Azərbaycanca

“Girovların başını müharibədə ölmüş ermənilərin qəbirləri üstdə kəsirdilər”

14.12.2012 | 16:11

1355487052_esirler-qarabaqGirovluqda olmuş Əli Məmmədov erməni vəhşiliklərin şahididir

Əli Məmmədov 1947-ci ildə anadan olub. 1993-cü il oktyabr ayının 23-də ermənilər tərəfindən girov götürülüb. 2 il 8 ay erməni girovluğunda olub. Əli kişi həmin günləri belə xatırlayır:

– Əslən Cəbrayıl rayonunun Soltanlı kəndindənəm. Füzuli rayonu ərazisindəki Horadiz qəsəbəsində ermənilərə girov düşdüm. Ermənilər məni özlərilə qərargaha apardılar. Orada 40 nəfər vardı. Hamısı mülki adamlar idi. Aralarında qocalar və uşaqlar da vardı. Bizi maşınla bir çayın yanına gətirdilər. Dörd nəfəri aşağı düşürüb çayda mina axtarmağı əmr etdilər. Onlar bir neçə mina tapdılar. Bəxtlərindən partlayan olmadı. Sonra gecələmək üçün bizi yaxınlıqdakı fermaya doldurdular. Həmin gündən də qara günlərimiz başladı.

Ağzımda səkkiz qızıl dişim vardı. Bunu görən kimi ermənilər əmr etdilər ki, ağzımı açım. Etiraz etdim. Ermənilər məni armaturla döyməyə başladılar. Sonra da avtomatın lüləsini ağzıma salıb “hə, necəsən? İndi patronları sənə dərman kimi uddurarıq”, – dedilər. Məni hədələyən erməni avtomatın lüləsini ağzımdan çıxardı. Birdən var gücü ilə avtomatın arxası ilə ağzımdan vurdu. Ağzımdakı qızıl dişlərin səkkizi də yerə düşdü. Ağrının təsirindən ikiqat olub aşağı oturdum. Sonra eyni qaydayla ağzında qızıl dişi olanların hamısının dişini çıxardılar.

İlk vaxtlar bizi ancaq talana aparırdılar. Ermənilər bizi döyə-döyə işğal etdikləri Azərbaycan kəndlərinə gətirir, evlərdəki mebelləri, televizorları, soyuducuları və digər əşyaları maşınlara yığdırırdılar. Acqarına susuz işləyirdik. Bir qədər dincəlmək istəyəndə vəhşicəsinə döyür, bizə dəhşətli işgəncələr verirdilər. Bəzən azərbaycanlıların min bir əziyyətlə aldıqları əşyaları yerindən tərpətməyə əlimiz gəlmirdi. Ermənilər bunu görəndə barmaqlarımızı zindanın üstünə qoyub çəkiclə əzirdilər.

Bacım oğlu Nadir də mənimlə birlikdə girov düşmüşdü. Bir dəfə bizi yenə Azərbaycan kəndlərinə talana aparmışdılar. Nəzarətçilər bir qədər kənarda ağacların altında yeyib-içirdilər. Girovların arasında Vüqar adlı bir nəfər də vardı. Vüqar bacım oğlu Nadirə qaçmağı təklif edib. Amma Nadir qorxduğu üçün onun təklifini qəbul etməyib. Buna görə də Vüqar özü tək qaçmağa qərar verib. Beləcə, Vüqar fürsətdən istifadə edib aradan çıxdı. Ermənilər bir müddət sonra Vüqarın qaçmağından xəbər tutdular. Onlar bütün əsirləri və girovları sıraya düzüb vəhşicəsinə döyməyə başladılar. Torpağın üstündə çoxlu sayda qan gölməçəsi əmələ gəlmişdi. Nadirin vəziyyəti isə daha ağır oldu. Ermənilər onun Vüqarla söhbət etdiyini görmüşdülər. Beş nəfər Nadiri döyməyə başladı. Nadiri ölümcül vəziyyətə saldılar. O, bir ay yerindən qalxa bilmədi. Bizi Azərbaycanın işğal altında olan Ağdərə rayonunda saxlayırdılar. Şəhərdə qaz yox idi. Əhalini odunla biz təmin edirdik. Səhərdən-axşama kimi acqarına meşədə odun yığırdıq. Yayda isə ermənilərin şəxsi təsərrüfatlarında çalışırdıq. Səhər kameradan çıxanda axşam kimin sağ-salamat geri qayıdacağı bəlli deyildi. Aramızda cavan bir oğlan vardı. O, bir axşam geri qayıtmadı. Sonra öyrəndik ki, bir erməni ailəsi müharibədə ölmüş oğlünün qəbri üstündə onun başını kəsib. Belə hadisələr tez-tez olurdu.

İki il səkkiz ay girovluqda oldum. Sonra Qızıl Xaç Cəmiyyətinin xətti ilə məni erməni girovluğundan azad etdilər. Ermənilər məni xərəkdə təhvil verdilər. Azad olunduqdan sonra düz bir il xəstə yatdım.

Azerihostage

 

14.12.2012 16:11

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*