Azərbaycanca

İlyas Babayev: “Tarixən Qarabağda erməni yaşamayıb”

15.02.2014 | 10:22

1392445013_050220141652Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, tarix elmləri doktoru, professor, Arxeologiya və Etnoqrafiya İnstitutunun “Antik Dövr Arxeologiya” şöbəsinin müdiri İlyas Babayevin “KarabakhİNFO.com” beynəlxalq e-jurnalına müsahibəsi:  

 

 

Professor İlyas Babayev 30 ildən artıq arxeoloji qazıntılar aparmış, çoxsaylı arxeoloji tapıntılar və yazılı qaynaqlar əsasında Azərbaycanın qədim möhürlərini, sikkələrini, şəhər mədəniyyətini, sinifli cəmiyyət və dövlətin yaranması problemini, beynəlxalq əlaqələrini, siyasi tarixini tədqiq etmişdir. O, çoxsaylı beynəlxalq simpoziumlarda məruzələr oxumuş, arxeologiya və qədim tarix sahəsində elmi kadrlar hazırlamışdır. İ.A.Babayev çoxlu elmi kitabların redaktoru, ali və orta məktəb tarix dərsliklərinin müəllifi və rus dili tərcüməçisidir. 168 elmi əsər, o cümlədən, 8 kitab müəllifidir. Xaricdə 47 elmi əsəri dərc olunub.   Xüsusi olaraq, qeyd olunmalıdır ki, İlyas Babayev bu yaxınlarda Ermənistan mətbuatının və ictimaiyyətinin əsassız olaraq, məhvərindən çıxmağına səbəb olan Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü, “Heydər Əliyev İrsini Araşdırma Mərkəzi”nin təşkilatçılığı ilə Azərbaycan, ingilis, erməni, gürcü, Ukrayna və Moldova dillərində çap edilən “Tarixi Azərbaycan dövlətləri” kitabının elmi məsləhətçisidir.   -Qarabağda ermənilərin heç bir payı yoxdur. Qarabağ xanlığında vəzir Mirzə Camal Bəy Qarabağın harada yerləşdiyini təsvir eləyir. Bu ərazilərdə o zamanlar erməni yox idi.   Qarabağ – “qara” sözü böyük, nəhəng, böyük sahə, çoxluq mənasını verən qədim “kara” sözündəndir. Ermənilərlə heç bir əlaqəsi yoxdur.   Tarixən Qarabağda erməni yaşamayıb. Ancaq bizim Albaniya dövləti xristianlığı qəbul eləmişdi.   Albaniya dövləti e.ə. IV əsrin sonunda, daha dəqiq desək e.ə. 331-ci ildə yaranıb. Dövlətin göstəriciləri olan polis sistemi, məhkəmə sistemi, inzibati qanun-qayda, ordu hissəsi hamısı Albaniya dövlətində var idi.   Bu dövrdə Azərbaycan ərazisində 2 dövlət formalaşmağa başladı. Şimalda Qafqaz Albaniyası, cənubda isə Atropatena dövləti yarandı. Atropatena dövləti indiki İranın şimal-qərb hissəsində yerləşirdi.   Qarabağ ərazisi də Albaniyanın tərkibinə daxil idi. Mənbələr göstərir ki, qədimdə bu ərazilərdə yaşayanlar göy cisimlərinə, günəşə, Heliosa, ay allahı Selenaya inanırdılar. Arxiv sənədlərində göstərilir ki, bu ərazidə hökmdardan sonra, ən hörmətli adam ay allahı məbədinin baş kahini idi. Onun hətta xeyli sayda məbəd qulları da var idi.   Sonra isə Şimal Azərbaycan ərazisində zərdüşlüyü xalq səviyyəsində qəbul elətdirməyə çalışdılar. Atropatena Zərdüşt dininə sitayiş edirdi. Şimalda isə xalq bunu qəbul etmədi. Amma buna baxmayaraq müəyyən sayda icmalar da var idi.   Eramızın II əsrində burada yavaş-yavaş xristianlığı yaymağa başlayırlar. Bu hadisə IV əsrin 50-ci illərinə qədər davam edir.   313-cü ildə Milan Edikti Konstantin fərman verir ki, kim istəyirsə xristian dininə inansın. Bu vaxta qədər isə inanmayanları öldürür, kolizeydə vəhşi heyvanlara atırdılar ki, onları parçalasın.   325-ci ildə indiki Türkiyə ərazisində Nikeydə I dünya xristianlarının qurultayı oldu. Bu qurultayda xristian dini hakim dinə çevrildi.   Qısa desək, bizim dövlətdə yaşayanlar xristian idilər.   Əvvəl isə bu ərazi, yəni Albaniya Əhəməni dövlətinin tərkibinə daxil idi. Mən Şəmkirdə Əhəmənilərin 2500 il bundan əvvələ aid saraylarında alman və gürcü alimlərlə birgə araşdırmalar aparmışam. Əhəmənilər özləri zərdüşt idilər. O dövrdə Əhəmənilər özlərinin dini olan zərdüştlüyü zor gücü ilə heç vaxt yaymağa çalışmayıblar.   Ancaq biz Əhəmənilərin tərkibində olan zaman zərdüştüyün də müəyyən qədər maddi və mədəni təsiri olmuşdur. Əhəmənilər çox mütərəqqi fikirli bir dövlət idi.   Daha sonra isə Sasanilər Azərbaycana gəldi. Bu dəfə Sasanilərdən asılı vəziyyətə düşdük. 450-ci ildə Sasanilər bizimlə birgə gürcü və erməni nümayəndələrini Ktesifon şəhərinə topladılar. Nümayəndələrə deyildi ki, zərdüştlüyü qəbul etməsəniz, sizi buradan buraxmayacaq, ölkənizi dağıtmaq üçün ordu yollayacağıq.   Nümayəndələr həmin vaxt düşünürlər ki, zərdüştlüyü qəbul etməsələr onları da öldürüb, ölkələrini də dağıdacaqlar. Çarəsiz qalaraq zərdüştlüyü qəbul edirlər. Bunun qarşılığında Sasanilər nümayəndələrə hədiyyələr və ordu verirlər ki, zərdüştlüyü öz ölkələrində geniş yaysınlar.   Ölkədə isə artıq xristianlıq qəbul olunmuşdu. Bu səbəbdən də əhali yeni din olan zərdüştlüyü qəbul etmək istəmir, üsyan edir, nümayəndələri ölkədən qovurlar. Qeyd etmək lazımdır ki, bu dini yaymaq üçün Albaniyaya 300 nəfər göndərmişdilər.   457-ci ildə hökmdar Vaçe özü hakimiyyətdən imtina edir və monarx olur. Vurğulayım ki, Vaçenin anası və arvadı da Sasanilərdən – zərdüşt idi. Vaçedən sonra 30 il ölkədə hakimiyyət olmur.   Sonra hakimiyyətə xristian olan III Mömin Vaçaqan gəlir. Vaçaqan 498-ci ildə Aquen kilsə məclisi çağırır, 21 maddədən ibarət xüsusi qaydalar yaradır. Xristianlıq dini yenə əsas din olaraq qalır.   Zərdüştlük geniş yayılmağa imkan tapmamış bu dəfə də əraziyə ərəblər gəlirlər. 651-ci ildə axırıncı Sasani hökmdarı III Yezdəgerd hakimiyyəti qoyub qaçır.   Bu dövrdə Bizansla Sasani qonşu dövlətlər idi. Ərəblər gələn zaman yerli xristian əhali Bizansa meyl edir. Ərəblər isə burada Sasanilərdən fərqli olaraq, zor gücü ilə öz dinləri olan İslam dinini yaymağa başlayırlar.   Daha sonra isə XIX əsrdə Rus-İran müharibələrinin nəticələri olan 1813-cü ildə Gülüstan, 1828-ci ildə isə Türkmənçay müqavilələri bağlandı. Gülüstan müqaviləsinin şərtlərinə görə, Naxçıvan və İrəvan xanlıqları istisna olmaqla, digər Şimali Azərbaycan xanlıqları Rusiyanın tərkibinə qatılır. 1828-ci il Türkmənçay müqaviləsinə əsasən isə həmin şərtlər təkrar olunur və əlavə olaraq, Naxçıvan və İrəvan xanlıqları da Rusiyanın tərkibinə keçir. Digər Azərbaycan torpaqları isə İranın tərkibinə qatılır.   Bu müqavilələrdən sonra isə ermənilərin bu əraziyə köçürülməsi başlanır. Qribayedov Rus çarizminin burada səfiri idi. O, çox məşhur, istedadlı bir adam idi. Amma buna baxmayaraq, qalib ordunun nümayəndəsi olduğu üçün özünü hamıdan üstün sayırdı. Qribayedovun ermənilərin buraya köçürülməsinə aid olan bir çox əsərləri vardır. Bu əsərlərdə ermənilərin buraya necə köçürüldüyü, hansı bölgəyə hansı sayda köçürüldüyü hamısı qeyd olunmuşdur:   “Erməniləri yay vaxtı köçürün. Özü də deyin ki, qaçqındırlar, yazıqdırlar, hələlik burada yerləşdirilirlər”.   Bunlar rəsmi sənədlərdə öz əksini tapıb.   Beləliklə, ermənilərin Azərbaycana köçürülməsi prosesi başlandı. Tarixə ekskursiyamın səbəbi odur ki, hər kəsə bir daha məlum olsun ki, ermənilərin Qafqaza, eləcə də Qarabağa qətiyyən aidiyyatı olmayıb. Qeyd olunan prosessə qədər bu ərazilərdə xristianlığı qəbul eləmiş azərbaycanlılar yaşayırdılar.   Ermənilərin sayı artdıqca, Azərbaycana qarşı genosid törədilməyə başlanır. Məsələn, bu dəqiqə Ermənistanda bircə nəfər də olsun azərbaycanlı yoxdur, lakin Azərbaycanda xeyli sayda erməni var. Təkcə Bakıda 20-30 minə qədər erməni var. Bir çoxu qadınlar olsa da, kişilər də yox deyildir. Azərbaycan dövləti hər bir vətəndaşının təhlükəsizliyini təmin etdiyi kimi ölkəmizdə yaşayan dinindən, irqindən asılı olmayaraq etniklərin də hüquqlarını qoruyu.   Bunlar hamısı həqiqətdir. Həqiqət isə gec-tez qələbə çalmalıdır.   Mən istərdim ki, həmişə bir həqiqəti bilək, yadda saxlayaq: tariximizi, mədəniyyətimizi sevərək öyrənək. Gənclərimizdə milli qürur olsun.         Aqşin Məsimzadə  

 

 

“KarabakhİNFO.com”    

15.02.2014 10:22

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*