Azərbaycanca

Hələ də yol gözləyənlər var

18.10.2012 | 17:28

1350563198_arif-1Hələ də yol gözləyənlər var.

Qardaşının yolunu gözləyən, Arif dayı ilə söhbətimizin sonunda bunu anladım ki, hələ də qardaşı Mehmanı nə vaxtsa görəcəyinə inanır.

Vətən də, millət də, dövlət də torpaqdan başlayır. Uğrunda ölən varsa vətəndir. Ağacın barını hardan aldığı məlumdur. Doğru deyiblər ki, ömür beşikdən başlanır. Geniş yolların kökü isə xırda cığırlardan. Hər birimiz kiçik evlərin astanasından böyük dünyaya düşürük.Yollar bizi böyük dünyaya apardıqca kiçik dünyaları unutmamalıyıq.

Didərgindi Qarabağın oğlu, qızı,
Yad diyarda susub tarı, sınıb sazı.

O, sazlar bir də çalmalıdır, bülbüllər yenidən nəğmə qoşmalıdır. Tarix yazılır, pozulmayan mürəkkəblə. Biz tarixi nə qədər xatırlasaq, tarix də bizi o qədər unutmayacaq. İnsan hara gedir getsin, vətən onunla qardaşdır, sirdaşdır. Gözəl Qarabağımızın cənnət güşələri ilim- ilim inləyir, xalqım! Birləşək! Düşünəndə ki, ermənilər bizim torpaqlarımıza sahib durub, adam öz içində korum- korum odlanır, göyüm-göyüm göynəyir. Hərdən düşünürəm ki, bəlkə bizi torpağın qarğışı tutub.
Bugünkü müsahibimiz ermənilərin hər cür vəhşiliklərini öz gözlərilə nəinki görmüş onları yaşamış biridir. Əzizov Arif Qüdrət oğlu əsir həyatı yaşayıb, elə görüşən kimi söhbətə başladıq:

-Vətən sizin üçün hardan başlayır?

-Damardakı qandan. Yoxsa əsib gurlamalar yalandır. Əbəs deyil axıdılan onca qan. Edilən müsibətlər, yaşanan acılar, unudulmayan işgəncələr. Hara getdi, bunca ah-nalə? Torpaq, vətən sevgisi Aygünlə, Röyayla qurtardı? Bu qədər insanın haqqı? Hara gedir bu gənclər? Tarixin səhfələrini niyə vərəqləmirlər? Niyə gedişindən xəbərsizdilər dünyanın, özlərinə dar edirlər işıqlı dünyanı? Jurnalistlər yaxşı işləmir. Mən tv –lərə baxıram. Mənə kim boşandı, kim evləndi lazımdı? Dünyadan xəbər lazımdı. Çıxaq şəhərə, sorğu keçirək. Görək neçə nəfər işğal olunmuş rayonlardan heç olmasa birinin tarixini deyə biləcək. Çox az adam bunu bilir. Belə nə vaxta kimi davam edəcək? Vətən arzumuzu gözümüzdə qoymayaq. Sizə, bu saytın rəhbərliyindən tutmuş, ən kiçik vəzifə daşıyıcısına qədər hər birinizə minnətdaram. Daimi oxuyuram. Yeni açılsa da yararlıdı. Sükanı belə saxayın. Belələri çox olsun. Yoxsa…… Nəysə…

-Nələr yaşamısınız onlardan danışın.

-Nədən, neçə başlayım bilmirəm. Dəfələrlə müsahibə vermişəm, hər dəfə də danışdıqca az qalıram dəli olum. İnsana xas olmayan, ağıla gəlməyən, nə varsa hamısını gördük və yaşadıq. Üzərimizdə elə təcrübələr aparırdılar ki.

-Arif dayı, başınıza nələr gəldi?

-Qızım soruş ki, Arif dayı, başına nə gəlmədi? Bax, onda deyim, gəlməyən qalmyıb bala.
Ermənilər elə vəhşiliklər törətdilər ki, gözlər şahid, qəlblər sınıq qaldı. Bir -bir çıxardırdılar qarşıya soyundururdular, qadın, qız bilmirdilər. Eləməyən olanda vay halına, od vurub birdəfəlik yandırırdılar. Bizim də heç nəyimiz yox, əlimiz yalın, başımız alovlu. Kimə gəldi bıçaq vururdular, dırnaqlarını çıxardırdılar, barmaqlarını qapının arasında qoyub sıxırdılar, qulaqlarını kəsirdilər, gözlərini çıxardırdılar, dillərini kəsirdilər. Mənim şəxsən baş barmağımı qapının arasında qoyub sıxdılar, dırnaqlarımı da çıxartdılar, ayaqlarımı sındırmışdılar. Kimi istəyirdilər sıradan çıxardıb güllələyirdilər, kimi ürəkləri istəyirdi döyürdülər, hansı cür istəsələr o cür vəhşilik edirdilər. Biz aciz adamlar idik, əlimiz-qolumuz bağlı, bir də görürdün gəlib 5-6 nəfər götürüb aparırdılar işgəncələr verir, sağ qalırdısa gətirib kameraya atırdılar, ölürdüsə itin qabağına. Bizim əslində heç ümidimiz yox idi ki, sağ qalarıq, Azərbaycana gələrik. Bunu ancaq xəyal edirdik. Çünki bir gündə orda o qədər adam güllələnirdi ki.

-Əsirlikdən necə xilas oldunuz?

-Bizi Milli Qəhrəman Allahverdi Bağırovun əliynən dəyişdirdilər. Əsirlikdə 3 gün qaldım, sonra atamla qardaşımı saxladılar, atam 26 fevralda əsir düşmüşdü, 12 apreldə erməniylə dəyişdilər, amma qardaşım haqqında indiyəcən heç bir məlumat yoxdur, o vaxtdan itkin düşüb, ölub ya qalıb bilmirik. 2004-cü ildə məlumat gəldi ki, guya bir erməninin evindədi, külli miqdarda pul istəmişdilər. Bu erməni gəlib Gürcüstanda bizim səfirliyə deyib ki, Əzizov Mehman Qüdrət oğlu mənim əlimdədi. Biz də həmin məbləği toplayıb Gürcüstana getdik. Həmin erməniylə bizim səfirlikdə görüşdük. Bizə məlumat verdi ki, böyrəyini çıxarıb bir muzdlu döyüşçüyə qoyublar, dilini, qulağını kəsiblər. Erməni söz verdi ki, mənim əlimdədi gətirəcəm, amma 1 ay keçdi bir xəbər çıxmadı. Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları əməliyyat keçirdilər amma Mehmanı tapa bilmədilər. Sonradan da nə o ermənidən, nə də qardaşımdan xəbər çıxmadı. Hal- hazırda da itkindir. Qardaşım Əskəran rayonunda 1992-ci ilin fevral ayının 26-da əsir düşüb, onunla birgə olanlardan dəyişilənlər olub, amma ondan hələ də bir xəbər yoxdu. Gözüm qapıdadı, ümid edirəm nə vaxtsa o qapıdan içəri girəcək.

-İndi yaşayışınız necədi?

-Şirvan şəhərində məsgunlaşmışıq. Dövltimizə, prezidentimiz və xanımına çox minnətdarıq ki, bizim normal şərtlərdə yaşamağımız üçün hər cür şərait yaradıblar. İnşallah, prezidentimizin uğurlu siyasətinin nəticəsində doğma torpaqlarımıza qayıdacağımıza inanıram. Hər zaman da yenidən döyüşə gedib torpaqlarımız uğrunda canımdan keçməyə hazıram.

Aysel Talıblı.

 

18.10.2012 17:28

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*