Azərbaycanca

Gənc alimlərin Qarabağ mövzusuna maraq göstərməsi nə səviyyədədir?

27.11.2013 | 12:27

1385540480_cebi-bAzərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini,professor Cəbi Bəhramovun “KarabakhİNFO.com” elektron jurnalına müsahibəsi:

– Azərbaycanda Qarabağ mövzusu hansı səviyyədə araşdırılır?

 

– Birincisi, onu qeyd edim ki, 80 ilə yaxındır ki, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu fəaliyyət göstərir. Fəaliyyətə başladığı dövrdən, xüsusilə də, 1945-ci ildən bu günə qədər Qarabağ tarixi bütün genişliyi ilə, bütün problemləri daxil olmaqla tədqiq olunur. Bu məsələlər istər institutda nəşr olunan ümumiləşdirilmiş çoxcildlik Azərbaycan tarixində və istərsə də, ayrı-ayrı tədqiqatçıların, müəlliflərin əsərlərində tədqiq olunur. Hələ 1945-ci ilin noyabrında ermənilər Azərbaycana qarşı ərazi iddiaları qaldırarkən Tarix İnstitutunun o zamanki əməkdaşları Tarix İnstitutunun ilk aspirantlarından biri olan İqrar Həbib oğlu Əliyev, o zaman Tarix İnstitutunun rəhbəri, direktoru olan tarix elmləri doktoru, professor Əbdülkərim Əlizadə, Məmməd Şərifli, Qəzənfər Mehdiyev, İşaq Cəfərzadə və bir çoxları Mircəfər Bağırov tərəfindən dəvət olunur və Qarabağın tarixinə dair elmi arayışın hazırlanması məsələsi ortaya qoyulur. Bu işi Azərbaycan tarixçiləri çox müvəffəqiyyətlə yerinə yetirirlər və həmin elmi arayış əsasında Mircəfər Bağırov o zaman SSRİ Nazirlər Sovetinin sədri vəzifəsini icra edən Molotova Məktub yazır. Mircəfər Bağırovun adından yazılan məktubda Qarabağın Azərbaycan torpağı olması, Azərbaycan xalqına məxsus olması fikri öz elmi əsasını tapır. Sonradan məktubla tanış olan SSRİ rəhbəri Stalin onun üzərindən qırmızı qələmlə belə bir ifadə yazır:

 

“Bu məsələyə bir daha qayıdılmasın. Bu sübut olunmuş bir məsələdir. Və bu məktub köhnə bolşeviklərin arxivinə təhvil verilsin”.

 

Təbii ki, ermənilərin Azərbaycana qarşı ərazi iddialarının tarixi kökünə baxanda, görürük ki, bu, Rusiyanın Qafqaz siyasətilə bağlı olan bir məsələdir. Bu siyasətin Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərin ümumi nəticəsidir. 1804-1813-cü illər birinci Rusiya-İran müharibəsi, 1826-1828-ci illər ikinci Rusiya-İran müharibəsi və müharibələrin başa çatmasından sonra 1813-cü ildə imzalanan Gülüstan müqaviləsi, 1828-ci ildə imzalanan Türkmənçay müqaviləsinin müvafiq maddələrinə əsasən İranın və Osmanlı imperiyasının ərazilərində yaşayan ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi, bu köçürmə siyasəti nəticəsində Azərbaycanın şimal ərazilərinin əhalisinin sayında baş verən dəyişikliklər və, nəhayət, bu torpaqlara, təxminən, 125 min nəfər ermənilərin köçürülməsi faktı, ilk növbədə, Rus müəlliflərinin, o zaman bu köçürmə işi ilə məşğul olan məmurlarının yazdıqları hesabatlarda, dövlət tərəfindən tərtib olunan sənədlərdə, bilavasitə, öz əksini tapıb. Bunlara misal kimi Beliçkanın, Qriboyedovun, sonradan, 20-ci əsrin əvvəllərində bu haqda yazan Şamrovun adını çəkmək olar. Bu haqda yazanlar çoxdur. Yəni, bu məsələ öz tarixi aydınlığını tapıb və bunu sübut etməyə də ehtiyac yoxdur.

 

Bundan sonra istər Çar Rusiyasının hakim dairələrinin, istər Sovet Rusiyasının hakim dairələrinin və istərsə də indiki Rusiya Federasiyasının hakim dairələrinin Azərbaycan məsələsinə, erməni məsələsinə dair yeritdiyi siyasət mahiyyət etibarilə ümumiyyətlə dəyişməyib. Yəni, onlar açıq şəkildə etiraf elədilər ki, vaxtilə Pyort tərəfindən əsası qoyulan bu siyasət indi də yeridilir, dəyişikliyə uğramayıb, onlar Azərbaycan torpaqlarında yaradılan qondarma “Ermənistan Respublika”sını özlərinin Cənubi Qafqazda yerləşən parfosları kimi hesab edirlər. Bu siyasət indiyə qədər də davam edir.

 

Bunun tədqiqi məsələsinə gəldikdə isə, bizim alimlər tərəfindən 20-ci əsrin 50-ci, 60-cı, 70-ci və 80-ci illərində bu məsələ tədqiq olunub və bu iş indi də davam edir. Bu əsərlər bir neçə dillərə tərcümə olunub. O cümlədən, İngilis dilinə, Alman dilinə və digər beynəlxalq dillərə tərcümə olunur, bütün dünyaya yayılır və bu iş də davam edir. Bu tədqiqat işi Tarix İnstitutu tərəfindən akademik şəkildə mütəmadi olaraq tədqiq olunur və istər kitab şəklində, istər portalların səhifələrində, istərsə də kütləvi informasiya vasitələrinin xəbərlərində təqdim olunur. Bu iş indinin özündə də davam edir.

 

 Gənc alimlərin Qarabağ mövzusuna maraq göstərməsi nə səviyyədədir?

 

-Bizdə bu sahədə gənc alimlər çoxdur. Bizim qəbul olan doktorantlara verdiyimiz mövzularda bu məsələlərin tədqiqi geniş şəkildə öz əksini tapmışdır. Mən onu deyə bilərəm ki, ən azı son 20 il ərzində bu məsələynən bağlı çoxsaylı tədqiqat işləri aparılıb. İstər Qarabağın 1918-20-ci illər tarixi, istərsə də 18-ci əsrdən 19-cu əsrin birinci yarısına qədər olan tarixi, o cümlədən, Sovet dövrü tarixi, yəni, bütün dövrlər tədqiq olunub. Bunlara bir çox misal göstərmək olar. Məsələn, Sovet dövrü tarixi tarix elmləri doktoru Nazim Məmmədovun əsərlərində tədqiq olunub və bir çoxları var. Ümumiyyətlə, bu məsələ bizim tanınmış alimlər mərhum akademik İqrar Əliyevin, hazırda İnstitutun direktoru Akademiyanın müxbir üzvi Yaqub Mahmudovun, Kərim Şükürovun, Gövhər Məmmədovanın, Fəxri Abbasovun, 18-ci əsr tarixi problemlərinin tədqiqatçısı Tofiq Mustafazadənin, Camal Mustafayevin, Güntəkin Nəcəflinin, mərhum akademik Tofiq Köçərlinin, Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin, o cümlədən, Mənim özümün, xüsusilə də, Azərbaycan nefti və bu ərazi problemləri haqda əsərimdə və digər çoxsaylı alimlərin əsərlərində bu problem hərtərəfli şəkildə tədqiq olunur və bu iş indiyə qədər də davam etdirilir.

 

– Qarabağ müvzusu ilə bağlı başqa xarici alimlərlə əməkdaşlıq olubmu?

 

-Bilirsiz, bu məsələynən bağlı istər Türkiyədə, istər Amerikada, istər Avropanın bir çox ölkələrində, o cümlədən, Rusiyada da tədqiqat işləri aparılır. Təbii ki, Rusiyada, o cümlədən, Amerika və Avropa ölkələrində anti-Azərbaycan əsərlərin sayı çoxdur. Amma, buna baxmayaraq, məsələn, Rusiyada tarix üzrə fəlsəfə doktoru Oleq Kuzniçov, Amerika alimləri Tomas Qolfs, Uilyams Vim və bir çoxları əldə etdikləri sənədlər, materiallar əsasında hadisələri doğru və düzgün tədqiq etməyə nail olublar. Və belə müəlliflərin sayı getdikcə artır.

 

Yəni bu əməkdaşlıq var. Xüsusilə də, ermənilərin qondarma soyqırımı məsələsində istər Almaniyadan olan, istər Türkiyədən olan, istərsə də Rusiya Federasiyasından olan bir çox alimlər Azərbaycanın mövqeyini bölüşürlər və tarixi həqiqətləri çap etdirmək üçün, dünya ictimaiyyətinə çatdırmaq üçün bizimlə əməkdaşlıq edirlər.

 

 

 

 

Aqşin Məsimzadə

“KarabakhİNFO.com”

27.11.2013 12:27

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*