Azərbaycanca

İgidlik yaşa baxmır

16.02.2013 | 14:16

1361011295_tiqana331990-cı illərin əvvəlində Cəbrayılda elə bir ailə yox idi ki, orada onun adı çəkilməsin. Hamı balaca bir oğlanın cəbhədəki qəhrəmanlıqlarından danışırdı. Adını Tiqana deyə çağırırdılar. Onun cəbhəyə ərzaq, silah daşıması, qorxmazlığı dillər əzbəri olmuşdu.

 Valideynləri ilə üz-üzə oturmuşam. Soyuq, rütubətli, yarıqaranlıq otaq. Panel lövhələrin bir-birinə birləşdiyi divarların aralarından nəinki küləyin vıyıltısını eşitmək olur, hətta həmin aralardan zibil belə maneəsiz otağa tökülür. Bu yarımçıq tikilidə Cəbrayılın və bəlkə də elə Azərbaycanın ən gənc döyüşçü şəhidi Əliyev Samir Qədir oğlunun valideynləri yaşayır. Bunlar mənim gördüyüm digər şəhid valideynlərindən fərqlənirlər. Onlar ağlamırlar, çox sakitdirlər və bir də… oğlanları haqqında indiki zamanda danışırlar. “Durun gedək Tiqanaya baxaq” deyirlər, Tiqananın canına and içirlər, onun yolunu bu dəqiqə gələcəkmiş gözləyirlər, yarımçıq albomuna baxıb, onu nə vaxtsa Tiqananın sonadək dolduracağın gözləyirlər. Bu evdə hamı hər gün Tiqanadan danışır, özü də gülə-gülə, yaşayırmış kimi indiki zamanda. Biz də qəhrəmanlıqlar dolu söhbətə birgünlük qonaq olduq. Tiqananı tanımayanlar üçün əvvəlcə onun haqqında məlumat verək.

  Əsl adı Əliyev Samir Qədir oğlu olan şəhidimiz 1977-ci il Cəbrayıl rayonunun Qaracallı kəndində anadan olub. Uşaqlıqdan futbola böyük həvəsi olan Samiri məşhur fransız futbolçusu Jan Tiqananın şərəfinə Tiqana deyəİgidlik yaşa baxmır çağırıblar və elə o vaxtdan Samiri hamı Tiqana kimi tanımağa başlayır. Qaracallı kəndində uşaqdan böyüyə hamı onun barəsində təbəssümlə danışırdı. Yaşıdları qibtə ilə, həsədlə baxırdılar ona..

Ermənilər torpaqlarımıza təcavüz edəndə on bir yaşının içində idi Tiqana. Cəbrayılda düşməndən müdafiə olunmaq üçün könüllü dəstələr düzəldiləndə Tiqana da onların yanına ayaq açdı. Onun hər şeylə maraqlanması bəzilərində təbəssüm doğursa da, çoxlarının xoşuna gəlmədi. Düşündülər bu yaşda uşağın ölüm saçan “oyuncaqlara” tərəf can atmasının axırı yaxşı qurtarmaz. Sonra di, gəl çavab ver, bu uşağın yiyəsinə. Ona görə də Tiqanaya sərt üz göstərənlər, döyüş zonasından qovanlar oldu. Bəziləri üz-gözündə uşaq təbəssümü dolaşan bu balaca oğlanın saçlarına sığal çəkib:

 –    Qəqəni, get, dərslərini oxu, böyüyəndə belə işlərlə məşğul olarsan, – dedilər. Elə bil daş qayaya rast gəlmişdi. Tiqana deyilənləri qulaqardına vurub əsgərlərin yan-yörəsində hərlənir, fürsət tapanda silahları əlinə götürüb əsgərləri təqlid edirdi. Cəbhədəki əsgərlərin yavaş-yavaş üz-gözləri öyrəşirdi Tiqanaya. Daha onu yanlarından qovmasalar da, atəş tutan yerlərdən uzaq tutmağa çalışırdılar. Əsgərlərin etibarını qazanan bu balaca oğlan artıq öz işində idi. Əvvəlsə gizli-gizli göz qoyduğu hər cürə silahdan atəş açmağı öyrəndi, sonra əməlli-başlı döyüşçüyə çevrildi. Günlər keçdikcə səngərləri, döyüş postlarını gəzib dolaşan Tiqana güllə yağışı altda bərkiyib buğum-buğum böyüdü. Döyüşlərin qızğın çağında Tiqana simurğ quşu kimi əsgərlərin dadına çatırdı. Kimisinə patron, kimisinə bir içim su verir, yaralıların meydandan çıxarılmasına kömək edirdi. Neçə dəfə kəşfiyyata çıxan əsgərlərə yalvarıb-yaxarandan sonra onlara qoşulub düşmənin beş-on addımlığına qədər gedib çıxmışdı. Tiqana tapdığı düşmən minasını zərərsizləşdirməyi ən təcrübəli əsgərdən də yaxşı bacarırdı. Döyüşçülər onu ürəkdən sevir, qayğısına qalırdılar…

Tiqana döyüşə ilk dəfə 1992-ci ilin sentyabr ayında girdi. Əməliyyatdan qabaq, indiyə qədər onu döyüş meydanından çəkindirənlərə açıq-aşkar “nota” verəsi oldu.

 –    Daha bəsdir, – dedi Tiqana – indiyə qədər arxada saxlamısınız, köməkçi hesab etmisiniz məni. İnnən belə məni döyüş meydanına yaxın buraxmasanız, özüm bilirəm neyləyəcəm…

Tiqananın özünün bildiyi o idi ki, Vətənin dar günündə uşaq da, böyük də vuruşmalıdır düşmənlə. Döyüşdən qabaq balaca “Qəqəni”nin “e’tiraz notası” öz işini gördü. Komandir məcbur olub onun döyüş gedən zonaya buraxılmasına razılıq versə də, gizlində əsgərlərə bərk-bərk tapşırdı ki, Tiqananı gözdən qoymasınlar. Döyüşün qızğın çağlarında bu balaca oğlanın yağış kimi səpələnən güllələrin altında səngərdən səngərə atıldığını görəndə hamını heyrət bürüdü. Güllə yağışı altda ora-bura qaçan Tiqana V. Hüqonun balaca qəhrəmanı Qavroşa bənzəyirdi. Yan-yörəsinə düşən qəlpələr, qulağının dibindən vıyıldayıb keçən güllələr vecinə deyildi onun…

   Arxada anası Aminə, bacıları Xanımzər, Minəzər intizarla gözləyirdilər onu. Atası Qədirin Tiqana sarıdan əli ürəyinin üstündə qalmışdı. Yeganə oğlunun odun-alovun içərisindən gələn söz-söhbətlərindən xoşlansa da, nigarançılıqdan yaxa qurtara bilmirdi…

Qələbə xalçasının acı sonluğu

Samirin əşyaları ilə tanış olduqdan sonra bir daha əmin olursan ki, o qəhrəman kimi doğulubmuş və niyyəti onu elə mənzilinə aparıb. Özünə aid albomuna 20 Yanvar 1990-cı il faciəsindən bəhs edən şəkillər, məqalələr, şeirlər yazıb. Daha sonra Xocalı faciəsini əks etdirən şəkilləri albomuna yapışdıran Samir hər hadisəyə uyğun şeirlər də yazmağaı unutmayıb. Albomun davamını isə artıq onun qəhrəmanlığından bəhs edən məqalələr, şəkillər, şeirlər davam etdiri. Bax, belə oğul olub Tiqana.

  Atası Qədir kişi: “Hələ 4-5 yaşı var idi, dedi mənə avtomat düzəlt. Mən də ona taxtadan bir avtomat düzəltdim. Səhərdən axşamacan qarğı atını minib taxta avtomatını əlinə alıb, “nemeslərə” atəş açardı”.

Vaxt gəlir Samir taxta avtomatını əsl silahla əvəz etməli olur. Bu o vaxtlar idi ki, çoxları cəbhəyə getməkdən imtina edir, min bəhanə ilə döyüşdən yayınırdı. Tiqana isə yaşının az olmasına baxmayaraq, ön cəbhədə döyüşən əsgərlərə kömək edir, hətta erməni kəndlərinin dağ, meşə yollarını yaxşı tanıdığından bələdçi kimi kəşfiyyata gedənlərə qoşulurdu. Beləcə, Tiqana Cəbrayılın “Quşçular”, “Günəşli”, “Banazur”, “Hərəkül”, “Sirik”, “Qızılqaya”, “Qışlaq”, “Mülkədərə”, “Qazanzəmi”, “Zamzur”, “Daşbaşı”, “Köhnə Tağlar”, “Məzrə” və digər postlarında erməni işğalçılarına qarşı vuruşur.

Anası Aminə xanımın dedikıərindən: “Günlərin bir günü ağ atının belində gəldi, dedi ana, gəlsənə, Fatma nənəmlə birgə mənə Qələbə xalçası toxuyarsınız. Qırmızı ilmələrin sayını çox edərsiniz, ortada isə mənim köhlən atımın şəklini toxuyarsınız”.

Aminə ana ilə Fatma nənə gecəni gündüzə qatıb Qələbə xalçası toxuyurdular. Tiqanananın bacıları Xanımzərlə Minəzər də onlara kömək edirdilər. Hər dəfə səngərdən evə dönəndə xalçası ilə maraqlanan Tiqana onun hər ilməsinə fikir verir, xoşuna gəlməyən yerini düzəltdirirdi. O, tələsirdi. İstəyirdi ki, xalça tez toxunsun. Ona elə gəlirdi ki, xalç toxunub qurtaran gün qələbə çalacaqlar. Amma …

Xalça toxunub qurtaran gün Tiqananın ölüm xəbəri gəldi…

İgidlik yaşa baxmır  “Yanıq Kərəm” son rəqsi oldu

Qədir dayıgildə artıq ənənəyə çevrilən bir hal var – bura gələnlərlə birlikdə Tiqana olan videkasetlərə baxmaq. Qədir dayı ilə Amina xala səbrlə, təmkinlə Tiqananın televizordan boylanan simasna baxmaqdan doymur, aradabir ona iradlarını belə bildirməkdən çəkinmirlər – “bax, orada gizlənib deyə yaxşı düşməyib. Papağını gözünün üstünə qədər basıb deyə, sifəti yaxşı görünmür” və sair.

Kiminsə toyundan olan bir kadra baxırıq. Aktyorlar Həsən Turabovla Rasim Balayev də əsgər toyuna gəliblər. Tiqana da hərbi geyimdə həmin toyda iştirak edir. Həmin vaxt hələ 14 yaşı var Samirin. Aktyorlar Tiqananı oynadıb başına pul səpirlər, sağlığına badə qaldırb xoş sözlər söyləyirlər.

Həsən Turabov:

–         Tiqana, gəl yanıma, de görüm necə oldu ki, məktəbi atıb döyüşə getdin?

Tiqana gülə-gülə:

–         Cəbrayılın dar günündə rahat otura blməzdim. Ərizə yazıb öz xoşumla məktəbdən çıxdım.

Həsən Turabov:

–         Döyüşdən qaçanlara nə deyərdin?

–         Deyirəm ki, ar olsun, məndən utanın.

Həsən Turabov üzünü məclisdəkilərə tutaraq deyir:

–         Fəxr edirəm ki, belə oğlumuz var. Onun şərəfinə “Yanıq Kərəm”i havası çalınsın və Tiqana oynasın.

Tiqana oynadıqca hamı əl çalır, Həsən Turabovla Rasim Balayev onun başına pul səpirlər.

1993-cü ilin avqust ayını 15-də ermənilər Cəbrayılın Balyand, Süleymanlı, Qaracallı istiqamətini güclü raket-top atəşinə tutduqdan sonra Quşçular postunu ələ keçirmişdilər. Sağ qalan döyüşçülər Doşulu kəndinə tərəf üz tuturlar. Quşçular kəndindən aşağıda, Daşbaşı tərəfdə üç əsgərimizin cəsədi qalmışdı. Tiqana cəsədin əvvəl birini, sonra o birini atəş ltından çıxarır. Erməni tankları isə artıq Quşçular kəndində idi. Əsgərlərdən biri deyir ki, Tiqana, daha getmə, səni vurarlar. Amma o gedir və əlləri Mərcanlı kəndindən olan şəhid Yaqubun cəsədinə uzalı qalır. Snayper gülləsi Tiqananın düz sinəsindən dəymişdi. Tanrı dahiləri və bir də igidləri az yaşadır, onlara sitəm edir, – deyirlər. Tiqana dahi kimi doğulmasa da, igid kimi tanınmışdı. Ölüm aman versəydi, qələbə gününə kimi cəbhədən ayağını çəkən deyildi. 1993-cü ilin avqust ayının 15-də Xocavənd rayonunun Banazur kəndi ətrafında gedən döyüşlərdə son nəfəsinə kimi düşmənlə vuruşub şəhid oldu bu balaca əsgər. Samir adıyla doğulub Tiqana adıyla əfsanələşən bu oğlan dar ayaqda Vətəndən canını əsirgəmədi. O, Tanrının möcüzəsi, od parçası idi. Qeyrəti ilə döyüş meydanlarında əfsanələşən Tiqana unudulan, yaddan çıxan deyil…

İgidlik yaşa baxmır  İnanmaq istərdim ki, tezliklə Tiqananın valideynləri heç olmasa bundan sonra normal şəraiti olan mənzildə yaşayacaqlar. Buonların haqqıdır, çünki yeganə oğlanları Samir sağ olsaydı indi çox güman ki, Aminə anayla, Qədir dayı indiki kimi yağışa, qara, küləyə açıq olan qapı-pəncərələrinə baxıb oğulsuzluqlarına köks ötürməzdilər. İnanmaq istərdim ki, Cəbrayıl Rayon İcra Hakimiyyəti və digər aidiyyəi qurumlar ən gənc şəhidinin valideynlərinin taleyinə biganə qalmayacaq. Və inanmaq istərdim ki, tezliklə torpaqlarımız azad olacaq, Tiqananın narahat ruhu rahatlıq tapacaq.

Naibə Qurbanova

KarabakhİNFO.com

– See more at: http://karabakhinfo.com/sahidler/977-gidlik-yaa-baxmr.html#sthash.o9mjGfRy.dpuf

16.02.2013 14:16

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*