Azərbaycanca

Gürcüstan yol, Ermənistan vasitə, Azərbaycan isə hədiyyədi

29.04.2013 | 15:12

1367233778_manset1   Hər bir məsələ kimi Qarabağ məsələsi də yaxınlığından və uzaqlığından, habelə “istiliyindən” və ya “soyuqluğundan” asılı olaraq müxtəlif güclər tərəfindən fərqli qəbul olunur.

 Bəs qlobal güc tarazlığının dəyişdiyi bir dövrdə Qarabağ münaqişəsinə beynəlxalq münasibət özünü konkret necə büruzə verir? Mütəxəssislər hesab edir ki, Qarabağ münaqişəsi ilk növbədə Qərbdə böyük bir regional münaqişə kimi, hətta demək olar ki, postsovet məkanının ən çətin problemi kimi qəbul olunsa da, regionun çox mürəkkəb geosiyasi durumu ilə əlaqədar, xüsusən də Azərbaycanın müxtəlif güclərin maraq dairələrinin kəsişdiyi bir ölkə olduğuna görə kənar təsirlər münaqişənin effektiv həlli üçün əlverişli deyil. Azərbaycan münaqişə nəticəsində böyük ziyan çəkib ki, bu da ölkənin iqtisadi və siyasi həyatına təsirsiz ötüşməyib. Burada əsas qane etməyən məqam beynəlxalq güclərin münaqişənin sülh yolu ilə həlli prosesində işğalçı dövlətə açıq siyasi təzyiqlər etməməsidir. Türkiyədən başqa region dövlətləri  Ermənistanı təcavüzkar adlandırmayıb. Digər tərəfdən isə son illər Qarabağ münaqişəsinin həlli ilə bağlı əsas təşəbbüsün Rusiyanın əlində olması aydın şəkildə görünür. Qərb gücləri də bunun belə olmasını qəbul edirlər.

 

      Müsahibimiz İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupunun (BİQ) koordinatoru, AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun baş elmi işçisi, siyasi elmlər doktoru Ramiz Sevdimalıyev də hesab edir ki, münaqişənin yaranmasına səbəb olduğu kimi, həll olunmamasında da birbaşa Rusiyanın rolu var.

 

–         Nəzərə almaq lazımdır ki, Ermənistanla Azərbaycan arasındakı münaqişə təkcə etnosiyasi yox, həm də geosiyasi münaqişədi və istənilən halda bu müharibə baş verməli idi. Tarixə nəzər salaq: 1905-ci ildə imperiya gərgin bir vəziyyətdə idi və o vaxt etnik qruplar arasında qarşıdurma yarandı. 1917-18-ci illərdə də həmin siyasi gedişi görürük. SSRİ-nin süqutu ərəfəsində – 1988-ci ildə də yenə oxşar hadisələr müşahidə olunur. SSRİ-nin dağılması həm də imperiya çərçivəsində olan Rusiyanın dağılması idi və bu ərəfədə Rusiya Dağlıq Qarabağ müharibəsini ortalığa atdı. Rusiya zəifliyini başa düşürdü və dünyanın aparıcı dövləti iddiasından əl çəkmək istəmədiyi üçün SSRİ tərkibində olan dövlətlərin müstəqil şəkildə yaşamasını əngəlləmək üçün ideal variant qeyri-sabitlik yaratmaq idi. Bunun üçün etnik qrupları üz-üzə qoymaq mexanizmindən əlverişli üsul ola bilməzdi. Hazırda da Rusiya tərəfləri özündən asılı etmək üçün münaqişələrin həll olunmasında maraqlı deyil və indi də iddialarından əl çəkmir, respublikaları müstəmləkəyə çevirərək ətrafında birləşdirmək modellərini açıqlamaqdan belə çəkinmir.

Gürcüstan yol, Ermənistan vasitə, Azərbaycan isə hədiyyədi 

–         Dağlıq Qarabağ münaqişəsinin həllindən daha çox, münaqişənin yenidən alovlanmasına yol verilməməsi prioritet kimi səsləndirirlər. Həll yolları barədə isə yeni təkliflər hələ ki açıqlanmır…

 

–         Dağlıq Qarabağla bağlı mənim hələ illər öncə 2002-ci ildə xaricdə məqaləm çap olunub. Həmin məqalədə mən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həll yollarını təklif etmişəm. İlk növbədə Azərbaycan hansı mövqedən çıxış etməlidir? Əvvəla, Cənubi Qafqazda üçüncü bir dövlətin hərbi bazası olmamasına çalışmalıdır. Digər bir məsələ ermənilərin təhlüksizlikləri üçün təminat istəmələri ilə bağlıdır. Hesab edirəm ki, bizim də Ermənistandan gələn soydaşlarımız var və onların da təhlükəsizliyinə təminat verilməli, onlar da Erməistana – tarixi torpaqlarına qayıtmalıdırlar. Düzdür, indi çoxları bunun xülya olduğunu desə də, hesab edirəm ki, vətənə qayıtmaq istəyi xülya olmamalıdı. Ümumiyyətlə, uzunmüddətli sülhə o zaman nail olmaq olar ki, Ermənistandan qaçqın düşmüş insanlar üçün Ermənistanda, Dağlıq Qarabağda isə ermənilər üçün muxtariyyət olsun. Bu məsələyə qarşılıqlı təminat olarsa, real olması mümkündür.

 

–         Bəzi siyasilər belə hesab edir ki, Qarabağda yaşayan erməniləri Ermənistanda, Ermənistanda yaşayanları isə Qarabağda məskunlaşdrmaqla münaqişəni həll etmək olardı.

 

–         Bu məsələnin özlüyündə də çatışmazlıq var. Çünki,  Ermənistandan deportasiya olunan azərbaycanlıların tarixi torpaqlarından qovulmaqla hüquqları pozulub və əvəzində bir öhdəçilik kimi Qarabağa yerləşdirilməsi də bir şərt kimi irəli sürülməsi normal hal deyil. Düşünürəm ki, bu nə torpaqların qaytarılmasına, nə də sülhə aparan bir yaxınlaşmadır.

Dağlıq Qarabağ münaqişəsinin həllində ərazilərin dəyişdirilməsi modelini təklif edən amerikalı politoloq Pol Qoqlun Cənubi Qafqaz ölkələri haqqında maraqlı bir fikri var. O, deyir ki, Gürcüstan yoldu, Ermənistan vasitədi, Azərbaycan isə hədiyyədi. Yəni bütün Cənubi Qafqazda gedən mübarizələr Azərbaycan uğrundadır. Qərbin Mərkəzi Asiyaya çıxışı yalnız Azərbaycan – Xəzər dənizi vasitəsilə mümkündür. Ona görə Azərbaycan hədiyyədir. Hələ Çar Rusiyası XIX əsrin əvvəlində özünün ekspansiya siyasətini həyata keçirəndə fars dövləti ilə bağladığı müqavilələrdə bura məhz ermənilərin köçürülməsini nəzərdə tutdu. Rusiya erməniləri Cənubi Qafqazın strateji yerlərində məskunlaşdırmaqla böyük bəlalarımızın başlanğıcını qoydu.

 

–         Qafqaz regionu indi də etnik münaqişələr baxımından aktivdir. Sizcə, bu Azərbaycan üçün nə dərəcədə real təhlükə sayıla bilər? Nəzərə alaq ki, Azərbaycan həm də çoxlu sayda etnik azlıqların yaşadığı bir ölkədir.

 

–         Çoxmillətli dövlət olmağın həm üstünlüyü, həm də neqativ tərəfləri var. Neqativ tərəfləri sırf milli təhlükəsizliklə bağlıdır. Əgər etnik millətlər cəmiyyətdə onlara qarşı hər hansı rəsmi səviyyədə milli-etnik mənsubiyyətə görə ayrı-seçkiliyin olduğunu görərlərsə etirazlarını bildirmş olarlar. Amma Azərbaycanda belə bir təhlükə yoxdur. Çünki burada etnik millətlərlə azərbaycanlılar eyni hüquqlara malikdirlər. Amma çoxmillətli dövlətlər əsasən kiçik dövlət olanda, üstəgəl həmin dövlətin yerləşdiyi coğrafi məkan geostrateji baxımdan həssas olanda, aparıcı güc mərkəzlərinin maraqları həmin məkanda toqquşanda artıq xarici qüvvələrin burada qeyri-stabillik yaratmaq istəyi aktuallaşır. 1990-cı illəri xatırlasaq Sadval təşkilatının anti-Azərbaycan təbliğatını görərik. Daha sonra cənub bölgəsində Talış Muğan Respublikası yaradılmasını və digər hadisələri aid edə bilərik. Amma bizdə milli təhlükəsizlik strategiyası var və bu strategiya formalaşanda vacib faktorlar da nəzərə alınır. Yəni Azərbaycanın çoxmillətli dövlət olması, bu millətlərin hansı gücə malik olması, haradan qaynaqlanması və digər bu kimi məsələlər milli təhlükəsizlik konsepsiyasında nəzərə alınır və bunun əsasında milli təhlükəsizlik mühiti deyilən məfhum formalaşdırılıb. Hazırda Azərbaycan haqqında belə bir təhlükənin olmadığını deyə bilərik, çünki bu sahədə işlər yüksək səviyyədə aparılır.

Gürcüstan yol, Ermənistan vasitə, Azərbaycan isə hədiyyədi 

–         Erməni terror qruplarının əsas hədəflərindən biri də başda Azərbaycan olmaqla etnik qrupları dövlətə qarşı yönəltmək olub. Ermənistanda Azərbaycan qədər etniklərin olmaması orada vəziyyətin təhlükəsiz olması anlamına gəlirmi?

 

–         Ermənistan monoetnik dövlət kimi formalaşıb. Diasporanın Ermənistanın üzərində rolunun yüksək səviyyədə qalmasının səbəblərindən biri sonuncu iki yüz il ərzində etnik ermənilərin yaratdıqları terror təşkilatlarının rolu böyük olub. Ermənilər XIX əsrin ikinci yarısından başlayaraq böyük dövlətlərin Osmanlıya qarşı apardığı siyasətlər nəticəsində təşkilatlanmağa başlayıb və həmin dövrdə “Armenikan”, “Qınçaq”, Daşnaksütyun” kimi siyasi təşkilatlar adı altında teror qruplaşmaları yarandı. Bu təşkilatlanmanın önündə gedənlər isə erməni ziyalıları və kilsə xadimləri idi.  Adətən beynəlxalq terrorizmin XX əsrin ikinci yarısında fələstin terrorçularının simasında yarandığı deyilir. Amma bu yalnış yanaşmadır. Çünki erməni terorunun tarixi daha qədimlərə gedib çıxır. Məsələn, mülki əhalinin girov götürülməsi erməni terror təşkilatlarının müasir terrorizmə verdiyi töhfədir. Hakimiyyət qarşısında tələblər qoymaq da onlara məxsusudur. Erməni teror təşkilatları müasir terrorizm üçün laboratoriya, akademiya rolunu oynayır. Təşkilatlanana qədər ermənilər bir millət kimi özlərini dərk etmirdilər və onları etnik milli zəmində formalaşdırmaq üçün nəsə tapılmalı idi, o da onların tarix boyu əzilən bir millət olduğunu təqdim etmək ola bilərdi. Osmanlılar onlara beş yüz il idi ki sığınacaq vermişdi və əgər onlara təcavüz olunsaydı adət-ənənlərindən, dinlərindən əl çəkərdilər. Buradan da aydın görünür ki, ermənilərin türklərin onlara təcavüz etmələri kimi iddiaları yalandır. Ermənilər tarix boyu əzilən xalq olmaları, 1915-ci ildə türklər tərəfindən soyqırıma məruz qalmaları, dənizdən dənizə mifik bir dövlətlərinin olması kimi heç bir həqiqətə söykənməyən yalanlarını diasporalar arasında yaymaqla ianələr toplayırlar. Bu ideologiyadan yapışmaq böyük bir biznesdir və bununla onlar zənginləşərək maraqalarını təbliğ edirlər.

Bu gün Ermənistanın siyasi müstəvisindən Dağlıq Qarabağ problemin götürsək, bu millətin başını qata biləcəyi heç bir məsələ olmayacaq. Gündəmdə qalması üçün zaman-zaman bu məsələlər olmalıdır ki, Ermənistanın bir dövlət kimi mövcudluğu hiss olunsun.

 

Naibə Qurbanova

KarabakhINFO.com

 

29.04.2013 15:12

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*