olan müzakirəyə çıxarılıb irad bildirilməsidir. Çünki, bu qərarlar bütün hallarda hüquqi deyil, siyasi xarakterli olduğundan onun mahiyyəti üzərində durmaq bizə yetərli sayıla bilər.

 

– Bir millət vəkili kimi türkiyəli həmkarlarınızla fərdi olaraq bu məsələylə bağlı fikir mübadiləsi aparıbsınızmı? Əgər belə fikir mübadiləsi olubsa, onlar fərdi olaraq hansı  mövqe bildiriblər?

 

– Bu mövzu dəfələrlə müzakirə olunub və bizim aramızda fikir ayrılığı yoxdur. Hansı formada dəstək verilməsi lazım gəlirsə, o cür də addım atmağa hazırdılar. Bizim üçün birinci hədəf məsələnin daha çox başqa ölkələrin gündəminə gətirilməsidir. Xatırlayırsınızsa, Xocalının 20 illiyi  İstanbulda necə böyük yürüşlə həyata keçirildi və mətbuatda qeyd olundu. Daxili işlər naziri mitinqə qatıldı. Bundan o tərəfə hansı dəstək olmasını istəyirik, açığı söyləməkdə çətinlik çəkirəm. Bütün hallarda çalışmaları davam etdirib, mövzunu hər zaman Türkiyənin də gündəmində saxlamağa çalışmalıyıq.

 

 

Fuad Hüseynzadə

KarbakhİNFO.com

 

14.02.2013 15:25

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*