Azərbaycanca

Heç bir ölkə digər bir dövlətin daxili və ya xarici siyasətinə qarışa bilməz

05.10.2013 | 16:31

1380976141_9Bu gün demək olar ki, bütün türk dövlətlərində müəyyən problemlər var ki, onların öz həllini tapması zəruri məsələdir. Türk dövlətlərinin birliyi istiqamətində müsbət addımlar atılsa da, bu əlaqələrin daha da irəli aparılmasına ehtiyac var.

Sarkisyan da bu yaxınlarda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olan türk dövlətləri Qırğızıstan və Qazaxıstanın Azərbaycanın bir nömrəli problemi olan Qarabağ məsələsində Azərbaycana açıq dəstək verməsindən əndişələndiyini ifadə etdi. Bu və digər məsələlərlə bağlı “KarabakhİNFO.com” beynəlxalq e-jurnalının suallarını Milliyətçi Hərəkat Partiyasının sədr müavini və Türkiyə Böyük Millət Məclisinin (TBMM) İzmir millət vəkili Ahmet Kenan Tanrıkulu cavablandırdı.   – Türkiyə hər zaman Yuxarı Qarabağ problemi ilə bağlı Azərbaycana dəstək verib və bundan sonra da dəstəyini əsirgəməyəcək. Bu baxımdan Türkiyə, Azərbaycanın ən önəmli xarici siyasət problemi olan Qarabağ münaqişəsinə bir an öncə beynəlxalq hüquq çərçivəsində sülhü özündə əks etdirən, ədalətli və daimi bir həll yolunun tapılması məqsədi ilə ATƏT çərçivəsində fəaliyyət göstərən Minsk Qrupunun fəaliyyətinə aktiv olaraq qatılmaqdadır.   – Sizin qənaətnizcə Türkiyə Qarabağ problemində Azərbaycana yetərincə dəstək verirmi?   – Türkiyə Azərbaycan torpaqlarının işğalı səbəbindən Ermənistanla sərhəddini bağlayıb. Türkiyə, ATƏT-in Minsk Qrupunu münaqişəni həll edəcək uyğun platforma olaraq görməkdə davam edir. Bundan başqa Türkiyə sülh prosesində durğunluğu aradan qaldırmaq üçün əlavə tədbirlərə, məsələyə yaradıcı yanaşmaqla yeni yolların axtarılmasının tərəfdarıdır.   – Ermənistan prezidenti Sarkisyan KTMT üzvü olan türk dövlətləri – Qazaxıstan və Qırğızıstana Qarbağ məsələsində Azərbaycana açıq dəstək verdiyinə görə  etiraz etdi. Ad çəkməsə də əslində bu dövlətlərin düzgün siyasət yürütmədiyini bildirdi…   – Ermənistanın Rusiyanı strateji tərəfdaş kimi görməsi və bunu ictimaiyyətə açıq formada təqdim etməyə çalışmasından qaynaqlanan bu tipli addımları beynəlxalq diplomatiyada özünə yer tapa bilmir və müsbət qarşılanmır. Heç bir ölkə digər bir dövlətin daxili və ya xarici siyasətinə qarışa bilməz. Bu hər zaman beynəlxalq hüquqda da belə qəbul olunub. Dolayısıyla Ermənistanın başqa ölkələrdən digər ölkələrə şikayət etməsinin ciddi bir təsiri yoxdur və bu addımın özü qeyri-ciddi və qeyri-peşəkar bir yanaşmadır. Ermənistan Qarabağı işğalda saxlayır və buna görə də,  beynəlxalq hüquqsuzluq, qanunsuzluq davam etməkdədir.   – Ermənistanın Avroasiya İttifaqına qoşulmasından sonra bəzi ekspertlər Türkiyənin Ermənistanla  sərhədlərini açacağını bildirirlər. Bu ehtimallar nə qədər doğrudur?   – Ermənistanın beynəlxalq arenada qətiyyətsiz və dəyişkən siyasəti başda Avropa ölkələri olmaqla bir çox ölkədə ona olan etimadsızlığı, inamsızlığı daha da artırır. Digər tərəfdən Türkiyənin Ermənistanla sərhədlərini açması müzakirə mövzusu deyil.    – Azərbaycanla Türkiyə arasında hərbi sənaye ilə bağlı əməkdaşlığın səviyyəsi sizi qane edirmi?   – Türkiyə, 18 oktyabr 1991-ci il tarixində müstəqilliyini elan edən Azərbaycan Respublikasını 9 noyabr 1991-ci ildə tanıyan ilk dövlət olub. Türkiyə ilə Azərbaycan bu tarixdən sonra bir çox sahədə əməkdaşlıqlara başlayıb və müqavilələr imzlayıb. Bu ilin may ayında da iki ölkə arasında bütün sahələrdə olduğu kimi müdafiə sənayesi sektorunda da əməkdaşlıq müqaviləsi imzalanıb. Bunun da iki ölkə ordularının güclənməsinə xidmət etməsi hədəflənib. 12-28 iyul 2013-cü il tarixində Türkiyə ilə Azərbaycan arasında reallaşan tapşırıq qrupu batalyonunun poliqonu ilə də Türkiyənin və Azərbaycanın ərazi bütövlüyünün qorunmasında Türk Silahlı Qüvvələrinin qərarlı olduğu mesajı verilib.   – Türkiyə prezidenti Abdullah Gül BMT-də çıxışı zamanı konkret olaraq Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxmasını tələb etdi. BMT-nin bu məsələ ilə bağlı 4 məlum qətnaməsi də var. Amma bunlar hələ də kağız üzərində qalır və həyata keçirilmir. Bu sənədlərin işlək mexanizmə çevrilməsi üçün türk dövlətlərinin birgə hərəkət emələri mümkündürmü?   – Türk dövlətlərinin hər sahədə bir-birlərinə güvənərək, əməkdaşlıq içərisində olmaları onların beynəlxalq aləmdə bütün maneələrin, onlara qarşı olan güclərin öhdəsindən gələ biləcəyini düşünürəm. Qardaş və dost ölkələr bir arada hərəkət edə bilərsə, bu gün hələ də öz həllini gözləyən bir çox problem öz həllini tapa bilər, təbii ki, bu birliyin nəticəsi olaraq. Biz, bütün problemləri birlikdə həll edə bilərik. Bütün azərbaycanlı qardaşlarımıza bu vəsilə ilə salam və sayqılarımızı çatdırır, onları yaxınlaşmaqda olan Qurban bayramı münasibəti ilə təbrik edirik.    

 

 

  Əli Zülfüqaroğlu  

 

 

“KarabakhİNFO.com” 

05.10.2013 16:31

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*