Azərbaycanca

Fransada erməni lobbisi

14.11.2013 | 11:17

1384413358_fransa-vizesi_2Ermənilərin Fransada sayı barədə olan statistik rəqəmlər müxtəlif məlumat mənbələrinə görə dəyişir. Şərqi Avropa ölkələri ilə həmrəylik Fransa əlaqələndirmə  komitəsinin məlumatlarına əsasən, 350 min nəfərdən ibarət erməni diasporası Fransada sayına görə ən öndə gedəndir. Parisdə yerləşən və əsasən xeyriyyə fəaliyyəti ilə məşğul olan maliyyə təşkilatı Ümumerməni Xeyriyyə İttifaqının (UGAB – Union Générale Arménienne de Bienfaisance) Avropa qərargahının məlumatına görə Fransada 500 min erməni yaşayır. Amerika İnkişaf İnstitutunun (The Education for Development Institute) məlumatına əsasən isə  bu göstərici 250-500 min arasında dəyişir. Fransa ermənilərinin əksəriyyəti Paris və onun ətrafında yaşayır. Bu ərazilərdə XX əsrin 30-cu illərindən başlayaraq  ermənilərin toplu məskunlaşdığı Alfortvil (Alfortville), Mezon-Alfort (Maisons-Alfort), İssi-Lö-Mulino (Issy-les-Moulineaux)  kimi  “adacıqlar” yarandı. Qalan erməni əhalisi isə Fransanın cənub və cənub-şərqi hissəsində,  daha dəqiq olaraq iki əyalətində – Marsel (Marseille) şəhəri və şəhərətrafı ilə birlikdə Provans-Alp-Kot Dazur (Provence-Alpes-Côte d’Azur) və Ron-Alp  (Rhône-Alpes) əyaləti Lion (Lyon), Valens (Valence), Romans-sür-İzer (Romans-sur-Isère), Vilörban (Villeurbanne) kimi şəhərlərdə səpələnmişdir. Fransanın başlıca ölkə olaraq seçilməsi tarixi-dini maraqlar baxımından şərtləndirilmişdir. Daha dəqiq olaraq isə məhz fransızlar tərəfindən xaç yürüşləri zamanı Şərqdə yaşayan xristian erməni əhalisi dəstəklənmişdir ki, bunun da nəticəsində 1070-1375-ci illərdə Kilikiya krallığı yaranmışdır. Bu krallıq  az sonra məmlüklər tərəfindən süquta uğradılmışdır (sonuncu erməni kralı Luzinyanlar dinastiyasından olan V Leo öz divanı ilə birlikdə Fransaya mühacir edərək 1393-cü ildə burada da vəfat etmişdir. Onun şərəfinə olan kenotaf (simvolik qəbir daşı)  Parisin şimalında yerləşən Müqəddəs Deni kilsəsindəki fransız krallarının türbəsində saxlanılır). Beləliklə də, XIX əsrin ikinci yarısında Osmanlı imperiyasında ermənilərin müstəqil dövlət yaratmaq istiqamətində apardığı fəaliyyəti bu güclü imperiyanın zəifləyərək parçalanmasında maraqlı olan fransız siyasi elitası tərəfindən böyük maraqla qarşılandı ( Ermənilərin ərazi iddilarına dəstək olaraq “Pro Armenia” hərəkatını yaratmış Jorj Klemanso, Anatol Frans, Jan Jores, Fransis de Presanye, Pyer Kiyar, Jan Lonqe və bu kimi tanınmış şəxslərin adını çəkmək buna sübutdur).

 

1914–ci ilədək Fransada yaşayan ermənilərin sayı 4 minə çatırdı. 1925-1938-ci illər arasında erməni miqrantlarının Fransaya axını güclənərək 63 minə çatdı. 1946-1947-ci  illərdə soyuq müharibə və Stalinin Türkiyəyə qarşı ərazi iddiaları kontekstində 100 min nəfər erməni bütün dünyadan (7 min fransa diasporasının payına düşürdü) SSRİ-yə axışdılar. Sonra isə müəyyən bir hissəsi sovet rejiminin fəaliyyətindən məyus olaraq 50-ci illərin ikinci yarısında Fransaya geri döndü. Bu mühacirət proseslərinin nəticəsi olaraq Fransanın erməni diasporasında parçalanma baş verdi ki, müasir mərhələdə belə sovet (Hnçak partiyası) və qərb tərəfdarlarının (Daşnaksütyun partiyası) strateji istiqaməti çərçivəsində öz aktuallığını saxlayır.

 

Müharibədən sonrakı 40 il ərzindəki mühacir axınları Fransada erməni diasporasını daha da genişləndirdi: Fələstin və Şərqi Avropadan gələn ermənilərin (40-60-cı illər ) ardınca beynəlxalq münaqişələrin yeni ocaqlarından köçkünlər gəldi. Daha dəqiq olaraq Yaxın və Orta Şərqdə, Livanda baş verən vətəndaş müharibəsi (1975-1990-ci illər), İranda İslam İnqilabı  (1978-1979-cu illər), həmçinin Türkiyədə hərbi çevrilişdən sonrakı dövr (12.09.1980-ci il).

 

1988-ci ildə baş verən zəlzələ Sovet Ermənistanın zəifləməsinə gətirib çıxardı ki,  bu da  iqtisadi əsasda emiqrasiyanın yaranmasına səbəb oldu. SSRİ dağılması ilə baş verən qəfil dəyişikliklər,Yaxın və  Orta Şərqi-Fələstin, Suriya, Livan, İraqı bürüyən qeyri-stabillik dövrü iqtisadi böhranla birgə Şimali Amerika və Avropa istiqamətlərində yeni mühacir axınlarının formalaşmasına səbəb oldu. Beləliklə də, 90 il ərzində Fransadakı erməni diasporası müxtəlif coğrafi zonalardan gələn mühacirlərin hesabına formalaşmışdı ki, bu da öz növbəsində müxtəlifnövlü erməni icmasının yaradılmasına səbəb olmuşdur.  Anayid Ter Minasyan kimi bir sıra erməni mənşəli fransız tədqiqatçıları erməni diasporasını dörd kateqoriyaya ayırır:

 

1)      Fransa mühitinə qaynayıb qarışmış və inteqrasiya etmiş;

 

2)      Livan, Suriya, Əlcəzair və İranda ermənidilli və mənəvi milli irsi qoruyub saxlamış fransız diasporasının mədəni-maarifləndirici fəaliyyətində yaxından iştirak edən;

 

3)      Qabarıq dini və konservativ ənənələrə malik Antalyadan köçüb gəlmiş kənd və işçi təbəqəsi;

 

4)      Keçmiş sovet məkanından köçüb gəlmiş ermənilər.

 

Hazırkı mərhələdə Fransa erməni diasporasının rəhbərliyi icmanın bütün səylərinin 1915-ci ildə baş vermiş qondarma “erməni soyqırımı”nın inkar edilməsinə görə cinayət məsuliyyətinə cəlb edilmsinə dair qanun layihəsinin qəbul edilməsi sahəsindəki strategiyanı, iki müstəqil erməni dövlətinin Ermənistan və separatçı “Dağlıq Qarabağ” dövlətlərinin yaradılması ideyasının təbliğinin qanuniləşdirilməsi, o cümlədən sərhədyanı ölkələr Azərbaycan, Türkiyə və Gürcüstana qarşı ərazi iddialarının irəli sürülməsinin həyata keçirilməsi zəruriyyəti qarşısında birləşdirməlidir.

 

Erməni diasporasının Fransada strukturu

 

20-ci illərin əvvəllərində Fransada erməni diasporası  üç ənənəvi siyasi partiyaların fəaliyyətini, o cümlədən də Osmanlı imperiyası ərazisində fəaliyyət göstərən erməni kilsəsinin üç əsas qolunun qreqoryan, katolik və protestant, fəaliyyətini bərpa etməyə nail oldu. Bu andan etibarən, Fransadakı Erməni diasporasının strukturu müəyyən bir inkişaf keçərək, məhz ona xas olan aşağıdakı formaları aldı:

 

Dağlıq Qarabağ (DQ) məsələsində fəaliyyət göstərən və separatçı Dağlıq Qarabağ Respublikasının Parisdəki “nümayəndəliyi ilə” birgə əməkdaşlıq edən Fransanın erməni assosiasiyaları.  Parisdə  1998-ci ilin noyabrında yaradılmış DQ ictimai siyasi informasiya bürosu 2002-ci ilin dekabrında separatçı DQR Fransa “nümayəndəliyinə” çevrilmişdir kionun da məqsədinə CCAF ilə sıx əlaqə quraraq dünya ictimaiyyəti tərəfindən tanınmayan  de-fakto və de-yüre quruluşun müstəqil dövlət olaraq tanıdılması istiqamətində lobbi siyasətinin həyata keçirilməsi daxildir.

 

Fransada erməni təşkilatlarının əlaqələndirmə şurası (Conseil de coordination des organisations Arméniennes de France-CCAF)  2001- ci ildə   yaradılmışdır. Fəaliyyət istiqaməti   qondurma “erməni soyqırımına” dair hər hansısa bir revizionizm elementlərinin təzahürünə qarşı səylərin Fransa ərazisindəki bütün erməni qurumlarının birləşdirilməsidir.

 

Erməni inqilabi federasiyası-Daşnaksütyun (Fédération Révolutionnaire Arménien-Dachnaktsoutioun) 1890-cı ildə Tiflis şəhərində yaradılmışdir. XX əsrin əvvəlində erməni milli hərəkatının ön qüvvəsi olan bu təşkilat 1918-1920-ci illər ərzində müstəqil Ermənistan Respublikasına başçılıq etmişdir.  Müəyyən daxili münaqişələrə baxmayaraq bu təşkilat Fransada ilk  və ən çox təsir dairəsinə malik pan-erməni tipli siyasi təşkilat olaraq qalır.

 

Erməni kilsəsi və onun simasında üç əsas şaxə erməni milli mədəni mənsubiyyətinin qorunub saxlanaraq yayılması, o cümlədən də Ermənistan və Dağlıq Qarabağın iqtisadi maliyyə yönündə lobbi siyasətinin həyata keçirilməsi kontekstində Fransadaki diaspora fəaliyyətində vasitəçi və birləşdirici rola malikdir.

 

 

 

Vüsalə Məmmədzadə

 

“KarabakhİNFO.com”

 

14.11.2013 11:17

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*