Azərbaycanca

“Füzuliyə dəymiş ziyan 10 milyard manatdan çoxdur”

23.08.2014 | 16:18

10609130_623217644458389_681700124_nBoyat elinin bağrıdan qopan dahi Məhəmməd Füzulinin şərəfinə Füzuli rayonu adlanan qədim ellərimizdən biridir bu el. Qədim yaşayış məskəni tarix boyu mədəniyyətimizin, mənəviyyatımızın beşiklərindən olub. Bu müqəddəs ocaqda yüzlərlə dahi, böyük şəxsiyyət, ziyalı yetişib. Təəssüf ki, 21 ildən artıqdır bu isti ocağa mənfur düşmənlərimiz su calayıb, ocağı söndürmək istəyir. Ancaq o ocaq haqdan yandığı üçün onu ürəklərdə, könüllərdə söndürmək mümkün deyil. Füzulinin ürəyi yaralanıb, ikiyə bölünüb. Ürəyinin bir parası düşmən təpikləri altında döyəclənir. O biri hissəsi də, o ağrıdan qovrulur. Füzulililərin dili ilə desək Füzuli alınmaz qala, sındırılmaz qıfıl idi. Lakin düşmən dəyirmanına ovuc-ovuc su tökənlərin köməkliyi ilə bu qala da alındı, qıfıl da sındırıldı.
Füzuli füzulililərin həsrətini çəkir, onların isti nəfəsi üçün darıxır. Elə füzulililər də Füzulinin yaşadığı acını yaşayır. Qəhrəmanımız yuxularında Füzuliyə gedir.
Bir an belə unuda bilmədiyi ata ocağını hər gecə röyalarında görür. Deyirlər ki, adam yatanda ruh bədəni tərk edir və insanın arzuladığı yerlərə gedir. Nə dərəcə də həqiqətdi bilmirəm, belə deyirlər. Kaş həqiqət olaydı. Müsahibim əslən Füzulidən olan tanınmış iqtisadçı alim Vüqar Bayramovdur.

 

 

– Vüqar müəllim, doğulduğnuz kənd yadınızda necə qalıb?
Doğulduğum Aşağı Güzlək kəndi Füzulinin ən ucqar kəndlərindən biridir. Bizim kəndimiz Cəbrayıl və Dağlıq Qarabağa daha yaxın idi. İbtidai sinfi kənddə oxumuşam. O vaxt kənd sakinlərinin sayı təxminən 500 nəfərə yaxın idi. Bütün uşaqlıq xatirələrim Füzuli ilə bağlıdır. Baxmayaraq, yalnız uşaqlıq dövrüm Füzuli rayonunda keçib. Amma Füzulidə yaşadığın hər bir an video lent kimi gözümün önündən keçir. Səmimi olaraq deyim ki, mən yuxularımda tez-tez kəndimizi, oxuduğum məktəbi görürəm. Ailəmin məsləhəti ilə daha yaxşı təhsil almaq üçün Füzuli rayon mərkəzinə gəldim. Rayon mərkəzi kənddən xeyli aralı da idi. Uşaqlıq xatirələri insanlar üçün əziz və şirin olur. Əbəs yerə deyil ki, bizim üçün əziz olan anları yuxularımızda görürük. İllərin keçməsinə baxmayaraq doğulub boya başa çatdığım doğma yurdum mənim üçün çox dəyərlidir. Qarabağ artıq hər bir azərbaycanlı üçün qürür mənbəyidir. Qarabağ hər bir azərbaycanlının həssas yeridir.

 

– Yəqin ki, işğal hadisəsini vahiməli bir yuxu kimi xatırlayırsız?

 

 

10643427_623217434458410_311816614_nMəlumdur ki, Füzulu 1993-cu il avqustun 23-də işğal olunub. Rayon düşmən tərəfindən istila olunduğu zaman orada deyildim, Bakıda ali təhsil alırdım. O gün Füzulidə olmasam da, ağrı-acı dolu anları çox gözəl xatırlayıram. Anam və kiçik qardaşım kənddə qalırdı. Mütamadi olaraq kəndə ailəmi ziyarət etməyə gedirdim. Doğmalarımla Qarabağın son vəziyyətini müzakirə edirdik. Biz Füzulinin nə zamansa işğal olunacağını heç ağlımıza belə gətirmirdik. Tətil zamanı rayona gəldiyim avtobusu ermənilər güllə yağışına tutmuşdular. Təsadüf nəticəsində sağ qaldım. Həmin gün anam və qardaşım məcburiyyət qarşısında kəndi tərk etdilər. Onu da deyim ki, anam qətiyyən kənddən çıxmaq istəmirdi. Təkcə anam deyil, bütün kənd camaatı da doğma yurdu qoyub getmək fikrində deyildi. Baxmayaraq , dəfələrlə kənd camaatına xəbərdalıq olunmuşdur ki, qadın və uşaqları kəndlərdən çıxarın. Amma nə qadın, nə də yaşlı nəslin nümayəndələri doğma torpağı qoyub getmək istəmirdilər. Ermənilər tərəfindən dayanmadan atılan güllərin səsi insanları vahimələndirir. Artıq evlər dağıdılmış və çarəsizlikdən ailəm kənddən çıxmışdı. Onu da deyim ki, ailəm kənddən çıxarkən nə şəkil albomu, nə də bir sənəd götürə biliblər. Çox ağrılı günlər idi.

 

– Bir iqtisadçı olaraq rayon işğal olunan zaman dəyən ziyan barədə nə deyə bilərsiniz?
Füzuli iqtisadi baxımdan Azərbaycanın ən böyük rayonlarından biri idi. Füzulinin ümumi sahəsi 1386 kvadrat metr idi. İşğaldan sonra 20 kənd azad olundu. Rayonun 51 min məcburi köçkünü var. Füzuli aqrar rayon olmasına baxmayaraq orada sənayə müəssisələri də az deyildi. Sənayə müəssisələri o zaman keçmiş SSRİ-nin digər bölgələrinə məhsul göndərə bilirdi. Rayonda olan sənayə müəssisələri və vətəndaşlara malik olan daşınmaz əmlak və kənd təsərrüfat sahələrini də nəzərə alsaq işğal zamanı Füzuliyə dəyən zərərin kifayət qədər böyük olduğunu görərik. Qiymətləndirilməyə əsasən, rayon işğal olunan zaman Füzuliyə 10 milyard manat dəyərində ziyan dəyib. Onu da nəzərə almaq lazımdır ki, artıq 21 ildir ki, Füzuli işğal altındadırsa o zaman dəymiş zərər 10 milyard manatdan qat-qat çoxdur.

 

 

Günel Cəlil
“KarabakhİNFO.com”

23.08.2014 16:18

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*