Azərbaycanca

Firəngiz Mütəllimova: “Şuşa bizsiz nəfəs ala bilmir”

08.05.2014 | 07:52

1399532983_10345110_1486317161582656_1111802970_nArtıq 22 ildir ki, mənfur düşmənimiz olan ermənilər Azərbaycanın dilbər guşələrindən sayılan Şuşa şəhərini işğal edib. Şuşalılar xatirələrə dalıb, tarixin o günlərini bir daha yaddaşlarında təzələyirlər. Xalq Artisti – aktrisa Firəngiz Mütəllimova “KarabakhİNFO.com” beynəlxalq e-jurnalına xatirələrini olduqca təsirli sözlərlə bölüşdü:

“Ən çox Şuşanın təmiz havası üçün darıxıram. Ora qar yağanda hər yer qeyri-adi gözəlliyə bürünürdü. İnanın qar yağanda bir başqa gözəlliyə bürünürdü bu şəhər. Yadımdadır, həmişə gözləyirdik ki, qar ərisin. Amma may ayında da bəzi yerlərdə buzlar ərimirdi. Şuşanın hər küçəsini, hər məhəlləsini olduğu kimi xatırlayıram. O vaxtlar uşaq idim, başa düşmürdüm. Elə bilirdim ki, Şuşanı duman bürüyüb. Sən demə buludlar keçirmiş böyrümüzdən. Çoxdandır dolu görmürəm. Şuşada tez-tez dolu yağardı. Uşaq vaxtı o qədər başımızı yarıb ki… Çoxdandır göy qurşağı görmürəm. Güclü yağış yağardı. O yağışdan sonra göyün üzündə göy qurşağı görünərdi. Biz də saatlarla oturub tamaşa edərdik”.

 

Şuşa bayramları…

 

F.Mütəllimovanın sözlərinə görə, Şuşada keçirilən bayram mərasimlərinin ayrı ləzzəti var idi. Şuşada axırıncı çərşənbəyə daha həvəslə hazırlaşırdılar: “Yadıma gəlir, onuncu sinifdə oxuyanda qardaşımın şalvarını geyinib, kömürlə özümə bığ çəkib rəfiqələrimlə getmişdim torba atmağa. Burada papaq atırlar, amma Şuşada Novruz bayramı üçün məxsusi hazırlanmış torbalar var idi, qapılara onu atardıq. O torbaların içinə nələr qoymurdular… Heç kimə vermirdim. Yadıma gəlir ki, həmin Novruz bayramı yaxşıca döyülmüşdüm”.

 

Şuşa mətbəxi…

 

Aktrisa onu da əlavə etdi ki, şuşalılar özlərinə məxsus mətbəxi ilə seçilirlər: “Hansı evdə hind toyuğu kəsilirdisə, mütləq birinci onu qarın altında basdırıb, sonra bişirirdik. Bişirilən xörəyə bu başqa ləzzət qatırdı. Şuşalılar süfrəyə özünəməxsus dadı olan şorabalar qoyardılar. Bakıda tutma deyirlər, amma biz şoraba deyirik. Hansı şuşalının evinə getsəydin mütləq qırmızı, ya da çəhrayıya çalan kələm şorabası görərdin. Şuşalıların bişirdiyi şüyüdlü aşın, kələm dolmasının özünəməxsus dadı var. Həmişə deyirlər kim dadlı kələm dolması yemək istəyir, şuşalının qonağı olsun. İndinin özündə də Şuşa xörəklərini hazırlayıram. Və qonağım olan hər kəs məndən ancaq bu təamları hazırlamağımı xahiş edir”. Müsahibəmizin sözlərinə görə, Şuşa şuşalılarsız nəfəs ala bilmir. Şuşalılar da Şuşasız qala bilmir. Gün gələcək şuşalı doğma Şuşasına qovuşacaq…

 

Günel Cəlil

“KarabakhİNFO.com” 

08.05.2014 07:52

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*