Azərbaycanca

İlham Əliyev: “İşğaldan sonra bütün rayonlar Horadiz kimi olacaq”

30.08.2014 | 10:52

62861“Mən yenidən Füzuli rayonunda olmağımdan çox şadam. Bu, mənim Füzuli rayonuna beşinci səfərimdir. Hər dəfə burada olarkən yeniliklər görürəm, ürəyim sevinir və əldə edilmiş bütün uğurlar münasibətilə sizi ürəkdən təbrik edirəm”.

 

 

“KarabakhİNFO.com” beynəlxalq elektron jurnalı “Qafqazinfo”-ya istinadən  xəbər verir ki, bunu Füzuli rayonunda olan prezident İlham Əliyev rayon ictimaiyyəti ilə görüşdə deyib. İ. Əliyev bildirib ki, Füzuli rayonunun inkişafı daim diqqət mərkəzindədir: “Hazırda işğal altındakı bütün torpaqlar işğaldan azad olunandan sonra bax, Horadiz kimi olacaq. Biz həm Füzuli şəhərini bərpa edəcəyik, hazırda tamamilə dağıdılmış Ağdamı bərpa edəcəyik, Şuşanı, bütün başqa şəhərləri bərpa edəcəyik. Çünki mən tam əminəm, – əminəm ki, Azərbaycan xalqı bunu bilir, – biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Azərbaycanın buna gücü çatır və bu, qaçılmazdır. Sadəcə olaraq hələ çalışırıq ki, bunu danışıqlar yolu ilə, qan tökülmədən həll edək. Amma biz istənilən varianta hazırıq. Çünki haqq-ədalət bizim tərəfimizdədir. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Siz – Qarabağda doğulmuş, yaşamış, bu gün yaşayan insanlar bunu hamıdan yaxşı bilirsiniz. Bu, əzəli Azərbaycan torpağıdır – Xankəndi, Şuşa. Sadəcə müvəqqəti olaraq işğal altındadır, ancaq biz bu işğala son qoyacağıq. Biz öz torpağımızda yaşayırıq, öz torpağımızı müdafiə edirik və müdafiə edəcəyik. Əminəm ki, ərazi bütövlüyümüzün bərpası qaçılmazdır. Bunu düşmən də bilir və bilməlidir.

 

Bu ayın əvvəlində təmas xəttində baş vermiş hadisələr bir daha Azərbaycan Ordusunun qüdrətini, gücünü, qarşı tərəfin isə gücsüzlüyünü, acizliyini əyani şəkildə göstərmişdir.

 

 

Ermənistan özü artıq etiraf edir ki, xarici yardım olmadan yaşaya bilməz, iqtisadi inkişafa nail ola bilməz və hətta öz təhlükəsizliyini qoruya bilməz. Artıq yüksək vəzifəli erməni dövlət məmurları bunu etiraf edirlər. Bu, əslində erməni dövlətinin iflası deməkdir.

 

Hər bir bölgədə gedən inkişaf məni sevindirir. Mən hər bir rayonda dəfələrlə olmuşam. Füzuliyə beşinci dəfədir gəlirəm. Ancaq Füzuli, Ağdam rayonlarında gedən inkişaf məni xüsusilə sevindirir. Çünki siz düşmənlə üz-üzə yaşayırsınız, siz böyük cəsarət, mərdlik göstərirsiniz. Biz burada, düşmənlə üz-üzə Horadizdə biz bir gülüstan, bir abad şəhər görürük. Getsinlər öz şəhərlərinə baxsınlar. Bu gün Horadiz abadlığına görə onların paytaxtı olan qədim Azərbaycan şəhəri İrəvandan bir neçə dəfə üstündür. Bu, reallıqdır. Bunu hər kəs görür və görməlidir”.

 

 

“KarabakhİNFO.com”

30.08.2014 10:52

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*