Azərbaycanca

“Həmişə Şelli postunda düşmənlərə ağır zərbələr endirmişik”

08.04.2014 | 14:10

1396954180_samil4Əbilov Şamil Məmməd oğlu 1969-cu ildə Ağdamın Seyidli kəndində anadan olub. Uzun illər sovet ordusunda xidmət edib. 1990-cı ildə isə ölkəmizdə hərbi xidmətə başlamışdır. Ölkəmizdə ordu yarandığı andan ordunun ilk əsgərlərindən biri olub. Bölük komandiri, Tabor komandiri və bir sıra vəzifələri icra edib.

 

Şamil Əhmədov “KarabakhİNFO.com” beynəlxalq elektron jurnalına müsahibəsini təqdim edirik:

 

-İlk dəfə döyüşə haradan başlamısınız?

“Həmişə Şelli postunda düşmənlərə ağır zərbələr endirmişik”-Bir neçə kənd var idi. Rəhmətlik Şirin Mirzəyev özünü müdafiə dəstəsi yaratdı və biz Xaçın gölü ətrafında yerləşdik. Burada Əlimədətli, Kürdlər, Bəşirlər, Qaralar, Əliağalar, Cinli və bir çox kəndlər var idi. İlk dəfə vətənin müdafiəsinə elə  bu ərazilərdən başlamışıq. Qarabağın demək olar ki, bütün kəndlərində, bütün bölgələrində Şirin Mirzəyevin özünün müdafiə dəstəsi ilə birlikdə vətənin müdafiəsində durmuşuq. 1991-ci ildə Şirin Mirzəyev erməni ilə sərhəd olan ərazilərə kömək üçün dəstələr göndərirdi. Bunlardan ən ağır vəziyyətdə olan ərazilərdən biri də Xocavənd rayonunun Qaradağlı kəndi idi. Bizi əlli nəfər heyətlə həmin ərazini qorumağa göndərdilər. Bu ərazi hər tərəfdən erməni kəndləri ilə sərhəd idi.  Mən ilk dəfə döyüşə bu ərazilərdən başlamışam. Bizim olduğumuz post isə Umutlu postu idi. Biz bu postda çox əziyyətlər çəkmişik. Elə olurdu ki, bizə günlərlə ərzaq gəlmirdi. Çox acınacaqlı bir vəziyyətdə idik. Qış ayı olduğundan  gecələri şaxtalı və soyuq olurdu. Biz bu posta gəldikdən sonra özümüz üçün səngərlər qazmağa başladıq. Sonra isə növbə ilə bu postlarda dururduq. Mən  isə, adətən, gecələr, axşam saat ondan səhər saat səkkizə kimi, postda dururdum. Mənimlə postda  bizim kənddən olan Rabil adlı oğlanla yaxın dostum olan Mahin dururdu. Bir gecə postda idik. Postun yaxınlığında yanmış bir məktəb yerləşirdi. Məktəbin yanında da bir otaq var idi. Biz paltarımızı dəyişmək üçün bu otaqdan istifadə edirdik. Elə bir vaxt idi ki, biz güllələri öz pulumuzla alırdıq. Mənim də həmin otaqda öz pulum ilə aldığım 4 qutu gülləm var idi. Mühasirədə olduğumuz üçün onları burada ehtiyat saxlamışdım. Axşam hava qaralmışdı mən postu uşaqlara tapşırdım ki, gedib güllə gətirəm. Silahımı da götürüb otağa  getdim. Mən qayıdıb gələndə gördüm ki, postun yanında fənər yanır. Cəld yerə uzanaraq sürünməyə başladım. Bir az yaxınlaşdım və gördüm ki, postun o biri tərəfində bir neçə nəfər var. Bunların söhbətindən başa düşdüm ki, ermənilərdir. Onlardan biri ayağını qoyub postu keçmək istəyəndə onu vurdum və qışqıraraq yerə yıxıldı. Səsi eşidən kimi, bizim uşaqların hamısı gəldi. Atəş açdıq. Vurduğum əsgəri düşmənlər sürüyərək geri qayıtdılar. Bizim postun qabağında Zəyli kəndi var idi. Səhər saat 11-00 olardı, ermənilər mənim vurduğum əsgəri basdırmağa aparırdılar. Mən bunu görən kimi uşaqlara dedim ki, bunlar əsgəri basdırıb bizə hücum edəcəklər. Mən postu iki nəfərə təhvil verib paltarlarımı dəyişməyə getdim. Bir az keçmişdi ki, düşmənlər bizə hücum etdilər. Çox ağır bir döyüş keçirdik. Döyüş bir neçə saat davam etdi. Mən silah səslərini eşidən kimi cəld öz avtomatımı götürüb çölə çıxdım. Sürünərək posta tərəf gəldim və döyüşməyə başladım. Biz, xeyli döyüşdük və elə oldu ki, hamımızda güllə qurtardı. Mənim də otaqda 4 qutu gülləm var idi.  Mən sürünərək yenidən otağa qayıtdım ki, güllələri götürəm. Çox çətinliklə otağa kimi süründüm və güllələri götürüb geri qayıtdım. Gələn kimi iki qutu gülləni 8-ci posta verdim, digər iki qutunu isə 9- cu postla öz aramda bölüşdürdüm. Biz, yenidən döyüşməyə başladıq və çox çəkmədi ki, 4 qutu güllə də sona çatdı. Elə bu zaman Füzuligil bizə köməyə gəldilər. Bizə güllə və pulemyot verdilər. Çətinliklə də olsa, düşməni geri oturtmağa nail olduq.

-Döyüş  yoldaşlarınızdan kimləri xatırlayırsınız?

-Demək olar ki, hamısı mənim yadımdadır. İsmayılov Cabir, Kazımov Bəxtiyar, İbrahimov Hidayət, Qəmbərov Allahverdi, Natiq Camalov, Ərşad, Rabil, Füzuli, Fəxrəddin, Mahin və bir çox adını çəkmədiyim döyüş yoldaşlarım var. Mən onları heç vaxt unuda bilmərəm.

-Bizə Şelli döyüşündən bəhs edin…

 

-Mən ilk dəfə Kötəl  batalyonunda olmuşam. Mən yaralanıb qayıtdıqdan sonra bizə ilk dəfə hərbi rütbə verildi. Sonra isə bizi Şelli postuna göndərdilər. Biz, posta gəldikdən sonra orada bir neçə səngər  və tunellər düzəltdik. Postu elə düzəltmişdik ki, bütün postlardan fərqlənirdi. Düşmənlər tərəfindən ilk dəfə hücumlar  Şellidən başlayıb. Orada bir neçə dəfə ağır döyüşlərimiz olub. Dəfələrlə düşmənlər bizə hücum etsələr də onların külli miqdarda canlı qüvvəsini məhv edərək geri qaytarmışıq. Həmişə Şelli postunda düşmənlərə ağır zərbələr endirmişik. Şelli postu ilə Qızılcabel arasında düşmənin xeyli cəsədi qalmışdı. Demək olar ki, düşmənlər hər dəfə bu posta hücum edərkən kor-peşman geri qayıdıblar.

– Uğurlu döyüşləriniz olubmu?

-1992 ci ilin may ayları idi. Naxçıvanik döyüşlərinin başlayan vaxtları idi. Şirin Mirzəyevin başçılığı ilə bir neçə batalyon birləşdi və  iri planlı hücum hazırlandı. Döyüş  planın Şirin Mirzəyev hazırlamışdı. Biz böyük qüvvə ilə hücuma keçdik. Hücum çox yaxşı alındı. Bizə əlavə olaraq, tank briqadası verilmişdi. Bu döyüşdə biz bir neçə kəndi ermənilərdən təmizlədik. Düşmənin xeyli canlı qüvvəsini və tanklarını məhv etdik. Sözü gedən döyüşdə biz Naxçıvanik , Pircamal, Ağbulaq, Dəhlaz kəndlərini düşmənlərdən azad etdik. Bu döyüş bizim ən uğurlu döyüşümüz olub.

“Həmişə Şelli postunda düşmənlərə ağır zərbələr endirmişik” -Olubmu ki, ölümlə üz-üzə qalasınız?

Bəli, belə hadisələr çox olub. Bir gün Ballıqaya ilə Kiçan yolunu bağlamışdıq. Mən bu döyüşdə AQS 17 silahı ilə döyüşürdüm. Bizim uşaqlarda minomyot silahı da var idi. Biz  Şirin Mirzəyevin başçılığı ilə hücuma keçmişdik. Həmin döyüşdə düşmənə güclü zərbə endirdik və düşmənin bir vertolyotunu vurduq. Beş gün biz orada qaldıq. Bu döyüşümüz də çox uğurlu alınmışdı. Amma sözü gedən döyüşdə mən yaralandım. Elə oldu ki, ermənilər qrat atdılar və hərə bir tərəfə qaçıb gizləndi. Mən isə özümü itirdim və gizlənməyə yer tapmadım. Daş hasarın yanında təndir var idi. Mən qaçaraq təndirə girdim və orada gizləndim. Qrat gəlib hasara dəydi və hasar uçaraq üstümə töküldü. Mən hasarın altında qaldım. Uşaqlar cəld qaçaraq mənə köməyə gəldilər və məni oradan çıxardılar. Üzərimdə 32 kiloluq bronjilet var idi. Özüm nə qədər etsəm də oradan  çıxa bilməzdim. Bəlkə də uşaqlar köməyə gəlməsəydi, mən orada qalıb öləcəkdim. Həmin ərazidə belə bir hadisə təkrar olub. Ermənilərlə döyüşdüyümüz vaxt  məni güllə ilə vurdular. Güllə gəlib bronjiletə dəydi və məni götürüb geri atdı. Cəld mənə kömək edib ayağa qaldırdılar. Nə yaxşı ki, güllə bronjileti dəlib keçə bilmədi və mən yenə də ölümün pəncəsindən qurtuldum.

-Sizcə bu gün gənclərimizin döyüş ruhu kifayət qədərdirmi?

“Həmişə Şelli postunda düşmənlərə ağır zərbələr endirmişik”Məncə, gənclərimizin döyüş ruhu kifayət qədərdir. Çünki yaxın zamanlarda Mübariz İbrahimovun etdiyi şücaət hamımızı heyran etdi. Mübariz vətəni üçün, torpağı üçün canından keçdi. Onun cəsarəti bu gün gənclərimizdə döyüş ruhunu daha da artırır. Məncə, Mübariz kimi gənclərimiz çoxdur. Mən buna inanıram.

-Yenidən döyüş əmri verilsə, döyüşməyə hazırsınızmı?

Mən ilk dəfə kiçik leytenant  hərbi rütbəsi almışam. Sonra leytenant rütbəsi almışam. 1993-cü ildə isə göstərdiyim şücaətə görə, məni  baş leytenant  rütbəsi ilə təltif etdilər. Əgər döyüş əmri verilsə, mən də təcrübəli bir döyüşçü kimi ön sıralarda döyüşməyə hazıram.

Hafiz Səfərov

 

“KarabakhİNFO.com”

 

08.04.2014 14:10

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*