Azərbaycanca

“İllər yurd acısını, vətən həsrətini unutdurmağa qadir deyil”

02.10.2014 | 12:14

IMG_8205Bu gün oktyabrın 2-si Xocavənd rayonunun erməni qəsbkarları tərəfindən işğalının 22-ci ildönümüdür. Bununla əlaqədar olaraq Xocavənd Rayon İcra Hakimiyyətinin başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Quliyeva “KarabakhİNFO.com” beynəlxalq e-jurnalına müsahibə verib.

 

 

1. Əfsanə xanım, Xocavənd gözləriniz önündə necə canlanır?
Xocavənd rayonu işğal olunan zaman mənim 7 yaşım var idi. Kuropatkin kənd tam orta məktəbində yenicə I sinfə qədəm qoymuşdum. Lakin mənfur düşmən əlifbanı sonadək öyrənməyə imkan vermədi və mənə də digər məcburi köçkün uşaqları kimi orta məktəbi Respublikamızın müxtəlif rayonlarında oxumaq qismət oldu. Hər zaman Xocavəndi xatırlayanda çox şükür edirəm və müəyyən mənada özümü çox şanslı hiss edirəm ki, bir neçə il də olsa o torpağın suyundan içmişəm, havasından udmuşam. Ən azından vətənimlə bağlı xatirələrim var. Yaxşı ki xatirələr var. Bu günün boşluğunu dolduran, çözələnə-çözələnə bitib-tükənməyən xatirələr. Vətən deyəndə gözünün önündə canlanan xatirələr. Və bir də yaxşı ki, xəyallar, ümidlər var. Uşaq vaxtı hər zaman may ayı gələndə yeni tədris ilini doğma kəndimdə məktəbə getməyi xəyal edərdim. İndi artıq yalnızca xəyal etmirəm, inanıram, həm də bütün qəlbimlə inanıram ki, biz vətənimizə-Qarabağa qayıdacağıq. Elə bilirəm ki, kimliyindən asılı olmayaraq vətənini, torpağını, dövlətini sevən hər kəsin, hər bir azərbaycanlının daxilində bu inam var. Əminəm ki, Mübariz kimi Azərbaycanın mərd oğulları, igidləri içlərində Vətən eşqi ilə Qarabağın düşmən zəncirlərini qırmağa hər an hazırdırlar. Bir gün güləcək Qarabağ, başında əsən yelləri qovacaq, qədərinə yox deyib azad olacaq, sevinc dolu bir qəlbə çevrilib bütün dünya azərbaycanlılarının köksündə çarpacaq Qarabağ!!! Bunu qətiyyətlə deməyə əsasımız var, çünki bizim qüdrətli ordumuz və cənab Prezidentimiz kimi qətiyyətli Ali Baş Komandanımız var.

 

 

2. Artıq Xocavəndsizliyimizin 22-ci ilini qeyd edirik. Sizcə illər bu yurd acısını unutdurmur ki?

 

 

Bu gün Xocavənd rayonunun erməni quldurları tərəfindən işğalından 22 il ötür. İllər yurd acısını, vətən həsrətini unutdurmağa qadir deyil, məncə. 22 ildir Xocavəndi görmək, Xocavəndə getmək həsrətini hər bir xocavəndli kimi mən də qəlbimdə yaşadıram, ölməyə qoymuram. Hələ üstəlik zaman keçdikcə, insan yaşa dolduqca itkinin ağırlığını daha çox hiss edir, sanki acı daha da şiddətlənir, insanın bütün düşüncəsinə hakim olur. Həm də vətən, yurd acısını unutmağa haqqımız da yoxdur axı. Çünki o torpaqlarda tariximiz, ədəbiyyatımız, mədəniyyətimiz var, keçmişimiz var. Keçmişini unudan xalqın isə gələcəyi də olmaz, deyiblər. Digər tərəfdən şəhidlərin Vətənin hər qarış torpağına tökülən qanı, Vətən göylərində haray çəkən, qisas gözləyən ruhu bizi ana yurdumuzu bir anlıq belə unutmamağa çağırır. Şəhidlərimizin ruhu isə yalnız onların uğrunda şəhid olduqları məqsədləri həyata keçirdiyimiz zaman rahatlıq tapacaq.

 

 

3. Sizcə, təhsil müəssisələrində Qarabağ həqiqətləri gənc nəslə yetərincə çatdırılırmı?

 

 

IMG_8204Torpaqlarımızın 20 faizi işğal altındadır, tarixi ərazilərimizin böyük bir hissəsi digər dövlətlərin tərkibinə qatılıb . Buna görə də tarixi ədalətin bərpası üçün bu gün gənc nəslin vətənpərvərlik və dövlətə sədaqət ruhunda böyüməsi vacibdir. Gənclərdə vətənpərvərlik hisslərinin gücləndirilməsi isə təhsil prosesi ilə sıx bağlıdır. Xocavənd rayon ümumtəhsil müəsisələrində mütəmadi olaraq müharibə veteranları, şəhid ailələri ilə görüşlər təşkil olunur, rayonların və Xocavənd rayonunun kəndlərinin işğal tarixlərində tədbirlər keçirilir, “Qarabağın şanlı tarixi” başlığı altında intellektual bilik yarışları təşkil olunur. Bununla yanaşı məktəblərin foyelərində, sinif otaqlarında işğal olunmuş rayonlar haqqında məlumatlar, şəhidlərimizin şəkilləri əks olunan stendlər asılıb. Bütün bunlar şagirdlərin qəlbində vətən sevgisini təcəssüm etdirən hislər yaradır. Lakin, zənnimcə, qeyd olunanlar Qarabağ həqiqətlərinin gənc nəslə çatdırılması üçün yetərli deyil. Bunun üçün dərsliklərdə Qarabağın tarixi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dərslərə daha çox yer verilməsinə ehtiyac var. Qeyd edim ki, artıq bu istqamətdə də addımlar atılır. Belə ki, Təhsil Nazirliyinin göstərişi ilə artıq 2014-2015-ci tədris ilindən məktəblərdə “Qarabağın tarixi” adlı fakultativ dərslər tədris olunacaq. Ümid ediəm ki, həmin dərsləri tədris edən müəllimlər şagirdlərə bu münaqişənin əsl mahiyyyətini çatdıra biləcəklər.

 

 

4. Xocavənd rayonunda təhsilin səviyyəsini ümumən necə xarakterizə edərdiniz? İşğal təhsilə necə təsir edib?

 

 

XX əsrin sonlarında tarixə ən faciəli münaqişələrdən biri kimi daxil olan Ermənistanın Azərbaycana elan olunmamış müharibəsi minlərlə insanın taleyini, həyatını dəyişdi, o cümlədən xocavəndlillərin. Rayon sakinlərinin dinc həyatını, rahatlığını, qaynar fəaliyyətini, bütün sahələrdə qazandığı nailiyyətləri alt üst etdi . İnsanların öz Vətənlərində yaşamaq, işləmək, qurub-yaratmaq haqqı əllərindən alındı, köçkünlük, didərginlik başladı. Müharibədən geriyə illər uzunu qurulan abad şəhərlərin yerində altı üstünə çevrilmiş şəhərlər , məhv edilmiş insan həyatları qaldı. İşğal olunmuş digər rayonlar kimi Xocavənd əhalisi də Respublikanın müxtəlif şəhər və rayonuna səpələndi, müxtəlif inzibati binalarda, sanatoriyalarda, məktəblərdə, uşaq bağçalarında, çadırlarda, yataqxanalarda məskunlaşdı. İnsanların pərakəndə halda yaşamasa təbii ki, təhsilə də ağır zərbə vurdu . Məktəblərin fəaliyyəti iflic vəziyyətinə düşdü. Lakin əsası Ulu öndər Heydər Əliyev tərəfində qoyulan və cənab prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən uzaqgörən və düşünülmüş siyasət nəticəsində digər sahələrdə olduğu kimi təhsildə də sürətli inkişafın nəticələri özünü göstərməyə başladı. Əvvəllər yararsız binalarda yerləşən Xocavənd məktəbləri artıq hər cür maddi –texniki bazaya malik müasir tipli binalarda fəaliyyətini davam etdirir. Böyük məsuliyyət və fəxr hissi ilə qeyd etmək istəyirəm ki, Xocavənd qəsəbəsində inşa olunmuş məktəbin 2008-ci il oktyabr ayının 4-də baş tutan açılış mərasimində cənab Prezidentimiz İlham Əliyev və xanımı Mehriban Əliyeva ilə birlikdə iştirak edib. Qeyd etmək istərdim ki, məktəblərimizdə şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olan müəllimlərin çoxu öz rayonumuzdandır və içərisində Əməkdar Müəllim fəxri adını alan, Tərəqqi medalı alan yüksək savada və intellektə sahib müəllimlər var. Məktəblərimizin məzunları isə hər il yüksək nəticə göstərərk Respublikanın nüfuzlu ali məktəblərində təhsillərini davam etdirilər.

 

 

 Sevda QURBANQIZI

“KarabakhİNFO.com”

 

 

02.10.2014 12:14

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*