Azərbaycanca

“The Hill” qəzeti: ABŞ-ın liderliyi Azərbaycana dəstəkdə üzə çıxmalıdır

06.09.2014 | 10:34

the_hill_newspaper_logo_161013“Çox güman ki, keçmiş sovet məkanında bütün separatçı münaqişələr eyni məntiq və taktikaya malikdirlər, həmçinin Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna kimi ölkələrin dayanıqlı və müstəqil inkişafının pozulmasına yönəlib”.

 

“KarabakhİNFO.com” beynəlxalq elektron jurnalının Trend-ə istinadən məlumatına görə, bu barədə TSG şirkətinin direktoru Cozef Katsın “The Hill” qəzetində dərc edilən məqaləsində deyilir.
Müəllif qeyd edir ki, Ukraynada siyasi vəziyyətin gərginləşməsinin Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginliyin artması ilə eyni vaxta düşməsinin təsadüfi olmaması ilə bağlı müəyyən şübhələr var: “Avrasiyanın xəritəsinə baxsaq, belə qənaətə gəlmək olar ki, ABŞ-ın dostu olmaq üçün yüksək ödəniş etmək lazım gəlir”.
C.Kats yazır ki, Ermənistan unikal ölkədir, çünki aydın antiqərb siyasətinə baxmayaraq, hələ də Vaşinqtonun siyasi dəstəyindən istifadə edir və ABŞ-dan yardım alan əsas ölkələrdən biridir: “Məhz Ermənistan digər səfil ölkələrlə birlikdə BMT-də Ukraynanın ərazi bütövlüyünün əleyhinə səs verib”.
Məqalədə bildirilir ki, Ermənistan rəhbərliyi ölkənin eyni zamanda ABŞ, İran və Rusiya ilə müttəfiqi olmaq qabiliyyətinə əmindir ki, bunu heç də gizlətmir: “Məsələn, Ermənistan prezidenti Serj Sarkisyan Suriyanın dövlət başçısı Bəşşar Əsədi yenidən prezident seçilməsi münasibətilə təbrik edən azsaylı liderlərdən bidir. O, həmçinin Rusiya vətəndaşı, moskvalı oliqarxı Ermənistanın Los-Ancelesdəki fəxri konsulu vəzifəsinə təyin edib”.
C.Kats yazır: “Bəs Vaşinqtonun regionda baş verən hadisələrə reaksiyası necədir? Vaşinqton Ermənistana sanksiyalar tətbiq etmək əvəzinə, bunu Rusiyaya qarşı edir. ABŞ Dağlıq Qarabağdakı erməni separatçılarına maliyyə yardımı göstərən yeganə ölkə olaraq qalır”.
Məqalə müəllifi hazırda Avrasiya məkanında Azərbaycanın həlledici rolunu vurğulayır: “Azərbaycan NATO-nun Əfqanıstanda əməliyyatlar aparması üçün yük tranziti üzrə əsas məntəqədir, Rusiya və İranla sərhədi olan yeganə ölkədir, dünyada azsaylı dünyəvi və tolerant müsəlman cəmiyyətlərindən biridir”.
C.Kats hesab edir ki, buna baxmayaraq, Vaşinqton Azərbaycanla əlaqələri intensiv inkişaf etdirmək əvəzinə, onu daim tənqid edir və ya Bakıya məhəl qoymur: “Qərb reklam edilən Aİ ilə assosiativ sazişdə, digər namizəd ölkələrdən fərqli olaraq, Azərbaycanın ərazi bütövlüyünü aydın dəstəkləməyi belə təklif etmir. Bu, Avropa ölkələrində strateji qarışıqlığın əlamətidir”.
Məqalədə deyilir ki, Avropanın enerji təhlükəsizliyi əsas geosiyasi problemlərdən biridir və alternativ qaz tədarüklərinin təşkili məntiqi baxımdan Qərbin əsas prioriteti olmalıdır: “Lakin Qərbin “Cənub Qaz Dəhlizi” layihəsinin irəliləməsi üzrə birgə səyləri ən yaxşı halda zəifdir. ABŞ-ın lider ölkə kimi mövqeyi müttəfiqlərin axtarışı və dəstəklənməsində, həmçinin rəqiblərlə səmərəli mübarizədə üzə çıxmalıdır. Əks halda ABŞ-ın fəaliyyəti yalnız dünya arenasında ölkənin zəifliyini nümayiş etdirəcək”.

 

 

“KarabakhİNFO.com”

 

 

 

06.09.2014 10:34

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*