Azərbaycanca

Heydər Əliyevin Dağlıq Qarabağ siyasəti

10.05.2014 | 11:00

1399716829_1360137104_heyder-eliyev-121212-11988-ci ildən başlayaraq Azərbaycanda dərinləşməkdə olan ictimai-siyasi, hərbi böhran 1993-cü ilin yayında özünün son həddinə çatdı. Getdikcə anarxiya, başıpozuqluluq uçurumuna yuvarlanan Azərbaycan iyunun əvvəllərində real vətəndaş qarşıdurması ilə üz-üzə qaldı. Müdafiə Nazirliyinə, respublika hakimiyyətinə tabe olmayan bədnam “polkovnik” Surət Hüseynovun başçılığı ilə Gəncədə başlayan qiyam ölkəni fəlakətə sürükləyirdi. O vaxtkı Azərbaycan rəhbərliyinin cəsarətsizliyi və qətiyyətsizliyi üzündən qiyam lokallaşdırılmamış və traflara keçmişdi. Belə bir vəziyyətdə iqtidar əlacsız qalmışdı və nə etmək lazım gəldiyini bilmirdi.

 

Xalq isə üzünü Heydər Əliyevə tutaraq onu köməyə çağırırdı. Həmin dövrdə xalqın müxtəlif təbəqələrinin neçə-neçə nümayə heyəti Naxçıvana gedərək Heydər Əliyevdən Bakıya dönüb respublikaya rəhbərlik etməsini xahiş etmişdi. Azərbaycanın bütün guşələrindən Naxçıvana vurulan teleqramların, göndərilən məktubların sayı-hesabı yox idi. Ölkəni idarə etmək iqtidarında olmayan mövcud iqtidar da Heydər Əliyevin Bakıya gəlməsini ondan xahiş edirdi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli Heydər Əliyevin xarici siyasətində başlıca yer tuturdu. Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə tarixi qayıdışından sonra münaqişənin aradan qaldırılmasına nail olmaq üçün göstərdiyi fəaliyyəti, ən yüksək səviyyədə dövlət başçıları və nümayəndə heyətləri ilə ikitərəfli və eləcə də çoxtərəfli görüşlərdə, beynəlxalq forumlarda, ATƏT-in zirvə görüşlərində, Minsk qrupunun həmsədrləri ilə aparılan müzakirələrdə, həmçinin Ermənistan Prezidenti ilə təkbətək danışıqlarda göstərdiyi ardıcıl səylər onun siyasətinin mühüm hissəsini təşkil edirdi.

 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və mahiyyəti, onun törətdiyi nəticələr dünya birliyinə yaxşı məlumdur. Bu münaqişə əzəli Azərbaycan torpağı olan Dağlıq Qarabağı qoparıb özünə birləşdirməyə çalışan Ermənistanın Azərbaycana ərazi iddiaları nəticəsində yaranmışdır. 1988-ci ildə münaqişə başlananda Sovet İttifaqının rəhbərliyinin Azərbaycana qarşı ədalətsiz və qərəzli mövqeyi, problemin vaxtında qarşısını almaq istəməməsi nəticəsində münaqişə dərinləşərək müharibəyə çevrildi. 1991-1992-ci illərdə hərbi əməliyyatlar geniş vüsət almağa başladı. Erməni silahlı birləşmələri ən müasir silahlardan istifadə edərək 1992-ci ilin fevralında Azərbaycanın Dağlıq Qarabağ bölgəsində 800 nəfərin ölümü ilə nəticələnən Xocalı soyqırımını həyata keçirdi. 1992-ci ilin mayında isə bu hücumlar Şuşanın, sonra da Laçının süqutu ilə nəticələndi. Beləliklə, erməni silahlı qüvvələri Dağlıq Qarabağın ətrafındakı rayonların da işğalına başladı. BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 nömrəli qətnamələrində erməni silahlı birləşmələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması və qaçqınların öz doğma yerlərinə qaytarılması tələb olunsa da, bu sahədə beynəlxalq ictimaiyyətin səylərinə və çağırışlarına məhəl qoymayan erməni silahlı birləşmələri rayonlarımızı işğal etməkdə davam etdi. 1993-cü ilin aprelindən başlayaraq bir neçə ay ərzində Kəlbəcər, Ağdam, Cəbrayıl, Qubadlı, Füzuli, Zəngilan işğal olundu. Onu da qeyd etmək lazımdır ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti beynəlxalq ictimaiyyət tərəfindən pislənsə də, Ermənistan faktiki olaraq heç bir dövlət tərəfindən təcavüzkar kimi tanınmadı. Yalnız 1993-cü ilin aprelində Pakistanın Kəraçi şəhərində İslam Konfransı Təşkilatının 21-ci konfransında Ermənistanın təcavüzkar dövlət olduğu bəyan edildi.

 

O zamankı Azərbaycan rəhbərliyinin səriştəsizliyindən, ölkədə baş verən hərc-mərclikdən, hakimiyyət uğrunda gedən qanlı münaqişələrdən istifadə edən Ermənistan Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağda qeyri-konstitusion hakimiyyət stukturlarını yaratmağa başladı. Nəticədə Dağlıq Qarabağ separatçıların və Ermənistan silahlı qüvvələrinin tam hərbi nəzarəti altına düşdü. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə ölkədə hakimiyyət dəyişikliyi baş verdi. Bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünün pozulması, torpaqların verilməsi, digər tərəfdən ölkənin parçalanması təhlükəsi qarşısında qaldığını görüb buna dözmək istəməyən xalqın çağırışı ilə hakimiyyətə qayıdan Heydər Əliyev ölkədə baş qaldırmış separatçı qüvvələri, Azərbaycan dövlətçiliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə qəsd törədən cinayətkar qrupları zərərsizləşdirdi, ölkədaxili ictimai-siyasi sabitliyi, dövlət ilə xalqın birliyini, yekdilliyini təmin etdi. Heydər Əliyevin Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qorumaq, ölkədə ictimai-siyasi sabitliyə nail olmaq istiqamətində təxirəsalınmaz vəzifələrdən biri davam etməkdə olan Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qəti addımlar atmaqdan ibarət idi. Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Milli Ordumuzun formalaşdırılması, onun döyüş qabiliyyətinin yüksəldilməsi, torpaqlarımızın müdafiə olunması üçün geniş miqyaslı tədbirlərin həyata keçirilməsi nəticəsində hərbi qarşıdurmada tarazlıq yarandı. Cəbhə bölgələrindəki yeni vəziyyət erməni tərəfini atəşin dayandırılması barədə ciddi düşünməyə vadar etdi. Məhz Heydər Əliyevin təşəbbüsü, onun qətiyyəti, əzmkarlığı və uzaqgörənliyi nəticəsində 1994-cü ilin mayın 12-də atəşkəs haqqında razılaşma əldə olundu, beş ildən artıq davam edən hərbi əməliyyatlar dayandırıldı, münaqişənin sülh yolu ilə aradan qaldırılması üçün ilkin şərait yarandı.

 

Məhz atəşkəsə nail olduqdan sonra bütün bu işlər üçün geniş imkan və şərait yaranmış oldu və bu sahədəki işlərin vüsəti xeyli artdı. Heydər Əliyev məsələnin sülh yolu ilə həll olunmasına tərəfdar olduğunu bildirdi və onun gərgin fəaliyyəti nəticəsində ATƏT-in Minsk qrupu çərçivəsində intensiv sülh danışıqları aparıldı. 1994-cü ilin dekabrında ATƏM-in Budapeştdə keçirilən Zirvə görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏM-in fəaliyyətinin intensivləşdirilməsi barədə qərar qəbul olundu. ATƏM dövlətlərinin başçıları nizamlamanın mərhələli xarakterini müəyyən edərək Minsk Konfransının həmsədrlərinə silahlı münaqişənin dayandırılması barədə saziş hazırlamağı tapşırdı. Saziş bütün tərəflər üçün münaqişənin əsas nəticələrinin aradan qaldırılmasını özündə əks etdirməli və Minsk Konfransının çağırılması üçün əsas olmadı idi. Münaqişə zonasında sülhün təmin edilməsi üçün ATƏM-in çoxmillətli qüvvələrinin yeləşdirilməsi barəsində bir qərar qəbul olundu. ATƏT-in 1994-cü il Budapeşt, 1996-ci il Lissabon və 1999-cu il İstanbul sammitlərində münaqişənin dinc və siyasi yollarla həlli istiqamətində bir sıra mühüm təkliflər irəli sürüldü. Xüsusilə 1996-cı ildə ATƏT-in Lissabon Zirvə görüşü zamanı Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi sayəsində Azərbaycanın mövqeyi Ermənistan istisna olmaqla, dünyanın 53 dövləti tərəfindən qəbul edildi, tanındı və müdafiə olundu. Qeyd etmək lazımdır ki, 1993-2000-ci illər arasında Heydər Əliyev ATƏT rəhbərliyi və Minsk qrupunun təmsilçiləri ilə 130-dan artıq görüş keçirmişdir. ATƏT-ə üzv olan ölkələrin liderləri ilə keçirilən görüşləri, aparılan danışıqları da əlavə etsək, Dağlıq Qarabağ münaqişəsini həll etməyi öz üzərinə götürmüş bu beynəlxalq qurumla Azərbaycanın nə qədər sıx və intensiv işlədiyi, qarşılıqlı əməkdaşlıq etdiyi aydın olar. Heydər Əliyev 1993-cü ildən 2001-ci ilədək 68 ölkənin prezidenti və dövlət başçısı ilə 485 görüş keçirmişdir. Bu görüşlərin hamısında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə olunmuşdur. Konkret rəqəmlərlə ifadə etsək, Heydər Əliyev ABŞ prezidenti, xarici işlər naziri ilə bu məsələni 18, Fransa rəhbərləri ilə 16, Rusiya ilə 23, Türkiyə rəhbərləri ilə 78 dəfə müzakirə etmişdir. BMT-nin baş katibləri ilə onlarca görüş olmuşdur. NATO, MDB, türkdilli ölkələrin dövlət başçılarının zirvə toplantılarında, İslam Konfransı Təşkilatının iki, İqtisadi Əməkdaşlıq Təşkilatının dörd görüşündə hər dəfə Heydər Əliyev Ermənistan-Azərbaycan münaqişəsini gündəliyə çıxarmışdır. ATƏT-in Lissabon Zirvə görüşündən sonra Minsk qrupunun həmsədrləri dünyanın üç ən böyük dövləti – Rusiya, ABŞ, Fransa oldu. Minsk qrupunun həmsədrləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair indiyədək üç təklif vermişlər. Onların 1997-ci ilin iyununda təqdim etdikləri ilk təklif problemin paket həllini, 1997-ci ilin oktyabrında verdikləri ikinci təklif isə bu məsələnin mərhələli həllini nəzərdə tuturdu. 1998-ci ilin noyabrında həmsədrlər üçüncü – “ümumi dövlət” təklifini verdilər. Nəhayət, 1999-cu ilin aprelindən başlayaraq, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində yeni bir fomat yarandı. Bu format öz fəaliyyəti ilə əslində ATƏT-in Minsk qrupunun işini tamamlayır.

 

Heydər Əliyevin Ermənistan prezidenti Robert Koçaryan ilə Cenevrə, Moskva, İstanbul, Paris, Minsk, Davos, Yalta, Soçi, və respublikamızın sərhədində çoxsaylı görüşləri olmuşdur. Emənistan Pezidenti ilə danışıqlar zamanı Heydər Əliyev əsasən münaqişənin tezliklə sülh yolu ilə tənzimlənməsi və Ermənistan-Azərbaycan arasında uzunmüddətli möhkəm sülhün yaradılması üçün qarşılıqlı surətdə məqbul kompromislərin axtarışı ilə məşğul olmuşdur. Qeyd etmək lazımdır ki, 1999-cu ilin axırlarında prezidentlər kompromis əldə edilməsinə yaxın idilər. Lakin Ermənistan əldə olunmuş razılaşmalardan tezliklə geri çəkildi. Bu gün danışıqlar prosesində yaranmış vəziyyət isə beynəlxalq münasibətlərdə təhlükəli presedent yaradır. Beynəlxalq birlik beynəlxalq hüququn norma və prinsiplərinə ciddi əməl olunmasını, bunların möhkəmləndirilməsini təmin etmək əvəzinə, qətiyyətsizlik nümayiş etdirir. Ərazi bütövlüyünün toxunulmazlığı, sərhədlərin pozulmazlığı kimi beynəlxalq hüququn fundamental norma və prinsipləri sual altına qoyulur və bununla da Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda yaşayan 100 min erməniyə görə beynəlxalq təcrübə və hüququn on illər boyu formalaşmış dayaqları sarsıdılır. Hərbi təcavüzün tanınması nəticəsində əldə edilmiş sülh, sabitlik və təhlükəsizlik isə möhkəm və əbədi ola bilməz.

 

 

Aynur Tağıyeva

AMEA-nın əməkdaşı

 “KarabakhİNFO.com” 

10.05.2014 11:00

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*