Azərbaycanca

“Günahsız günahkarlar” – LAYİHƏ

26.11.2014 | 14:39

azerbaijan_map_and_flag_by_qasimov-d3aa039.jpg.opt902x608o0,0s902x608Erməniləri Azərbaycana bağlayan nədir?


Həmin bağlar azərbaycanlıları niyə doğma torpaqlarına bağlaya bilmədi?
Ermənilər Azərbaycanda qalmalarının səbəblərini açıqlayırlar

 

 

Azərbaycanda ermənilər təkcə işğal altındakı Dağlıq Qarabağ ərazisində yaşamırlar. Araşdırmalara görə, hazırda Dağlıq Qarabağ istisna olmaqla, ermənilərin Azərbaycan ərazisində ən çox yaşadığı ərazi Bakı şəhəridir. Bəzi məlmatlarda Bakı şəhərində 20 min, digər məlumatlarda isə bundan da çox – 30 min erməninin yaşadığı bildirilir. Araşdırmalar göstərir ki, Bakıda yaşayan ermənilərin böyük bir hissəsi azərbaycanlıların həyat yoldaşları, onların ailə üzvləri, qohumlarıdır. Digər hissəsi ad və soyadlarını dəyişib ruslar, yəhudilər kimi yaşayırlar. Azərbaycanda əhalinin sonuncu siyahıya alınması zamanı bəzi göstəricilər dəqiqləşdirilərkən, milli tərkib də müəyyənləşib. “Karabakhinfo.com”e-jurnalının mövzu ilə bağlı 20 oktyabr 2012-ci il sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsinin rəsmi məktubunda qeyd edilib ki, 2009-cu il əhali siyahıyaalınmasının yekunlarına əsasən Azərbaycan Respublikası üzrə erməni əhalisinin sayı 120 min 306 nəfər təşkil edir.

 

 

Dağlıq Qarabağ münaqişəsindən sonra köçüb getməyən Bakı ermənilərinin bəziləri Dövlət Statistika Komitəsinin hələ 1999-cu ildə keçirdiyi siyahıyaalma zamanı öz milliyətini gizlətməkdən çəkinməmişdi. O zaman Dağlıq Qarabağ istisna olmaqla, Azərbaycanda 700-ə yaxın erməninin yaşadığının qeydə alındığı bildirilir. Deməli, o zaman azərbaycanlıların arasında yaşayan yalnız 700 nəfər erməni milliyətini açıq söyləməkdən çəkinməmişdi. Bu dəfəki siyahıyaalma zamanı görəsən neçəsi bunu edə bilib? Bax, bu cavabı olmayan sualdır. Amma Azərbaycanın ayrı-ayrı dövlət rəsmiləri, deputatları müxtəlif vaxtlarda, müxtəlif tribunalardan dəfələrlə aramızda kifayət qədər erməninin yaşadığını bildiriblər və daha çox səsləndirilən rəqəm isə 30 min nəfərdir. Əslində bu rəqəmin az və ya çox olması o qədər də önəmli deyil. Faktdır ki, hələ də ölkəmizdə ermənilər var və onlar Azərbaycan vətəndaşları ilə bərabərhüquqa malikdirlər. Amma Ermənistanda bir nəfər belə olsun azərbaycanlı yoxdur. Çünki onlar etnik təmizləmə siyasəti apararaq bütün azərbaycanlıları öz evlərindən qovublar. Azərbaycan əhalisinin isə 1,3 faizini – 120 min 300 nəfərini ermənilər təşkil edir.

 

 

Daha çox Bakı və Bakıətrafı ərazilərdə yaşamalarını nəzərə alaraq buradakı bir neçə erməni ilə söhbətləşib, onların yaşayış tərzi, Azərbaycanda qalma səbəbləri və digər bu kimi məsələlər barədə “Karabakhinfo.com” beynəlxalq elektron jurnalının oxucularını da məlumatlandırmaq qərarına gəldik.

 

 

Yeni layihə çərçivəsində Azərbaycanda yaşayan ermənilərlə yanaşı, Ermənistandan qovulan azərbayanlılarla olan söhbət də paralel olaraq oxucuların diqqətinə çatdırılacaq.

 

 

Bir daha xatırlatmaq istərdik ki, XX əsrdə Ermənistan ərazisindən azərbaycanlıların kütləvi deportasiya əməliyyatı üç mərhələdə aparılıb: Birinci mərhələ – 1905-20-ci illər; ikinci mərhələ – 1948-53-cü illər; üçüncü mərhələ – 1988-92-ci illər. Statistik və arxiv sənədlərində təsdiq olunduğuna görə, bu əməliyyatlar nəticəsində indiki Ermənistan ərazisində yaşayan bir milyon beş yüz mindən çox azərbaycanlı tarixi torpaqlarından qovulub. Ermənistan Sovet Respublikası qurulduqdan sonra burada azərbaycanlılar yaşayan 940 yaşayış məntəqəsindən 698-nin adı Ermənistan Ali Sovetinin qərarı ilə dəyişdirilərək erməni adları ilə əvəz olunub. Ancaq ermənilər bununla da kifayətlənməyib. Addəyişmə əməliyyatı azərbaycanlılar bu respublikanın ərazisindən tam deportasiya edildikdən sonra da davam etdirilib. Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1991-ci il 9 aprel tarixli fərmanı ilə son 91 azərbaycanlı yaşayış məntəqəsinin adı dəyişdirilərək erməni adları ilə əvəz edilib.

 

 

Proseslər zamanı ermənilər Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edib, 30 minə yaхın evi dağıdıb və yandırıb, qoca, uşaq və qadınların da daхil olmaqla 140 min insanı vəhşicəsinə qətlə yetirib, 750 mindən artıq azərbaycanlı Qərbi Azərbaycandan didərgin salınıb.

 

 

Tarixi məlumatlara görə, 1918-ci ilin avqustunda Zəngəzur vilayətinin (indiki Azərbaycan ərazisilə Naxçıvan Muxtar Respublikası arasında yerləşir) 118 kəndindən 50 mindən çox azərbaycanlı deportasiya olunub. Sonra SSRİ Nazirlər Sovetinin qərarı ilə 1948-53-cü illərdə Qərbi Azərbaycandan on minlərlə azərbaycanlı deportasiya edilib. Onların bir hissəsi yollarda, digəri Azərbaycanın aran hissəsində acınacaqlı həyat şəraitində həlak olub.

 

 

Sonuncu deportasiyada – 1988-ci ildə isə 220 mindən artıq azərbaycanlı erməni vəhşiliyinə tab gətirə bilmədiyindən doğma yurd-yuvalarını tərk edib.

 

 

Sonuncu deportasiyanın acısını yaşamış bir neçə soydaşımızın da başına gətirilənlər barədə tanış olacaqsınız.

 

 

Layihənin məqsədi Azərbaycanda minlərlə erməninin tam təhlükəsiz vəziyyətdə yaşadığı halda, Ermənistanda bir nəfər də olsun azərbaycanlının nəinki yaşamasına, hətta ora getmək istəyənlərin təhlükəsizliyinə təminat verilməməsi və oradan deportasiya olunanların hüquqlarının pozulmasına diqqət çəkməkdir.

 

 

Naibə Qurbanova
“KarabakhİNFO.com”

 

 

26.11.2014 14:39

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*