Azərbaycanca

Güclülər heç vaxt terrora əl atmır

11.04.2013 | 10:59

1365663541_fgfgfglogoKamil Səlimov: “Hələ SSRİ vaxtlarında Ermənistanın terrorçuluqla məşğul olması məlum idi”

   Hazırda Ermənistanda dövlət səviyyəsində dəstəklənən terrorçuluğun başlıca hədəfləri siyahısında Azərbaycan ilk sıradadır. Müasir qloballaşmanın müəyyən mənada “nankor övladı” olan beynəlxalq terrorçuluğun tərkib hissəsi sayılan bu siyasət Azərbaycanda 1988-ci ildən etibarən daha qabarıq şəkildə özünü büruzə verməyə başladı. Ermənistan və Dağlıq Qarabağdakı erməni separatçıları tərəfindən törədilən çoxsaylı terror aktları, azərbaycanlıların Ermənistandakı doğma ata-baba yurdlarından deportasiyaları, ölkəmizin 20 faizdən çox ərazisinin işğalı nəticəsində bir milyondan artıq soydaşlarımızın qaçqın və məcburi köçkünəçevrilməsi, Xocalı faciəsi kimi soyqırımı və sair faktlar erməni terrorunun nəticəsi olaraq tarixə çevrildi. Eyni zamanda bu işğal siyasəti Azərbaycan ərazilərində narkotranzit və terrorçuların yetişdirilməsi üçün münbit zəmin yaratdı. Mütəxəssislər işğal faktorunun təkcə Azərbaycan üçün deyil, eyni zamanda region dövlətləri üçün də təhlükəli olduğunu bildirirlər. Bu baxımdan işğal altında olan ərazilərin işğaldan azad edilməsi və Azərbaycanın suveren hüquqlarının bərpa edilməsininvacib olduğu vurğulanır.

Dağlıq Qarabağda isə terrorçuluq dalğaları hələ də davam edir və hazırda bütöv vilayət və rayonlar terrorçuların nəzarəti altındadır. Ekspertlər hesab edir ki, Azərbaycan Respublikasının Milli Məclisi Dağlıq Qarabağ ordusunun törətdiyi zorakılığı terror kimi qiymətləndirməlidir. BMT-nin Təhlükəsizlik Şurasının beynəlxalq terrorçuluq barədə 2000-ci il 19 oktyabr tarixli son qətnaməsini əldə əsas tutumaqla Dağlıq Qarabağ və ondan kənarda terror zorakılığının qarşısının alınması və ləğv edilməsi üzrə köklü proqram işlənib hazırlanmalıdır. Bundan əlavə BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsi Dağlıq Qarabağda antiterror əməliyyatı keçirmək üçün beynəlxalq sanksiyadır və bundan irəli gələrək Azərbaycan işğal edilmiş ərazilərində antiterror əməliyyatları keçirmək üçün tam hüquqa malikdir. Bu hüquqdan istifadə edilməsi isə Dağlıq Qarabağın azad edilməsinin birinci mərhələsi ola bilər. Mövzu barədə suallarla Bakı Dövlət Universitetinin professoru,  “Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyinin sədri, kriminalistika və məhkəmə ekspertizası kafedrasının müdiri, hüquq elmləri doktoru Kamil Səlimova müraciət etdik.

 

–         Əvvəlcə terrora rəvac verən amillərin nədən ibarət olduğunu bilmək istərdik .

 

–         Terrorizm dinc əhalini məhv etmək, xalqı, dövləti hər zaman vahimədə saxlamaq, dövlətə qarşı inamsızlıq yaratmaqdır. Terrorun tarixi barədə dəqiq faktlar yoxdur. Yəni tarix etibarilə terror hadisələri keçmişə gedib çıxır. Hətta X – XI əsrlərdə belə terror hadisələrinin törədilməsi barədə məlumatlar var. Terror tarixdə siyasi bir vasitə kimi istifadə olunub və effektiv bir üsul sayılır.Terror aktı deyəndə adətən terroru törədən subyektlər var ki, onları tədqiq etmək və məsələyə elmi cəhətdən real yanaşmaq lazımdır onun nəticəsini görmək mümkün olsun. Terrorun müxtəlif formaları var – milli terrorçuluq, dini terrorçuluq, dövlət terror siyasəti, kriminal elementlər tərəfindən törədilən terrorçuluq. Bundan başqa, digər elmi baxımdan mövcud olan 20 formada terror növü var. Konkret olaraq Azərbaycanda bu məsələyə diqqət yetirsək, hadisələrin kökünün 1820-ci illərdən – ermənilərin Azərbaycana köçürülməsindənetibarən başlandığını görmüş olarıq.Bu sıralama ilə ermənilər 1915-ci ildə Azərbaycan torpaqlarını güc vasitəsilə almaq üçün terror törətmişdilər, sonra azərbaycanlıların öz doğma torpaqlarından deportasiyası ilə bu proses davam etmişdi. Artıq SSRİ-i dağılanda – 1988-ci ildə ermənilər köhnə terror üsullarındanistifadə etməklə niyyətlərindən əl çəkmədilər. Qeyd etməliyik ki, Azərbaycana qarşı Ermənistan tərəfindən əsasən üç istiqamətdə çoxsaylı cinayətlər törədilib. Birincisi, Ermənistan dövləti tərəfindən aparılan təcavüzkar terror siyasəti, ikincisi, dövlət terror siyasəti, üçüncüsü isə Dağlıq Qarabağda yaşayan erməni separatçı qüvvələr tərəfindən törədilən terrorlar. Bilavasitə dini ekstremistlər tərəfindən törədilən terror aktlarıda var ki, sonuncunun Dağlıq Qarabağa aidiyyəti olmasa da, erməni təxribatçı qrupları tərəfindən ölkənin şimal bölgəsində adətən bunu həyata keçirməyə cəhd edirlər.

 

–         Terror harada və nə zaman necə baş verəcəyini müəyyən edilməsi çox çətin bir hadisədir. Amma erməni terror tarixinin 100 ildən artıq bir müddəti əhatə etdiyi və kimlərə qarşı yönəldiyi məlum olduğundan çox güman ki, qarşısı alınan sayılmalıdı?

 

–         Hələ SSRİ vaxtlarında Ermənistanın terrorçuluqla məşğul olması məlum idi. Amma SSRİ və digər dövlətlər ermənilərə terror siyasətini genişləndirməyə imkan vermirdilər. Ermənilər 1970-ci ildə ilk dəfə Baqdasaryan adlı birinin vasitəsilə Moskva metrosunda partlayış törətmişdi və buna görə ona ölüm cəzası tətbiq olundu, ətrafındakılar da ciddi cinayət məsuliyyətinə cəlb olundular. Yəni dövlətin anında reaksiyası terror siyasətinin qarşısını alırdı.Bu artıq qəbul olunmuş fikirdir ki, güclü heç vaxt terrora əl atmır. Həmişə gücsüzlər öz “gücünü” göstərmək üçün terroru seçir.

Cenevrə konvensiyasına əsasən, əgər bir dövlət digər dövlətin ərazisini işğal edirsə, bu artıq müharibə şəraiti deməkdir, digər dövlət isə bunun qarşılığında işğal olunmuş ərazinin kommunikasiya sistemini bağlayırsa, bu da müharibə şəraiti deməkdir. Əgər bu iki dövlət ikisi də müharibə şəraitindədirsə, onda hər hansı terror hadisəsinin olması qaçılmazdır. Faktdır ki, 1988-ci ildən 1994-cü ilə qədər ermənilər tərəfindən Azərbaycanda 2 mindən artıq terror hadisəsi törədilib. Müharibə şəraiti davam edirsə, terror hadisələrinin də olması realdır. Amma bizim hüquq-mühafizə orqanları tərəfindən son illərdə baş verə biləcək bu cür halların qarşısı alınıb.

 

–         Erməni terror qrupu olan “Nor Asala”nın əsas hədəflərindən biri Azərbaycandakı etnik qrupları dövlətə qarşı yönəltmək olub. Sizcə, bu Azərbaycan üçün nə dərəcədə real təhlükə sayıla bilər? Nəzərə alaq ki, Azərbaycan həm də çox sayda etnik azlıqların yaşadığı bir ölkədir.

 

–         Burada kompleks yanaşmalar olmalıdır. Ermənilər Azərbaycanda terrorçuluğun müxtəlif motivlərinin – dövlət terror siyasəti, milli motivlərlə terrorçuluq və dini ekstremizmi, siyasi terrorizmi formalarının hamısını həyata keçiriblər. Birinci hal, 90-cı illərdə Azərbaycanda Xatkovskiy adlı cinayətkar yaxalanmışdı. Onun məhkəməsində müəyyən olunub ki, bilavasitə Ermənistan tərəfindən təlimatlandırılıb göndərilib ki, Azərbaycanda qatarlarda, avtobuslarda partlayışlar törətsin. İkinci element, separatçılıq məqsədi ilə törədilən terror aktlarıdır.  Bu “Dağlıq Qarabağ ordusu” adlandırılan təşkilatdır ki, Azərbaycan ərazisində terror aktları törədir. Artıq 80-dən çox terror aktları həyata keçirib  və qurbanların sayı 2500 nəfərdən çoxdur. Bir də dini zəmində olan ekstremist dini terror təşkilatları var idi ki, onlardan Azərbaycanda terror aktları törətmiş iki təşkilatın adını qeyd etmək istəyirəm. Bunlar “Sumqayıt camaatı” və “Dağıstan camaatı”dır. “Sumqayıt camaatı” terror təşkilatının ifşası zamanı 32 nəfər, “Dağıstan camaatı” təşkilatının ifşası zamanı isə 46 nəfər təqsirli bilinib. Onların əsas siyasəti Azərbaycanın şimal regionlarında terror törətmək idi.Ermənilərin Azərbaycana qarşı həyata keçirdikləri daha çox dövlət terror siyasəti olub ki, bu da bir dövlətin digər dövlətin daxili işlərinə qarşması, müəyyən qrupları maliyyələşdirmək, silahla təmin etmək, o cümlədən ideloji müdaxilələrlə dövlətə qarşı yönəltməkdən ibarətdir. Bu ermənilərin terror zamanı törətdikləri köhnə üsullardan sayılır.

 

–         Yeri gəlmişkən, hakimiyyətə müxalif gənclərin də təşkilatlandırılaraq, mövcud rejimə qarşı keçməsini hədəfə almaq kimi məqamlar da terrorizmin prinsiplərindən sayılır və “Nor Asala”nın bəyanatında bu barədə qeyd olunub…

 

–         Hakimiyyətə müxalif olan şəxslərin, gənclərin də bu oyunda iştirakı təəccüblü deyil. Məsələyə düşüncəli şəkildə yanaşmaq lazımdı. Bu gün cavanların dini ekstremizmə cəlb olunub siyasi ekstrimizmə əl atmasının qarşısı alınmalıdı ki, sonradan bu daha pis nəticələrə səbəb olmasın. Azərbaycanın ən böyük uğuru ondan ibarətdir ki, bizim ölkədə Ermənistan kimi təkcə bir millət yaşamır. Azərbaycan tolerant ölkədir və belə bir ölkədə bu cür şərait fəxredici olduğu kimi həm də çətindir.

 

 

–         Azərbaycan da daxil olmaqla Qafqaz regionu indi də etnik münaqişələr baxımından aktivdir. Regionda terrorizmin aradan qaldırılması üçün nə edilməlidir?

 

–         Bu baxımdan, Qafqazda terrora qarşı mübarizədə siyasət dəyişməlidir. Qafqazda sabitlik yaratmaq üçün regionu şimali və cənubi Qafqaz deyə, iki yerə bölürlər. Lakin, təcrübə göstərir ki,  terrorizm baş qaldırdısa, o regiona yayılır. Regionda terrorizm Dağlıq Qarabağdan başladı, sonra Abxaziya və Cənubi Osetiyaya keçdi. Nəhayət bütün Qafqaz regionuna yayıldı. Hazırda terrorun ən aktiv regionu Şimali Qafqazdır. Hesab edirəm ki, bütövlükdə Qafqazda terrorun qarşısının alınması üçün xüsusi bir proqram hazırlanmalıdır və sənəd dövlət liderləri tərəfindən imzalanmalıdır. Çünki, terrorun tövsifi olmadığına görə, bəzi dövlətlər terrorçulara maliyyə yardımı edir və siyasi dəstək verir.

 

–         Məlum olduğu kimi Azərbaycan mütəmadi olaraq beynəlxalq tədbirlərin keçirilməsinə ev sahibliyi edir və bu zaman bu kimi terror qruplarının fəallaşacağı gözləniləndirmi?

 

–         Təhlükə həmişə olub və olacaq. Bu təhlükələrin reallaşması yalnız hakimiyyət zəif olduğunda real ola bilər. Lakin əgər o güclüdürsə və profilaktik fəaliyyət də həmin səviyyədədirsə, o zaman bütün bu təhlükələr heç nə ilə nəticələnməyəcək. Həm də yadda saxlamaq lazımdır ki, Azərbaycan tək deyil, öz xarici tərəfdaşları ilə fəal şəkildə əməkdaşlıq edir və bu istiqamətdə tərəfdaş ölkələrin Azərbaycan ərazisində terror təhlükələrinin reallaşdırılması ehtimallarına dair fəal şəkildə informasiya vermələri çox böyük əhəmiyyət kəsb edir. Azərbaycan tranzit ölkədir, bunu nəzərə alsaq görərik ki, burada təkcə malların tranziti deyil, həm də real təhlükə və niyyətlərin tranziti baş verir və Azərbaycanla dostluq etmək öz təhlükəsizlikləri üçün bütün dövlətlərə sərfəlidir. Eyni zamanda, öz daxili təhlükəsizliklərini saxlamaqla yanaşı onlar Azərbaycanın da təhlükəsizliyini qoruyacaqlar. Bu bir-biri ilə əlaqəli prosesdir. Azərbaycanda terrorçuluğa qarşı mübarizənin səviyyəsi o qədər yaxşı təşkil olunub ki, 1994-cü ildən Azərbaycanda terror aktı törətmək mümkünsüz olub. Azərbaycan ərazisində terror təhlükələrinin reallaşdırılmasının istiqamətlərindən biri ölkə rəhbərinin zərərsizləşdirilməsidir. Lakin, bildiyiniz kimi, bu istiqamətdə heç bir uğur əldə olunmayıb və çətin ki, əldə olunsun. Çünki bu gün hüquq-mühafizə orqanlarının profilaktik fəaliyyəti ən yüksək səviyyədədir.Eyni zamanda, burada ən əsas mahiyyət terror təhlükəsinin qarşısının alınmasında diplomatik fəaliyyətdir. Bu istiqamət də icra hakimiyyəti rəhbərinin əlindədir. Ona görə də Azərbaycanın bütün bədxahları çox gözəl bilirlər ki, Prezident hakimiyyətdə olduğu müddətcə bütün bu təhlükələri reallaşdırmaq mümkünsüzdür və bu səbəbdən öz fəaliyyətlərini ona doğru yönəldirlər.

 

 

Naibə Qurbanova

KarabakhİNFO.com

 

11.04.2013 10:59

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*