Azərbaycanca

İki dəfə deportasiya acısı yaşamış qadın – GÜNAHSIZ GÜNAHKARLAR

04.12.2014 | 11:56

333333333333333Hazırda Azərbaycanda minlərlə erməninin yaşamasına baxmayaraq, Ermənistanda bir nəfər olsun azərbaycanlı yoxdur. Buna səbəb ermənilərin azərbaycanlılara qarşı kütləvi deportasiyası olub.

 

Müsahibimiz deportasiya acısını həyatında iki dəfə yaşamış Yusifova Sona Təvəkkül qızıdır. 1946-cı ildə Vedi rayonunun Məngük kəndində anadan olan Sona xanımın ilk köçkünlüyü 1948-ci ildə, ikincisi isə 1988-ci ildə baş verib.

 

 

– Valideynlərim də əslən Vedi rayonunun Məngük kəndindən olublar, hər ikisi müəllim idi. Ermənilərdən ilk zərbəni anam alıb. Onun valideynlərini hələ 1905-ci ildə ermənilər işgəncələrlə qətlə yetiriblər. Anam demək olar ki, hər gün başlarına gətirilən bu müsibətlərdən danışardı. 1948-ci ildə isə biz özümüz bu həyatı yaşamalı olduq və digər azərbaycanlılarla bərabər doğma yurdumuzdan qovulduq. O zaman biz çox çətinliklərlə Azərbaycana – Şəmkir rayonuna köçdük. O zaman Ermənistandan gələn insanların çoxu buranın iqliminə dözməyərək dünyasını dəyişdi. Mən 3-cü sinifə qədər Şəmkirdə oxudum və həmin il atam da rəhmətə getdi. Sonra nənəm gəldi və bizi yenidən öz dədə-baba torpağımıza – Məngük kəndinə apardı. Lakin orada evlərimizin dağıldığını, lazımı qurumların artıq işləmədiyini gördük. Ona görə də Vedi rayonunun Xalisa kəndində yaşamalı olduq. Məngük dağ kəndi idi, Xalisa isə aran sayılırdı. Orada bizə torpaq verdilər, yenidən ev tikməli olduq. Təhsilimi də bu kənddə davam etdirdim. Ailə qurduqdan sonra isə Azərbaycana gəlməli oldum, çünki həyat yoldaşım İmişli rayonunda yaşayırdı. 1983-ci ildə isə həyat yoldaşım dünyasını dəyişdi və qardaşım gəlib bizi Vediyə apardı. 1987-ci ildə ora qayıtdıqdan sonra biz qeydiyyata düşmək üçün müraciət etdik. Bizi qəbul edən vaxtilə Gəncədə yaşamış bir erməni qadın idi və o, bizə dedi ki, bir halda ki, qayıdacaqsınız daha niyə qeydiyyata düşürsünüz. Bu 1987-ci ildə olan bir hadisə idi. Biz isə o vaxt hələ heç anlamamışdıq. Sən demə, ermənilər neçə illər imiş ki, bu prosesə hazırlaşırmışlar və artıq azərbaycanlıların Ermənistan ərzazisində qeydiyyata alınmaması ilə bağlı hələ münaqişə başlamazdan əvvəl göstəriş verilmişdi. Biz isə orada yaşasaq da, bunu hiss etmirdik. Təxminən bir il sonra – 1988-ci il fevralın 19-da hamımız bir məclisdə idik, bu vaxt qonşumuz gəlib dedi ki, ermənilər Qarabağda hay-küy salmağa başlayıblar ki, Qarabağ Ermənistana birləşdirilməlidir. Biz əvvəl inanmadıq, sonra gördük Ermənistanda artıq bizə münasibət dəyişməyə başladı və beləliklə yaşamaq artıq dözülməz hala gəldi.

11111111
– Dözülməz hal deyəndə nəyi nəzərdə tutursunuz, yəni azərbaycanlılara hansı formada təzyiq olunurdu?

 

 

– Təsəvvür edin ki, mağazadan çörək belə ala bilmirdik. Erməni qonşularımıza deyirdik, onlar alırdılar, sonra bunu da başa düşdülər və öz millətlərinə də 1 dənədən artıq çörək vermirdilər. Deyirdilər aparıb türklərə verirsiniz.

 

 

– Qonşuların sizə olan münasibəti dəyişdimi?

 

 

– O qədər də yox. Düzdür, eləsi var idi ki, elə əvvəldən türkdü deyib bizə gün vermirdilər. Hadisələr başlayanda isə onlar daha da üstümüzə ayaq aldılar. Sonra da başladılar məktəblərdə, küçədə, iş yerlərində bizimkiləri gözümçıxdıya salmağa. Fevral ayından dekabr ayınadək biz orada ermənilərin təzyiqi altında yaşamalı olduq. Əhaliyə divan tuturdular, döyürdülər, söyürdülər. Deyirdilər çıxın gedin Azərbaycana, buradan getməsəniz, hamınızı öldürəcəyik. Hamı gizlənərək canını qurtarırdı. Camaatın çoxu yayda Əsgərana gəldi, dərslər başlayanda yenidən Ermənistana dönsələr də, qoymadılar. Dedilər hardan gəlmisinizsə, oraya qayıdın. Sonra da iki qonşu kənddəki – bizim yaşadığımız Xalsa kəndiylə, Şiddik kəndindəki azərbaycanlılar Türkiyə ilə sərhədə yığılıb sığınacaq istədik, o müddətdə isə sərhəddə çadırlar qurub yaşamağa başladıq. Noyabrın 29-u səhər tezdən sonuncu dəfə radio vasitəsilə xəbərdarlıq etdilər ki, ham ıməktəbin qarşısına toplaşsın, iclas olacaq. Biz də yığıldıq. Bir də gördük hamının gözü qarşısında bizi soyurlar. Üstümüzdə, cibimizdə olan sırğa, üzük, boyunbağı nəyimiz varsa, hamısını əlimizdən alıb, üstümüzdən açıb, kənarda saxladıqları maşının içinə tullayırdılar. Camaatın başından papağını, əynindən isti geyimini soyundururdular. Sonra hamımızı yığdılar yük maşınlarına dedilər ki, sizi Qəmərli kəndinə aparırıq orada iclas olacaq. Sən demə ermənilərin 1905-ci , 1918-ci illərdəki kimi azərbaycanlıları iclas adı ilə aparıb məscidlərdə, damlarda yandırdığı kimi bizi də yandırmağa aparırmışlar. Bəxtimiz onda gətirdi ki, bizim Azərbaycan tərəfə keçməyimiz üçün Naxçıvandan hərbiçilərdən ibarət dəstə köməyimizə gəldi. Yolboyu bizə butulka, daş, vedrə atırdılar. Ermənilər – qadın, kişi, uşaq hamısı yolların kənarı ilə düzülüb, əllərinə keçəni bizə atırdılar. Həmin vaxt qızımın başına butulka dəymişdi. Oğlumun sinif yoldaşını o qədər döymüşdülər ki, bura çatan kimi öldü. Bu müsibətlə torpağımızı tərk etdik, Naxçıvana gəldik. Onu da bildirim ki, Naxçıvandan bizə kömək olmasaydı, heç kəs oradan sağ-salamat gəlib bura çata bilməyəcəkdi. Naxçıvanın camaatı bizə çörək bişirib göndərirdilər. Bəzi sözü keçən adamlar təhlükəli olmasına baxmayaraq Ermənistan tərəfə keçib bizim güzəranımızın birbaşa şahidi olmuşdular. O vaxt yazıçı Anar, Fərman Kərimzadə də gəlmişdilər. Amma ermənilər heç nə ilə ipə-sapa yatmadılar, ev-eşiyimizdən didərgin olduq.

 

2222222222222222222

– Nə vaxtsa öz tarixi torpaqlarınıza qayıdacağınıza ümidiniz varmı?

 

 

– Əlbəttə. Bura da bizim Vətənimizdi, amma nə qədər olmasa insanı doğulduğu dədə-baba yurdu özünə tərəf çəkir. Ürəyimi orada qoyub gəlmişəm. Hər kəs öz torpağını istəyir.

 

 

– Siz iki dəfə deportasiya olunmusunuz və artıq ermənilərin xislətinə bələdsiniz. Amma buna baxmayaraq, yenə də təkrarən Ermənistana dönmək istəyirsiniz…

 

 

– Əlbəttə. Heç nəyi gözə almadan yenə torpağıma qayıtmaq arzusuyla yaşayıram.

 

 

Bu Qərbi Azərbaycandan qovulan azərbaycanlı şahidin söylədikləri idi. Növbəti dəfə hazırda Bakıda yaşayan milliyətcə erməni Məmmədova Janetta Uluxan qızı ilə olan müsahibəni oxuya bilərsiniz.

 

 

(Davamı olacaq…)

 

 

Naibə Qurbanova
“KarabakhİNFO.com”

 

 

04.12.2014 11:56

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*