Köksal Gör: …“Qarabağ problemi Hollandiyada və bütün Avropa ölkələrində tanınır. Bunu heç kəs açıq olaraq, söyləməsə də, Qarabağı Azərbaycan torpaqları olduğunu da hər kəs bilir”….
QEYD: Müsahibə “Karabakhinfo.com” e-jurnalının redaksiyasında Skype proqramı vasitəsi ilə alınıb. Redaksiyanın skype ünvanı: karabakhinfo.com
1967-ci ildə Türkiyədə dünyaya göz açan Hollandiya Əyalət Məclisinin millət vəkili Köksal Gör 1989-cu ildən etibarən Hollandiyada yaşayır. Türkiyə İqtisadiyyat Universitetində təhsil alan müsahibim Hollandiyaya köçdükdən sonra təhsilini burada davam etdirir. Eyni zamanda müxtəlif kurslar, o cümlədən qəzet və televizyaçılıq kurslarına gedən Köksal Gör Hollandiyada müxtəlif televiziya və qəzetlərdə çalışıb. Tələbəlik illərindən siyasətə marağı olduğu üçün 2005-ci ildə Quzey Hollandiya Əyalət Məclisinə VVD partiyasından namizəd olaraq seçilib. Hazırda Quzey Hollandiyada əyalət millət vəkilidir.
-Köksal bəy, sizcə Azərbaycan Avropa ölkələrində necə tanınır?
-Mən ilk öncə Azərbaycanın siyasi baxımdan necə tanınması barəsində danışmaq istəyirəm. Azərbaycan siyasi baxımdan dünya ölkələrində, o cümlədən, Hollandiyada yaxşı tanınır. 1991-ci ildə Azərbaycan müstəqillik qazandıqdan sonra Azərbaycan-Hollandiya münasibətləri çox uğurlu bir şəkildə davam etdirilir. Bilirsiniz, Azərbaycanın müstəqilliyini ilk qəbul edən ölkələrdən biri də Hollandiya olmuşdur. Keçən 21 il ərzində Hollandiya-Azərbaycan münasibətləri əvvəlki istiliyi ilə davam edir. Səhv etmirəmsə, sentyabr ayında bizim iqtisadiyyat nazirimiz Azərbayanda oldu. Azərbaycanla hansı iqtisadi münasibətlər qurmağın mümkünlüyü barəsində söhbətlər oldu. Azərbaycan Xarici İşlər Naziri də Hollandiyaya gəlmişdi, onu qarşıladıq, söhbətlərimiz oldu. Yəni qısacası, Hollandiya-Azərbaycan münasibətləri çox qənaətbəxşdir.
-Köksal bəy, 20 ildən artıqdır ki, Qarabağ adlı bir probelemimiz var. Hollandiyada bu problem necə tanınır?
-Qarabağ problemi Hollandiyada və bütün Avropa ölkələrində tanınır. Bunu heç kəs açıq olaraq, söyləməsə də, Qarabağı Azərbaycan torpaqları olduğunu da hər kəs bilir. Hamı bilir ki, bu torpaqlar 100 illər boyu Azərbaycanın olub və ermənilər tərəfindən işğal edilmişdir. Bəlkə də fərqli mövzulardır, amma bir məsəl gətirmək istəyirəm. Suriyada qanlar tökülür, uşaqlar öldürülür, bunu bütün dünya görür və bilir. Amma Rusiya siz qarışmamalısınız dediyi üçün həm Avropa, həm Amerika baş verən hadisələri sadəcə olaraq, müşahidə edir. Hadisələrə müdaxilə etməkdən çəkinir. Qarabağ problemi də bunun kimidir. Rusiya bölgədə hakim vəziyyətdə olduğu üçün heç kim erməni Azərbaycan torpağından çəkilməlidir deyə bilmir. Bütün olanlar isə, uşaqlara, yaşlılara o bölgənin sakinlərinə olur. Rusiya və Fransa faktoru bütün dünya ölkələrinin gözünü bağladığı üçün olan Azərbaycan və türk xalqlarına olur. Amma mən öz araşdırmalarıma əsasən deyə bilərəm ki, Azərbaycanın Qarabağ probelmində haqlı olduğunu Avropa Birliyi də, Amerika da, Hollandiya da bilir.
-Azərbaycan diaspor qurumlarının fəaliyyəti Hollandiyada qənaətbəxşdirmi?
-Hollandiyada bir çox Azərbaycan dərnəkləri var. Benilüks Azərbaycanlıları Konseyi, Hollandiya-Azərbaycan Dərnəyi və başqa təşkilatlar fəaliyyət göstərir. Bununla yanaşı Azərbaycanın Hollandiyadakı səfiri Fuad İsgəndərovun fəaliyyətini xüsusi qeyd etmək lazımdır, o da bacarıqlı, səmimi və çalışqan insandır. Hollandiyada demək olar ki, hamı ilə görüşür, ünsiyyət qurur, insanlarla işləməyi bacarır. Amma bununla yanaşı Hollandiyada çox çalışqan azərbaycanlılar da var. Biz onlarla tez-tez görüşürük, fəaliyyətləri də ürəkaçandır, aktiv insanlardır. Burada mərhum Heydər Əliyevin adına bir küçə var. Bununla yanaşı hər il Xocalı soyqırımının ildönümü qeyd edilir. Dualar oxunur, Xocalı şəhidləri yad edilir. Bundan əlavə uşaqlara Azərbaycan dilini unutmamaq üçün Azərbaycan dilində dərslər keçirilir.
-Erməni diasporu Hollandiyada necədir? Bizim təşkilatların fəaliyyətləri ilə onlar arasında nə kimi fərq var?
-Çox fərq var. Onlar yaxşı təşkil olunmuş təşkilatlara birliklərə sahibdirlər. Onların sayı bizdən az olsa da, lobbi fəaliyyətləri çox yaxşı inkişaf etmişdir. Onların diasporları məsuliyyətlərini bilir və çox yaxşı çalışırlar.
-Siz millət vəkilisiniz, Əyalət Məclisində Qarabağ problemindən danışa bilirsinizmi?
-Təbii ki. Mən Azərbaycana səfərimdən sonra Azərbaycanla bağlı bütün fikirlərimi danışdım. Onlara Azərbaycandan kiçik hədiyyələr almışdım. Düşünürəm ki, Azərbaycan və Qarabağ problemi haqqında Avropa Birliyində bunu daha rahat danışmaq olur. Çünki birliyi bütün ölkələrin siyasəti maraqlandırır. Mən də öz məsuliyyətlərim çərçivəsində bilgilərimi danışıb, onları məlumatlandırıram.
-Azərbaycan xaricdən necə görünür?
-Azərbaycan hələ 21 yaşlı bir gəncdir. Kənardan baxanda Azərbaycan aktiv bir gəncdir. O ki, qaldı Azərbaycandan çıxıb xarici ölkələrdə yaşayan azərbaycanlılara, onlar Azərbaycandan kənarda çox aktivdirlər. Amma bununla yanaşı, düşünürəm ki, onlar daha fəal olmalıdırlar. Daha çox partiyalar, qurumlarla əlaqələr qurmalıdırlar. Türklər 40-50 ildir ki, Hollandiyada yaşayırlar, fəaliyyət göstərirlər. Öyrəndiyim son rəqəmlərə inansaq, hal-hazırda Hollandiyada 400-ə yaxın türk təşkilatı fəaliyyət göstərir. Amma təəsüflər olsun ki, onlar bir ola bilmirlər. Burada müxtəlif partiyaları, dini icmaları, vilayət və bölgələri təmsil edən qurumlar var, amma birlik yoxdur. Çox olmaq, bacarıqlı olmaq deyil. Burada çox türk qurumları var.
-Köksal bəy, necə düşünürsünüz, Qarabağ probelemində və qondarma erməni soyqırımı iddiasında haqqlı olduğunu isbat etmək üçün Azərbaycan və Türkiyə nə kimi işlər görməlidir?
-Düzünü deyim ki, bu uzun sürən bir prosessdir. Haqlı olduğumuzu isbat edə bilmək üçün tarixçilər toplanmalı, arxivlər açılmalı, açıq araşdırmalar aparılmalıdır. Amma təəssüflər olsun ki, məlum olmayan səbəblərdən tarixçilər bir araya gələ bilmir, arxivlər açılmır. Biz nə qədər desək də, Azərbaycan haqlıdır, Türkiyə haqlıdır, hazırki vəziyyətdə bir rəsmi qurum bunu etiraf etmir. Bu da Türkiyə üçün Avropa birliyində böyük sıxıntılar yaradır. Azərbaycan üçün bunun sıxıntı yaratdığını demirəm, çünki Azərbaycanın Avropa Birliyində böyük nüfuzu var. Bu həqiqətən belədir. 21 yaşlı bir ölkə üçün bu böyük irəliləyişdir. Azərbaycan kənardan idarəçiliyi yerində olan, sakit, inkişaf etmiş və stabil bir ölkə kimi görünür. Haqlı olduğumuzu isbatlamaq üçün səbrli olmaq lazımdır. Mən sizə indi nə desəm yalan olar. Çünki bu işlərin içində böyük güclər, böyük ölkələr var. Bu məsələlərin həlli üçün yaxşı lobbiyə və zamana ehtiyac var.
-Sizcə, nə qədər zamana ehtiyac var?
-Bu məsələlərdə yalan söyləmək o qədər asandır ki. Amma siz Qarabağ müharibəsinin başlanılması zamanınına diqqət edin. Bu gün Avropa ölkələrinin 95 faizi Azərbaycanın haqlı olduğunu deyir. Amma hansı biri çıxıb bunu beynəlxalq arenada söyləyə bilir? Heç biri. Az öncə qeyd etdiyim kimi bu işdə çox güclü dövlətlər var. Məsələnin həll edilməsi üçün Qarabağ məsələsində mənfəət uman dövlətlər zəiflədilməlidir ki, Azərbaycan Ermənistanı Qarabağdan çıxara bilsin. Bundan sonra başqa ölkələr də beynəlxalq arenada deyə bilər ki, Azərbaycan bu savaşda haqlıdır. Dediyim kimi, güclü dövlətlərin çıxarları olduğu kimi kiçik problemi şişirib Türkiyə üçün də problem yaradıblar. Bu həqiqətən problemdir, amma həlli olan bir problemdir. Biz bunu həll etmək üçün əlimizdə faktlarla çıxış etməli, tariximizi hər yerdə olduğu kimi aydınlatmağı bacarmalıyıq. Unutmayın, Avropa Birliyi, Hollandiya da daxil heç kəs bu müahribəni istəmir. Azərbaycanın gücü və əsgəri ola bilər. Bunun səbəblərini də deyim sizə – Avropa Birliyi Azərbaycandan qaz almaq fikrindədir. Avropa Birliyi əlaqələr qurduğu ölkələrdə belə bir müharibənin, problemin olduğunu heç bir zaman istəməz.
-Azərbaycansevər bir siyasətçi kimi Azərbaycanla bağlı nə planlarınız var?
-Biz qardaşıq. Mən Azərbaycanda olanda bu qardaşlığın həqiqət olduğunu anladım. Azərbaycanda olanda gördüm ki, ölkə çox inkişaf etmiş bir ölkədir. Amma bəzi problemlərin də olduğun danmaq olmaz. İnanıram ki, bütün problemlər tezliklə yoluna düşəcək.
-Köksal bəy, siz keçmiş jurnalistsiniz, Azərbaycan jurnalistlərinə nə məsləhət görürsünüz?
-İşinizi düzgün görməyə çalışın. Hər şeyin düzünü söyləyin ki, evə gedib güzgüyə baxdığınız zaman bu mənəm deyə biləsiniz. Düzdür sizi sevməyə bilərlər, amma çalışın ki, düzgün olun. Mən düşünürəm ki, Azərbaycan jurnalistlərinin xarici ölkələrdə master keçmələri önəmlidir. Şəxsən mən buna yardım edə bilərəm. Azərbaycan jurnalstləri bura gələr, burdan da jurnalistlər Azərbaycana gələrək, qəzetçiliklə yaxından tanış ola bilərlər.
-Son olaraq, nə demək istərdiniz?
-Mənə ayrıdığınız zamandan istifadə edərək, Hollandiyada yaşayan Azərbaycanlılara demək istərdim ki, çalışsınlar ki, bura qeydiyyata düşsünlər. Yeni hökümətin qərarlarına görə, Hollandiyada bir övladı dünyaya gələn ailə müraciət edib, uşaqlarını qeydiyyata salsalar 5 il sonra uşaqlarına yaşamaq icazəsi veriləcək. Bu icazə ata-anaya da şamil ediləcək. Bu səbəbdən bir daha deyirəm ki, uşaqlarına yaşamaq icazəsi almaq üçün müraciət etsinlər.
Müsahibəyə gəldikdə isə, ola bilər ki, mən hər şeyə müsbət fikirlərlə yanaşıram. Amma nəzərinizə çatdırım ki, mən xaricdən Azəbaycanın necə göründüyünü dedim, açıqladım. Təşəkkur edirəm ki, aramızda 4-5 min km məsafə olsa da, bizi yada salırsınız.
İradə Cəlilova
KarabakhİNFO.com