Azərbaycanca

“Həmin zərblə torpağa dəyən damlalar Laçınlı günlərimi oyatdı”

17.05.2014 | 12:42

1400321980_zeynebMayın 17-də Laçın rayonunun işğal olunmasının 22-ci ildönümü tamam olur. Laçınla bağlı xatirələrini yazıçı, tərcüməçi Zeynəb Əliqızı “KarabakhİNFO.com” beynəlxalq e-jurnalına verdiyi müsahibəsində bölüşdü.

-Laçınla bağlı xatirələrinizdən danışaq…

 

Hadisələr gözlənilməz oldu. Birdən-birə Laçını itirdik. İnsan ömrünün, hansısa bədii filmdə baş verən ani epizod kimi… Yaşamımız ağrılı-acılı həyat hekayəsinə döndü. İnsan fikirləşir ki, o günlərin, o illərin qədrini bilməyib. Amma belə deyil. Qədri bilinsə də, bilinməsə də, bu, bizim necə deyərlər, alın yazımız imiş… Qəribə tale yaşadıq. Bu taledə bir pərtlik də var. Vətən valideyn, baba-nənə deyil ki, ölüb getsin! Vətənin, yurdun itkisi həm də ona görə təsirlidi ki, burada qanunauyğunluq yoxdur. Əksinə, boşluq var. Həyatında, günlərində əvəzsiz bir boşluq hiss edirsən. Qəlbin döyünə-döyünə onu duymursan. Özündən uzaq düşürsən. Digər sevgi hissləri sənin gündəlik həyatındakı boşluğu doldura bilmir. Bir sözlə, ayağın torpağında deyil, sözün keçmir, ürəkli deyilsən…

 

-Laçının süzmə balı…

 

İnsanın doğulub boya-başa çatdığı, yaşadığı və həyatı dərk etməyə başladığı yurdla bağlı xatirələri sonsuz olur. Oradakı yaşıllıq, bağ-bağat, dağ zirvələri, sıx meşələr təsvirə və təsəvvürə gələndir. Amma bal kimi şirin xatirələrim həyətimizdə arı saxlamağımızla bağlıdı. Onda mən uşaq idim. Arılar çox idi. Əksər uşaqlar kimi biz də onlardan qorxurduq. Amma uşaq idrakımla bu qəribə heyvanları dərk etməyə çalışırdım. O zaman bilmirdim ki, bal ən qiymətli şirniyyat, arının özü isə ən müəmmalı canlıdır. Bu lap kiçik canlıların insana necə tabe olmaları, könüllü olaraq məhsullarını onlara vermələri, bir sözlə, insana belə can-başla xidmət göstərmələri maraqlı görünürdü. Atamla anam arılara lap səhər tezdən qulluq edirdilər. Biz yuxudan ayılıb pəncərədən baxanda onların xüsusi papaq və əlcək geyinərək, arı pətəklərinin qapağını qaldıraraq işlədiklərini görürdük. Anam çox vaxt əlcək geyinmirdi. Üstəlik, paltarının qolunu da dirsəyinədək çırmalayırdı. Deyirdi ki, onlar məni tanıyırlar, mənə dəymirlər. Evin birinci mərtəbəsində bal çəkən maşın quraşdırılmışdı. Balla dolu şanları oraya yerləşdirib süzməsini ayırırdılar. Yaxın ötən illərdə Qərb ölkələrinin birində arıçılıqla məşğul olan bir fermerin işindən bəhs edən sənədli filmə baxırdım. Həmin maşını filmdə gördüm. Maşının balın süzüldüyü hissəsi tıxacla bağlı idi. Maşının çanağı süzmə balla dolandan sonra arıçı qəfildən həmin tıxacı götürdü. Süzmə bal axıb tökülməyə başladı… İri planda gördüyüm həmin mənzərə eynən atamın etdiyinin təkrarı idi. Özüm də duymadan verilişə baxa-baxa göz yaşlarımı silməyə başladım. Həyat yoldaşım təəccüblə üzümə baxıb dedi ki, sənə nə oldu. Onun səsi gəlməsəydi, mən harada olduğumu bilməzdim…Bakıda atamın yazıçı dostları vardı, yayda ailələri ilə bizə qonaq gəlirdilər. Bizə qəribə görünürdü ki, anamın xüsusi zövqlə hazırladığı (anam çox dadlı xörəklər bişirirdi) yeməklərdənsə, təzə yağla bala üstünlük verirdilər. O qonaqları indi başa düşürəm…

 

– Laçından ayrı qalmaq sizə necə təsir edir?

 

Mənə elə gəlir ki, bütün Yer kürəsini gəzib dolaşsam belə, Laçındakı evimizin pəncərələrindən çölə baxdığım qədər təbiətdən, həyatdan zövq ala bilmərəm. Yəqin elə buna görə ölkələri gəzmək həvəsim yoxdur. Xeyli vaxt bundan əvvəl səyahət etdiyim bir Qərb ölkəsi mənə o qədər soyuq görünüb ki… Azərbaycanın çox yerində, gözəl guşələrində olmuşam. Yalnız bir dəfə İsmayıllıda, Bədo yaxınlığında Laçını hiss etdim. Avqust ayı idi. Üç gün idi ki, orada idik. Üçüncü gün gecə saat 3-də göy gurladı, ildırım çaxıb yağış yağmağa başladı. Damlalar zərblə yatdığım otağın pəncərəsinin şüşələrini döyəclədi. Yuxudan ayılıb pəncərəni açdım. Həmin zərblə torpağa dəyən damlalar Laçınlı günlərimi oyatdı. Yağışa qoşuldum… Nə yağış kirimək bilirdi, nə mən. Səhər saat altıya qədər kəsib-kirimək bilmədik. Səhər günəşinin al şəfəqləri də eynən Laçındakı kimi parlayırdı. Həyətə düşüb şehli otların üstündə gəzişə-gəzişə də təbiətin bu qəribə oxşarlığına mat-məəttəl qaldım. Elə bil bura Laçınla əkiz idi. Təbiət eynən ordakı kimi hərəkət edirdi.

 

– Maraqlıdır, Laçınsızlıq sizin yaradıcılığınıza necə təsir edib?

 

Mən yaradıcılığımda, yazılarımda Laçına xüsusi bir yazı həsr etməmişəm. Məqalələrim, jurnalist yazılarım olub, söhbət bədii yaradıcılıqdan gedir… Amma az-çox nə yazmışamsa, onun qayəsini ordan “çəkdiyim şirə” təşkil edib.

 

– Qələmə aldığınız əsərlərdə müharibə mövzusu da əsas yer tutur. O yazılarda yurd həsrəti, Laçın duyğusu hiss olunur…

 

Məxsusi olaraq “Şəhid anası” adlanan hekayəm ümumilikdə azərbaycanlı şəhid anasının obrazıdır. Burada bölgə məsələsi yoxdur. Real müharibənin detalları var bu hekayədə. Hekayədəki şəhid anası müharibənin əmələ gətirdiyi bir dərd obrazıdı. Şəhid anası elə Laçındı və ya Laçınsız qalan laçınlıların hamısı…

 

– Laçınlı ömrünüzlə indiki həyatınızı müqayisə edirsinizmi?

 

Laçınlı həyatımın üstündən çox illər keçib. Həyat o deyil ki, ancaq kefə baxasan. Həyatın hər üzü var. Qəribədi ki, o illərin ağrı-acısı da indiki kimi deyildi. İndiki həyat turşməzədir, meyxoşdur. Bir “ahın dağlara” yarızarafat deyimi var. Həqiqətən də, adamın dərdini-azarını dağlar götürürmüş, adam yüngülləşirmiş… Laçın işğal ediləndən sonra laçınlıların əksəriyyətinin sağalmayan, ağır xəstəliklərə düçar olmaları da təbiidi. Görünür, dərdə tab gətirə bilmədik…

 

Ayağım Laçına bir də dəysə…

 

– Zeynəb xanım, inşallah Laçın azad olunar və siz ilk olaraq haranı ziyarət etmək istərdiniz?

 

Laçın işğaldan azad olunsa… ayağım Laçına bir də dəysə… Laçına getmək üçün Qarabağdan, Şuşadan keçmək lazımdı. Orada Yeddiqat deyilən ensiz maşın yolu var. Çox təhlükəli yoldu. Laçına gedəndə uca dağın zirvəsindən ətəyinədək 7 döngə ilə üzü aşağı gedirsən. Uzaqdan baxanda həmin yeddi döngə ancaq şırımlar olaraq görünür. İnsanı qorxu bürüyür. O yolu bir də getsəydim üzü Laçına tərəf… İlk olaraq yəqin ki, evimizə gedərəm. Həyətdə itimiz vardı. İri, qara, çox zəhmli köpək idi. Onun qorxusundan həyətə canavar gələ bilmirdi. Onu açıb həyətə buraxdıq ki, yazıq bağlı qalmasın. Elə bilirəm ki, o it hələ də həyətdə gəzişir, hürür… Laçının bir tozu, bir zərrəsi, bir damlası, bir udum havasıyam…

 

– Laçının işğaldan azad olunması üçün siz də əlinizə silah alıb döyüş bölgəsinə yollanardınızmı?

 

Silah tutan bacarığım yoxdu. Durum nə deyim? Amma, bilmirəm. Məndən nə asılı olsa, onu edərəm. Onu bilirəm ki, nə qədər sağam, nə qədər nəfəs alıram, o qədər Laçınam. Laçının bir tozu, bir zərrəsi, bir damlası, bir udum havasıyam. Elə bilirəm ki, biz, Laçından gələn laçınlılar dünyadan köçdükcə, Laçın da yalqızlaşır, kimsəsizləşir. Axı laçınlıların hamısı oranı görməyib. (Mən orada doğulmayanları, Laçını heç görməyən laçınlıları nəzərdə tuturam.) Bəlkə də Laçını görmək onlardan kiminsə bəxtinə yazılıb və mən buna inanıram. Təki Allah qismət eləsin! Amma bir var ata ocağına baş çəkəsən, bir də var, qoyub gəldiyin ocağın üstünə gedəsən. Bunlar ayrı-ayrı duyğulardır.

 

Günel Cəlil

“KarabakhİNFO.com”

17.05.2014 12:42

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*