Azərbaycanca

Gəncədə general Səməd bəy Mehmandarovun yubileyi qeyd edilib

28.10.2015 | 12:32

mehmandarov_281015_01

Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci il 29 sentyabr tarixli Sərəncamına əsasən, görkəmli hərbi xadim, general Səməd bəy Mehmandarovun 160 illik yubileyi ilə bağlı Gəncə şəhərində ilk teatrlaşdırılmış kütləvi tədbir keçirilib.

Trend-in məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyi, Müdafiə Nazirliyi və Gəncə şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Olimpiya İdman Komleksində təşkil olunan yubiley tədbirində Müdafiə Nazirliyinin məsul şəxsləri, general-leytenant Heydər Piriyev, general-mayor Rasim Əliyev, Milli Qəhrəman, general-leytenant Rövşən Əkbərov, Gəncə şəhər Nizami rayon İçra Hakimiyyətinin başçısı Nizami Hacıyev və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Müdafiə Nazirliyinin İdarə rəisinin müavini Abdulla Qurbaninin ssenarisi əsasında hazırlanmış tədbir Müdafiə Nazirliyinin incəsənət xadimlərinin mahnı və rəqsləri ilə başlayıb. Səhnədə quraşdırılmış böyük ekranda general Səməd bəy Mehmandarovun Gəncə səfəri, Cümhuriyyətin hərbi naziri kimi ordu quruculuğundakı xidmətləri haqqında tarixi faktlar kadrlarla nümayiş etdirilib.

Hərbi orkestrin müşayiəti ilə Səməd bəy Mehmandarovun obrazı alqışlarla səhnəyə daxil olub.Yubilyarı səhnədə general Əliağa Şıxlinskinin obrazı və məktəblilər gül-çiçəklə qarşılayıblar. “Əziz gəncəlilər,Gəncəyə gəldim!” şeri ilə general Gəncə şəhərində ad gününün keçirilməsindən şad olduğunu bildirib.

Nizami rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev generalın keçdiyi şərəfli həyat yolundan danışıb, belə tədbirlərin gənclərin vətənpərvərlik tərbiyəsində böyük əhəmiyyət kəsb etdiyini deyib.

Teatrlaşdırılmış kütləvi tədbirdə düşmən helikopterini məhv edən əsgər İlkin Muradov iştirakçıların alqışları ilə əfsanəvi general Səməd bəy Mehmandarov ilə görüşüb, Gəncə Dövlət Dram Teatrının aktyorları yubilyarı təbrik edib,Milli Ordunun əsgərləri döyüş hazırlıqlarını nümayiş etdirib, Azərbaycan mədəniyyət və incəsənət ustaları biri-birindən maraqlı rəqs və musiqi nömrələri ifa ediblər.

Sonda Milli Qəhrəman, general-leytenant Rövşən Əkbərov tədbir iştirakçıları qarşısında çıxış edərək bildirib ki, Ali Baş Komandanın bu sərəncamı tariximizə dərin hörmətin ifadəsidir.Bu, şərəfli döyüş yolu keçən generallarımızın xatirəsinin əbədiləşdirilməsi, yaddaşımıza birdəfəlik həkk olunmasıdır. Bu gün də bizim mərd,cəsur və qeyrətli zabitlərimiz var. Ali Baş Komandan əmr edərsə,onlar ərazi bütövlüyümüzün düşmən işğalından azad olunması uğrunda döyüşə hazırdırlar və qələbə çalmağa qadirdirlər.

Trend.az

28.10.2015 12:32

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*