Azərbaycanca

“Google” Azərbaycanla bağlı məlumatları niyə təhrif edir?

02.03.2013 | 11:08

1362207056_google“Google” Azərbaycanla bağlı məlumatları niyə təhrif edir?

Hazırda müxtəlif beynəlxalq statusa malik şəbəkələrdə, hansısa xarici təşkilatların internet resurslarında Azərbaycanla bağlı məlumatların təhrif olunması demək olar ki, adi hala çevrilib. Bu vəziyyət “Google” axtarış sisteminə daxil olan resurslarda özünü daha çox göstərir. Məsələn, ötən ilin yayında “Google Mars” xəritəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı hörmətsizlik edilmişdi. Belə ki, xəritədə Azərbaycanın işğal olunmuş Xankəndi şəhərinin adı dəyişdirilərək Stepanakert, Ağdərə rayonu əvəzinə Mardakert, Xocavənd əvəzinə Martuni kimi adlarla qeyd olunmuşdu. Eyni zamanda, həmin ərazilər Ermənistanın ərazisi kimi təqdim edilmişdi. Sonuncu dəfə analoji hadisə “Google” axtarış sisteminə daxil olan “Google Earth” internet resursunda müşahidə edilib. Belə ki, Yer səthinin peykdən çəkilmiş fotoları yerləşdirilən “Google Earth” resursunda Azərbaycan ərazisi düzgün göstərilməyib. Əslində, Qarabağ və bitişik ərazilərə 60 km yüksəklikdən baxanda bu rayonda heç bir səhv nəzərə çarpmır.

Bütün toponimlər onların müasir adlarına uyğun gəlir (Şuşa, Laçın, Xankəndi) və bütün rayon Azərbaycan ərazisi kimi göstərilir. Üstəlik, bu ərazidəki iri yaşayış məntəqələrinin adları Azərbaycan dilində təkrar olunur.

Səhvlər isə 20 km və daha alçaq yüksəklikdə ortaya çıxır.Bunların sayı onlarladır. Ərazi daha aşağı yüksəklikdən nəzərdən keçirildikcə isə səhvlərin sayı artır. Məsələn, əgər 60 km-dən yalnız “Xankəndi” adı görünürsə, daha aşağı “düşdükdə” reallıqla heç bir bağlılığı olmayan qeydlər var. Həmçinin bu ərazidə toponimlərin ermənicə adlarına da rast gəlmək olar. Bundan başqa, bir çox obyektlər qondarma Dağlıq Qarabağ Respublikasına aid olunub. Bundan başqa, Azərbaycanın bir çox tarixi abidələri “qədim erməni” abidələri kimi təqdim olunur.Obyektlərin çoxunun isə separatçı “DQR”ə məxsus olduğu qeyd edilir.

 

      “Ciddi fəallıq tələb olunur”

Bəs görəsən, ayrı-ayrı beynəlxalq statusa malik internet resurslarında Azərbaycanla bağlı məlumatların mütəmadi olaraq təhrif olunmasına səbəb nədir?Bu problemin tamamilə aradan qaldırılması yolları mövcuddurmu?

“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz məsələyə münasibət açıqlayarkən deyib ki, əslində bu məsələdə həm hökumətdən, həm də ictimaiyyətdən ciddi fəallıq tələb olunur. Onun fikrincə, təhlillər göstərir ki, beynəlxalq statusa malik internet resurslarında Azərbaycanla bağlı informasiyaların təhrif olunması daha çox məlumatsızlıqla əlaqədardır: “Düzdür, mən burada informasiya müharibəsindən doğan mübarizəni istisna etmirəm. Çünki təəssüflə bildirməliyəm ki, Azərbaycan hələlik informasiya müharibəsində Ermənistana uduzur.Bu da dünya şöhrətli axtarış sistemlərində, o cümlədən, hansısa beynəlxalq təşkilatların internet resurslarında Azərbaycanla bağlı məlumatların təhrif olunması ilə nəticələnir.Sözsüz ki, bu məsələdə həm Azərbaycan hökuməti, həm də ictimaiyyət nümayəndələri tərəfindən ciddi addımlar atılmalıdır”.

Ekspert onu da vurğulayıb ki, əslində mövcud problemin aradan qaldırılması istiqamətində ötən ilin noyabrında Bakıda keçirilən İnternet İdarəçiliyi üzrə Qlobal Forum Azərbaycan üçün böyük fürsət olsa da, aidiyyəti qurumlar bundan faydalana bilməyib: “Həmin tədbirdə “Google” axtarış sisteminin rəhbəri də iştirak edirdi. Həmin tədbirdə ona Azərbaycanla bağlı həqiqətlər çatdırıla bilərdi”.

 

        “Tez bir zamanda müsbət nəticə əldə etmək çətindir”

Məsələyə münasibətini öyrəndiyimiz informasiya Texnologiyalarının öyrənilməsi üzrə ekspert Rizvan Qasımov deyir ki, mövcud problemin aradan qaldırılması istiqamətində Azərbaycan hökuməti tərəfindən mütəmadi olaraq lazımi tədbirlər həyata keçirilir. Onun sözlərinə görə, bu məsələdə bədnam qonşularımız həmişə Azərbaycana qarşı təbliğat aparır və ölkəmizlə bağlı qeyri-dəqiq informasiyalar yayırlar: “Onlar sosial şəbəkələrdə olduqca fəaldırlar. Bizdən fərqli olaraq ümummilli məsələ ortaya çıxanda tərəddüd etmədən birləşə bilirlər.Eyni zamanda, bu məsələdə gənclərimizdən də fəallıq tələb olunur.Çünki sosial şəbəkələrdə bizim kifayət qədər savadlı, intellektli gənclərimiz var. Bunun üçün də həmin gənclərlə işləmək lazımdır”.

Ekspert deyir ki, müvafiq qurumlarAzərbaycanla bağlı həqiqətlərin internet resurslarında öz əksini tapması üçün bütün imkanlardan istifadə edirlər: “Düzdür, bu istiqamətdə tez bir zamanda müsbət nəticə əldə etmək çətindir. Çünki dünyada yüz milyonlarla sayt var ki, onların da məlumatları tez-tez yenilənir.Amma bütün bunlara baxmayaraq, bizə hansısa beynəlxalq internet resursundan fakt daxil olan kimi aidiyyəti qurumlar həmin şirkətlə əlaqə quraraq, problemi aradan qaldırmağa çalışırlar”.

Xatırladaq ki, ötən il “Google Mars” elektron xəritəsində Qarabağdakı Azərbaycan toponimlərinin erməni adları ilə verilməsi barədə sorğuya cavab verib.  Oxucular tərəfindən “Google” şirkətinəgöndərilən şikayət məktublarında qeyd olunub ki, işğal altında olan Azərbaycan torpaqlarında toponimlərin erməni dilində yazılmasına görə, Azərbaycan bu şirkəti BMT-nin beynəlxalq məhkəməsinə verə bilər. “Google”nin hüquq şöbəsindən isə bildiriblər ki, toponim adlarının iki dildə yazılması təcrübəsi bütün münaqişə ərazilərində tətbiq edilir.

Bildirilib ki, “Google” şirkətinin əməkdaşları bütün beynəlxalq münaqişələri izləyirlər və xəritələr mütəmadi olaraq yenilənir. Şirkət ona işarə edib ki, Qarabağ münaqişəsində status-kvo dəyişəcəyi təqdirdə şirkət də öz xəritələrində toponim adlarını dəyişəcək.

 

 

Naibə Qurbanova

 

KarabakhİNFO.com

 

02.03.2013 11:08

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*