Azərbaycanca

“Hər gecə yuxularımda Şuşanın dağlarını görürəm”

08.05.2014 | 08:04

1399544738_bayram-seferov“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov “KarabakhİNFO.com” beynəlxalq e-jurnalına Şuşada baş verən hadisələr haqda danışdı:

– Bu gün Şuşamızın işğal günüdür… Ölkəmizin bu dilbər guşəsi haqda nə deyə bilərsiz?

 

1992-ci il mayın 8-nə keçən gecə erməni hərbi birləşmələri sovet ordusunun 366-cı alayının hərbi qulluqçuları və 40 zirehli texnikasının köməyi ilə Şuşaya hücuma keçdilər. Uzun sürən artilleriya atəşindən və qanlı döyüşlərdən sonra şəhər işğal olundu. Şuşa işğal nəticəsində ölüm sükutuna qərq olub. Qarabağ xanlığının paytaxtı olmuş Şuşa şəhərinin qiymətli tarixi abidələri dağıdıldı, milli arxitektura silindi. Nadir tarixi tikililər, qədim abidələr, inanc yerləri, yaşayış binaları, hətta məzarlıqlar dağıdılmış, zəngin muzey və kitabxanalar talan edilmiş, bir vaxtlar təkrarolunmaz təbiətinə görə «Qafqazın cənnəti» adlandırılan yerlər xarabalığa çevrilmişdir. Şuşanın işğalı nəticəsində 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilmiş, 165 nəfər yaralanmış, onlardan 150 nəfəri əlil olmuş, 552 körpə valideynlərini itirmiş, 20 mindən artıq şəxs isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşmüşdür. Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi haqda hələ ki, heç bir məlumat yoxdur.Biz də Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması olaraq hər il Şuşanı yad edir, müxtəlif tədbirlər keçiririk. Şuşanı yalnız işğal olunduğu gündə deyil, hər zaman yad edirik. Ölkə ictimaiyyətinə Şuşanın necə işğal olunması barədə bilgilər verir, şəhərin mədəniyyət beşiyi olduğu barədə məlumatlar yayırıq.

 

– Bayram müəllim, sonuncu dəfə Şuşada nə zaman olmusunuz?

 

Sonuncu dəfə 1992-ci il mayın 6-da. Həmin ərəfədə Bərdəyə hüzr yerinə gedirdim. O zaman Şuşada elə vəziyyət yaranmışdı ki, orada yığıncaq eləmək mümkün deyildi. Camaat xeyir-şərini ətraf ərazidə etməli olurdu.

 

– Yenidən, Şuşaya gedib, o torpaqları görmək istərdinizmi?

 

Əlbətdə, Şuşanın həsrəti ilə yaşayıram. Hər gecə yuxularımda Şuşanın dağlarını görürəm. – Şuşaya getmək imkanınız olsa ilk olaraq haranı ziyarət edərdiniz? Doğmalarımın məzarını ziyarət edərəm. Boya-başa çatdığım evə, oxuduğum məktəbə baş çəkərəm. Şuşa geri qaytarıldıqda ailəmlə birgə köçüb orada yaşayacağam. İnanıram və əminəm ki, Şuşanı əvvəl-axır geri qaytaracağıq. Yenidən doğma Şuşamızın gözəl havası ilə nəfəs alacağıq.

 

 

Günel Cəlil

“KarabakhİNFO.com” 

08.05.2014 08:04

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*