Azərbaycanca

“Hakimiyyət uğrunda gedən siyasi-hərbi çəkişmələr Şuşanın işğalına təsir etdi”

08.05.2014 | 09:06

1399551786_susaŞuşa özünümüdafiə batalyonunun sabiq komandiri Fəxrəddin Səfərovun “KarabakhİNFO.com” beynəlxalq e-jurnalına müsahibəsi:

 

-Şuşanın işğal olunmasının əsas səbəbləri nə idi?

– Əvvəllər bizə belə sualları adi vətəndaşlar, jurnalistlər ünvanlayanda cavablandırmağa çətinlik çəkirdik. Zaman keçdikcə və hadisələri sonradan təhlil edərkən çox şey aydın olur. İndi faktlar ortaya çıxır ki, 366-cı motoatacı alay və xaricdən gətirilən muzdlu əsgərlər Şuşanın işğalında rol oynayıblar. Amma o zaman əmr var idi ki, 366-cı alay Qarabağı tərk etməli idi. Bu alay Qarabağı tərk etmədi və erməni birləşmələrinə torpaqlarımızın işğalına dəstək verdi. İstintaq məlumatlarına görə və hətta dəqiq rəsmi qeydiyyatda var ki, işğalda 62 keçmiş sovet ordusunun polkovniki və polkovnik-leytenantı iştirak edib. Moskvadan bir dəyərli soydaşımızın bizə gətirdiyi məxfi məlumata görə, təkcə, Şuşa və Laçının işğalında 14-min sovet ordusunun zabiti və əsgəri iştirak edib. Ermənilər o vaxtı bir çox xarici ölkələrdə ofis tutmuşdular. Pulla muzdlu döyüşçü toplayaraq onları Qarabağa göndərirdilər. Həmin döyüşçülərin hər birinə 5 min dollar verirdilər. Hətta PKK üzvləri də bizə qarşı döyüşürdülər. Sonradan onların öldürülmüş meyidlərini Kərkicahanda, Ağdərədə gördük. Bakıda isə siyasi hakimiyyət uğrunda çəkişmələr gedirdi. Laçın işğal olunurdu, amma bizim əsgərlər güllə tapmırdılar ki, düşmənə atsınlar. Bunun əvəzində Bakıda ali sovetin binasını güllələyirdilər. Hakimiyyət uğrunda gedən siyasi-hərbi çəkişmələr Şuşanın işğalına təsir etdi.

 

– Belə çıxır ki, Şuşa təxribatın qurbanı oldu. Şuşanın özündə vəziyyət necə idi?

 

– Bəli, Şuşanın özündə təxribat var idi. Nə qədər əsgər və polis ezamiyyətə buraxılmışdı. Döyüşən qüvvələr arasında rabitə yox idi. Şuşada olan digər batalyon komandiri rəhmətlik Tofiq Oğuz mənə bildirdi ki, ermənilər hansı istiqamətlərdə hücum edəcəkləri ilə bağlı onda xəbər var. Briqada komandiri bizə məlumat vermirdi. Və o zaman belə təsəvvür yarandı ki, briqada komandiri şəhəri tərk edib və bu da ruh düşkünlüyünə səbəb oldu. Halbuki, heç kimin xəbəri olmadan briqada Kosalar kəndinə getmişdi. Şuşa 22-24 nöqtədən artilleriya atəşinə tutulurdu. Ən çox qradı Xocalıdan atırdılar. Biz isə qrad qurğularımızı tapa bilmirdik. İki qrad qurğusu var idi. Biri Şuşa işğal olunanda ermənilərin əlinə keçməsin deyə dağdan atmışdılar, birini isə gizlətmişdilər. İş peşəkarlara tapşırılmamışdı. Şuşada Şamil adında yaxşı qrad atan var idi. SSRİ miqyasında güclü qrad atan sayılırdı. Ona qradı vermirdilər ki, düşmən mövqelərini vursun. Həmin vaxt qrad qurğusu Adil adında oğlanda idi. Deyəndə ki, onu Şamilə ver, deyirdi ki, bunu mənə bəy verib, daha hansı bəy onu bilmirəm. Yəni, belə hallar vəziyyəti çətinləşdirirdi. Bu da mövqelərimizin zəifləməsinə səbəb olurdu. Hər gün döyüşlər 20 saatdan artıq davam edirdi. Mən belə döyüşləri sonradan Kəlbəcər və Ağdərədə gördüm. Hər yer şəhid cənazələri ilə dolu idi. Heç meyidləri yerdən götürə bilmirdik. Düşmən şahmatvarı silahlarla bizi vururdu. Rəhmətlik Albert Aqarnov erməni tankını Şuşanın girəcəyində vurdu. O, öz heyəti ilə geri dönərkən yolda meyidləri götürmək istəyəndə ermənilər onları vurdular.

 

 

– Bu gün cəmiyyətimizdə belə fikir hakimdir ki, Şuşa döyüşsüz təslim olub. Amma fikirlərinizdən aydın olur ki, Şuşada əsl döyüşlər gedib…

 

– Bu gün deyirlər ki, Şuşa döyüşsüz təslim olub. Mən, bu fikri qəbul etmirəm. Əsgərlərimiz 23 saat köməksiz döyüşüblər. Şuşanın işğalı günü 196 əsgərimiz şəhid oldu və 400 yaxını isə yaralanmışdı. 1992-ci il bu tarixində, səhər saat altıya iyirmi dəqiqə işləmişdən, saat on birin yarısına qədər mənim bataloyonum Şuşanın Xankəndi giriş hissəsində demək olar ki, 3-4 saat olaraq fasiləsiz olaraq döyüşürdü. Həmin dövrdə Azərbaycanın qəhrəman oğullarının mərd, cəsur simalarını gördüm. Sizə bir faktı deyim ki, elə əsgərim olub ki, döyüşə silahsız gəlirdi. Mən ona deyəndə ki, niyə silahsız gəlmisən, deyirdi ki, komandir Allah eləməmiş birdən bir əsgərimiz yaralansa və ya şəhid olarsa, onun silahını götürüb düşmənə qarşı döyüşəcəm. Əsgərlərimiz məcnun məhəbbəti kimi, döyüşürdürlər. Çox təəssüf ki, əsgərlərimiz arasında döyüş ruhunu inamsızlıq qırdı.

 

– Ümumiyyətlə, Şuşanı müdafiə etmək mümkün idimi?

 

– Əgər mümkün idisə, onda soruşa bilərsiniz ki, niyə buradayıq? Amma, müdafiə etmək olardı. Mövcud qüvvə ilə Şuşanı ancaq bir gün müdafiə etmək mümkün idi. Döyüşlərin qızğın çağında belə bir əmr gəldi ki, canlı qüvvə və texnika Şuşanı tərk etməlidir. Əmrdə yazılırdı ki, Azərbaycan qaranquşları (qırıcılarımız) Şuşanı yandırıcı bombalarla vuracaqlar. Sizə onu da deyim ki, bu xəbər ildırım sürəti ilə bütün şəhərə yayıldı. Maraqlıdır ki, məxfi əmr necə sürətlə şəhərə yayıla bilərdi? Bu əmr hansısa qüvvələr tərəfindən yayılırdı və bununla əhali arasında mənəvi-psixoloji ruh düşkünküyü yaratmaq istəyirdilər. Bu təxribatın yayılması yerli əhali içərisində xof yaratdı ki, bu da şəhərin tərk edilməsi ilə nəticələndi. Həmin axşam əsgərlərimizi götürmək üçün yenidən Şuşanın mərkəzinə qayıtdım, onda gördüm ki, ermənilər Üzeyir Hacıbəyov, Bülbülün büstünü vurub yerə salmışdılar. Ermənilər Şuşaya xüsusi diqqət ayırırdılar və onların indi ki, prezidenti mətbuta verdiyi açıqlamasında bildirib ki, Şuşanı ələ keçirməsəydik, Qarabağı tutmaq mümkünsüz olardı. Ermənilər Şuşanı almaqla Qarabağda davam edən işğalçılıq planlarını sürətləndirdilər.

 

– Bu gün Qarabağın azad etməyin yolunu necə görürsünüz?

 

– İndi Azərbaycan ordusu çox güclüdür və Qarabağı azad etməyə qadirdir. Beynəlxalq güclər Qarabağın azad olunmasına imkan vermirlər. Onlar bizi ləngidirlər. Ermənistandan fərqli olaraq bizim insan potensialımız çoxdur. Azərbaycanda on minlərlə Mübariz İbrahimov kimi vətənpərvərlərimiz var. Keçmiş Qarabağ döyüşçüləri indi də müharibəyə hazırdılar. 60 yaşımın olmasına baxmayaraq, özümü tam hazır hesab edirəm ki, əlimə silah alıb düşmənə qarşı savaşım. Bu gün Qarabağı azad edib, tariximizə şərəfli gün kimi yazmalıyıq. Həmin gün kişilər bayramı kimi tariximizə düşməlidir.

 

Elnur Eltürk

“KarabakhİNFO.com” 

08.05.2014 09:06

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*