Azərbaycanca

Hay Dat (“erməni mühakiməsi”) doktirinasinin hüquqi-siyasi mahiyyəti, ideoloji əsaslari və əsas hədəfləri

14.02.2013 | 14:04

1360836154_byk-ermnistan-xeritesiHay dat (“erməni mühakiməsi”) doktirinasinin hüquqi-siyasi mahiyyəti, ideoloji əsaslari və  əsas hədəfləri

“Daşnaksütyun partiyası yarandıqdan sonra Qafqaz və Anadoluya terror toxumları səpildi.”

XIX əsrin 80-90-cı illərində Avropanın kapitalist ölkələrinin Türkiyəyə olan münasibəti bir qədər də sərtləşdi. İstər bölgədə, istərsə də regionda sənaye sahələrinin və iri ticarət mərkəzlərinin ələ keçirilməsi uğrunda gedən mübarizə Anadolu ərazilərində bu dövlətlərin siyasi və iqtisadi maraqlarının toqquşması ilə nəticələndi. Berlin-Bağdad dəmir yolu xəttinin çəkilməsində israrlı görünən Almaniyanın istəklərinə qarşı Rusiya və İngiltərənin təpki göstərməsi ziddiyətləri bir qədər də gərginləşdirdi. İngiltərədə sənaye mallarının anbarlarda yığılıb qalması bu ölkənin yeni satış bazarları ələ keçirmək istəyindən xəbər verirdi. Bəhs olunan dövrdə isə Yaxın Şərq regionu bu maraqların təmin olunmasında ən real bazar idi. Məhz bu bazarların ələ keçirilməsi uğrunda böyük güclərin apardığı mübarizə XX əsrin əvvəllərində özünün ən gərgin fazasına qədəm qoydu.

Hadisələrin bu məcrada inkişaf etməsi erməni millətçi ekstremistlərinin və quldur dəstələrinin bu ərazilərdə fəallaşmasına yol açmış oldu. Bölgəyə iqtisadi maraqlar arxasınca gələn yırtıcı qüvvələr burada möhkəmlənmək məqsədilə xırda etnik qruplardan öz məqsədləri üçün istifadə etməyə başladılar. Şərqi Anadolu bölgəsində özünə sığınacaq tapmış erməni etnosunun “bacarıq”larından mümkün qədər faydalanmağı daha məqsədəuyğun hesab edən qüvvələr onların imkanlarından da istifadə etməyə başladılar. Bu və ya digər formada erməniləri təmin edən dövlətlər erməni milli ideologiyasını kökündən dəyişərək onları qonşu xalqlara qarşı qaldırmağa başladılar. Belə bir zamanda  Rusiyada təhsil almış bir qrup erməni gəncinin də yeni ideyalarla çıxış etməsi “erməni məsələsi”nin daha da canlanmasına gətirib çıxardı. Yenicə yaranmış Daşnaqsütyun partiyasının bir qrup fəalının iştirakı ilə ümumerməni milli hərəkatının gələcək istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı toplantı keçirildi. Uzun əsrlər boyu türklərlə dinc və əmin-amanlıq şəraitində yaşayan ermənilər toplantıda əsas hədəflərini müəyyənləşdirdilər. Əsas hədəflər dedikdə burada ilk növbədə erməni üsyanları, qiyamları təşkil etmək, bölgəni silah anbarına çevirmək, partiyaların və siyasi təşkilatların regional mərkəzlərini yaratmaq, kilsənin fəaliyyətini genişləndirmək və üsyanın idarə olunmasında kilsədən bir mərkəz kimi istifadə etmək, bölgənin yerli türk əhalisini buradan sıxışdırıb-çıxarmaq, bölgədə Rusiyanın himayəsi altında bir erməni muxtariyyəti yaratmaq, imperiyanın digər ərazilərində pərakəndə şəkildə yaşayan erməniləri buraya köçürməklə yetərsay üstünlüyə nail olmaq idi. Bütün bu məsələlərin hansı formada həyata keçirilməsi məqsədilə partiyanın I qurultayının çağrılması qərara alındı.

Qeyd etmək lazımdır ki, Daşnaqsütyun partiyasının yaradılmasından iki il sonra partiyanın Cenevrədə I Qurultayı keçirildi. Qurultayda partiyanın proqramı qəbul edildi. Praqramda daha çox aşağıdakı məsələlər öz əksini tapmışdır:

1. hərbi dəstələrin yaradılması;

2. əhalinin silahlandırılması;

3. xalqın inqilabi şüurunun möhkəmləndirilməsi;

4. inqilabi komitələrin yaradılması;

5. ermənilərin təhlükəsizliyinin təmin edilməsi.

Daşnaqlar həmçinin bu qurultayda silahlı birləşmələrin təlimi və hazırlığını, inqilabi komitələrin yaradılmasını, hökumət məmurlarına qarşı terrordan istifadə edilməsinin vacibliyini önə çəkirdilər. Həmçinin digər fəallar buraya ermənilərin silahlandırılması, hökumət məmurlarının və idarələrinin müflisləşdirilməsi haqqında müddəalar da əlavə etmişdilər. Beləliklə, məqsədə çatmaq üçün strategiya tam olaraq işlənib hazırlandı. Xüsusilə, qarşıya qoyulmuş məqsədə çatmaq üçün taktiki gedişlərin təşkili də maraq doğurmaya bilməzdi. Daşnaqlar arasında daha çox yayılmış fikirlər necə hərəkət etməli, təşkilatı necə formalaşdırmalı, burada hansı formada nizam-intizam yaratmalı və qismən də terror hərəkətlərindən istifadə olunmalı idi. Beləcə Daşnaqsütyun partiyasının yaranması və fəaliyyəti  ilə istər Anadoluya, istərsə də Qafqaza terror toxumları səpilməyə başlandı.

XIX əsrin sonlarından başlayan erməni terrorizmi yüz minlərlə dinc Türkiyə və Azərbaycan əhalisinin həyatına son qoymaqla bu xalqlar üçün əsl bəlaya çevrilmişdir. Erməni terrorizmi müəyyən dövrlərdə səngisə də, onu hərəkətə gətirən qüvvələr yox olmadığı üçün vaxtaşırı daha şiddətlə özünü göstərirdi. I Dünya müharibəsindən sonra  ermənilərdə irqçilik ideyaları möhkəmləndikcə onlar arasında terrora olan maraq da artmaqda idi. Belə ki, bəhs olunan dövrdə Daşnaqsütyunun başlıca vəzifələrindən biri Türkiyə və Azərbaycanın ictimai-siyasi xadimlərini qətlə yetirmək olmuşdur. Qatillərin cavabsız qalması erməni terrorçularının sonrakı fəaliyyəti üçün şərait yaratmışdır. Terror əməllərini həyata keçirmək üçün 1919-cu ildə Yerevanda partiyanın IX ümumdünya konqresində “Nemesis” adlı xüsusi qrup təşkil edilmişdir. Məhz bu yığıncaqda “Nemesis” terror qrupuna əvvəllər öz ölkəsinin hökumətində aparıcı vəzifələrdə işləmiş bütün mühacir türkləri məhv etmək tapşırıldı. Antitürk kompaniyasına erməni mənşəli amerikan Saxan Natali başçılıq edirdi. Bununla da sərhədlərsiz terrorun bünövrəsi qoyuldu, sonralar təkcə türklər deyil, dünyanın bütün ölkələrinin on müxtəlif millətlərinin nümayəndələri də bu terror təşkilatının qurbanları oldular(117, səh. 105).

Qeyd etmək lazımdır ki,  Daşnaqsütyunun terror fəaliyyəti nəticəsində 1920-1921-ci illərdə Azərbaycanın dövlət xadimləri F.X.Xoyski və H.Ağayev Tiflisdə, B.Cavanşır İstanbulda, Osmanlı dövlətinin dövlət xadimləri Tələt paşa, professor Azmi Kamal və Bəhaəddin Şakir Berlində, Səid Həlim paşa Romada, Kamal paşa və onun müavini Sürəyya bəy Tiflisdə, Ənvər paşa Buxarada erməni terrorçuları tərəfindən qətlə yetirilmişdi. Məhz bu illər ərzində bütün mövcudluğu dövründə erməni terrorizmi uzunmüddətli, mahir təbliğat və ictimai rəyə, mütəşəkkil psixoloji təzyiqlə müşayiət olunur. Nəticədə erməni terror təşkilatları milli-azadlıq hərəkatının bir hissəsi kimi qəbul edilir,  bununla da onların cinayətkar əməlləri dəstəklənir. Erməni terroru bir sıra dövlətlər üçün Türkiyədə sabitliyi pozmaq və ona təsir vasitəsidir, “erməni soyqırımı” isə siyasi möhtəkirlik predmetinə çevrilmişdir(118, səh. 20-21).

I Dünya müharibəsi başa çatdıqdan sonra erməni siyasi dairələri və xarici havadarlar müharibə illərində erməni əhalisinin türklər tərəfindən olmazın işgəncələrə və məhrumiyyətlərə məruz qalması, uzun əsrlər boyu “tarixi torpaqlarından” deportasiya edilərək  təbii şəraiti isti olan yerlərə  köçürülməsi, 1.5 milyon erməninin qətlə yetirilməsi kimi cəfəng iddiaları şişirdərək dünyanın nüfuzlu jurnallarında yaymağa başladılar. Onlar erməni xalqı qarşısındakı günahlarını bu cür yollarla yumağa çalışırdılar. Məqsəd isə Osmanlı imperiyasının hüquqi varisi olan Türkiyə Respublikasının Avropada və beynəlxalq miqyasdakı nüfuzunu sarsıtmaq və onun Avropaya açılan qapılarını birdəfəlik bağlamaq idi.  Buna nail olmaq üçün böyük güclər erməni başbilənləri ilə birgə erməni maraqlarını özündə əks etdirən Hay Dat doktrinasını işləyib hazırladılar. Qeyd etmək lazımdır ki, erməni kilsəsi və ziyalıları tərəfindən əsrlərdir yaşadılan, hər şeyə rəğmən həyata keçirilməsi vacib olan məsələlərin XIX əsrin sonu-XX əsrin əvvəllərində doktrina halına salınmış məcmusu olan Hay Dat  doktrinası bir növ böyük güclərin maraqlarına xidmət edirdi. Bu doktrinanın işlənib hazırlanmasında, istiqamətlərinin müəyyənləşdirilməsində Daşnaqsütyun partiyasının mühüm rolu olmuşdur. Bu barədə tarixçi Hatəm Cabbarlı yazır: “… Belə ki, 1920-ci ildə Ermənistan dövlətinin bolşeviklər tərəfindən işğal edilməsindən sonra Avropaya mühacirət edən iqtidar partiyasının ciddi siyasi mübarizə dövrü başlamışdır. İdeoloji sahədə mümkün parçalanmaların qarşısısnın alınması və sürgündə yaşamaq üçün mücadilə edən Daşnaqsütyun partiyası zamanla Hay Dat doktrinasını mənimsəmiş və ona sahib çıxmışdır(15)”.  Maraqlısı ondan ibarətdir ki, xaricdə yaradılan bu doktrinanı Ermənistana transformasiya etmək məsələsi heç də asan başa gəlməmişdir. Hardasa 30-40 il Avropa saraylarında dolasan doktrina erməni alimlərinin təbirincə desək, 1965-ci ilə qədər sürgün həyatı yaşamışdır. Lakin 1965-ci ildə SSRİ-nin qondarma erməni soyqırımı qurbanlarının anılmasına icazə verilməsindən sonra Hay Dat doktrinasını müəyyən edən erməni milli ideologiyası Ermənistana ayaq açmış, müstəqillikdən sonra isə daha da möhkəmlənmişdir. Hay Dat doktrinası 1990-cı illərə qədər, xüsusilə diaspor ermənilərinin maraqlarının və milli kimliyinin qorunmasına xidmət etmiş və bu özəlliyini böyük ölçüdə bu gündə davam etdirməkdədir.

Erməni milli ideologiyasını təşkil edən Hay Dat doktrinasının təməl prinsiplərindən Ermənistanın xarici siyasətinin istiqamətlərinin müəyyənləşdirilməsində geniş istifadə olunmuşdur. Eyni zamanda erməni diasporunun göstərdiyi həmrəylik, milli ideologiyaları olan ənənəvi Hay Dat-ın XIX əsrin sonlarında və XX əsrin əvvəllərində Ermənistanın xaricindəki şərtlərdə yaradılan, dəyişməz əbədi milli məqsədlər olaraq mənimsənilən təməl məqsədləri vardır(126, səh. 124). ….Həmçinin, qonşu dövlətlərə qarşı əsassız ərazi iddiaları, habelə etnik təmizləmə, terror, deportasiya, milli düşmənçilik də məhz bu təməl prinsiplərə söykənir.

Qeyd edək ki, Hay Dat doktrinasının əsas təməl prinsipləri aşağıdakılardan ibarətdir:

-tarixi erməni torpaqlarının geri alınması və Böyük Ermənistan dövlətinin yaranması;

-tarix boyunca dünyanın müxtəlif bölgələrinə dağılmış erməni əhalisinin “doğma torpaq”lara qayıdışını təmin etmək;

-sosial dövlətin bərqarar olması.

Hay Dat doktrinasının nəzəri əsaslarını böyük güclərin işğalçı siyasətini özlərinin təhlükəsizlikləri üçün başlıca təhdid vasitəsi olaraq qəbul edən erməni tarixi-siyasi xətti müəyyən edir. Bunun başlıca səbəbi tarix boyu ermənilərin azad, müstəqil dövlətlərinin olmaması, yalnız xırda knyazlıq şəklində öz varlıqlarının qorunması və bunun da iri dövlətlər tərəfindən vassal asılılığında idarə olunması ilə əlaqələndirmək olar.

Müasir dövrdə Hay Dat doktrinasının mərkəzi ofisi İrəvanda yerləşir. Daşnaqsütyun partiyasının mövcud olduğu bütün ölkələrdə-ABŞ, Belçika, Rusiya, İran və Livanda regional büroları fəaliyyət göstərməkdədir. Tarixi keçmişi,siyasi və iqtisadi əlaqələri baxımından Hay Dat ABŞ büroları daha geniş fəaliyyət göstərməkdədir. Hay Dat büroları xüsusilə, dövlət orqanlarına, Senata, Təmsilçilər Məclisinə və seçkili orqanlara daha aktiv şəkildə inteqrasiya etməkdədirlər. Bu barədə Hatəm Cabbarlı yazır: “Qeyd etmək lazımdır ki, 2004-cü ildə Senata və Təmsilçilər Məclisinə keçirilən seçkilərdə Hay Dat bürolarının dəstəklədiyi 202 namizəddən 199-u seçkidə qələbə qazanmışdır. Hay Dat-ın maliyyələşməsi əsasən Ermənistan hökuməti, diaspor təşkilatları və erməni iddialarını dəstəkləyən bəzi Avropa dövlətlərinin maliyyə yardımları ilə öz fəaliyyətini davam etdirməkdədir(15)”.

Hay Dat Doktrinasında daxili məsələlərə qismən toxunulsada, əslində xarici siyasətdə xüsusi əhəmiyyət daşıyan qondarma erməni soyqırımı iddialarının beynəlxalq aləmdə tanınması, torpaq və təzminat tələbi, xüsusi olaraq Dağlıq Qarabağ ermənilərinin müstəqilliyinin tanınması və digər məsələlərdə olduğu kimi ciddi əhəmiyyət kəsb etməmişdir.

 

İstifadə olunan ədəbiyyat

1. Tarih boyunca türklərin ermeni toplumu ilə ilişkileri Sempozyumu, Atatürk Üniversiteti, İstanbul 1985, 423 s.
2. Sani Hacıyev “Erməni terroru günümüzün bəlasıdır”, “Bakı Dövlət Universitetinin 90 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans materialları (Humanitar elmlər), Bakı Universiteti, Bakı 2009, 528 s
3. Nazmi Gül “Yirmibirinci Yüzyılın başında Hay Dat (“ermeni davası”) Stratejik Analiz, c 1, sayı: 2(Haziran 2000)
4. Yaqub Yaqubov “Erməni diasporunun müasir Ermənistanın dövlət siyasətinin formalaşmasına təsiri və təzyiqi”, (Azərbaycanın daxili və xarici siyasəti beynəlxalq münasibətləri üzrə analitik jurnal), Strateji Təhlil, CBS PP MMC nəşriyyatı, sayı 3, noyabr 2011, səh 124, 247 s.
5. Sedat Laçıner “Ermeni sorunu, Diaspora ve Türk Dış Politikası”, Ankara 2008, Karınca Yayınevi, 654 s.
6. www. 1news.comtr

 

Taleh Cəfərov

 

“KarabakhİNFO.com”

 

 

14.02.2013 14:04

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*