Azərbaycanca

Gürcüstan erməni separatizminin burulğanına sürüklənilir

02.01.2013 | 14:17

1359708725_sohrabƏliməmməd Nuriyev: “Çaxalyanın azadlığa çıxması yeni separatçılıq meyillərinin güclənməsinə gətirib çıxaracaq”

 

Ermənilər indi də özlərinin sıx yaşadıqları Cavaxetiya bölgəsinin, ona yaxın olan digər ərazilərin Gürcüstandan ayrılaraq, Ermənistana birləşməsini tələb edirlər. Separatçı hərəkata başçılıq edən “Vahid Cavaxk demokratik birliyi” adlı təşkilatın rəhbəri Vaaqn Çaxalyan 2009-cu ildə Gürcüstan məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilmişdi. Lakin bu günlərdə erməni katolikosu II Qaregin Tiflisdə baş nazir Bdzina İvanişvili ilə görüşdə onun azadlığa buraxılmasını xahiş edib və baş nazir erməni separatçısının həbsxanadan buraxılmasına dair tapşırıq verib. Bildirilir ki, Çaxalyanın azadlığa buraxılması Rusiyanın istəyi olub.

Çaxalyanın azadlığa buraxılması ilə bağlı prezident Mixail Saakaşvili yanvarın 25-də axşam təcili brifinq keçirərək bəyan edib ki, o, Gürcüstanın daxili düşməni və Rusiya xüsusi xidmət orqanlarının rezidentidir. Erməni məhbusu satqın və xəyanatkar adlandıran dövlət başçısı onun daha 5 il həbsdə qalmalı olduğunu qeyd edib: “Bu addımın atılması baş nazirin nəinki ən böyük səhvi, bizim dövlətçiliyimiz qarşısında ən böyük cinayətidir”. Dövlət başçısı vurğulayıb ki, bu addımların Gürcüstan üçün mənfi nəticələri hələ qabaqdadır.

Yeri gəlmişkən, hələ bir müddət bundan öncə Çaxalyan bəyan etmişdi ki, azadlığa çıxadan sonra da separatçılıq fəaliyyətini davam etdirəcək. Bu baxımdan onun azadlığa çıxması bütün Cənubi Qafqaz üçün təhlükəli görünür. Hər halda bu baxımdan Azərbaycan da narahat olmalıdır. Ayrıca Avropa və Amerika üçün çox önəmli olan Bakı-Tiflis-Ceyhan, Bakı-Batumi-Supsa neft, Bakı-Tiflis-Ərzurum qaz kəmərləri keçir və Bakı-Tiflis-Qars-Axalkalaki dəmir yolunun da keçməsi nəzərdə tutulub. Çaxalyanın azadlığa çıxması ilə bölgədə yeni separatçılıq dalğasının başlaması bu layihələr üçün də təhlükə sayıla bilər.

Politoloq Hikmət Hacızadə “KarabakhINFO.com”-a bildirdi ki,Çaxalyanın azad olmasında bilavasitə İvanaşvilinin əli var: “Çünki onu Saakaşvili tutmuşdu. İvanaşvili də Saakaşvilinin tutduğu bütün məhbusları azad edir. İndi yenidən Cavaxetiyada separtçılıq hallarının olması İvanaşvilinin günahıdır”.

Onun sözlərinə görə, Cavaxetiya məsələsi həmişə Gürcüstan üçün təhlükəli olub: “Ermənilər gah orada muxtariyyət istədidlər, gah da Qarabağ kimi Ermənistana birləşdirmək tələbini irəli sürdülər. Təbii ki, bütün bunlar Rusiyanın planıdır. Amma mənə elə gəlir ki, bu qığılcım həmişə odlana bilər”.

Politoloqun fikrincə, Azərbaycan hökuməti gərək bu işlə məşğul olsun: “Etirazlar bildirsin. Diplomatik nota göndərsin. Gürcüstandakı səfirimiz bu işlə bağlı ciddi araşdırma aparmalıdır. Çünki Çaxalyan təzədən antiazərbaycan fəaliyyətinə başlayacaq. Ona görə bizim hökumət bununla bağlı hansısa ölçülər götürməlidir”.

Gürcüstan erməni separatizminin burulğanına sürüklənilir“Konstitusiya” Araşdırmalar Fondunun sədri, hüquqşünas Əliməmməd Nuriyev fikrincə isə İvanaşvili  siyasi vəziyyəti nəzərə almadan qərarlar qəbul edir: “İvanaşvili siyasətdə yeni bir adamdır. O daha çox biznes fəaliyyəti ilə məşğul olub. Ona görə bəzi qərarlarının da nəticəsini hesbalama imkanlarında bir qədər məhdudluq var. Şübhəsiz ki, separatizmlə məşğul olan Çaxalyanın azadlığa çıxması yeni separatçılıq meyillərinin güclənməsinə gətirib çıxaracaq. Nəzərə alsaq ki, erməni millətçilərində separatçılıq fəaliyyəti kifayət qədər güclü olub. Onlar bütövlükdə qonşu Qafqaz ölkələrində, eləcə də digər ölkələrdə, hətta ermənilərin daha çox köçdüyü ölkələrdə müxtariyyət istəyirlər. Bu təhlükəli tendensiyadır”.

O, Gürcüstan dövlətinin bunun mənfi nəticələrini görəcəyini qeyd etdi: “Bu orada millətlərarası münasibətlərin daha da gərginləşməsinə səbəb olacaq. Nəzərə alsaq ki, Gürcüstan çoxmillətli ölkədir. Bir sıra hallarda separatçı meyilləri mənimsəmiş şəxslərlə bağlı qərar qəbul edəndə, hətta onu kiminsə xahiş etməsinə baxmayaraq  çox ehtiyatlı olmaq lazımdır. Çox təəssüf ki, İvanaşvili hakimiyyəti strateji düşünmək imkanlarına malik deyil. Belə başa düşürəm ki, indi Gürcüstan hökuməti fərdi xahişlərlə işləməyə meyillidir. Fərdi xahişlərin dövlətin maraqlarına uyğun olub-olmaması məsələsini sona qədər hesablaya bilmirlər. Son vaxtlar bir sıra bəyanatların sonradan təkzibi onu göstərir ki, hələ də burada tam surətdə ölkənin idarəçiliyində siyasi iradə yoxdur”.

Hüquqşünasın fikrincə, Çaxalyanın növbəti fəaliyyəti nəinki Gürcüstanın, bütövlükdə Cənubi Qafqaz ölkələrinin maraqlarına zidd olacaq: “Təbii ki, onun separatçılıq fəaliyyəti Gürcüstanın qonşuları ilə bağlı problem yarada bilər. Hər halda bu təhlükə mövcuddur. Söhbət bir nəfərin azad olmasından getmir. Bütövlükdə onun yanaşması, fəaliyyəti və ətrafına topladığı separatçı qüvvləri nəzər almaq lazımdır”.

Gürcüstan erməni separatizminin burulğanına sürüklənilir “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli birmənalı olaraq separatizmi lənətlədiklərini və Gürcüstanın ərazi bütövlüyünə dəstək verdiklərini dedi: “Amma təəssüflər olsun ki, Cənubi Qafqazda birgəyaşayışın təməllərini sarsıdan erməni separatçılığı ağır bir yaradır. Bunu körükləyən qüvvələr təbii ki, var. Bu qüvvələrin kimiliyini də biz çox aydın şəkildə bilirik”.

Z.Məmmədliyə görə, Çaxalyanın azad olması ilə bağlı Saakaşvili açıq bir həyacan təbili çalırsa, biz də narahat olmalıyıq: “Hər halda Cavaxetiya da kifayət qədər həssas  bölgədir və orada etnik separatçılıq hər zaman Gürcüstanı təkid edir. Onlar təbii ki, Azərbaycan və Gürcüstan  üçün təhlükə mənbəyidir. Çünki Bizim iri kommunikasiya layihələri o bölgədən keçir. Elə etnik gərginliklər bütün hallarda Qafqazın gələcəyini, o cümlədən Azərbaycan-Gürcüstan münasibətlərinin perspektivlərini şübhə altına sala bilər. Azərbaycanla Gürcüstan strateji müttəfiqdirlər. Burada birbaşa və dolayı halda separatçılıq əhval-ruhiyyəsinin  artması iki dövlətin əlaqələrinə ciddi təsir yarada bilər”.

 

 

 

 

Fuad Hüseynzadə                                

KarabakhINFO.com

02.01.2013 14:17

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*