Azərbaycanca

İlham Əliyev: ”Dağlıq Qarabağ münaqişəsi regional təhlükədir”

06.06.2014 | 13:12

10396310_581398248640329_462123352_nTürkiyənin Bodrum şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) IV Zirvə toplantısı keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə toplantısında iştirak etmişdir. Prezident Zirvə toplantısında çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinə də toxunub: “Əlbəttə, siyasi məsələlərin həllinə gəldikdə, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyə böyük ehtiyac vardır. Mən çox şadam ki, biz üzv olduğumuz təşkilatlarda bir-birimizi dəstəkləyirik, xüsusilə BMT-də, İslam Əməkdaşlıq Təşkilatı, ECO təşkilatı çərçivəsində bir-birimizin dəstəyini hiss edirik, görürük. Eyni zamanda, ölkələrimizin üzv olmadığı bəzi təşkilatlarda Əməkdaşlıq Şurasına üzv ölkələrin fəaliyyəti də böyük önəm daşıyır. Mən bu gün xüsusilə hörmətli Nursultan Nazarbayevin addımını qeyd etmək istəyirəm. O, bu yaxınlarda Astanada Avrasiya İqtisadi İttifaqının təsis toplantısında Ermənistanın bu təşkilata üzvlüyü ilə bağlı Azərbaycan tərəfinin narahatlığını ifadə etmişdir. Biz buna görə hörmətli Nursultan Abişeviçə minnətdarlığımızı bildirmək istəyirik. Azərbaycan xalqı bunu yüksək qiymətləndirir. Bu, əsl dostluq, qardaşlıq addımı idi. Eyni zamanda, bu addım ədalətə və beynəlxalq hüquqa söykənir. Çünki ölkələrin beynəlxalq birlik, BMT tərəfindən tanınan sərhədləri toxunulmazdır. Ölkələrin ərazi bütövlüyü toxunulmazdır. Ərazi bütövlüyü hər bir ölkənin suverenliyini əks etdirən əsas məsələdir. Bildiyiniz kimi, Azərbaycanın ərazi bütövlüyü uzun illərdir ki, pozulubdur.

 

Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti aparır. Bu siyasət nəticəsində 20 faiz torpağımız işğal altındadır, bir milyondan artıq qaçqın-köçkün vardır. Bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır, Xocalı soyqırımı törədilmişdir. Bu gün dünyanın 10 ölkəsi Xocalı soyqırımını rəsmən soyqırımı kimi tanıyır. Beynəlxalq təşkilatların bu məsələ ilə bağlı mövqeyi bəllidir. BMT Təhlükəsizlik Şurası Ermənistan işğalçı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasına dair dörd qətnamə qəbul etmişdir. Əfsuslar olsun ki, bu qətnamələr bu günə qədər icra edilməyib. Qoşulmama Hərəkatı, Avropa Parlamenti, Avropa Şurası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı – bütün bu mötəbər təşkilatlar öz qərar və qətnamələrində ədaləti, beynəlxalq hüququ və əslində Azərbaycanın mövqeyini dəstəkləmişlər. Ancaq əfsuslar olsun ki, işğalçı ölkə buna məhəl qoymur və işğal davam edir. Bu məsələnin həlli yalnız beynəlxalq hüququn norma və prinsipləri üzərində mümkündür. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi qeyd-şərtsiz icra edilməlidir. Ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir və soydaşlarımız öz dədə-baba torpaqlarına qayıtmalıdırlar. Baxmayaraq ki, orada artıq hər şey dağıdılıb. ATƏT-in faktaraşdırıcı missiyaları işğal edilmiş torpaqlara iki dəfə səfər etmişlər və onların məruzələrində orada bütün dağıntılar öz əksini tapıbdır. O cümlədən bizim tarixi, dini abidələrimiz ermənilər tərəfindən vəhşicəsinə dağıdılıbdır. Bu münaqişə böyük regional təhlükədir, eyni zamanda, bizim üçün iqtisadi cəhətdən də böyük problemlər yaradır. Buna baxmayaraq, Azərbaycan iqtisadiyyatı son illərdə uğurlu inkişaf dövrünü yaşayır. Hesab edirəm ki, biz Şura çərçivəsində iqtisadi əməkdaşlığı daha da dərinləşdirməliyik. Bu sahədə investisiya layihələrinin icrası xüsusi önəm daşıyır. Deyə bilərəm ki, Azərbaycan hazırda Türkiyəyə böyük həcmdə investisiya qoymağa başlamışdır. Növbəti 5-6 il ərzində bu investisiyaların həcmi ən azı 20 milyard dollar olacaqdır. Hesab edirəm ki, qarşılıqlı investisiyaların qoyuluşu həm bizim maraqlarımızı təmin edəcək, eyni zamanda, birliyimizi daha da möhkəmləndirəcəkdir”.

 

 

“KarabakhİNFO.com” 

06.06.2014 13:12

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*