Azərbaycanca

Gənclərin vətənpərvər ruhda yetişməsi vacibdir

07.03.2015 | 09:59

544112_10200720163184403_2080815940_n

Azərbaycan tarix boyu  bir çox xarici qüvvələrin, yağı düşmənlərin gözündə yağlı tikə olmuşdur. Buna görə də ölkəmiz vaxtaşırı yadellilərin hücumlarına, işğallarına məruz qalıb. Tarixin müxtəlif dönəmlərində igid oğullarımız düşmənlərimizin bizim yeraltı sərvətlərimizi mənimsəmək məqsədilə müxtəlif qırğınlar törətməsinin, Azərbaycanı ələ keçirməyə cəhd etməsinin qarşısını məharətlə almışlar.

23 ilə yaxındır ki, Azərbaycan torpaqlarının 20 %-i – Dağlıq Qarabağ və 7 ətraf rayon Ermənistanın işğalı altındadır. Uzun illərdir ölkə rəhbərliyi bu problemi sülh yolu ilə həll etməyə çalışır, lakin istənilən halda hərb yolu ilə olsa da torpaqlarımızın azad ediləcəyi bəyan edilir.

Ümummilli lider Heydər Əliyev gənclər qarşısında çıxışlarının birində qeyd edirdi: “Azərbaycanın suverenliyi hər bir azərbaycanlı vətəndaş üçün ən müqəddəs məqsəddir, ən müqəddəs vəzifədir. Belə olan halda biz öz taleyimizin sahibi kimi vətənimizi, torpaqlarımızı öz gücümüzlə qorumalıyıq. Bunu xalq, bizim gənclər, ordu sıralarındakı vətən oğulları etməlidirlər. Ona görə orta məktəblərdə bir tərəfdən hərbi tədrisə, gənclərin fiziki hazırlığına ciddi fikir verilməlidir, digər tərəfdən isə gənclərdə vətənpərvərlik hissini yüksəltmək, vətəni qorumağa hazır olmaq ruhunda tərbiyə etmək lazımdır”.

Müharibə şəraitində yaşayan bir ölkədə gənclərin milli vətənpərvəlik ruhunun yüksəldilməsi ön sıralarda duran vəzifələrdən biri olmalıdır, çünki ən son məqamda məhz gənclər torpaqlarımızı yağı düşmən tapdağından azad edəcəklər. Bu səbəbdən ölkədə aparılan gənclər siyasətinin önəmli bir hissəsini gənclərə vətənpərvərlik ruhunun aşılanması istiqaməti təşkil edir. İcra edilən bir çox dövlət proqramlarında bu istiqamət mühüm yer tutur.

Azərbaycan Respublikası Prezidentinin 7 iyul 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında ayrıca bir bölmə gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinə həsr olunmuşdur. Proqramda bu istiqamətdə bir çox fəaliyyət növləri nəzərdə tutulmuşdur.  Cari ildə təsdiq edilmiş 2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyasında qeyd olunur:  “Azərbaycanın müharibə vəziyyətində olması və ərazisinin 20%-nin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi yeniyetmə və gənclər arasında vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsini, hərbi hazırlığın müasir tələblərə uyğun təşkilini, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində daha təsirli tədbirlərin görülməsini zəruri edir”.  Strategiya gözləntilərindən biri də məhz gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsidir.

Sadalanan bu işlər həqiqətən də təqdirəlayiqdir, amma hesab edirəm ki, bu sahədə aparılan iş daha da gücləndirilməlidir. Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi istiqamətində Azərbaycan Respublikasının dövlət rəmzlərinin təbliğinə xüsusi yer verilməlidir. Dövlətin milli rəmzlərinin siyasi və mənəvi mənalarının dərk edilməsi vasitəsilə gənclərin bu sahədəki maariflənməsi imkanları da artır. Bir çox dünya dövlətlərində dövlət rəmzlərinə – bayrağa, gerbə və himnə, milli bayramlara hörmət hisslərinin möhkəmləndirilməsi vasitəsilə gənclərdə vətənpərvərlik hisslərinin formalaşdırılması istiqamətində məqsədyönlü iş aparılır. Məsələn, ABŞ-da ailələrin yarısı öz evlərini bayraqla bəzədir, sürücülərin 15-20% qədəri maşınlarında bayraq gəzdirir. Hər on amerikalıdan doqquzu ABŞ himni çalınanda qürur hissi keçirir və onu sonacan fəxrlə ifa edirlər. Vətənpərvərlik və dövlətçilik hisslərinin təbliği milli-mənəvi dəyərlərin qorunması və təbliği ilə müşayiət olunmalıdır. Dünyanın ən sürətlə inkişaf edən, ailəyə və mənəvi dəyərlərə böyük önəm verilən Çin Xalq Respublikasında gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində əsas məqsəd kimi milli dəyərlərin qorunması və bunun  köməyi ilə sürətli inkişafa nail olunması irəli sürülür. Eyni zamanda çinli gənclərə Qərb demokratiyasının Çinin milli dəyərlərinə zidd olması da aşılanır.
Təəssüf ki, hazırda ölkəmizdə milli və mənəvi dəyərlərin təbliği lazımi istiqamətdə aparılmır. Bunun nəticəsində gənclərimiz arzuolunmayan sahələrə meyl edir, o cümlədən qeyri ənənəvi dini qruplaşmalara qoşulurlar. Bir çox gənclər Suriyada, İraqda fəaliyyət göstərən terror qruplaşmalarına qoşulurlar. Bir çox hallarda Azərbaycan Respublikasına qarşı heç də xoş münasibətdə olmayan qüvvələr tərəfindən dəstəklənən həmin qrupların öz sıralarına kifayət qədər gənci cəlb edə bilməsi, əslində heç də güclü ənənəvi qüvvəyə və təsirə malik olmalarında deyil, cəmiyyətimizdə İslamın mahiyyətinin düzgün dərk edilməməsində və bu sahədə məqsədyönlü siyasətin zəif aparılmasındadır.

Hesab edirəm ki, gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi üçün ayrıca dövlət proqramının qəbul edilməsi məqsədəuyğun olardı. Bu proqramda bütün mühüm istiqamətlər yer almalıdır. Hərbi vətənpərvərlik, çağırışyaşlı gənclərin hərbi xidmətə həvəsləndirilməsi, təhsildə vətənpərvərliyin gücləndirilməsi, gənclər arasında milli-mənəvi dəyərlərin təbliği, gənclərin Azərbaycanın milli-mədəni irsi və tarixi haqqında məlumatlandırılması, gənclərdə vətəndaşlıq hisslərinin gücləndirilməsi, gənclərdə müstəqil dövlətçilik ənənələrinə hörmət və sədaqət hissinin gücləndirilməsi və sair bu kimi istiqamətlərin yer alacağı proqramın özəyini isə Qarabağın unudulmaması təşkil etməlidir. Ölkəmizdə gənclərin Qarabağı unutmaması, vətənpərvərlik hisslərinin gücləndirilməsi üçün onların Qarabağa, cəbhə xəttinə, səngərlərə mütəmadi səfərləri təşkil edilməlidir. Müharibə vəziyyətini, torpaqların yağı düşmənin tapdağı altında olduğunu əyani şəkildə öz gözləri ilə görmək, səngərdən düşməni müşahidə etmək bu gənclərdə vətənpərvərlik ruhunun yüksəlməsində mühüm rol oynayacaqdır.

 

07.03.2015 09:59

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*