Azərbaycanca

Hikmət Hacıyev: “BBC müxbirinin Dağlıq Qarabağa səfəri haqqında Azərbaycan tərəfinin əvvəlcədən məlumatı var idi”

09.04.2015 | 10:19

47901ebf20713f3b93f9090b5acad12d

“BBC kanalının müxbiri Rayhan Demytrinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri barəsində əvvəlcədən Azərbaycan tərəfinin məlumatı var idi. “BBC World News” xidmətinin rəhbərliyi tərəfindən bu səfərlə əlaqədar Azərbaycana məktub ünvanlanıb”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev BBC kanalının müxbiri Rayhan Demytrinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməsi məsələsini şərh edərkən deyib.

Onun sözlərinə görə, məktubda beynəlxalq media qurumu kimi BBC-nin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə və Azərbaycanın işğal edilmiş ərazilərinə səfərlərə icazə verən qanun və qaydalarına hörmət etdiyi vurğulanıb: “Bu əsnada məktubda BBC-nin müxbiri Rayhan Demytrinin reportaj hazırlamaq üçün Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionuna səfər etməsi üçün icazə istənilib. Verilişdə səsləndirilən bəzi məqamları qəbul etməsək də, jurnalist fəaliyyətinin ölkənin qanunlarına hörmət əsasında peşəkar səviyyədə həyata keçirilməsinə və mətbuatın azadlığına hörmətlə yanaşırıq. Təəssüflər olsun ki, Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim reportajın ətraflı şəkildə hazırlanmasına imkan verməyib. Bir qayda olaraq, Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edən əcnəbi KİV nümayəndələrinə ciddi nəzarət altında çox məhdud marşrut üzrə hərəkət etməyə və çəkiliş aparmağa imkan verilir”.

H. Hacıyev qeyd edib ki, əgər jurnalistə çəkiliş üçün imkan verilsəydi, o, işğal olunmuş ərazilərdə etnik təmizləməyə məruz qalmış Azərbaycan vətəndaşlarının mülkiyyətinə və Azərbaycan xalqına məxsus tarixi maddi-mədəniyyət və dini abidələrə qarşı törədilmiş vəhşilikləri təqdim edə bilərdi: “Adi insanlarla sərbəst təmasa imkan verilsəydi, BBC jurnalisti Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətin dözülməz həddə acınacaqlı olduğunu görərdi”.

Apa.az

09.04.2015 10:19

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*