Azərbaycanca

Gözümüz yoldadır ki, nə vaxt Zəngilana qayıdacağıq

29.10.2013 | 11:20

1383031004_1396615_10151684292047691_153210535_nSədrəddin Əsədov: “Ermənilər mülki əhaliyə divan tuturdular”

 Azərbaycanın Ermənistan tərəfindən sonuncu işğal olunan rayonu Zəngilandır. Bu rayon mühüm strateji əhəmiyyətə malikdir. Çünki bura Bakı-Culfa-Naxçıvan dəmiryolunun üzərində yerləşir. Ermənilər Qubadlı və Cəbrayıl rayonlarını işğal etdikdən sonra Zəngilan faktiki mühasirəyə düşüb.

1993-cü il oktyabrın sonunda Sığırt və Bartaz yüksəklikləri alınaraq Zəngilan tam işğal olunub.  Bundan sonra minlərlə zəngilanlı ermənilərin mühasirəsində qalıb. Əhali məcbur olub Araz çayı boyunca İran sərhəddinə toplaşıb. Lakin Araz çayını keçmək mümkün deyildi. O zaman Azərbaycan rəhbərliyi İran hökuməti ilə danışıqlar aparıb və Araz çayı üzərindəki bənddə suyu bağlayıblar. Yalnız bundan sonra əhali çayı keçib xilas olub.

 

Bu əziyyəti çəkənlərin içində 1958-ci ildə Zəngilanın Həkəri kəndində doğulan Sədrəddin Əsədovun da ailəsi olub. O deyir ki, əgər əhali sərhədi keçə bilməsəydi ya çayda boğulacaqdılar, ya da növbəti Xocalı hadisəsi yaşana bilərdi: “Ermənilər rayonu işğal edəndən sonra sərhəd bağlandı. Biz qaldıq bu yanda. Yol bağlanandan sonra valideynlərim, eləcə də qardaş və bacım ailələri ilə bir həftə işğal zonasında mühasirədə qaldılar. Sonra Araz çayını keçib İran vasitəsilə Azərbaycana gəldilər. Biz də Biləsuvar keçid məntəqəsində toplaşdıq. Həmin zaman biz Zəngilanı geri qaytarmaq üçün silahlanıb getmək istəyirdik. O dövürdə komandir briqada olan Zaur Rzayev gəlib dedi ki, narahat olmayın, tezliklə torpaqlar geri alınacaq. Elə o vaxtdan bizim də gözümüz yoldadır ki, nə vaxt Zəngilana qayıdacağıq”.

 

Qeyd edək ki, S.Əsədov 1975-ci ildən Bakı Metropolitenində işləyir. Dağlıq Qarabağ müharibəsi başlayandan sonra 1991-ci ildə könüllü olaraq gedib Şıxov batalyonuna yazılıb. 1993-cü ilin sonuna kimi Qarabağda gedən döyüşlərdə iştirak edib. Əsasən Ağdam, Goranboy, Zəngilan, həmçinin Xanlar (indiki Göygöl) rayonunun Sarısu kəndi istiqamətində gedən döyüşlərdə iştirak edib.

 

Gözümüz yoldadır ki, nə vaxt Zəngilana qayıdacağıq“Ermənilərin belə naqis hərəkətləri çox olub”

 

O, müharibə zamanı ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklərdən danışdı: “Zəngilanın Ağkənd və Qazançı kəndləri ermənilərə daha çox yaxın idi. Ermənilər orada evləri yandırmışdılar, mülki əhalini isə qovmuşdular. Biz çalışırdıq ki, o kəndlər qalsın. Bundan başqa Dərəli kəndinə də bir dəfə girib yandırdılar. Biz qarşısını aldıq və qaçdılar. Amma xeyli evlərə ziyan vurdular. Sonra orduya kömək məqsədilə rabitə işçiləri gəlmişdilər. Onları da vurdular. Ümumiyyətlə, ermənilər mülki əhaliyə divan tuturdular. Şayıflı kəndinə girib bir neçə nəfərin başını kəsmişdilər. Digərlərini də işgəncə ilə öldürmüşdülər.

 

Ermənilər öz sözlərində yalançıdırlar. Bir ara danışıq olmuşdu ki, taxıl biçininə görə atəşkəs olsun. Amma onlar öz tərəfindən taxılı biçib qurtarandan sonra bizim kombayn sürücüsünü vurdular. Sonra onların bir elektrik naqili qırılıb yerə düşmüşdü. Bizimkilərdən icazə aldılar ki, gəlib onu qoşsunlar. Naqili qoşub gedəndə bizim əsgərlərdən birini yaralayıb qaçdılar. Ermənilərin belə naqis hərəkətləri çox olub”.

 

“İnsan qanad istəyir ki, uça vətənə”

 

Həmsöhbətimiz indi onun yurdunun ermənilərin  işğalı altında qalmasına dözə bilmədiyini deyir: “Zəngilanın dağlıq və meşəlik tərəfi sanki cənnət idi. Zəngilanda dünyada ikinci, Avropada birinci olan Bəsitçay Çinar meşələri var. Ermənilər oranı indi xarabalığa çeviriblər. O çinarları kəsib xaricə satırlar. –Orda təzə kilsə tikiblər. Zəngilanda ikimərtəbəli müasir xəstəxana var idi. İndi orada erməni həkimləri fəaliyyət göstərirlər. Olub-qalan nəyimiz varsa hamısını erməniləşdiriblər. Zəngilanın adını belə dəyişiblər. İnternetdə girib oralara baxanda adamın ürəyi ağrıyır. Bunlar adamı silaha sarılıb döyüşməyə vadar edirlər. Səfərbərlik olsa nə qədər gücümüz varsa döyüşməyə hazırıq. Necəki könüllü getmişdik, indi də gedərik. Biz o ruhla yaşayırıq.  Orada döyüş gedərkən, mən Bakıda qala bilmərəm”.

 

Bütün bunlara baxmayaraq S.Əsədov Zəngilana qayıtmaq ümidi ilə yaşayır. İnanır ki, nə vaxtsa öz torpaqlarına qayıdacaq: “Bakıda neçə ildir ki, bezmişəm. O torpaqlar alınsa, qalan ömrümü gedib Zəngilanda yaşayaram. Zəngilanda əksər insanlar 80-90 il yaşayırdılar. 50-60 yaşında rəhmət gedən adam təsadüfi olardı. İndi 80-90 il yaşayan yoxdur. Bizim yaşlılarmız da qaçqın düşəndən sonra şəhər mühitinə dözmədi, rəhmət getdilər. Mənə deyirlər ki, saçın tez ağarıb. Müharibədə üç günün içində mənim saçım ağardı. Vətən, torpaq dərdi çəkmək çətindir. Azərbaycanın hər yeri vətəndir. Amma doğulduğun torpaq müqəddəsdir. İnsan qanad istəyir ki, uça vətənə”.

 

 

 

Fuad Hüseynzadə

 

“KarabakhİNFO.com”

 

29.10.2013 11:20

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*