Azərbaycanca

Hər ölən şəhidlə mən də ölmüşəm

23.12.2013 | 18:20

1387807592_dy-yoldaylaQarabağ  müharibəsi zamanı torpaqlarımızın müdafiəsinə qalxan qəhrəman oğullarımızla bərabər, qəhrəman qadınlarımız da olub ki, onlar da sözün əsl mənasında xüsusi qəhrəmanlıq göstərərək, var gücləri ilə döyüşüblər.

Amma, təəssüflər olsun ki, onlar barədə çox-çox az danışılır. Bu gün sizi mübariz qəhrəmanlarımızdan biri olan, bir çoxunun Tutu xanım kimi tanıdığı Rüxsarə Cumayeva ilə tanış edəcəyik. Rüxsarə xanım 1963-cü ildə Zaqatala rayon Bəhmədli kəndində anadan olub. İxtisasca filoloqdur və eyni zamanda tibb bacısıdır.

 

Onunla telefon əlaqəsi saxlayıb yaşadığı Nəsimi rayonu Şamil Əzizbəyov 170, drop 9-da yerləşən mənzilinə yollandıq. Qapını döyürük və içəridən cavab verirlər:

 

– Gəl!

 

Bizi qapıda qarşılamayan Rüxsarə xanım sən demə artıq ayağındakı zədələrə görə üç dəfə əməliyyat keçirməsinə baxmayaraq, hələ də yeriyə bilmirmiş. Bunu da biz mənzilə daxil olduqdan sonra, onunla söhbət zamanı bildik.  Müsahibiz döyüşə başladığı ilk günləri belə xatırlayır:

 

Hər ölən şəhidlə mən də ölmüşəmİlk mübarizəm meydandan başladı.

 

– 1988-ci ildə Azərbaycan Dövlət Neft akademiyasında ikinci kurs tələbəsiydim. Bizə bəlliydi ermənilərin bizim torpaqlarımıza yiyələnməkləri. Həmin vaxtı gənclər mübarizəyə qalxdılar və bizdə  həmin mübarizəyə qatılaraq meydana çıxdıq. Həmin ilin noyabr ayında biz mitinqlərə başladıq və dekabr ayından bizim soydaşlarımız Ermənistandan deportasiya olunmağa başladı. Həmin vaxtı qolu, burnu kəsilən və müxtəlif işgəncələrə məruz qalaraq Ermənistandan soydaşlarımız Bakıya gəlirdi.

 

– Bizi meydanda hündür boylu xüsusi təyinatlılar ölümcül döydülər.

 

– Dekabr ayında biz Azadlıq meydanında aclıq aksiyasına başladıq və ayın 3-dən 4-nə keçən gecə bizi meydanda xüsusi təyinatlılar ölümcül döydülər. Bir də gözlərimi xəstəxanada açdım və soruşdum ki, bizi qıran kim idi? Amma, heç kim cavab verə bilmədi. Bizi meydandan belə uzaqlaşdırdılar. Artıq mitinqlərə qoşulduğumdan dərslərimə də gedə bilmədim və universitetdən uzaqlaşdırıldım.

 

– Sonra 20 yanvar hadisələri başladı.

 

– 1990-cı ildə Bakı Dövlət Universitetinin Filologiya fakultəsinə daxil oldum. Mən AXC-nin fəallarından biriydim.  Həmin vaxt biz Müdafiə Komitəsi yaratdıq ki, camaatımızı bu hücumlardan qoruya bilək. Hətta Qarabağa getmək istəyirdik. Komitədə mən telefona baxırdım. Biz hər bir rayonumuzla telefon əlaqəsi yaradırdıq.

Yanvar ayının 19-a qədər olan zənglərin hamısına cavab verirdim. Axşam saat 5-ə işləmiş telefon əlaqəsi kəsildi. Artıq atışmalar başladı və milləti qırmağa başladılar. Xəstəxanada gözlərimə inana bilmirdim ki, bu yaralılar hardan gəlir. Rus tankı təcili tibbi yardım maşının üstündən keçdi gözlərimin qarşısında. Həmin vaxtı biz ospitalda könüllü olaraq yaralılara tibbi yardım göstərirdik. Hadisələr səngidikdən sonra, Qarabağda döyüşlər başladı.

 

 

-Yeddi oğlan və bir qız Ağdama getdik.

 

– O, vaxtı Məhəmməd Əsədov Şıxov batalyonu yaratmışdı. Həmin batalyon “Daşaltı” əməliyyatında döyüşmüşdü. Biz yeddi oğlan və bir qız Ağdama döyüşə yollandıq. Hospitalda yaralıları qarşılayıb tibbi yardım göstərirdik. Amma, Xocalı hadisəsindən sonra, mən tibb çantamı çiynimə alıb birbaşa Ağdam şəhərində gedən döyüşlərdə Şirin Mirzəyevin batalyonunda iştirak etməyə başladım. Elə Tutu adını da mənə Şirin Mirzəyev “Qaraca qız” filmindən götürərək verdi. Ondan sonra döyüşçü yoldaşlarım məni belə çağırmağa başladılar. Ağdamda sonuna kimi döyüşdə olduq. Ağdam işğal olunandan sonra mən Murov dağına getdim.

 

– Murov dağında qar uçqunun altında qalan əsgərlərimizi əlimlə qazıb çıxarırdım.

 

Hər ölən şəhidlə mən də ölmüşəm– Murov dağında gedən döyüşlərdə əsgərlərimiz qar uçqununa düşdülər. Əlimdən gəldiyi qədər onları qarın altından çıxararaq tibbi yardım göstərdikdən sonra hospitala yolladım. Sonra artıq mən də ayağımdakı ağrılarla bağlı olaraq, müalicəyə yollandım.

 

– Yeriyə bilməməyim mənim vətənpərvərliklə bağlı təbliğatıma mane olur.

 

Artıq keçirdiyi əməliyyatların da bir köməyi olmadığını deyən Rüxsarə xanım, uşaqkən ayağındakı zədələrdən və hələ bu azmış kimi üstəlik döyüşdə aldığı qəlpə yarasıdan sonra yeriyə bilmir. Elə buna görə də vaxtı ilə heç bir tədbirdən qalmayan, məktəblilərlə, döyüşçülərlə Qarabağla bağlı görüş keçirən müsahibimiz son bir neçə ayda bunlardan məhrum olub.

 

 

– Sonda müsahibizə bizə ayırdığı vaxt üçün öz təşəkkürümüzü bildirib, ona Allahdan şəfa diləyərək  oradan ayrılırıq.

 

 

Vasif Əlihüseyn

“KarabakhİNFO.com”

 

 

23.12.2013 18:20

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*